Tarixdə bu gün

İlin 197-ci günü. (uzun ildə 198-ci) Bu tarixdə ilin sonuna 168 gün qalır.

 

Mühüm hadisələr:

622 — Məhəmməd və onunla birlikdə ilk müsəlmanlar Məkkədən Mədinəyə hicrət etdilər. Bu hadisə hicri təqviminin başlanğıcı kimi qəbul edilir.

1992 — Azərbaycan Respublikasının Milli Ləl-Cəvahirat Fondu təsis edilib.

Doğum günləri:

1913 — Azərbaycan-sovet kino aktyoru və estrada müğənnisi və estrada musiqisinin banilərindən biri, Xalq artisti , “Şöhrət” ordeni laureatı Mirzə  Əbdülcabbar oğlu Babayev Bakı şəhərində dünyaya gəlib.

M.Əzizbəyov adına Sənaye İnstitutunun memarlıq fakültəsində ali təhsil alıb. Mirzə Babayev Bakıda və Azərbaycanın digər şəhərlərində olan bir çox binaların və muzeylərin layihə müəllifidir.

Mirzə Babayev müğənnilik fəaliyyətinə isə  40-cı illərin əvvəlində müharibədən qayıdan zaman – görkəmli bəstəkar Tofiq Quliyevin rəhbərlik etdiyi caz orkestrində başlayıb.

1948-ci ildə Azərbaycan Dövlət Konservatoriyasına, məşhur müğənni Bülbülün sinfinə daxil olub. Mirzə Babayev 30-dan artıq filmdə rol alıb. Uzun illər Azərbaycan Dövlət Filarmoniyasında çalışıb.

Azərbaycan SSR-in Əməkdar artisti, Azərbaycan Respublikasının Xalq artisti, iki dəfə “Humay” mükafatı laureatıdır.

2003-cü il yanvarın 13-də, 89 yaşında vəfat etmişdir.

1958— Tanınmış aktyor, Azərbaycanın Xalq artisti İlham Təvəkkül oğlu Əsgərov Masallı rayonunun Xoşçobanı kəndində anadan olub.

1980-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram və kino aktyoru fakültəsini bitirmişdir.

1982-ci ildən  həyatının sonuna kimi Akademik Milli Dram Teatrının aktyoru olmuşdur. İstedadlı aktyor İ.Əsgərov Akademik teatrın ən populyar tamaşalarında iştirak edib.

İ.Əsgərov Azərbaycan dövlət radiosunun məşhur “Bulaq” verilişinin aparıcılarından biri idi.

6 sentyabr 2015-ci ildə Bakıda vəfat etmişdir. Masallı rayonunun Xoşçobanlı kəndində dəfn edilmişdir.

İlham Əsgərov Kərbala ziyarətində olmuşdur.

İlham Əsgərov 28 oktyabr 2000-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 15 may 2006-cı ildə Xalq artisti fəxri adlarına layiq görülüb.

9 may 2012-ci ildə və 30 aprel 2014-cü ildə və 6 may 2015-ci ildə Prezident Mükafatına layiq görülmüşdür.

doğulduğu kənddə dəfn edilmişdir.

1958— Azərbaycan aktyoru, ssenari müəllifi, Azərbaycan Respublikasının Xalq artisti Vidadi Həsənov Gəncədə anadan olub.

Gəncə şəhər 37 saylı məktəbi bitirib. 1979-cu ildə hərbi xidməti başa vurduqdan sonra Cəfər Cabbarlı adına Gəncə dövlət dram teatrında fəaliyyətə başlayıb. 1980-ci ildə isə Azərbaycan Dövlət Mədəniyyət və incəsənət İnstitutunun Dram və kino aktyoru ixtisasına daxil olub. İnstitutun Tədris Teatrında aktyor kimi iştirak edib.

Vidadi Həsənov 1986-cı ildə həmin universitetdə müəllim kimi fəaliyyətə başlayıb.

Aktyor 1990-cı ildən isə YUĞ teatrında çalışır. Hazırda Mədəniyyət və İncəsənət Universitetinin “Estrada rejissoru” kafedrasının dosentidir. 2008-ci ildə “Şair olmaq istəmirəm” adlı şeirlər kitabı çıxıb.

Avropa kinematoqrafçılar Assosasiyasının xətii ilə 2009-cu ildə Tiflis,2010-cu ildə Moskvada ssenaristlər kursunu keçıərək beynəlxalq sertifikat alıb. Qazaxıstan Respublikasının müstəqilliyinin 20 illiyi münasibətilə 2011-ci ildə Almata şəhərində keçirilən tələbələrin I beynəlxlaq teatr festivalında rəhbəri olduğu kursun tələbələri “Qran-pri” mükafatı alıb. 9 may 2012-ci ildə Əməkdar artist fəxri adına layiq görülmüşdür.

2016-cı ildə “Media Company”-nin nəzdində yaradılmış “M. Teatr Production”un bədii rəhbəridir.

31 iyul 2019-cu ildə Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə Azərbaycanın xalq artisti fəxri adına layiq görülmüşdür.

7 may 2021-ci ildə Prezident Mükafatına layiq görülmüşdür.

1967 — Azərbaycanın Milli Qəhrəmanı Sərxan Surxay oğlu Ocaqverdiyev Goranboy rayonu Səfikürd kəndində anadan olmuşdur.

1985-ci ildə Tatarlı kənd orta məktəbini bitirdikdən sonra Xabarovsk şəhərində hərbi xidmətdə olur. 1988-ci ildə hərbi xidmət borcunu yerinə yetirib Vətənə dönmüş və Gəncə Maşınqayırma Texnikumuna daxil olmuşdur. 1991-ci ildə təhsilini uğurla başa vurub, Gəncə Maşınqyırma Zavodunda əmək fəaliyyətinə başlamışdır.

10 yanvar 1992-ci ildə Goranboy özünümüdafiə batalyonuna üzv yazılıb, Şəfəq, Zeyvə, Tap Qaraqoyunlu kəndlərinin müdafiəsi zamanı qanlı döyüşlərdə iştirak edib.   Həm də  şəxsi hünər nümunələri ilə.

Goranboyun Talış kəndi ermənilərə ərazicə ən yaxın kənd hesab olunurdu. Onlar bu kənddə aramsız hücumlar edirdilər. Lakin Goranboyun mərd oğulları sinələrini düşmənin qarşısında sipərə çevirirlər.

5 may 1992-ci il… Erməni faşistləri növbəti dəfə Talış kəndinə hücuma keçir. Qeyri-bərabər döyüş gedirdi. Vətənin qeyrətli oğlu Sərxan Ocaqverdiyev bu qanlı döyüşdə qəhrəmancasına həlak oldu.

Azərbaycan Resbublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə Sərxan Surxay oğlu Ocaqverdiyevə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilmişdir.

Səfikürd kəndində dəfn edilmişdir.

Təhsil aldığı Tatarlı kənd orta məktəbi onun adını daşıyır.

Goranboy rayonunda büstü qoyulmuşdur.

1975 — Azərbaycanin ilk qadın dirijoru, Əməkdar İncəsənət xadimi, Prezident təqaüdçüsü, BMA-nın dosenti, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş xormeysteri və dirijoru Sevil İnsalla qızı Hacıyeva Bakı şəhərində anadan olmuşdur.

İlk musiqi təhsilini G.G.Şaroyev adına Musiqi məktəbində fortepiano üzrə almışdır. 1999-cu ildə Üz.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının dirijorluq fakultəsini – Xalq artisti Yalçın Adıgözəlovun sinifini bitirmişdir.

Hal-hazırda BMA-nın dirijorluq kafedrasının dosentidir.

2003-cü ildən 2009-cu ilə qədər Azərbaycan Dövlət Akademik Filarmoniyasının Fikrət Əmirov adına ” Mahnı və rəqs ” ansamblında xormeyster vəzifəsində çalışmışdır.

2003-cü ildə Sevil Hacıyeva Opera və balet teatrına – baş xormeyster vəzifəsinə təyin edilmişdir. Teatrda fəaliyyəti dövründə göstərdiyi yüksək peşəkarlığını nəzərə alaraq 2006-cı ildə dahi Üz.Hacıbəylinin ” Leyli və Məcnun ”operası Sevil Hacıyevaya həvalə olundu. Bu məsuliyyətli işin öhdəsindən müvəffəqiyyətlə gələrək Sevil Hacıyeva ilk qadın dirijoru adını qazandı. Bundan əlavə Sevil Hacıyeva Üz. HAcıbəylinin “O, olmasın, bu, olsun ”, ” Arşın mal alan ” musiqili komediyalarına , M.Maqomayevin ” Şah İsmayıl ”, Z. Hacıbəyovun ” Aşıq Qərib ” operalarına, həmçinin bir neçə balet tamaşalarına – İ. Ştrausun ” Düyməcik ” və Əfrasiyyab Bədəlbəylinin ” Qız qalası ” baletlərinə müvəffəqiyyətlə dirijorluq edir.

Sevil Hacıyeva 2013 –cü ildə Üz. Hacıbəylinin daha bir ölməz əsəri ” Əsli və Kərəm ”, 2019-cu ildə Nazim Əliverdibəyovun ” Cırtdan ” operasını bərpa etmişdir.

Sevil Hacıyeva Opera və balet teatrının kollektivi ilə Qətər dövləti və Türkiyə respublikasında keçirilən qastrol səfərlərində, eyni zamanda Azərbaycanda keçirilən ” Üz. Hacıbəyli ” adına Beynəlxalq musiqi festivalı və beynəlxalq ” İpək yolu ” festivallarında , həmçinin bölgələrə qastrol səfərlərində uğurla çıxış edərək orkestri böyük məharətlə idarə etmişdir.

 Vəfat etmişdir:

1992 — Azərbaycanın Milli Qəhrəmanı Muxtar Cahid oğlu Qasımov Vətən uğrunda döyüşlərdəqəhrəmancasına həlak olmuşdur.

Muxtar Qasımov 10 yanvar 1958-ci ildə Beyləqan rayonunun Kəbirli kəndində doğulmuşdur. Ağdam səhər 5 saylı məktəbi 1974-ci ildə bitirmişdir. Elə həmin il Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olmuşdur. Tibb təhsilin başa vurduqdan sonra işləmək üçün təyinatla Xankəndinə yola düşmüşdür. 1988-ci ildə Qarabağa erməni təcavüzü başlayandan Ağdam hospitalında həkim olaraq çalışmışdır. Yaralıları xilas etmək üçün qəhrəmanlıq göstərmişdir. Xocalı faciəsindən sonra isə həyatını tamamilə cəbhəyə bağlayır.

1992-ci ilin iyun ayında Aranzəmin, Pircamal, Ağbulaq kəndlərinin azad edilməsi uğrunda gedən döyüşlərdə əsgərlərlə çiyin-çiyinə addımlamışdır. 16 iyun 1992-ci ildə Naxçıvanlı kəndi uğrunda gedən döyüşlərdə xidməti borcunu yerinə yetirərkən həlak olmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 5 fevral 1993-cü il tarixli 457 saylı fərmanı ilə Qasımov Muxtar Cahid oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülmüşdür.

Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilmişdir.

 2004 — Sovet İttifaqı Qəhrəmanı Məlik Məlik oğlu Məhərrəmov 84 yaşında vəfat etmişdir.

Məlik Məhərrəmov 1920-ci il avqustun 20-də Zərdab rayonunun Bıçaqçı kəndində anadan olmuşdur. O, 1936-cı ildə orada natamam orta təhsilini başa vuraraq, Bakıda Xalq Təsərrüfatı Texnikumunda oxumuş, 1939-cu ildə texnikumu bitirdikdən sonra isə keçmiş sovet ordusu sıralarına çağırılmışdır. O, 1942-ci ildə Rusiyanın Vladimir şəhərində hərbi məktəbi bitirmişdir. Məlik Məhərrəmov 1941-1945-ci illər müharibəsində Berlinədək şərəfli döyüş yolu keçmiş, Belorusiya, Ukrayna uğrundakı döyüşlərdə xüsusilə fərqlənmişdir. Onun komandir olduğu rota 1943-cü ilin payızında Dneprin keçilməsində böyük məharət göstərmişdir. Həmin döyüş əməliyyatına görə Məlik Məhərrəmova və onun rotasından 17 nəfərə Sovet İttifaqı Qəhrəmanı adı verilmişdir.

Məlik Məhərrəmov müharibədən sonra  diviziyada batalyon komandiri olmuşdur. O, 1954-cü ildə Frunze adına Hərbi Akademiyanı bitirmiş, polk qərargah rəisi vəzifəsində işləmişdir.

Məlik Məhərrəmov 1966-cı ilə qədər Azərbaycan Respublikasının Hərbi Komissarlıq sistemində məsul vəzifələrdə çalışmış, Xızı, Ağdaş, Sabirabad, Kürdəmir rayonlarında və Bakı şəhərinin Nərimanov rayonunda hərbi komissar olmuşdur.

1966-73-cü illərdə isə Azərbaycan Dövlət Universitetində hərbi kafedranın rəisi olmuşdur. O, 1973-cü ildə ehtiyata çıxsa da, universitetdə fəaliyyətini davam etdirmiş, əvvəl kadrlar şöbəsinin, sonra isə ömrünün sonuna qədər Birinci şöbənin rəisi vəzifəsində çalışmışdır.

Məlik Məhərrəmov 1941-1945-ci illər müharibəsində göstərdiyi hərbi məharətə, komandirlik bacarığına və igidliyinə görə o dövrdə ən yüksək qəhrəmanlıq adına – Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş, SSRİ-nin bir sıra orden və medalları ilə təltif edilmişdir. 1995-ci ildə Məlik Məhərrəmovun yubileyi təntənəli surətdə qeyd edilmiş, o, müstəqil respublikamızın “Şöhrət” ordeni ilə təltif olunmuşdur.

.

2012 – Azərbaycan yazıçısı, publisist, geoloq Arif Süleymanoğlu Rəhimov (Şamo Arif) 75 yaşında vəfat etmişdir.

Şamo Arif 1936-cı il iyulun 9-da Qubadlı rayonunun Əyin kəndində anadan olub.

1965-ci ilin iyulunda 34 yaşında ikən   qardaşı Şamonun vaxtsız vəfatından   sonra atası və anasının razılığı ilə qardaşının adını yaşatmaqdan ötrü adının qarşısına Şamo adını qəbul edib, Şamo Arif olub.

O, həm də geologiya və minerologiya üzrə tanınmış alimdir. 1954-cü ildən Neft Sənayesi Elmi-Tədqiqat Layihə İnstutunda çalışmışdır.

Onun 1961-ci ildə R.Rəhimovla birgə çap etdirdiyi “Xəzər və neft” kitabı bu gün gədər öz aktuallığını saxlayır.

Ədəbi fəaliyyətə 1960-cı illərdən başlayıb. İlk olaraq “Qoşa çinar” hekayəsi çapdan çıxıb. Az sonra 1964-cü ildə “Göz dağı” povesti və “Anamın yuxusuna girməsin” romanını çap etdirib. Ən nəhayət sonuncu romanı “Qınamayın məni” olub. Bundan başqa dövrü mətbuatda tez-tez publisistik və elmi məqalələr ilə çıxış etmişdir.

2016 — Texnika elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Sosialist Əməyi Qəhrəmanı İsmayıl Əli oğlu İbrahimov 100 yaşında vəfat etmişdir.

İsmayıl İbrahimov 31 dekabr 1915-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində anadan olmuşdur.

M.Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunu bitirmişdir (Azərbaycan Dövlət Neft Akademiyası).

1968-ci ildə AMEA-nın müxbir üzvü, 1980-cı ildə həqiqi üzvü seçilmişdir.

 Akademik fasiləsiz işləyən texnoloji proseslərin və istehsalatların riyazi modelləşdirilməsi və optimal idarə edilməsinin metodoloji əsaslarını yaratmışdır. Neft emalı istehsalatının optimallaşdırılması məsələlərinin faktiki olaraq reallaşdırmaqdan ötrü modellərin struktur və funksional xüsusiyyətlərini nəzərə alan səmərəli hesablama üsulları qurmuşdur.

1983-cü ildə İ.Ə.İbrahimov bir qrup alim və mütəxəssislə birlikdə istehsalatın səmərəliliyini yüksəltmək üçün idarəetmə və informasiya sistemlərinin hazırlanması və tətbiqi adlı işinə görə elm və texnika sahəsində SSRİ Dövlət mükafatına layiq görülmüşdür.

Görkəmli tədqiqatçı 200-dən artıq elmi əsərin, o cümlədən 20-dən artıq monoqrafiya, dərslik, elmi-metodiki və tarixi kitabların müəllifi olub. Onun rəhbərliyi altında çoxlu sayda elmlər namizədi və doktoru hazırlanıb.

Ölkə elminin inkişafında mühüm xidmətləri olan tanınmış alim, Azərbaycanın ilk informatiki, Əməkdar elm xadimi, SSRİ Dövlət mükafatı laureatı, akademik İsmayıl İbrahimov 15 iyul 2016-cı ildə gecə saatlarında 100 yaşında vəfat etmişdir.

II Fəxri Xiyabanda torpağa tapşırılmışdır.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

Son yazılar

Sitatlardan seçmələr:

   

Həcər, ad günün mübarək!