Tarixdə bu gün

İlin 200-cü (uzun illərdə 201-ci) günü.
Mühüm hadisələr:
1996 — Azərbaycan Respublikası Mavriki ilə diplomatik əlaqələr qurmuşdur.
Doğum günləri:

85
1940—Rusiya dövlət atom gəmiqayırması mərkəzinin sabiq Baş direktoru (1993-2004) və prezidenti (2004-2010), “Sevmaş” maşınqayırma zavodunun direktoru, Rusiya Qəhrəmanı, Rusiya Federasiyası Dövlət Mükafatının İkiqat Laureatı (2000, 2006) Davud Hüseyn oğlu Paşayev Moskva vilayətinin Ostaşovo kəndində anadan olmuşdur. Atası Hüseyn Kazım oğlu Paşayev milliyyətcə azərbaycanlı, anası Varvara Sergeyevna isə rusdur. Atası Vətənini ötən əsrin 20-ci illərinin əvvəlində tərk etmişdir. Moskva vilayətinin Ostaşevo kəndində sovxoza rəhbərlik etdiyi dövrdə onun və xanımı Varvara Sergeyevnanın oğlu olur və adını Davud qoyurlar. Ailə Böyük Vətən müharibəsinin əvvəlində Kirov vilayətinə köçür. Hüseyn Paşayev körpü inşa edir, həyətyanı təsərrüfatla məşğul olurdu.
1963-cü ildə Ural politexnik institutunu bitirmiş və SSRİ Gəmiqayırma Dövlət Komitəsinin təyinnaməsi əsasında “Şimal maşınqayırma müəssisəsi” istehsalat birliyinə (rus. ПО Северное машиностроительное предприятие) işə qəbul olunmuşdur. 1988-ci ildə həmin istehsalat birliyinin — Rusiyada ən böyük atom sualtı gəmiqayırma mərkəzinin baş direktoru təyin edilmişdir.
1993—2004-cü illərdə “Sevmaş” və digər əlaqəli istehsalat müəssisələrini birləşdirən Rusiya dövlət atom gəmiqayırması mərkəzinin baş direktoru, 2004-cü ildə isə prezidenti təyin olunmuşdur.
Sankt-Peterburq Mühəndislik Akademiyasının həqiqi üzvü seçilmişdir.
2005-2008-ci illərdə Rusiya Federasiyasının Prezidenti yanında İctimai Palatanın üzvü olmuşdur.
Davud Paşayev 2010 –cu ildə 69 yaşında Moskvada vəfat etmiş və Severodvinsk şəhər məzarlığında dəfn edilmişdir.

80
1945— Musiqişünas, ilk azərbaycanlılı violençel çalan qadın, professor Nəzmiyyə Müzəffər qızı Abbaszadə Naxçıvanda anadan olmuşdur.
1968 –ci ildən konservatoriyanın Simli alətlər kafedrasında işə başlamış, 1990 ildən kafedranın müdiri olmuş, 1999 ildən Bakı Musiqi Akademiyasının ifaçılıq fakültəsinin dekanıdır. Qadın simli kvartetinin yaradıcılarından biridir. 2008-ci ildə Azərbaycan Respublikasının Əməkdar İncəsənət xadimi adına layiq görülüb.
1973 ildə isə P. İ. Çaykovski ad. Moskva Konservatoriyasının aspiranturasını bitirmişdir.
Qadınlardan ibarət simli kvartetin tərkibində 30 il bir sıra xarici ölkələrdə konsert proqramları ilə çıxış etmişdir. Bir çox dərslik və metodik vəsaitin müəllifidir.
1948 –Məşhur gürcü müğənnisi Vaxtanq Konstantinoviç Kikabidze Tbilisi şəhərində anadan olub. 1961-ci ildə Tbilisi Xarici Dillər İnstitutuna daxil olub və paralel olaraq aktyorluq və müğənnilik karyerasını davam etdirib. Onun kinodakı ilk debütü 1966–ci ildə “Dağlarda görüş” filmindən başlayır. Aktyor bir sıra kinolarda çəkilsə də, ona əsl şöhrəti 1977-ci ildə Georgi Daneliyanın “Mimino” filmindəki baş rolu gətirib. Bu filmə görə o, SSRİ Dövlət Mükafatına layiq görülüb.
Vaxtanq Kikabidze həmçinin populyar estrada müğənnisi kimi də şöhrət tapıb. O bu gün də aktiv şəkildə yaradıcılıqla məşğuldur.
Vəfat etmişdir:

105
1920 — Azərbaycan ictimai-siyasi xadimi, jurnalist, həkim, müəllim, Azərbaycan Demokratik Respublikası parlamentinin sədr müavini Həsən bəy Məşədi Hüseyn bəy oğlu Ağayev erməni terrorunun qurbanı olmuşdur.
Həsən bəy Ağayev 1875-ci ildə Gəncədə anadan olmuşdur. Gəncə klassik gimnaziyasında təhsilini başa vurduqdan sonra 1901-ci ildə Hacı Zeynalabdin Tağıyevin puluyla Moskva Universitetinin tibb fakültəsində oxuyaraq oranı bitirmişdir. Vətənə qayıdaraq həkimlik etmişdir. 1906-1907-ci illərdə Güney Azərbaycanda yaşamağa məcbur olmuşdur. 1907-ci ildə Bakıda keçirilən Qafqaz müsəlman müəllimləri qurultayı mərkəzi komitəsinin sədri seçilmişdir. “Difai” təşkilatının üzvü olmuşdur.
Monarxiyanın süqutundan cəmi bir neçə gün sonra Gəncədə, əvvəllər “Difai”ni yaratmış Gəncə Milli Komitəsinin aparıcı şəxsləri – Şəfi bəy Rüstəmbəyli, Xəlil bəy Xasməmmədov, Şeyxzamanlı qardaşları və b. ilə birgə Nəsib bəy Yusifbəylinin rəhbərliyi altında Azərbaycan tarixində keyfiyyətcə yeni, ilk dəfə olaraq Avropa mədəni dəyərlərinə istinad məramlı bir partiyanın — “Türk Ədəmi-mərkəziyyət firqəsi”nin əsasını qoymuşdur (1917). Bu partiya Müsavatla birləşəndən sonra onun Mərkəzi Komitəsinin üzvü seçilmişdir.
1918-ci il mayın 28-də Tiflisdə Azərbaycan Milli Şurasının iclasında Azərbaycanın İstiqlal Bəyannaməsi qəbul edilərkən Həsən bəy Ağayev Milli Şuranın sədri Məhəmməd Əmin Rəsulzadənin müavini olmuşdur və bu tarixi hadisədə birbaşa iştirak etmişdir. Azərbaycanın müstəqilliyi haqqında İstiqlal bəyannaməsini ilk olaraq Həsən bəy Ağayev imzalamışdır. 1918-сi il, iyunun 16-da Azərbaycan Milli Şurası və Hökuməti Gəncəyə köçmüşdür. İyunun 17-də burada keçirilən ilk iclasında Milli Şura yaranmış əziyyətlə əlaqədar olaraq, fəaliyyətini müvəqqəti olaraq dayandırmış, bütün hakimiyyəti yeni yaradılmış Hökumətə vermişdir. Azərbaycan Parlamentinin 1918-ci il dekabrın 7-də Bakıda təntənəli açılışına qədər Həsən bəy Azərbaycan Dəmir Yolu İdarəsinin baş həkimi vəzifəsində çalışmışdır.
Dekabrda Parlament sədrinin müavini seçilmiş, sədr Əlimərdan bəy Topçubaşov Bakıda olmadığına görə 2 fevral 1920-ci ilədək sədr vəzifəsini icra etmişdir. Cümhuriyyətin süqutundan sonra Tiflisə getmişdir.
19 iyul 1920-ci ildə Tiflisdə Fətəli xan Xoyskini qətlə yetirən erməni muzdlu qatilin gülləsiylə şəhid olmuşdur. Tbilisidə yerləşən köhnə müsəlman qəbiristanlığında (hazırda Botanika bağının ərazisi) dəfn olunmuşdur
Həsən bəy Ağayev publisistika ilə də yaxından məşğul olmuşdur. Gəncədə “Yujnı Kavkaz” (“Cənubi Qafqaz”) qəzetini nəşr etdirmişdir (1911-1912). Müsəlmanlar arasında maarif yayan cəmiyyətin sədri seçilmişdir (1911). Gəncədə Xudadat bəy Rəfibəyli ilə (1878-1920) birgə tibb cəmiyyəti yaratmışdır (1914).

1992 —Azərbaycanın Milli Qəhrəmanı Gültəkin Məlik qızı Əsgərova Vətən uğrunda döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.
Gültəkin Əsgərova Bakı şəhərində anadan olub. O, 1985-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirmişdir. Əmək fəaliyyətinə 8 №-li təcili yardım stansiyasında başlamış, 1991-ci ildən Uroloji kliniki xəstəxanada işləmişdir. Qarabağ müharibəsi başladığı zaman, öz körpəsini anasına əmanət edərək, aprelin 4-də könüllü cəbhəyə yollanıb. Özü ilə apardığı 5 tibb bacısı ilə Turşsu, Şuşa xəstəxanalarında, Ağdamın Mahrızlı kəndindəki hospitalda hərbi həkim kimi fəaliyyət göstərib.
Şuşa şəhərinin həbsxanasında olanların da qapısının açıb azad olunmasında onun xidməti də olub. Həbsxananın qapısı açılmasaydı orada olanlar əsir götürüləcəkdi.
1992-ci il mayın 8-də Şuşanın işğalından bir gün sonra Şuşanı sonuncu tərk edənlərdən biri olmuşdur.
Şuşanın işğalından sonra, Gültəkin Əsgərova Laçının, daha sonra isə Qubadlının müdafiəsində iştirak edir.
Gültəkin 1992-ci il mayın 14-də Ağdam istiqamətində gedən döyüşlərə yollandı. O, Bakıdakı hərc-mərclikdən cana yığılmışdı. Ağdamın Mahrızlı kəndindəki hospitalda hərbi həkim kimi yenidən xidmətə başlayır.
1992-ci il 19 iyul tarixdə Aranzəmin yüksəkliyi uğurunda gedən döyüşdə şəhid olub.
Onu özündən də kiçik olan dəmir tabutda Azərbaycan Respublikası Müdafiə Nazirliyinə UAZ-la gətirmişdilər. Onun tabutunun üstündə də xarı bülübül var idi. 1992-ci ildə Bakıda Şəhidlər xiyabanında dəfn edilib.
Ailəli idi, Əminə adlı qızı yadigar qalıb.
Gültəkin Əsgərovanın oxuduğu 200 saylı orta məktəbə onun adı verilmiş və büstü qoyulmuşdur. Bakıda Nərimanov rayonundakı xəstəxananın önündə büstü qoyulmuşdur.Bakıda yaşadığı Mustafa Kamal Atatürk prospekti 2a ünvanındakı binaya xatirə lövhəsi vurulmuşdur.
Xəzərdə üzən gəmilərdən biri onun adını daşıyır, gəmidə muzeyi yaradılmışdır.
20 iyun 2014-cü ildə “Nizami” Kino Mərkəzində Gültəkin Əsgərovaya həsr olunan “Gültəkin” filminin təqdimat mərasimi keçirilmiş, ona həsr olunan “Gültəkin zirvəsi” kitabı təqdim olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 20 noyabr 1993-cü il tarixli 31 saylı fərmanı ilə Gültəkin Məlik qızı Əsgərova ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülmüşdür.




Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.