Tarixdə bu gün

Mühüm hadisələr:

1571 – Türklərin Kipri fəth etməsi başa çatmışdır.

1914 – Birinci Dünya müharibəsi başlanmışdır.

1975 – Helsinkidə Sülh və Əməkdaşlıq Müqaviləsi imzalanmışdır.

Doğum günləri:

356 e.ə. –  Qədim Yunanıstanın Makedoniya çarlığının hökmdarı və Argeadlar sülaləsinin hökmdar nümayəndəsi Makedoniyalı İsgəndər (III İsgəndər, İsgəndər – Zülqərneyn və ya Böyük İsgəndər)  anadan olmuşdur.. Eramızdan əvvəl 356-cı ildə Pellada doğulan İsgəndər atası Makedoniyalı II Filipdən ölümündən sonra 20 yaşında taxta çıxmışdır. O, 30 yaşına qədər qədim dünyanın ən böyük imperiyalarından birini (Yunanıstandan Misirə və Şimal-qərbi Hindistana qədər) yaradana qədər hakimiyyətinin çox hissəsini Asiya və Şimal-şərqi Afrika boyunca hərbi kampaniyalarda keçirib. O, döyüşdə məğlub edilməz idi və tarixdəki ən müvəffəqiyyətli hərbi komandanlardan biri hesab edilir.

E.ə. 323-cü ildə vəfat etmişdir.

Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib.

  1933  — Azərbaycan Respublikasının Xalq artisti Firudin Səttar oğlu  Səfərov  Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Konservatoriyasında zərb alətləri üzrə təhsil almış, 1953-cü ildən 1964-cü ilədək dahi dirijor maestro Niyazinin rəhbərlik etdiyi Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestrində çalışmışdır. 1968-ci ildə N.A.Rimski-Korsakov adına Leninqrad Dövlət Konservatoriyasının Musiqili teatr rejissorluğu fakültəsini bitirmişdir.

1968-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında quruluşçu rejissor kimi fəaliyyətə başlayan sənətçi bir çox opera tamaşalarına quruluş vermişdir.

1977-ci ildə A.Nəvai adına Daşkənd Akademik Böyük Opera və Balet Teatrına dəvət edilmişdir. F.Səfərov bu günə qədər  həminteatrın baş rejissoru vəzifəsində uğurla çalışır. Bu illər ərzində o, 60-a yaxın opera tamaşalarına, o cümlədən P.İ.Çaykovskinin “Qaratoxmaq qadın”, “İolanta”, Q.Donisettinin “Sevgi şərbəti”, C.Verdinin “Traviata”, “Riqoletto”, “Trubadur”, C.Rossininin “Sevilya bərbəri”, S.Prokofyevin “Odlu mələk” və başqa tamaşalara maraqlı səhnə həlli vermişdir.

Firudin Səfərov  eyni zamanda  Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında dahi Üzeyir Hacıbəyovun “Leyli və Məcnun”, “Koroğlu”, müasir türk bəstəkarı Nevit Kodallının “Van Qoq” və görkəmli Azərbaycan bəstəkarı Vasif Adıgözəlovun “Natəvan” operalarına quruluş vermişdir.

Firudin Səfərov 2002-ci ildən Daşkənd Dövlət Konservatoriyasının professorudur.

1981-ci ildə A.Petrovun “Birinci Pyotr” operasının quruluşuna görə Özbəkistanın Dövlət mükafatına layiq görülmüşdür.

O, 1986-cı ildə Özbəkistan Respublikasının, 1992-ci ildə isə Azərbaycan Respublikasının Xalq artisti fəxri adlarına layiq görülmüşdür.

1949 — Azərbaycanın Milli Qəhrəmanı Ələsgər Xanlar oğlu Novruzov Laçın rayonunun Kürdhacı kəndində anadan olmuşdur.

1966-cı ildə Kürdhacı kənd orta məktəbini(hal-hazırda Kürdhacı kənd Ə.Novruzov adına orta məktəb) əla qiymətlərlə bitirmişdir. 1968-1970-ci illərdə Ermənistan Sovet Sosialist Respublikasının Leninakan şəhərində hərbi xidmətdə olmuşdur. 1971-ci ildə Şuşa Pedaqoji Texnikumuna daxil olmuş və 1973-cü ildə oranı bitirərək idman  müəllimi ixtisasını almış və kəndlərindəki məktəbdə ixtisası üzrə əmək fəaliyyətinə başlamışdır. 1979-cu ildə Xocalıya gəlmiş, 1 saylı məktəbdə ixtisası üzrə müəllimlik fəaliyyətini davam etdirmişdir. 1990-cı ildən şəhid olana qədər Xocalı RTŞ-nin Təsərrüfat hissəsinin  müdiri işləmişdir.

Qarabağ müharibəsinin başlandığı ilk günlərdən tam gizli şəkildə yaradılmış Xocalının müdafiə komitəsinin ilk 5 nəfər üzvündən biri olmuşdur. O, 1988-ci ilin fevralından müdafiə üçün gizli silahlı dəstələrin yaradılmasında və onların silahlandırılmasında böyük rol oynamışdır.

1988-ci il sentyabrın 18-də   erməni quldurları  Xocalıya hücüm edərkən onlara qarşı silahlı müqavimət göstərən 30-40 nəfər igid Xocalı oğlanlarından biri də Ə.Novruzov oldu. Mahir atıcılıq məharətini burada ilk dəfə nümayiş etdirdi, onlarla ermənini məhv etdi və erməni quldurları  geri dönməyə məcbur oldular.

Həmin günlərdə Xankəndidə azərbaycanlılar döyülüb, təhqir edilir, qovulur, ələ salınırdılar. Bu vaxt Ə.Novruzov öz şəxsi maşını ilə həyatını təhlükəyə ataraq bir neçə dəfə Xankəndiyə girib qızları, qadınları xilas etmişdir.

Getdikcə vəziyyət gərginləşdiyindən yaradılmış gizli silahlı dəstələrdən birinə Ə.Novruzov rəhbərlik etmiş, qeyri-rəsmi komandir kimi tanınırdı.

Xocalı müdafiə komitəsinin üzvləri ilə birlikdə ermənilərin atəş nöqtələrinin dağıdılması, erməni quldur dəstələrinin məhv edilməsi üçün əməliyyat planlarının hazırlanması və həyata keçirilməsində fəal iştirak etmişdir.

1989-cu ilin payızında Daşbulaq kəndində erməni quldurları azərbaycanlılara hücühm edərkən Ə.Novruzov döyüş yoldaşı M.Şükürovla birlikdə ermənilərə arxadan hücüm etmişlər.  Ermənilər qəfil hücümdan özlərini itirmiş, onlarla itki vermişlər. Ə.Novruzov döyüş yoldaşı ilə sağ-salamat aradan çıxmış, eyni zamanda  300 nəfərə qədər əhalini sağ-salamat qurtarmışlar.

1990-cı ildə İrəvandan Xankəndinə uçan təyyarələrin qarşısını almaq üçün Ə.Novruzov döyüş yoldaşlarından R.Həsənovla birlikdə uçuş zolağını parıldadıb,  xeyli müddət düşmən təyyarələrin enməsinin qarşısını almışdır.

1991-ci ildə  ələsgər öz silah qardaşları ilə Xankəndinə gedən yolun bağlanmasında, Xankəndi-Norağuğ yolunda 2 maşın 20-yə qədər erməninin məhv edilməsində   misilsiz qəhrəmanlıq göstərmişdir.

25 fevral 1992-cı il tarixində Ə.Novruzov əsgərlərinə  bildirdi ki, döyüş ağır olacaq, ona görə də patrona qənaət etmək lazımdır, havayı güllə atıb mövqeyimizi bildirməmək lazımdır.

 Gecədən xeyli  keçmiş  başlayan döyüşdə Ələsgər özü   20-yə qədər erməni quldurunu məhv etdi. Səhər saat 5-ə qədər davam edə döyöüşdə    Ələsgəır  ağır güllə yarası almış,  ermənilər onu huşsuz halda ələ keçirərək  işgəncələr vermis və sonra da  qətlə yetirmişlər (Bu haqda Respublika Prokurorluğunun istintaq qrupunda izahat və məlumatlar vardır).

Azərbaycan Respublikası prezidentinin 25 fevral 1997-ci il tarixli, 533 saylı fərmanı ilə Novruzov Ələsgər Xanlar oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.

Ölümündən sonra “General Məhəmməd Əsədov” mükafatına layiq görülmüşdür.

Ələsgər Novruzovun meyidi 4 nəfər erməni əsiri ilə dəyişdirilib alınmışdır. Laçın rayonunda, doğma kəndi Kürdhacıda dəfn edilib.

1961— Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktor müavini, beynəlxalq münasibətlər, konfliktologiya, gender və dil siyasəti sahələrində mütəxəssis Gülşən Məmmədəli qızı Paşayeva Bakı şəhərində anadan olmuşdur.

1983-cü illdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Fililogiya fakültəsini “Struktur və tətbiqi linqvistika” ixtisası üzrə bitirmişdir.

1983-2001-ci illərdə Bakı Dövlət Universitetinin filologiya fakültəsində çalışmışdır. Filologiya elmləri namizədi, dosentdir.

1995-ci ilin avqust-dekabr aylarında ABŞ-ın Merilend Universitetinin Beynəlxalq İnkişaf və Münaqişələrin Həlli Mərkəzinin təşkil etdiyi “Münaqişələrdə tərəfdaşlar – Cənubi Qafqazda sülh körpülərinin yaradılması” proqramında iştirak ermişdir.

1998-ci ilin oktyabrından 1999-cu ilin aprelinədək Fulbrayt proqramı xətti ilə ABŞ-ın Tafs Universitetinin Hüquq və Diplomatiya üzrə Fletçer məktəbində tədqiqatlar aparmışdır.

2000-ci ilin iyun-iyul aylarında Avstriyanın Ştatşlayninq şəhərində yerləşən Sülh və Münaqişələrin həlli üzrə Avstriya tədqiqat mərkəzinin “Vasitəçilik” mövzusu üzrə təşkil etdiyi təlimdə iştirak etmişdir. 2001-ci ilin aprel-may aylarında İsveçin Upsala Universitetinin Sülh və Münaqişələrin Tədqiqatı üzrə Mərkəzin keçirdiyi münaqişələrin həlli ilə bağlı təlimin iştirakçısı olmuşdur.

2001-2006-cı illərdə Birləşmiş Millətlər Təşkilatının Qadınlar üçün İnkişaf fondunun (hazırda “BMT Qadınlar agentliyi”) “Qadınlar Cənubi Qafqazda münaqişələrin qarşısının alınması və sülh yaradılması uğrunda” regional layihəsinin Azərbaycan üzrə Milli əlaqələndiricisi vəzifəsində çalışmış, 2007–2009-cu illərdə Birləşmiş Millətlər Təşkilatının İctimai İnformasiya Departamentinin Azərbaycandakı ofisinin məsul işçisi olmuşdur.

2009-2010-cu illərdə Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin Xarici siyasət məsələlərinin təhlili şöbəsinin müdiri olmuşdur. 2011-ci ildən həmin Mərkəzin direktor müavini vəzifəsində çalışır.

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin yaradılmasının 10 illik yubileyi münasibətilə və ölkənin ictimai-siyasi həyatında səmərəli fəaliyyətlərinə görə Azərbaycan Respublikası Prezidentinin 10 noyabr 2017-ci il tarixli Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilmişdir.

Vəfat etmişdir:

1961 — Azərbaycan bəstəkarı, Azərbaycanın Əməkdar incəsənət xadimi Qəmbər Məşədi Muxtar oğlu Hüseynli  45 yaşında vəfat etmişdir.

Qəmbər Hüseynli 16 aprel 1916-cı ildə Gəncədə dəmirçi Məşədi Muxtarın ailəsində anadan olub.

1925-ci ildə Gəncədəki birinci dərəcəli məktəbdə təhsil almağa başlayanda balaca Qəmbər artıq Seyid Əzim Şirvaninin, Abbas Səhhətin, Mirzə Ələkbər Sabirin bir çox şeirlərini əzbər bilirdi. O dövrdə Gəncədə tez-tez aşıq musiqisi gecələri də təşkil olunurdu.  Bu tədbirlərdə iştirak edən aşıqların sazlı-sözlü dünyası balaca Qəmbərin musiqi sənətinə olan marağını daha da artırırdı.

1927-ci ildə orta məktəbdə oxuya-oxuya Gəncə orta ixtisas musiqi məktəbinin tar sinfinə qəbul olunur. 1929-cu ildə isə Gəncə pedaqoji texnikumuna daxil olur. Təhsil illərini sonralar Azərbaycanın böyük bəstəkarı olan Fikrət Əmirov və tarzən Zərif Qayıbovla birgə addımlayırdı. “

1934-cü ildə texnikumun tar sinfini fərqlənmə diplomu ilə bitirən Qəmbər pedaqoji kollektivin qərarı ilə təhsilini davam etdirmək üçün Bakıya göndərilir.   O, Bakı Musiqi Texnikumunda 2 il müddətində tanınmış musiqi pedaqoqu A.S.Şvartsın violonçel sinfində təhsil alır.

Qəmbəri orta ixtisas məktəbinin bəstəkarlıq şöbəsinə keçirirlər. O,  tezliklə  görkəmli dramaturq Cəfər Cabbarlının sözlərinə “Tellər oynadı” romans-mahnısını bəstələyir. 50 ildən çox bir müddətdə ağızlardan düşməyən bu gözəl vokal əsəri ilə gənc Qəmbər istedadlı bir bəstəkar olacağını təsdiqləyir.

1939-cu ildə Qəmbər Hüseynli milli musiqimizin beşiyi olan Şuşanın Musiqi Texnikumuna direktor vəzifəsinə göndərilir. O, burada cəmi bir il çalışsa da, əhəmiyyətli işlər görməyə müvəffəq olur.

Bir il sonra Qəmbər Hüseynlini yenidən Bakıya dəvət edirlər. O, filarmoniyanın nəzdində fəaliyyət göstərən Azərbaycan Xalq Çalğı Alətləri Orkestrində dirijor köməkçisi vəzifəsində çalışmaqla yanaşı, Üzeyir bəyin tövsiyəsi ilə həmin illərdə yaranan Sazçı Qızlar Ansamblının həm təşkilatçısı, həm də bədii rəhbəri işləyir.

Görkəmli bəstəkarın yaradıcılığında mahnı və romans yaradıcılığı mühüm yer tutur. Unudulmaz sənətkarın romans lirikasının zirvəsi sayılan “Ay işığında”, “Gecələr uzanaydı”, “İlk məhəbbət”, “Düşür yadıma”, “Gülə-gülə”, “Sən-sən” və s. əsərlərindəki zərifliyə heyran qalmamaq mümkün deyil.

Ancaq bəstəkarın mahnı çələngində öz təravəti, xalq təranələri ilə könüllər oxşayan, bütün dünyanı diyar-diyar dolaşan bir sənət incisi də var – “Cücələrim”. Qəmbər Hüseynli deyəndə “Cücələrim”, “Cücələrim”in sədası yayılanda isə Qəmbər Hüseynli yada düşür. Şair Tofiq Mütəllibovla birgə hələ 1948-ci ildə bu gözəl sənət incisini yaratmaq böyük sənət uğuru idi.

“Cücələrim” o vaxtdan indiyə qədər dünyanın 100-dən çox xalqının dilinə tərcümə olunub.

1996  — Özbəkistanın Xalq şairi, Sosialist Əməyi Qəhrəmanı   Zülfiyyə xanım 81 yaşında  vəfat etmişdir.

Zülfiyyə xanım  1915-ci ildə Daşkənddə anadan olub. Qızlar pedaqoji məktəbində təhsil aldığı zaman şeirlər yazmağa başlayır. İlk şeiri 1930-cu ildə mətbuatda dərc edilir. Bundan sonra şeir və məqalələrlə mütəmadi olaraq qəzet və jurnallarda çıxışlar edir. 1932-ci ildə “Həyat səhifələri” adlı ilk şeirlər kitabı çapdan çıxır.

   1934-cü ildə Zülfiyyə özbək şairi, dramaturq və tənqidçi Həmid Alimcanla ailə qurur. 10 il sonra həyat yoldaşı vəfat edir. Bundan sonra o, nəşriyyatda əmək fəaliyyətinə başlayır, həmçinin müxtəlif mətbuat orqanlarında jurnalist kimi çalışır. 1953-1985-ci illərdə “Özbəkistanın xatun qızları”, “Səadət” jurnallarının baş redaktoru olur.

   1956-cı ildə Asiya və Afrika yazıçılarının Hindistanda keçirilən konfransında iştirak edir. Araşdırmalarda qeyd olunur ki, vətənə döndükdən sonra konfransın təəssüratları əsasında “Müşairə” adlı poemasını qələmə alır. Müəllif poemada xalqlar dostluğunu, insanpərvərlik və s. ideyaları əks etdirib. Şairənin bu poeması Hindistanın Cəvahirləl Nehru beynəlxalq mükafatına layiq görülür.

   Zülfiyyənin əsərləri Azərbaycan oxucularına da tanışdır. Şairənin şeirlərini Ələkbər Ziyatay, İlyas Tapdıq, Mirvarid Dilbazi dilimizə çevirib. Onu da qeyd edək ki, 1978-ci ildə Bakıda Özbəkistanın ədəbiyyat və mədəniyyət günləri keçirilir. Həmin ərəfədə özbək ədəbiyyatı nümunələrinin toplandığı “Nəğməkar Özbəkistan”, “Nurlu diyar”, “Balalara hədiyyə” antologiyaları işıq üzü görür. Görkəmli özbək şairi Əlişir Nəvainin “Yeddi səyyarə”, Maqsud Şeyxzadənin “Əks-səda”, Zülfiyyənin “Torpağa səcdə”, Rəmz Babacanın “İşıqlar”, Mirtemirin “Ülfət” və s. kitablar nəşrə hazırlanır.

Bayramlar və xüsusi günlər:

Azərbaycan Dili və Əlifbası Günü

1992-ci ildə latın qrafikalı Azərbaycan əlifbasının tətbiqi barədə Qanun qəbul olundu. 2001-ci ildə isə latın qrafikalı Azərbaycan əlifbasına keçid başa çatdırıldı. Latın qrafikalı əlifbanın tətbiqinin Azərbaycan Respublikasının siyasi həyatında, yazı mədəniyyətimizin tarixində mühüm hadisə olduğunu nəzərə alaraq Azərbaycan Prezidenti Heydər Əliyev 2001-ci il avqustun 9-da fərman imzalamışdır. Bu fərmanla avqustun 1-i Azərbaycan Respublikasında Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü elan edilmişdir.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

Son yazılar

Sitatlardan seçmələr:

   

Həcər, ad günün mübarək!