Tarixdə bu gün
İlin 212-ci günü
İlin sonuna kimi 153 gün qalır.

Doğum günləri:

1914— Fransa kinosunun ən məşhur, komik aktyorlarından biri, həddindən artıq çevik hərəkətləri, komik üz cizgiləri və hövsələsiz, bir yerdə qərar tuta bilməyən davranışı ilə yadda qalmış Lui Jermen David de Fünes de Qalarza Paris ətrafında yerləşən Kurbevuada ispan və portuqal əsilli zadəgan ailəsində anadan olmuşdur.
Lui balaca ikən atası 3 uşaqlı ailəsinin pullarını götürərək qaçır. Lui karyerasına pianoçu və caz ifaçısı kimi başlayıb. Boyu 164sm çəkisi 55 kiloqram olduğu üçün orduya çağrılmır. Kinoda özünü ilk dəfə 30 yaşında 1945-ci ildə sınayıb. Ona uğur gətirən 40 yaşında çəkildiyi “Blero” obrazını canlandırdığı “Yaxalanmayıbsa, oğru deyil” filmidir.
Yaratdığı obrazlar dünyanın hər yerində – vətəni Fransadan əlavə, keçmiş Çexoslovakiya, İspaniya, Almaniya, Belçika, keçmiş Yuqoslaviya, Niderland, İtaliya, Yunanıstan, Polşa, Rumınya, Bolqarıstan, Livan, İsrail, Türkiyə və keçmiş Sovetlər Birliyində həddindən artıq sevilirdi. Amma ingilis dilli ölkələr istisna təşkil edirdi. O, ABŞ-da yalnız 1974-cü ildə ekranlara çıxan “Ravvi Yakubun ağlasığmaz sərgüzəştləri” adlı kinosu ilə qəbul olunur. Bir aktyor kimi ciddi rolların da öhdəsindən məharətlə gəlməsinə baxmayaraq, dünya tamaşaçıları böyük aktyoru saysız-hesabsız komik üz cizgiləri ilə xatırlayır.

1926 — Texnika elmləri doktoru , AMEA-nın həqiqi üzvü , REA-nın müxbir üzvü, Yer haqqında elmlər şöbəsinin akademik-katibi (Azərbaycanın əməkdar elm xadimi Midhət Teymur oğlu Abbasov Bakıda anadan olub.
1949-cu ildə “Neft-mədən işi” ixtisası üzrə Azərbaycan Sənaye İnstitutunun (indiki Neft Akademiyası) neft-mədən fakültəsini bitirib. M. T. Abbasov əmək fəaliyyətinə 1949-cu ildə “Azneft” birliyində başlamışdır.
1968-ci ildə Abasov M.T. Azərbaycan EA-nın müxbir üzvü, 1980-ci ildə həqiqi üzvü, 1984-cü ildə isə SSRİ EA-nın (hazırda REA) müxbir üzvü seçilib.
Abbasov M.T. — neft və qaz yataqlarının işlənilməsinin nəzəriyyə və praktikası sahəsində görkəmli alimi və bu sahədə tanınmış elmi məktəbin banisi və rəhbəri olmuşdur. Onun müxtəlif illərdə əldə etdiyi bir çox elmi nəticələr ən əhəmiyyətli elmi nailiyyətlər kimi SSRİ EA və Azərbaycan EA-nın illik hesabatlarına daxil edilmişdir. Abbasov M.T. Azərbaycanda bir sıra karbohidrogen yataqlarının ilk kəşfiyyatçılarından biri olmuşdur.
Onun rəhbərliyi altında bir çox neft şirkətləri ilə birgə ETİ aparılmışdır. 1992-ci ildə YUNOKOL şirkətinin elmi mərkəzi ilə birgə (şərikli) icra edilmiş iş, Azərbaycanın tarixində Azərbaycan və ABŞ-nın elmi təşkilatlarının ilk elmi layihəsidir.
1991-ci ilin dekabrından AXC hakimiyyəti dövrünədək dövlət katibi vəzifəsini tutub.
1997-ci ilədək AMEA-nın vitse-prezidenti vəzifəsini yerinə yetirən M.Abbasov ömrünün sonunadək AMEA Geologiya İnstitutunda işləyib.
23 aprel 2012 -ci ildə 85 yaşında vəfat etmişdir.

1954 — Azərbaycan teatr və kino aktyoru, rejissor, Azərbaycan Respublikasının Xalq artisti , Adana Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru Cahangir Mütəllib oğlu Novruzov Bakı şəhərində doğulub.
Cahangir Novruzov 1971-ci ildə orta məktəbi bitirırək Sonra Mirzəağa Əliyev adına İncəsənət İnstitutunun rejissorluq fakultəsinə daxil olub və SSRİ xalq artisti Mehdi Məmmədovun rəhbərlik etdiyi sinifdə təhsil almışdır. 1976-cı ildə həmin institutu bitirib.
1979-cu ildə Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrına quruluşçu rejissor vəzifəsinə təyin edilib. B989-cu ildə Mədəniyyət nazirliyi tərəfindən Musiqili Komediya teatrına baş rejissor vəzifəsinə təyin olunub.
1990-cı ildə teatrın əsaslı təmir və yeni inşaata başlaması səbəbiylə Gənc Tamaşaçılar Teatrının rus bölməsinə baş rejissor olaraq təyin olunub. 1995-ci ildə Türkiyə Cumhuriyyətinə Universitetdə dərs demək üçün dəvət olunub. Hal -hazırda Türkiyənin Adana şəhərində Çuxurova Universitetinin Dövlət Konservatoriyasının teatr bölməsində çalışır.

1960— Azərbaycanın Milli Qəhrəmanı Yevgeni Karlov Tula vilayətinin Dubovka qəsəbəsində anadan olmuşdur. Orta təhsilini doğma yurdunda almış, 1977-ci ilin avqustun 1-də Uzlov rayon Hərbi Komissarlığı tərəfindən ordu sıralarına çağırılmışdır. Y.Karlov ordudan tərxis edildikdən sonra Sızran Ali Hərbi Təyyarəçilər Məktəbinə daxil olmuşdur. 1984-cü ildə təhsilini başa vurub, təlimatçı-təyyarəçi kimi çalışmağa başlamışdır pilot işləmişdir.
Milliyyətcə rus olmasına baxmayaraq, ermənilərin Azərbaycana qarşı elan olunmamış müharibəsi onu da hiddətləndirdiyindən bu ağır günlərdə Azərbaycan xalqına bacardığı hər cür köməyi göstərməyə çalışmışdır. O, xidmət etdiyi hərbi hissənin tərkibində dəfələrlə Ağdam, Ağdərə, Füzuli bölgələrində gedən ağır döyüşlərdə iştirak etmiş, şücaət göstərmişdir. 1992-ci il aprel ayının 11-i kapitan Yevgeni Karlov Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına həlak oldu.
Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı Fərmanı ilə Karlov Yevgeni Nikolayeviç “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülmüşdür.
Doğulduğu Dubovka qəsəbəsində dəfn edilmişdir.
Vəfat etmişdir:

1972 — Görkəmli cərrah, tibb elmləri doktoru, professor, Azərbaycan SSR Əməkdar həkimi və Əməkdar elm xadimi Əliyev Hüseyn Kərim oğlu 74 yaşında Bakıda vəfat etmişdir.
Hüseyn Əliyev 11 avqust 1897-ci ildə Kəlbəcər rayonunda anadan olmuşdur. 1967-ci ildən ömrünün sonunadək Azərbaycan Dövlət Tibb Universitetinin II qospital cərrahlıq kafedrasının müdiri və “Azərbaycan tibb jurnalı”nın baş redaktoru olmuşdur.
Tədqiqatı, əsasən, öd yollarının iltihabı xəstəliklərinin klinikası və patologiyasına, qida borusunun plastikasına və s. həsr edilmişdir.
Qırmızı Əmək Bayrağı ordeni, Qırmızı Ulduz ordeni və medallarla təltif edilmişdir.

1992 — Azərbaycanın Milli Qəhrəmanı Əsəd Cəlal oğlu Əhmədov Vətən uğrunda döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.
Əsəd Əhmədov 15 iyul 1970-ci ildə Qərbi Azərbaycanın Pəmbək mahalının Saral kəndində anadan olmuşdur. Doğma kənddə orta məktəbi bitirdikdən sonra Bakıdakı 5 saylı texniki-peşə məktəbində oxumuşdur. 1989-cu ildə Almaniyada tank qoşunlarında qulluğa başlamışdır. 1992-ci ilin martında Milli Ordu sıralarında hərbi xidmətdə olmuşdur.
Əsəd Əhmədov Şuşa rayonunun Zarıslı, Salatınkənd, Turşsu məntəqələrində, Laçın ətrafında, Ağdam rayonunun Şelli, Abdal, Gülablı, Güllücə, Papravənd, Naxçıvanlı kəndləri uğrunda döyüşlərdə iştirak etmişdir.
O, 1992-cı il 31 iyulda Papravənd kəndi ətrafında döyüşdə qəhrəmancasına həlak olmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 5 fevral 1993-cü il tarixli 457 saylı fərmanı ilə Əsəd Cəlal oğlu Əhmədov ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.
Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Bakı şəhəri Yasamal rayonundakı küçələrdən biri qəhrəmanın adını daşıyır.




Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.