Tarixdə bu gün

İlin 212-ci (uzun illərdə 216-cı) günü.

İlin sonuna 149 gün qalır.

Doğum günləri:

1548 – Azərbaycanın Orta əsr görkəmli siyasi xadimlərindən olan Pərican xanım 1548-ci ilin bu günü dünyaya gəlib.

Şah Təhmasibin qızı olan Pərican xanım güclü iradəyə malik qadınlardan və Səfəvilər sülaləsinin bilikli şəxsiyyətlərindən idi. Atasının vəfatından sonra bir müddət şahlığı öz əlində saxlayıb. Qardaşı Heydər Mirzə öləndən sonra yenə dövlət işlərini idarə edib.

1596 – Sultan Məhəmməd Xudabəndə hakimiyyətə yiyələndikdən sonra Pərican xanım onun əmri ilə edam olunub.

1968 — Azərbaycan Respublikasının Əməkdar jurnalisti, hüquq müdafiəçisi Azər Həsrət Xaçmaz rayonunun Dədəli kəndində anadan olmuşdur.

1976-1986-cı illərdə elə həmin kənddəki orta məktəbdə oxumuş, sonra Bakı Baza Energetika Texnikumuna daxil olmuşdur. 1986-cı ilin payızında həqiqi hərbi xidmətə çağırılmışdır. 1988-ci ilin dekabrında hərbi xidmətini başa vurub  təhsilini davam etdirmiş,

1991-ci ildə texnikumu bitirərək  rayona qayıtmış və  1992-ci ilin sonunadək  Xaçmazdakı “Vəlvələçay” Kooperativində işləmişdir. 1992-1997ci  illərdə   Bakı Dövlət Universitetinin Kitabxanaçılıq fakültəsinə  təhsil almış, “kitabxanaçı-biblioqraf” ixtisası üzrə qırmızı diplomla bitirmişdir.

 Universitetdə oxuduğu illərdə ictimai və elmi fəaliyyətlərdə yaxından iştirak etmiş,  Tələbə Elmi Cəmiyyətinə sədr seçilmiş , eyni zamanda  Universitetin Azad Tələbə Həmkarlar İttifaqı İdarə Heyətinin üzvü kimi də fəaliyyət göstərmişdir.

Universiteti bitirdikdən sonra Azər Həsrət əmək fəaliyyətini davam etdirməyə başlamış və “Xəbər Servis” İnformasiya Agentliyində siyasi məsələlər üzrə xüsusi müxbir kimi fəaliyyət göstərmişdir.

1998-ci ilin yanvar ayından “Azadlıq” qəzetində müxbir fəaliyyətinə başlamış, 1999-cu ildən 2005-ci ilin sonunadək həmin qəzetdə köşə yazarlığı etmişdir. Elə həmin illərdə paralel olaraq ingilisdilli “Baku Today” İnternet qəzetində müxbir, Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) ingilis və rus dillərindəki İnternet xəbər saytında redaktor işləmiş və bu fəaliyyətini indiyə qədər davam etdirir. 2008-ci ilin aprel ayından isə o, Beynəlxalq Avrasiya Mətbuat Fondunda informasiya meneceri vəzifəsində çalışır. 2003-cü ildə “Cümhuriyyət” və “Bizim yol” qəzetlərində köşə yazıları ilə çıxış etmişdir.

Azər Həsrət 1998-2000-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasında oxumuş, həmin illərdə institutda kiçik elmi işçi kimi işləmişdir. 2006-2008-ci illərdə o, “Multimedia” İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzi və Azərbaycan İnternet Forumunun dövlət qurumlarının İnternet resurslarının monitoringi üzrə eksperti vəzifəsini də icra etmişdir.

2013-cü ildə keçirilmiş Azərbaycan Jurnalistlərinin Qurultayında 3 onlayn media təmsilçisindən biri kimi yenidən Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü seçilmişdir.

2017-ci ilin 14 aprel tarixində Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən 6 il müddətinə İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvü seçilmişdir.

1996 — Gənc şahmatçı, qadınlar arasında beynəlxalq qrossmeyster (2017) Ülviyyə Fətəliyeva anadan olmuşdur.

Ülviyyə Fətəliyeva Gəncə şahmat məktəbinin yetirməsidir.

2010-cu ildə Batumidə keçirilən 14 yaşadək şahmatçılar arasında Avropa çempionatında bütün rəqiblərini üstələyərək birinci olub.

2011-ci ildə 20 yaşlı qızlar arasında Azərbaycan çempionu olub.

2014-cü ildə Batumidə təşkil olunmuş 18 yaşadək şahmatçılar arasında Avropa çempionatında qızıl medal qazanıb.

2017-ci ildə qadınlar arasında Azərbaycan çempionatında Günay Məmmədzadədən 1 xal az toplayaraq gümüş medal qazanıb. Eyni ildə həmçinin, Azərbaycanın “Odlar Yurdu” komandasının heyətində Türkiyənin Antalya şəhərində keçirilmiş klub komandaları arasında Avropa Kubokunda gümüş medal qazanıb.

Ülviyyə Fətəliyeva qadınlardan ibarət şahmat üzrə Azərbaycan yığmasının heyətində dünya (2017) və Avropa çempionatlarının (2015, 2017) iştirakçısı olub. Bundan əlavə o, 2016-cı ildə Bakıda keçirilmiş 42-ci Ümumdünya Şahmat Olimpiadasında Azərbaycanın ikinci komandasının heyətində mübarizə aparmışdır.

1997 — Azərbaycan Respubliksının Prezidenti İlham Əliyevin oğlu Heydər  Əliyev anadan olub.

  Heydər Əliyev  Bakıda babası Heydər Əliyevin adını daşıyan Müasir Təhsil Kompleksində ümumi orta təhsil alıb,  2013-cü ildə həmin məktəbi qızıl medulla bititb.

 Elə həmin il də qəbul imtahanlarından  590 bal toplayıb və ADA Universitetinin tələbəsi adını qazanıb.

Heydər Əliyev 2017-ci ildə ADA Universitetinin bakalavriat pilləsini bitirib.

Heydər Əliyevin tələbə yoldaşları və dostları onun savadlı, təvazökar, mədəni bir gənc olduğunu vurğulayırlar… Onun öz davranışları ilə ətrafındakılara nümunə olduğu da qeyd edilir.

Heydərə orta məktəbdə ingilis dilindən dərs demiş konqolu müəllimi Manto bir neçə il əvvəl öz açıqlamalarında Prezidentin oğlunu tərifləmişdi.

“Mənə demişdilər ki, Prezidentin oğlu sizin dərs dediyiniz sinifdə oxuyur. Amma o sinifdə Prezident oğlunun oxuduğu heç vaxt hiss olunmurdu. Düzü, valideynlərini heç zaman məktəbdə görməmişəm. Amma bir müəllim kimi mənim üçün ən önəmlisi məktəblinin savadıdır, valideyni yox. Çox ağıllı, dərrakəli uşaqdır. Cəld işləyir, nümunəvi davranır, Prezident oğlu olduğunu əsla hiss etdirmirdi”-deyən Manto H.Əliyevin ingilis dilini mükəmməl səviyyədə bildiyini vurğulamışdır.

Vəfat etmişdir:

1944 – Qəzənfər Qulam oğlu Əkbərov 27 yaşında faşizmə qarşı müharibədə qəhrəmancasına həlak olmuşdur.

1917-ci ildə Naxçıvanın Cəhri kəndində anadan olmuş, 1940-cı ildə Naxçıvan Müəllimlər İnstitutunu bitirmiş, 1941-ci ildə Qoşadizə kənd məktəbinin müdiri işləmişdir. Faşist Almaniyası SSRİ-yə hücum etdikdən sonra Sovet Ordusuna səfərbər edilmiş, Tbilisi topçuluq məktəbində təhsil almışdır. Təhsilini başa vurduqdan sonra 1942-ci ildə Şimali Qafqaza göndərilmişdir. Döyüş yoluna Qafqaz dağlarının ətəklərindən başlayan Q. Q. Əkbərov topçu komandir kimi Ukraynanın, Belarusun alman faşistlərindən təmizlənməsində fəal iştirak etmişdir.

1944-cü il avqustun 3-də Belarusun Volojin şəhəri ətrafında gedən döyüşlərdə misilsiz qəhrəmanlıq göstərmişdir. Onun başçılığı altında üç nəfər topçu almanların beş ağır tankına qarşı qeyri-bərabər döyüşə girmişdilər. Bir neçə saat davam etmiş döyüşdə düşmənin 4 tankı, 60-dan artıq əsgər və zabiti məhv edilmişdi. Bu döyüşdə Q. Q. Əkbərov qəhrəmanlıqla həlak olsa da, düşmənin hücumunu dayandırmağa və beləliklə də öz döyüş yoldaşlarının mühasirəyə düşməsinin qarşısını almağa nail olmuşdu. Bu qəhrəmanlığına görə Q. Q. Əkbərov ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdü.

Naxçıvan Muxtar Respublikasında Q.Q.Əkbərovun xatirəsi əbədiləşdirilmişdir. Ona Cəhri kəndində abidə qoyulmuşdur. Adına küçə və məktəb vardır.

2010— Görkəmli Azərbaycan filosofu, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki Fuad Feyzulla oğlu Qasımzadə vəfat etmişdir.

Fuad Feyzulla oğlu Qasımzadə 1929-cu ildə Bakı şəhərində anadan olmuşdur.

1937-ci ildə Bakı şəhərinin 4 saylı məktəbinə daxil olmuş, 1947-ci ildə Bakının 1 saylı oğlan orta məktəbini bitirmişdir. O dövrdə məktəbi bitirənlər may-iyun ayında 40 gün ərzində 14 fəndən imtahan verirdilər.Gənc Fuad bütün fənlərdən əla qiymət almışdır.

1947-ci ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinin fəlsəfə şöbəsinə qəbul edilmiş və 1952-ci ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir. Elə həmin il universitet Elmi Şurasının qərarı ilə fəlsəfə ixtisası üzrə aspiranturada saxlanılmışdır.

Aspirantlığının ikinci ilində dissertasiyasını müdafiəyə təqdim etmişdir. 60 il ərzində o Azərbaycan Dövlət Universitetində müəllim kimi fəaliyyət göstərmişdir.

1966-cı ildə o “Füzulinin dünyagörüşü” adlı doktorluq dissertasiyasını müdafiə etmişdir. 1968-ci ildə isə eyni adlı monoqrafiyası çap olunmuşdur.

1968-ci ildə “Qəm karvanı”, yaxud “Zülmətdə nur” monoqrafiyası çap edilmişdir. Sonrakı illərdə onun Füzuli haqqında 20-dən çox elmi məqaləsi işıq üzü görmüşdür.

1970-ci ildə Fuad Qasımzadənin “İdman, gözəllik və estetika” adlı əsəri çap edilmişdir.

Fuad Qasımzadə 1989-cu ildə AMEA-nın müxbir üzvü və 2001-ci ildə həqiqi üzvü seçilmişdir. Akademik Fuad Qasımzadə uzun müddət Bakı Dövlət Universitetində müdafiə şuralarının üzvü və sədri kimi fəaliyyət göstərmişdir. Çox sayda aspirant və dissertantların elmi rəhbəri kimi onların alimlik dərəcəsi almasına yardımçı olmuşdur. F.Qasımzadə BDU-nun texniki fakültələr üzrə fəlsəfə kafedrasının müdiri olmuşdur.

F. Qasımzadə elmi yaradıcılığı dövründə 30 kitabın və 500-dən çox elmi məqalə çap etdirmişdir. F.Qasımzadənin əsas tədqiqat sahəsi Azərbaycan fəlsəfə ictimai fikri, sosial fəlsəfə, ontologiya və idrak nəzəriyyəsi, estetika olmuşdur.

Fuad Qasımzadənin çoxillik elmi və pedaqoji fəaliyyəti daim yüksək qiymətləndirilmiş, müstəqil Azərbaycan Respublikasının ali mükafatları olan “Şöhrət” və “İstiqlal” ordenləri ilə təltif edilmişdir.

Fuad Qasımzadə Bakıda II Fəxri Xiyabanda dəfn edilmişdir.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

Son yazılar

Sitatlardan seçmələr:

   

Həcər, ad günün mübarək!