Tarixdə bu gün

İlin 198-ci (uzun illərdə 199-cu) günü

Mühüm hadisələr:

1918 – Yekaterinburqda II Nikolay və ailə üzvləri güllələnmişdir.

1944 – Moskvada “məğlubların paradı” olmuşdur.

Doğum günləri:

1487 – Səfəvilər dövlətinin banisi və ilk şahı; şair Şah İsmayıl Xətai Ərdəbildə məşhur təriqət başçısı Şeyx Səfiəddinin nəslindən olan Şeyx Heydərin ailəsində dünyaya göz açıb. Ana babası Ağqoyunlular dövlətinin hökmdarı Uzun Həsən idi. Babası öləndən sonra Ağqoyunlu şahzadələri arasında hakimiyyət uğrunda savaş başlayıb. Atası Şeyx Heydər Şirvanşahlarla müharibədə öldürüləndən sonra anası Aləmşahbəyim və qardaşları ilə birlikdə İstəxr qalasına salınıb. İsmayıl həbsxanadan azad olunandan sonra Lahicanda görkəmli alim Şəmsəddin Lahicidən ərəb, fars dillərini öyrənib, müxtəlif elmlərə yiyələnib.

Hələ uşaq ikən saray çəkişmələri nəticəsində ailəsini itirən İsmayılın at çapmaqda, qılınc oynatmaqda, igidlikdə, məclislərdə söz deməkdə, sərkərdə kimi tayı-bərabəri yox imiş. O, hakimiyyət uğrunda mübarizəyə kiçik yaşlarında başlayıb, atasından və qardaşı Sultanəlidən sonra qızılbaşlar hərəkatına (başlarına 12 zolaqlı qırmızı çalma qoyduqları üçün onları qızılbaşlar adlandırırdılar) başçılıq edib. 1499-cü ilin avqustunda Lahicandan Ərdəbilə yola düşəndə cəmi 12 yaşı varmış. Şərurda Ağqoyunlu hökmdarı Əlvənd Mirzəni məğlubiyyətə uğradandan sonra Təbrizdə özünü şah elan edib. Azərbaycan Səfəvilər Dövlətinin əsası belə qoyulub.

Şah İsmayıl hərbi yürüşlərini uğurla davam etdirib. Azərbaycan dövlətinin sərhədlərini xeyli genişləndirib. Lakin qüdrətləndikcə, Osmanlı İmperiyası ilə münasibətləri kəskinləşib. İki türk dövləti arasında yaranmış gərginlik 1514-cü ilin avqustunda Çaldıran düzündə qanlı döyüşlə nəticələnib. Şah İsmayıl məğlubiyyətin acısını ilk dəfə Çaldıranda dadıb.

Deyilənə görə, Şah İsmayıl öz məğlubiyyətindən qəzəblənərək qılıncını zərblə topun lüləsinə çırpır, zərbədən lülə qopub yerə düşür. Bunu eşidən Sultan Səlim həmin qılıncı gətirdir. Qaldırıb var gücü ilə topun lüləsinə vurur. Lülə yerindən tərpənmir. Sultan bunun həmin qılınc olmadığını söyləyir. Bunu eşidən İsmayıl “Qılınc həmin qılıncdır, əfsus ki, qol həmin qol deyil”, – deyir.

Bu məğlubiyyətdən sonra Şah İsmayıl hərbi yürüşlərini dayandırır, ömrünün qalan hissəsini mədəniyyətin inkişafına, ölkənin abadlığına həsr edir.

Şah İsmayıl Xətai bədii yaradıcılığa yeniyetməlik dövründə başlayıb. Əsərlərinin çoxunu ana dilimizdə yazıb. O, “Dəhnamə” poemasını, “Nəsihətnamə” məsnəvisini qələmə alıb. “Divan”ına əruz vəznində yazılmış qəzəllərlə bərabər, ilk dəfə heca vəzni nümunələri – qoşma, gəraylı və bayatılar daxil edib. Şair Xətainin şeirlərində Azərbaycan dilinin şirinliyi, gözəlliyi çox qabarıq hiss olunur.

Şah İsmayıl Xətai  1524-cü ildə 37 yaşında vəfat edib.

1953 – Aktyor Telman Adıgözəlov  Balakən şəhərində anadan olmuşdur. Əslən ordubadlıdır. O, hələ orta məktəbdə oxuyarkən aktyorluq kurslarında iştirak etmişdir. 1975-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsini bitirmişdir. 1980-ci ildən Akademik Milli Dram Teatrında fəaliyyətə başlayan aktyor, teatr səhnəsində maraqlı obrazlar yaratmışdır.

İstedadlı aktyor Dövlət televiziyasında hazırlanmış “Yaşıl eynəkli adam”, “Ordan-burdan”, “Qonşular”, “Azərbaycanfilm” kinostudiyasında istehsal olunmuş “Nəsimi”, “Üzü küləyə”, “Xatirələr sahili” kimi filmlərdə xarakterik rollar oynamışdır.

Telman Adıgözəlov 2000-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti və 2006-cı ildə Xalq artisti fəxri adlarına layiq görülmüşdür.

Telman Adıgözəlov 2010-cu il aprelin 15-də 56 yaşında vəfat edib və Fatmayıdakı kənd qəbristanlığında torpağa tapşırılıb.

Vəfat etmişdir:

1993 – Əfsanəvi döyüşçü, “Azərbaycan Bayrağı” ordeni kavaleri Bəhruz Allahverdi oğlu Nuriyev Vətən uğrunda döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.

  Bəhruz Nuriyev 1970-ci il iyulun 7-də Ağdam rayonunun Kəngərli kəndində anadan olub. Bakı şəhəri, Nizami rayonu, 250 saylı orta məktəbi bitirib.

1987-ci ildə Texniki Universitetin mexanika fakültəsinin gecə şöbəsinə qəbul olunub. 1989-cu ilin dekabrında hərbi xidmətə gedib. Lakin 1990-cı il, 20 yanvar hadisələrindən sonra rus ordusuna xidmətdən imtina edərək xidmətini Gəncədə davam etdirib.

Sonradan könüllü müdafiə dəstəsinə qoşulan Bəhruzun döyüş yolu Ağstafa rayonunun Köhnəqışlaq, Tovuzun Əlibəyli kəndlərindən, Şuşa, Laçın, Kəlbəcər, Ağdam, Ağdərənin müxtəlif bölgələrindən keçib.

1993-cü il, iyulun 17-də Ağdərə döyüşlərində 30 erməni yaraqlısını qətlə yetirib, sonda isə özü şəhid olub.

Nizami Rayon İcra Hakimiyyətinin və rayonda yaşayan şəhid ailələrinin yekdil rəyi əsasında Bəhruzun oxuduğu məktəbin qarşısında qəhrəmanın büstü qoyulub. Yaşadığı küçə isə 1995-ci ildən Bəhruzun adını daşıyır. Bəhruz Nuriyevə “Azərbaycan bayrağı” ordeni verilib.

2001 – Məşhur tarixçi və şərqşünas alim, Dövlət Mükafatı laureatı, Əməkdar elm xadimi Sara Balabəy qızı Aşurbəyli 95 yaşında Bakıda vəfat etmişdir.

Sara Aşurbəyli 1906-cı il yanvarın 27-də Bakı şəhərində anadan olmuşdur. 1925-ci ildə İstanbulda Müqəddəs Janna d-Ark adına fransız kollecini, 1930-cu ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq, 1941-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Xarici dillər fakültələrini, həmçinin Azərbaycan Rəssamlıq Məktəbini (1941) bitirmişdir. Ali təhsilini başa vurduqdan sonra Azərbaycan Dövlət Universitetində baş müəllim, Azərbaycan Dövlət Pedaqoji İnstitutunda dekan vəzifəsində çalışmışdır. Ali məktəblərdə Azərbaycan tarixi, Qərb və Şərq mədəniyyətləri haqqında mühazirələr oxumuşdur.

O, Yaxın və Orta Şərq xalqları tarixinin bilicisi olmaqla yanaşı, həm də rəssam və musiqiçi idi. 1946-cı ildə Sara xanım Azərbaycan Rəssamlar İttifaqının üzvü seçilmişdir.

Sara Aşurbəyli Azərbaycan Tarixi Muzeyində Orta əsrlər tarixi şöbəsinin müdiri, Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda baş elmi işçi, Tarix İnstitutunda elmi katib, baş elmi işçi və aparıcı elmi işçi vəzifəsində işləmiş, 1993-cü ildən ömrünün sonuna qədər Akademiyanın Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi olmuşdur.

O, “Bakının tarixinə dair oçerklər”, “Orta əsrlərdə Azərbaycan və Hindistanın iqtisadi və mədəni əlaqələri” və “Şirvanşahlar dövlətinin tarixi” kitablarının müəllifidir. Bu tədqiqatlarına görə Sankt-Peterburqda tarix elmləri namizədi, Tbilisidə isə, 1966-cı ildə tarix elmləri doktoru adına layiq görülmüşdür. Azərbaycan tarixinə, mədəniyyətinə həsr etdiyi məqalələrinə, tədqiqatlarına görə isə o, Azərbaycan Dövlət Mükafatı laureatı, “Şöhrət” ordeni və respublikanın əməkdar elm xadimi adı ilə mükafatlandırılmış, Xəzər Universitetinin fəxri doktoru adını almışdır.

 2006 — Azərbaycan alimi, texniki elmlər doktoru, akademik Azad Xəlil oğlu Mirzəcanzadə 78 yaşında vəfat etmişdir

Azad Mirzəcanzadə 1928-ci il sentyabrın 29-da Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra ali təhsilini 1944-1949-cu illərdə Azərbaycan Sənaye İnstitutunun Neft-mədən fakültəsində almış və dağ mühəndisi ixtisasına yiyələnmişdir. 1951-ci ildə texnika elmləri üzrə namizədlik, 1957-ci ildə doktorluq dissertasiyaları müdafiə etmişdir. 1959-cu ildə professor adını almış, 1962-ci ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 1968-ci ildə isə həqiqi üzvü seçilmişdir.

Azad Mirzəcanzadə pedaqoji fəaliyyətə 1944-cü ildə Bakı şəhərində 44 nömrəli orta məktəbdə müəllim kimi başlamışdır. O, 1948-1958-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Neft İnstitutunda və Neft Ekspedisiyasında baş laborant, kiçik elmi işçi, böyük elmi işçi və şöbə müdiri vəzifələrində çalışmış, 1958-1968-ci illərdə Azərbaycan Neft Sənayesi Nazirliyi nəzdində Elmi – Tədqiqat Neftçıxarma İnstitutunda, həmçinin 1966-1969-cu illərdə SSRİ Elmlər Akademiyasının Mexanika Problemləri İnstitutunda laboratoriya müdiri olmuş, 1969-1973-cü illərdə SSRİ Elmlər Akademiyası və Neft Sənayesi Nazirliyinin müştərək laboratoriyasının, 1973-1989-cu illərdə keçmiş Ümumittifaq Elmi -Tədqiqat Neft İnstitutunun Neft-qaz dinamikası laboratoriyasının müdiri, 1992-ci ildən isə Azərbaycan Neft Akademiyası nəzdində Neft-Qaz Geotexnoloji Problemləri və Kimya Elmi -Tədqiqat İnstitutunun direktoru vəzifələrində işləmişdir.

Son dərəcə geniş maraq dairəsi olan Azad Mirzəcanzadə elmi yaradıcılığını pedaqoji fəaliyyətlə də məşğul olmuş, yüksək ixtisaslı kadrların hazırlanmasına böyük qüvvə sərf etmiş, Azərbaycan Respublikasının hazırkı inkişaf mərhələsində ölkə iqtisadiyyatının inkişafı üçün güclü elmi potensialın yaradılmasında yaxından iştirak etmişdir.

1951-1957-ci illərdə Azərbaycan Dövlət Universitetinin Nəzəri mexanika kafedrasının dosenti, 1957-1959-cu illərdə professoru, 1959-cu ildən ömrünün sonunadək Azərbaycan Dövlət Neft Akademiyasında kafedra müdiri işləmişdir. Azad Mirzəcanzadə orta məktəblərdə dəqiq elmlərin tədrisi ilə bağlı bir sıra layihələrin də müəllifi idi.

1992-2001-ci illərdə Azərbaycan Ali Attestasiya Komissiyasının sədri olmuş, 1993-2001-ci illərdə Dövlət Elm və Texnika Komitəsinə rəhbərlik etmişdir.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

Son yazılar

Sitatlardan seçmələr:

   

Həcər, ad günün mübarək!