Tarixdə bu gün
Mühüm hadisələr:

1884 – Nyu-York limanının girişindəki Azadlıq heykəlinin ilk daşı qoyuldu.
1914 – ABŞ-ın Ohayo ştatının Klivlend şəhərində dünyada ilk işıqforlar quraşıdırılmışdır.
1924 – Türkiyədə çoxarvadlılıq qadağan edilmişdir.
1962 – Nelson Mandela həbs edildi (1990-cı ildə azadlığa buraxıldı).
1971 – Türkiyə Çin Xalq Respublikasını rəsmi olaraq tanıdı.
Doğum günləri:

1844 – Məşhur rəssam İlya Repin 86 yaşında vəfat etmişdir.
İlya Repin 5 avqust 1844-cü ildə indiki Ukrayna ərazisində yerləşən Çuquyev şəhərində rus ailənin övladı olaraq anadan olmuşdur. İlya Repin əsərlərində Ukrayna və Rusiyadakı gündəlik həyatı təsvir etmiş və sosial haqsızlıqları göstərməyə çalışmışdır. Bundan başqa tarixi və dini mövzularda rəsmlər, eləcə də əsasən bir sıra bəstəkar və yazıçıların portretlərini çəkmişdir.
Əsərlərində rəng və işıq oyunlarını ustalıqla istifadə etməsi impressionizmin təsiri şəklində qiymətləndirilmiş, çəkdiyi insan portretləri isə duyğuları əks etdirməsi ilə önə çıxmışdır.
Peredvijniki Rəssamlar Dərnəyinin üzvü olan Repin əsərlərinin önəmli bir hissəsini anadan olduğu Ukrayna ərazisinə həsr etmişdi. Realist əsərlərinin çoxunda böyük bir psixoloji dərinlik var və bu mövcud sosial quruluşa olan gərginliyi əks etdirir. 1920-ci illərin sonunda haqqında ətraflı yazılar dərc olunmuşdu və təqribən 10 il sonra Repinin əsərlərinə qarşı vurğunluq formalaşmışdı. SSRİ-də Sosialist realizminə mənsub olan incəsənət xadimləri tərəfindən örnək alınması gərəkli olan bir model kimi qəbul olunmuş, fəaliyyəti təqdir olunmuşdur.

1850 – XIX əsr Fransa ədəbiyyatında müasir kiçik hekayənin banisi olan Gi de Mopassan anadan olmuşdur.
Uşaq vaxtında ata-anası ayrılmışdır və iki qardaş – Gi və Hreve anasının himayəsində yaşamışdır. Klassik ədəbiyyatla maraqlanan anası Mopassanın həyatında mühüm rol oynamışdır. On üç yaşında olan Gi seminariyada təhsil almağa başlamışdır. Təhsil aldığı zaman böyük yazıçı Qüstav Floberlə tanış olmuşdur. 1870-ci ildə kollecdən məzun olmuş və orduya qoşulmuşdur.
Qustav Flober onu himayə etmiş və burada Mopassan Emil Zolya və İvan Turgenevlə tanış olmuşdur.
Kiçik hekayələr müəllifi kimi tanınan Mopassan həm realist, həm də fantastik mövzularda yazmışdır. 1880-ci ildə ilk şah əsəri olan “Gonbul”u çap etdirmişdir.
O səyahət mövzulu əsərlərin və lirik şeirlərin də müəllifidir.

1895 – Opera müğənnisi , Azərbaycanın Xalq artisti Məmmədtağı Bağırov Bakı şəhərində, fəhlə ailəsində anadan olub.
S.Ruhullanın təkidi ilə H.Ərəblinski teatr truppasına daxil olub, H.Sarabski, Ə.Ağdamski, H.Terequlov, H.Hacıbababəyov ilə birgə ölməz səhnə əsərlərində çıxış edib.
Sənət yolunda ilk addımlarını qadın rolları oynamaqla atıb, Ü.Hacıbəyovun “Əsli və Kərəm”ində Əsli,”Leyli və Məcnun”da Leyli obrazlarını yaradıb. Azərbaycan musiqisinin,habelə, dramaturgiyasının əvəzsiz nümunəsi sayılan “Arşın mal alan” komediyasının ilk səhnə quruluşunda M.Bağırovun zəhməti az olmayıb. O, operettanın maraqlı surətlərindən olan Süleyman və Soltan bəy obrazlarını ifa edib. Ümumiyyətlə,onun yaddaqalan obrazları hədsiz dərəcədə çox olub.Bunlara misal olaraq “Şah İsmayıl”da Aslan şahı, “Koroğlu”da Həsən xanı, “Aşıq Qərib”də Şahvələdi misal çəkmək olar. Ömrünün son illərində isə sənətkar “Leyli və Məcnun”da Leylinin atası rolunu oynayırdı.Hüseyn Seyidzadənin “O olmasın,bu olsun” filmində Rüstəm bəyin (Ağasadıq Gəraybəyli) bütün mahnılarını M.Bağırov səsləndirib. Filmotekanın “Qızıl fondunda” onun səsi yazılmış kino lenti daim səsləndirilir, ancaq adı çəkilmir.
16 aprel 1961 – ci ildə 65 yaşında vəfat etmişdir.

1895 – Görkəmli ictimai və dövlət xadimi, görkəmli səhiyyə təşkilatçısı, cərrahlıq elmi məktəbinin banilərindən biri akademik Mustafa Topçubaşov Qərbi Azərbaycanda (İndiki Ermənistan Respublikası) Göykümbət kəndində anadan olmuşdur.
Akademik Mustafa bəy Topçubaşov qədim İrəvanın əsilli-köklü nəsillərindən birinin nümayəndəsi idi. 1895-ci il avqustun 5-də qoynunda dünyaya göz açdığı Göykümbət kəndi elə Topçubaşovların ata-baba malikanəsi imiş. Onların İrəvan şəhərində də mülkü olub. Atası Ağabəy, anası Fatimə xanım, Mustafa və üç qardaşı burada yaşayıblar. Ailənin ikinci oğlu Mustafa tanınmış Azərbaycan rəssamı Mirzə Qədim İrəvaninin nəvəsi Mirzə Rza Qədimovun açdığı ibtidai məktəbdə oxuyub.
1904-cü ildə ibtidai təhsilini başa vurub gimnaziyaya daxil olub. 1914-cü ildə gimnaziyanı bitirib. Valideynlərinin onu uzağa buraxmağa ürəkləri gəlməsə də, Mustafa Kiyevə gedib və orada universitetin tibb fakültəsinə qəbul olunub. Gələcəkdə necə mükəmməl bir insan olacağı isə bu gəncin hələ təhsil aldığı illərdə özünü büruzə verib. Onun tələbəliyi siyasi mübarizələrin kəskinləşdiyi illərə təsadüf edib. Üçüncü kursda oxuyanda Oktyabr inqilabı baş verib. Rusiyanın digər şəhərləri kimi, o zaman Kiyevdə də qalmaq təhlükəli imiş. Onunla birlikdə oxumağa gedənlərin çoxu evlərinə dönüb. Bir neçə tələbə təhsilini davam etdirib. Onlardan biri də Mustafa bəy olub. Çətinliklərə dözüb, səylə dövlət imtahanlarına hazırlaşıb. Nə aclıq, nə də ölüm qorxusu onu yolundan döndərə bilib. Mustafa ata-anasının ona göndərdiyi cib xərcliyini tətilə gələndə geriyə qaytarırmış ki, mən orada təkəm, aldığım təqaüdlə dolana bilirəm. Nəhayət, dövlət imtahanlarını verib diplom alıb. Vətənə geri dönmək üçün qan-qadanın baş alıb getdiyi böyük məmləkətin neçə-neçə şəhərlərindən keçib, gah qatarla, gah da gəmi ilə yol gəlib. Yollarda isə səfalət, xəstəlik içərisində çırpınan, can verən insanları görüb. Axır ki, Vətəninə yetişib, onu gözləyən doğmaları ilə görüşüb
Uzunmüddətli elmi axtarışlar, səylə aparılan tədqiqatlar nəticəsiz qalmır. Odur ki, dünya tibb elmində bir sıra yeniliklər də məhz bu Azərbaycan aliminin adı ilə bağlıdır.
M.Topçubaşov 1937-ci ildə dünya anesteziologiya elmi tarixində ilk dəfə olaraq orijinal keyitmə üsulunu – inyeksion efir-yağ narkozunu – analgeziya üsulunu kəşf etdi. Bu metod sadəliyinə, hazırlanma və tətbiq texnikasının asanlığına, inhalyasion narkoz zamanı rast gəlinən bir sıra mənfi halların (dərin narkoz yuxusu, qanda narkotik maddələrin yüksək konsentrasiyada toplanması və s.) aradan qaldırılmasına imkan verdiyinə görə geniş tətbiq edilməyə başlandı. Efir-yağ qarışığı inyeksiyaları həm də öddaşı xəstəliyinin sancıları, travmatik şok, tetanus, qıcolma hallarında, müalicə və doğuş zamanı ağrısızlaşdırma vasitəsi kimi istifadə edilirdi. 1945-ci ildə SSRİ Xalq Səhiyyə Komissarlığı Elmi Tibbi Şurası tərəfindən Farmakologiya Komitəsinin iclasında efir-yağ qarışığının “Analgezin” adı altında istehsal edilməsinə icazə verildi.
Topçubaşov müharibə illərində Azərbaycan Xalq Səhiyyə Komissarlığı Hərbi Xəstəxanalar İdarəsinin baş cərrahı vəzifəsində çalışıb. Görkəmli alim SSRİ-də ilk dəfə olaraq təxliyə hospitallarının yaradılmasının təşəbbüskarı olub və bu təklif hərbi cərrahlıq işinin təşkilində uğurla istifadə edilib.
Həmin illərdə Mustafa bəy bir-birinin ardınca ağır cərrahiyyə əməliyyatları aparıb və yüzlərlə, minlərlə yaralı döyüşçünü ölümün pəncəsindən xilas edərək yenidən həyata qaytarıb. Onun başçılıq etdiyi klinikada müasir cərrahlıq problemləri – öd yolları xəstəliklərinin, xərçəngin cərrahi müalicəsi, travmatologiya məsələləri, bərpa cərrahlığı və s. xəstəliklər üzrə daimi axtarışlar aparılıb, yeni təkliflər irəli sürülüb.
Mustafa bəyin tutduğu vəzifələri və qazandığı titulları saymaqla qurtarmaz. Maraqlıdır ki, onun keçdiyi həyat yolundan bəhs edən sənədlərin özündə də təltifləri və fəxri adları sadalanarkən ardıcıllıq pozulur.
Müharibədən sonra professor M.Topçubaşov 1945-1950 illərdə Azərbaycan SSR Səhiyyə Nazirliyinin baş cərrahı olmuşdur.1945-ci ildə Azərbaycan SSR EA-nın həqiqi üzvü (akademik) seçilir. 1945-1948-ci illərdə Azərbaycan SSR EA Eksperimental Tibb İnstitutunda direktor vəzifəsində çalışır. Müxtəlif dövrlərdə iki dəfə (1951-1956 və 1969-1981) Azərbaycan SSR Elmlər Akademiyasının vitse-prezidenti vəzifəsini daşıyıb.
1954-cü ildə özü işlədiyi kafedrada operasion-auditoriya təşkil edib.
Əməkdar elm xadimi adını Mustafa bəy Topçubaşov 1940-cı ildə alır. 1960-cı ildə SSRİ Tibb Elmləri Akademiyasının akademiki seçilib, 1975-ci ildə Sosialist Əməyi Qəhrəmanı yüksək adına layiq görülüb.
1981-ci il noyabrın 23-də Bakı şəhərində vəfat etmişdir.

1937 – Türkiyənin Bilkənd Universitetinin professoru, “Şöhrət” ordenli, prezident təqaüdçüsü, Azərbaycanın Xalq artisti Sərvər Soltan oğlu Qəniyev Bakı şəhərində anadan olmuşdur. O, ilk musiqi təhsilini Azərbaycan Konservatoriyasının nəzdindəki musiqi məktəbində skripka aləti üzrə almışdır. Hələ gənc ikən Sərvər Qəniyev Niyazinin rəhbərlik etdiyi Üzeyir Hacıbəyli adına Dövlət Simfonik Orkestri ilə birlikdə çıxış edərək, musiqi ictimaiyyətinin rəğbətini qazanmışdır. Azərbaycan Dövlət Konservatoriyasına daxil olan musiqiçi ikinci kursdan etibarən professional musiqi təhsilini Pyotr Çaykovski adına Moskva Dövlət Konservatoriyasında davam etdirmişdir. 1960-cı ildə konservatoriyanı bitirdikdən sonra o, həmin ali təhsil ocağının aspiranturasında öz peşə kamilliyini artırmışdır.
1963-cü ildə Bakıya qayıdan musiqiçi Azərbaycan Dövlət Konservatoriyasında müəllim və Azərbaycan Dövlət Filarmoniyasının solisti kimi çalışmağa başlamışdır. 1965-ci ildə Sərvər Qəniyevin təşəbbüsü ilə konservatoriyanın nəzdində simli kvartet yaradılmış və 1979-cu ildən bu kvartet filarmoniyanın nəzdində uğurla fəaliyyət göstərmişdir.
Sərvər Qəniyev 1971-1979- cu illərdə Qahirə konservatoriyasında simli alətlər kafedrasının müdiri vəzifəsində işləmiş və eyni zamanda Qahirə simfonik orkestri ilə müxtəlif Avropa ölkələrində qastrol səfərlərində olmuşdur. Onun Misirdə yetişdirdiyi tələbələr bu ölkənin müxtəlif musiqi kollektivlərində müvəffəqiyyətlə çalışırlar.
Azərbaycana qayıdandan sonra musiqiçi zəngin konsert proqramları ilə çıxış etməklə yanaşı, Dövlət Konservatoriyasının professoru və kafedra müdiri vəzifəsini tutmuşdur. 1991-ci ildən ömrünün sonunadək o, Türkiyənin Bilkənd Universitetinin skripka kafedrasının professoru, kamera və simfonik orkestrinin bədii rəhbəri və dirijoru olmuşdur.
Musiqi sənəti sahəsindəki xidmətlərinə görə ,Sərvər Qəniyevin yaradıcılığı Azərbaycan dövləti tərəfindən yüksək qiymətləndirilmişdir. O, 2007-ci ildə “Şöhrət” ordeni ilə təltif olunmuşdur.

1965— Azərbaycan televiziya, teatr və kino rejissoru, ssenari müəllifi, film direktoru, televiziya aparıcısı, Əməkdar İncəsənət xadimi , Akademik Milli Dram Teatrının bədii rəhbəri Mehriban Zaur qızı Ələkbərzadə Gəncə şəhərində doğulub.
Uşaq yaşlarından ailəsi Sumqayıt şəhərinə köçüb və o, buradakı 17 saylı orta məktəbi 1982-ci ildə bitirib. Bir il Sumqayıt Dövlət Dram Teatrında rejissor köməkçisi işləyib. 1983-cü ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Rejissorluq fakültəsinə daxil olub və 1988-ci ildə oranı bitirmiş və təyinatla Lənkəran Dövlət Dram Teatrına göndərilmişdir.
İxtisas təhsilini görkəmli rejissor Mehdi Məmmədovun kursunda alan Mehriban Ələkbərzadə hələ tələbəlik illərində institutun Tədris teatrında Tennessı Uilyamsın “Sökülən yurd”, Eduard de Filipponun “Silindr”, Dövlət televiziyasında Elçinin “Ömrün son səhəri” pyeslərini tamaşaya hazırlayıb. Elçinin bu əsəri televiziya tamaşası kimi də çəkilib.
1990-cı ildə Lənkərandan Bakıya qayıdandan sonra “Azərbaycanfilm” kinostudiyasında “Güzgü” qısametrajlı bədii filmini çəkmişdir.
1991-ci il yanvar ayının 28-də Akademik Milli Dram Teatrına rejissor köməkçisi ştatına işə götürülmüşdür. 1 aprel 1994-cü ildən isə həmin teatrda quruluşçu rejissordur.
1988-ci il iyunun 11-də Akademik Milli Dram Teatrının Kiçik səhnəsində Jan Pol Sartın “Dəfn edilməmiş ölülər” dramını tamaşaya hazırlayıb. Lənkəran Dövlət Dram Teatrında Şıxəli Qurbanovun “Sənsiz” (2 noyabr 1989), Bəxtiyar Vahabzadənin “Yağışdan sonra” (25 mart 1989), Stanislav Stratiyevin “Avtobus”, (“Çarəsiz sərnişinlər”. 24 aprel 1990)pyeslərinə quruluş verib. 1990-cı ildə Lənkərandan Bakıya qayıdandan sonra “Azərbaycanfılm” kinostudiyasında “Güzgü” qısametrajlı bədii filmini çəkib. Rejissor Mehriban Ələkbərzadə 1991-ci il yanvar ayının 28-də Akademik Milli Dram Teatrına rejissor köməkçisi ştatına işə götürülüb. 1 aprel 1994-cü ildən isə bu kollektivdə quruluşçu rejissordur. O, Akademik teatrda “Dəfn edilməmiş ölülər”, “Min illərin işığı”, “Müəmmalı bir gəlin üç versiyası”, “Poçt şöbəsində xəyal”, “Afət” və başqa tamaşalar hazırlamışdı.
Mehriban Ələkbərzadə Azərbaycan Dövlət Televiziyasında Nahid Hacızadənin “Yaşa, ey haqq!”, Jan Koktonun “İnsan səsi”, Marşa Normanın “Gecən xeyrə qalsın, ana”, Mehriban Vəzirın “İlğım”, Afaq Məsudun “Cəza” əsərlərini tamaşaya hazırlayıb.
“Space” televiziyasında özünün həm rejissoru, həm müəllif-aparıcısı olduğu “Dünən, bu gün, sabah, “Telebenefıs”, “Fövqəl dünya və mən” bədii kompozisiyaları silsilə proqramlar arasında xüsusi yer tutur. Bu televiziya kanalında dörd seriyalı “Qırmızı Terror və ya Mircəfər Bağırov”, “Azərbaycan xanlıqları” bədii-sənədli filmlərin rejissorudur. 2008-ci ilin əvvəllərində mətbuata açıqlamasında rejissor televiziya fəaliyyətinə son qoyduğunu bildirib.
AMEA-nın “Yeni tarix” şöbəsinin elmi işçisidir.
2017-ci ildə Azərbaycan Dövlət “Yuğ” Teatrının baş rejissoru vəzifəsinə təyin edilib.
Vəfat etmişdir:

1997 — İkinci Dünya müharibəsi iştirakçısı, İtaliya Xalq Müqavimət Hərəkatının iştirakçısı, İtaliya Qəhrəmanı Məhəmməd Ağaş oğlu Xəlilov 77 yaşında vəfat etmişdir.
Məhəmməd Xəlilov 12 yanvar 1920-ci ildə Sabirabad rayonunun Cavad kəndində anadan olmuşdur. 1938-ci ildə orta təhsilini başa vurub əmək fəaliyyəti ilə məşğul olmuşdur.
İkinci Dünya Müharibəsi başlayanda muharibəyə yollanmış, hərbi məktəbi bitirərək leytenant rütbəsi almışdır. İlk döyüş tapşırığını Ukraynanın Poltava vilayətində yerləşən Xarkov şəhərindəki 4-cü polkun 4-cü batalyonunda yerinə yetirmişdir. Birinci rotanın 4-cü vzvodunda pulemyotçuların komandiri olmuşdur.
Ukrayna cəbhəsində xidmət edən Məmməd Xəlilov ağır yaralanaraq almanlara əsir düşür və hərbi əsirlər eşelonunun tərkibində əvvəlcə Almaniyaya, sonra İtaliyaya göndərilir. Pyaçentsa şəhəri yaxınlığında yaranmış fürsətdən istifadə edən M.Xəlilov əsirlikdən qaçır və Birinci Partizan Diviziyasında M.Buskontinin komandir olduğu İkinci briqadaya qoşulur. M.Xəlilov bu diviziyanın döyüşçüləri ilə birlikdə Hitler işğalçılarına qarşı bir sıra aksiyalarda fəal iştirak etmiş, buna görə, Müttəfiqlərin Mərkəzi Aralıq dənizi bölgəsindəki qoşunlarının komandanı marşal Aleksander tərəfindən imzalanmış 123811 nömrəli “Vətənpərvər sertifikatı” ilə təltif edilmişdir. O dövrdə İtaliyada nəşr olunan “Unita” qəzeti yazırdı: Bakıdan olan türk Məhəmməd kinoteatrda növbəti partlayışı törətmişdir , möhkəm mühafizə edilən körpünü partlatmışdır. Bir müddət sonra onu İtaliya Kommunist Partiyasına üzv seçirlər. Ona zəmanəti şəxsən Palmirro Tolyatti verir. Bu dövrdə o, artıq “Luçano” ləqəbli məşhur partizan və partizan dəstəsinin qərargah rəisi idi.
Sabirabad tarix-diyarşünaslıq muzeyindəki guşələrin birində Məhəmməd Xəlilovun keçdiyi döyüş yolunu əks etdirən sənədlər nümayiş etdirilir. Döyüşçünün əsir düşərgəsində olduğunu və onun İtaliya Müqavimət Hərəkatının diviziyasında düşmənə qarşı keçirilən əməliyyatlarda iştirakını əks etdirən sənədlər vardır.
“Luçano” adı ilə tanınmış Məhəmməd Xəlilov İtaliyanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.
Onun adına sənədli film də çəkilmişdir. Bu sənədli filmdə “Luçano” ləqəbli partizan, İtaliyanın Milli Qəhrəmanı Məhəmməd Ağaş oğlu Xəlilovun həyatı və İkinci Dünya Muharibəsi illərindəki partizanlıq həyatından bəhs edir.

2017 — Görkəmli Azərbaycan alimi, Əməkdar elm xadimi, biologiya elmləri doktoru, Milli Elmlər Akademiyasının həqiqi üzvü, akademik Siddiqə Rza qızı Məmmədova 92 yaşında vəfat etmişdir.
Siddiqə Məmmədova 1925-ci il mart ayının 8-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonu rayonunun Şəhriyar kəndində anadan olub və orda natamam orta məktəbi bitirmişdir.
1940-cı ildə Gəncə şəhərində Kənd Təsərrüfatı Texnikumuna daxil olmuş, 1943-cü ildə texnikumu bitirmişdir.
1943—1947-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun aqronomluq fakültəsində oxumuş və təhsildə göstərdiyi nəticəyə görə Stalin adına təqaüd almış, institutu fərqlənmə diplomu ilə bitirmişdir.
1948-ci ildə AKTİ-də Entomologiya ixtisası üzrə aspiranturaya daxil olmuşdur. Aspiranturanı bitirdikdən sonra 1952-ci ildə “Azərbaycanda toxumluq yoncanın zərərvericiləri və onlara qarşı mübarizə tədbirləri” mövzusunda dissertasiya işini müdafiə edərək kənd təsərrüfatı elmləri namizədi alimlik dərəcəsi almışdır.
1952-ci ildən 1963-cü ilə qədər AKTİ-də assistent, dosent vəzifələrində, o cümlədən fakültə partiya təşkilatının katibi işləmişdir.
1963-cü ildən Azərbaycan Elmi Tədqiqat Bitki Mühafizə İnstitutunun direktoru təyin edilmiş və ömrünün sonuna qədər də bu vəzifədə çalışmışdır.
1971-ci ildə “Azərbaycanda çay və sitrus bitkilərinin zərərvericiləri və onlara qarşı mübarizə tədbirləri” mövzusu üzrə doktorluq işi aparmış. müvəffəqiyyətlə müdafiə edərək biologiya elmləri doktoru elmi dərəcəsi almışdır.
Akademik S.R.Məmmədova bitki mühafizəsi, o cümlədən, entomologiya sahəsində hərtərəfli biliyə malik olan alimdir. O, 205-dən artıq elmi əsərin, 5 tədris vəsaitinin, 2 soraq kitabının, 3 monoqrafiyanın, 7 ixtiranın, 2 pestisidlər kataloqunun müəllifidir.
Yüksək ixtisaslı kadrların hazırlanması da alimin daim diqqət mərkəzindədir. Onun rəhbərliyi ilə institutda 5 elmlər doktoru və 70-dən çox elmlər namizədi hazırlanmışdır. 2 Elmlər doktoru və 15 elmlər namizədinin rəhbəri şəxsən özü olmuşdur.
Bayramlar və xüsusi günlər:

Avqustun 5-i ölkəmizdə Hərbi Dəniz Donanması Günüdür.
1918-ci ildə yaradılan Azərbaycan Hərbi Dəniz Donanmasına “Qars”, “Ərdahan” qayıqları, “Astrabad”, “Göytəpə” poçt gəmiləri, “Araz” hidroqrafik gəmisi və “Bayıl” liman daşıyıcı gəmisi daxil idi. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra donanma Sovet Azərbaycanının Qırmızı Donanması adlandırılmış, 1920-ci ilin yayında isə Xəzər Dəniz Qüvvələrinin tərkibinə daxil edilmişdi.
Azərbaycan milli hərbi dəniz qüvvələrinin yeni tarixi isə 1992-ci ildə keçmiş SSRİ Hərbi Dəniz Donanmasının Qırmızı Bayraqlı Xəzər Donanmasının bir hissəsinin Azərbaycana verilməsi ilə başlayıb. Bu sahədə peşəkar milli kadrların müstəqil Azərbaycana gətirilməsində, yeni kadrlar yetişdirilməsində, donanmanın maddi-texniki bazasının möhkəmləndirilməsində ümummilli lider Heydər Əliyevin böyük xidmətləri olub.
İndi Azərbaycan Hərbi Dəniz Qüvvələrinin kadr təminatını Ali Hərbi Dənizçilik Məktəbi həyata keçirir. Məktəb 1999-cu ildən etibarən NATO standartlarına uyğun tədris proqramına uyğun olaraq 5 hərbi ixtisas üzrə zabit kadrlar hazırlayır.
Azərbaycanın hərbi donanması 2000-ci ildən geniş hərbi təlimlərdə iştirak edir. Bu təlimlər hərbçilərimizin peşəkarlığını artırmaqla yanaşı, donanmanın gücünü bütün dünyaya nümayiş etdirir. Azərbaycanın hərbi dəniz donanması hazırda ən müasir hərbi texnika ilə təchiz olunub.
Dövlətimizin başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun, o cümlədən Hərbi Dəniz Qüvvələrinin daha da gücləndirilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Bunun nəticəsidir ki, gündən-günə qüdrətlənən Azərbaycan Ordusu və onun Hərbi Dəniz Qüvvələri ölkəmizə qarşı yönələn hər hansı bir həmləni dəf etməyə qadirdir.




Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.