Tarixdə bu gün

ilin 218-ci (uzun illərdə 219-cu) günü.

Doğum günləri:

1832— XIX əsr Azərbaycanın görkəmli şairəsi; sonuncu Qarabağ xanı Mehdiqulu xan Cavanşirin qızı, İbrahimxəlil xanın nəvəsi Xurşidbanu Natəvan Şuşada  anadan olmuşdur.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Xurşidbanu Natəvan Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir.

Mehdiqulu xan qızına öz anası Xurşidbanunun adını vermişdir. O, ailənin yeganə övladı, həm də Qarabağ xanlıqlarının sonuncu vərəsəsi оlduğu üçün, оnu sarayda “Dürrü yekta” (Tək inci), el arasında isə “Xan qızı” çağırmışlar.

Balaca Xurşidbanunun ilk tərbiyəçiləri sarayın təcrübəli dayə və mürəbbiyələri оlmuşdular. Məktəb yaşına çatdıqda isə evdə dövrün alim və sənətkarlarından dərs almağa başlamışdır. Məşğələ zamanı Xurşudbanu “Quran” ayələrini və dini ehkamları əzbərləməklə yanaşı, dünyəvi elmlərlə də tanış оlmuşdur. XIX əsrdə kübar ailələrin uşaqlarına bir qayda оlaraq dоğma dili ilə bərabər, ərəb və fars dili, onun sərfi-nəvi təlim edildiyindən, Xan qızı da bu dilləri öyrənmiş, оnların vasitəsilə klassik şeirin qayda-qanunlarını mənimsəmişdir. О, lazımi dərəcədə bilik əldə etdikdən sоnra müntəzəm surətdə mütaliə ilə məşğul оlmuşdur. Dahi şərq şairlərin ələ düşən nadir kitabları, qiymətli əlyazmaları Xurşudbanunu klassik ədəbiyyata bağlamışdır.

Natəvanın dünyagörüşünün, bədii zövqünün fоrmalaşmasında yaxın və uzaq qоhumlarının əməyi az оlmamışdır. Qasım bəy Zakir, Mirzə Camal Cavanşir Qarabaği, Mirzə Adıgözəl bəy Qarabaği, Əhməd bəy Cavanşir kimi hörmətli və tanınmış şəxsiyyətlər öz yaradıcılıqları, ədəbi söhbət və mübahisələri, eləcə də ağıllı məsləhətləri ilə Xurşudbanuda şeirə və sənətə оlan şövq və həvəsi qüvvətləndirmişlər.

Tarixçilərin ehtimalına görə, bu dövrdə xarici və daxili vəziyyətin ciddi surətdə gərginləşməsi ilə əlaqədar xan ailələri üzərində nəzarət gücləndirilmiş və Xurşudbanu Xasay xan Usmiyevlə izdivaca məcbur edilmişdi. Belə bir ehtimal da vardır ki, Vоrоntsоvun şəxsi yavəri Xasay bəy Tiflisdə оnlara mülk iddialarında kömək göstərmiş və bunun müqabilində Xurşudbanuya evlənməyi təklif etmişdir. 1850-ci ilin payızında Xasay bəy Şuşaya gəlib tоy etmiş və Xurşudbanunu Dağıstana – öz doğma kəndinə, оradan da Tiflisə aparmışdır.

Həyatının çiçək açdığı bir dövrdə Xurşudbanu Tiflisdə yaşamalı olmuşdur. Şəhərin səfalı yerləri, təbii mənzərələri ona xoş gəlsə də, burada yaşamağa məcbur olduğu və çox vaxtları tək qaldığı üçün sıxılmış, qəriblik çəkmişdir. Natəvan bu şəhərdə rus, gürcü mədəni cəmiyyətlərinə qoşulmuş, özü də milli ənənəsi, kübarlara məxsus davranışı və üç dildə sərbəst danışması ilə cəmiyyətlərdə maraq oyatmışdır.

Bir sıra vilayət və şəhərlərə səyahətə çıxması Xurşidbanunun təfəkkür dairəsinin genişlənməsinə, dünyagörüşünün artmasına təkan vermişdir. Vladiqaf qaza, Dağıstana, Şirvana, Bakıya, Gəncəyə və Naxçıvana səfəri zamanı o, yüksək rütbəli dövlət qulluqçuları, yazıçı, alim və səyyahlarla görüşmüşdür.

1855-ci ildə Xurşudbanunun oğlu, 1856-cı ildə qızı dünyaya gəlmişdir. Oğlunun adını Mehdiqulu, qızın adını isə Xanbikə qoyurlar.

Xurşidbanu Natəvan parlaq istedada və qabaqcıl ideallara malik olan şəxsiyyət olmuşdur. O, Azərbaycan mədəniyyətində və ictimai həyatında dərin izlər qoymuşdur.

Natəvan ikinci dəfə 1869-cu ildə rəiyyət içərisindən çıxmış Seyid Hüseyn adlı bir şuşalıya ərə getmiş, bu hərəkəti ilə bəy və mülkədarları qəzəbləndirmişdir. Onlar Natəvanın ailə üzvləri arasına təfriqə salaraq, oğlu Mehdiqulu xanın evdən baş götürüb getməsinə müvəffəq olmuşlar. Şairə ömru boyu qınaq və töhmətlərdən yaxa qurtara bilməmişdir.

Şəxsi münasibətlərin, dövranın haqsızlığı, zalımların sitəmi şairi vaxtsız qocaltmış, onu həyat işığına həsrət qoymuşdur. Ağlamaqdan gözlərinin nuru getmiş, bədəni taqətdən düşmüşdür. Xurşidbanu Natəvan 1897-ci il, 1 oktyabrda vəfat etmişdir və Ağdamın “İmarət” qəbiristanlığında dəfn olunmuşdur.

Ağdam rayonu işğaldan azad olunandan sonra, məlum olmuşdur ki, ermənilər tərəfindən Natəvanın məqbərəsi dağıdılmış, qəbiri isə təhqir olunmuşdur, qazılıb və sümükləri də qəbrindən çıxarılıb aparılmışdır. Bu haqda məhşur fransız fotojurnalisti Rza Diqqəti məlumat da dərc etmişdir, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi də bu faktı təstiqləmişdir.

Xurşidbanu Natəvan yaradıcılığa 50-ci illərdən ənənəvi şərq mövzusu və şerlərlə başlamışdır. Qəzəllərində məhəbbət, təbiət gözəllikləri (“Gülün”, “Qərənfil” və s.) tərənnüm olunmuşdur. 16 yaşlı oğlunun ölümündən sonra Natəvan bədbin ruhlu şerlər yazmışdır.

(“Ağlaram”, “Olaydı”, “Getdi”, “Sənsiz”, “Ölürəm” və s.) Əsərləri dərin səmimiyyəti, incə lirizmi ilə seçilir. Yüksək sənətkarlıq nümunəsi olan şerlərində təkrir, qoşma, rədif, məcaz və s. bədii vasitələr məharətlə işlənmişdir. M.N.Nəvvab, S.Ə.Şirvani və başqaları ona şer həsr etmişlər.

Natəvanın şəxsiyyət kimi özünü təsdiqləməsində, vətənə, doğulduğu torpağa bağlı olmasında həm də mənsub olduğu soyun, kökün, nəslin böyük təsiri vardır. Xeyriyyəçi, messenant və fəal ictimai xadim kimi də xalqın yaddaşına həkk olmuşdur. Xurşidbanu Natəvan Gənc şairə Şuşada “Məclisi üns” ədəbi məclisini təşkil

etmişdir. 1873-cü ildə Şuşaya su kəmərini çəkdirmişdir: bu su kəməri indi də “Xan qızı bulağı” adı ilə məşhurdur. Natəvan Araz çayından Mil düzünə də su kəməri çəkməyə təşəbbüs etmişdir.

1965– Azərbaycan Respublikasının Xalq artisti, Azərbaycan Dövlət Rəqs ansamblının solisti və ansamblın baletmeysteri Təranə Hüseyn qızı Muradova anadan olmuşdur.

Təranə Muradova 1983-cü ildə Bakı Xoreoqrafiya məktəbini, 1991-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirmişdir. 1982-ci ildən Azərbaycan  Dövlət Rəqs ansamblında ifaçı-rəqqasə, 1985-ci ildən solist, 1995 ildən isə həm də ansamblın baletmeysteridir. Azərbaycan xalq rəqsləri (“Naz eləmə”, “Qavalla rəqs”, “Vağzalı”, “Mirzəyi”), ispan, qaraçı və digər xalqların rəqsləri repertuarında geniş yer tutur. Ə. Bədəlbəylinin “Qız qalası” baletində gürcü qızının partiyasını oynamışdır. “Səyyah” uşaq rəqs ansamblının bədii rəhbəridir. Bir sıra xarici ölkələrdə çıxış etmişdir.

1979— Azərbaycan xanəndəsi Fərqanə Alim qızı Qasımova 6 avqust 1979-cu ildə anadan olmuşdur.

1996-2000-ci illərdə Milli Konservatoriyanın Opera və xanəndəlik fakültəsində təhsil alıb, hazırda Konservatoriyanın aspirantıdır 2002-ci ildən bəri A. Zeynallı adına musiqi məktəbində müəllimədir.

1996-cı ildən başlayaraq atası A.Qasımovla birgə bir neçə dəfə H.Əliyev adına sarayın , M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının səhnəsinə çıxıb. Dünyanın bir çox musiqi festivallarında, konsertlərdə iştirak edib.

2002-ci ildə Belçikada keçirilən qadın ifaçıların festivalında ilk dəfə olaraq müstəqil səhnəyə çıxıb. 2004-cü ildə Danimarkada növbəti solo konserti baş tutub. Hazırda möhtəşəm beynəlxalq layihənin – məşhur vialonçel ifaçısı YoYo Manın adıyla bağlı olan “Böyük İpək yolu” layihəsinin iştirakçısı, dünya musiqiçilərindən yığılmış “İpək yolu” ansamblının üzvüdür.

1999–cu ildə Avropada A. Qasımovla birgə “Dərin okean məhəbbəti” adlanan diski çıxıb. 2006-cı ildə belçikalı rejissor Kriss Delvill F. Qasımova haqqında “Meditation day” adlı 53 dəqiqəlik sənədli film çəkilib.

9 may 2012-ci ildə, 30 aprel 2014-cü ildə, 6 may 2015-ci ildə, 6 may 2016-cı ildə, 1 may 2017-ci ildə və 9 may 2018-ci ildə Prezident Mükafatına layiq görülmüşdür.

Vəfat etmişdir:

1992— Azərbaycanın Milli Qəhrəmanı Zakir Məcidov Nüsrət oğlu Vətənimizin erməni qəsbkarlarından azad edilməsi uğrunda gedən qanlı döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.

Zakir Məcidov 1956-cı il 26 iyunda Neftçala rayonunun Həsənabad qəsəbəsində dünyaya göz açmışdır. 1963-cü ildə 17 saylı Bakı şəhəri orta məktəbinə getmiş, təhsilini 70 saylı orta məktəbdə tamamlamışdır. Orta təhsilini 1963-73-cü illərdə Bakıda başa vurduqdan sonra, Zakir 1974-cü ildə Ryazan vilayətinin Sasovo şəhərinə gedərək Ali Hərbi Aviasiya məktəbinə daxil olmuşdur. 1977-ci ildə həmin məktəbi bitirərək, leytenant rütbəsi almışdır. Vətənə dönən gənc Zakir, əmək fəaliyyətinə başlayaraq, bir müddət Yevlax aviadəstəsində AN-2 təyyarəsinin ikinci pilotu kimi əmək fəaliyyətinə başlamışdır. 1978-ci ildə isə Bakı aviabölüyündə mexanik, 1979-cu ildə Zabrat aviabölüyündə AN-2 təyyarəsində yenidən yay uçuşlarında işləmişdi. 1980-ci ildə (1982) təyinatla Zabrat aviadəstəsində AN-2 təyyarəsinin komandiri təyin edilmişdir. Gənc leytenant 7 il bu müəssisədə çalışmışdır. İstehsalatdan ayrılmadan 1984-cü ildə ixtisasını artırmaq üçün Ukraynanın Kremençuq Təyyarəçilər Məktəbində Mİ-2 vertolyotu üzrə 6 ay təkmilləşdirmə kursu keçmişdir. Nəhayət, 1985-ci ildən artıq o, Mİ-2 vertolyotunda heyətin komandiri , daha sonra birinci komandir təyin olunmuşdur. Tez-tez sərhəd bölgələrinə uçuşlar edən Z.Məcidov, ordakı vəziyyəti görür, buna biganə qala bilmir və Vətənimiz son dərəcə təhlükəli durumda olanda o da könüllülər sırasına daxil olur.

Zakir Məcidov 1992-ci ilin fevral ayında Milli Ordunun Bakının Qala qəsəbəsində təşkil olunan 843 saylı hərbi hava hissəsində Mİ-24 vertolyotlarından birinə komandir təyin olunur. O, həmin vertolyotla Ağdərənin Aterk kəndində ermənilərin yerləşdiyi qərargahı darmadağın edir, düşmənin xeyli texnikasını sıradan çıxarır. 1992-ci il avqustun 6-sı. Z.Məcidov ekipaji ilə birgə üç dəfə uçuş edərək, ermənilərin döyüş əhəmiyyətli Kasapet yüksəkliyindəki mövqələrini darmadağın etmişdi. İgid təyyarəçi növbəti -dördüncü dəfə uçmaq əmrini də hünərlə yerinə yetirdi. Bu, onun son uçuşu oldu. Döyüş əməliyyatını yerinə yetirdikdən sonra bir-birinin ardınca ona tuşlanan raket zərbələri vertolyotunu ciddi zədələdi. Sayıqlığını itirməyən igid komandir çox çalışır ki, vertolyotu öz ərazimizə çatdırsın. Lakin buna müvəffəq ola bilmir. Mİ-24 vertolyotunun cəsur heyət üzvləri: birinci komandir Z.Məcidov , təyyarəçi operator, Ukraynalı-Xarkov xilayətinin Zmaev şəhərində doğulmuş, ailəsinin yeganə yadigarı olan Ruslan Polovinko və sərrast nişançı-snayper, Qax rayonunda dünyaya göz açmış Rəhimov Cavanşir İzzət oğlu 19 yaşında doğma Vətənimiz uğrunda qəhrəmancasına həlak oldular.

Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 1992-ci il tarixli 204 saylı fərmanı ilə Zakir Nüsrət oğlu Məcidov ölümündən sonra Azərbaycan Milli Qəhrəmanı fəxri adına layıq görülmüşdür. Onun yanmış cəsədi Bakıda Şəhidlər Xiyabanında dəfn edilmişdir.

Neftçala rayon Uşaq Yaradıcılıq Mərkəzi Milli Qəhrəman Zakir Məcidovun adını daşıyır.

1992 — Azərbaycanın Milli Qəhrəmanı Məzahir İzzət oğlu Rüstəmov Vətən uğrunda döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.

Məzahir Rüstəmov 2 mart 1960-cı ildə Bakı şəhərində ziyalı ailəsində dünyaya gəlmişdir. 1977-ci ildə Nizami rayonundakı 32 saylı məktəbi bitirmişdir. 1978-ci il Bakı Dövlət Universitetinin tarix fakültəsinə daxil olmuşdur. 1983-cü ildə təhsilini fərqlənmə diplomu ilə başa vurur. 1986-cı ildən Azərbaycan Memarlııq və İnşaat Mühəndisləri İnstitutunun fəlsəfə kafedrasında baş laborant vəsifəsində işləməyə başlayır. 1990-cı ildə Mətbuat və İnformasiya Nazirliyində “Xarici ölkələrlə kitab əlaqəsi şöbəsi”nin müdiri vəzifəsində çalışmışdır. Azğınlaşmış erməni yaraqlılarının Azərbaycan torpaqlarını işğal etməsi, dinc sakinlərin min bir vəhşiliklərlə qətlə yetitilməsi Məzahiri narahat edirdi. Daima Vətən, torpaq, qeyrət, namus hissləri ilə yaşayan cəsur Məzahir 1992-ci il 23 mart könüllü olaraq Milli Orduya yazılır. Məzahir Şınıx cəbhəsinə gəlir və komandir müavini vəzifəsinə təyin edilir.

Mutudərə olduqca mühüm strateji yer olduğundan ermənilər buranı işğal etmək istəyirdilər. Buna görə də Məzahir burada  yalnız komandir, döyüşçü kimi deyil, həm kəşfiyyatçı  kimi xidmət göstərmişdir. Məzahirin kəşfiyyatçılığı nəticəsində düşmənin bir çox döyüş nöqtələri məhv edilmişdir.Məzahir cəsur komandir olaraq müdafiəni layiqincə yerinə yetirirdi.

1992-ci il 6 avqust ermənilər Mutudərəyə güclü hücum etdilər… Məzahirin komandirliyi ilə döyüşçülər kəndin müdafiəsinə qalxdılar. Son nəfəsinəcən vuruşan komandir bu döyüşdə həlak oldu… Erməni quldurlarını xeyli yaxınlığına buraxan Məzahir əl qumbarasını işə saldı, özü ilə bərabər xeyli qulduru məhv edən Məzahirin bu əfsanəvi qəhrəmanlığı elləri gəzdi. Məzahirin belə ölümü qığılcımı alov etdi…

Polkovnik Cahangir Rüstəmovun başçılığı ilə döyüşçülərimiz hücuma keçərək Mutudərəni və Başkəndi erməni işğalçılarından təmizlədilər. Təəssüf ki, amansız ölüm Məzahirə qələbə sevincini dadmağa imkan vermədi.

Azərbaycan Respublikası Prezidentinin 5 fevral 1993-cü il tarixli 457 saylı fərmanı ilə Məzahir İzzət oğlu Rüstəmov ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülmüşdür.

Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib.

Oxuduğu 32 saylı məktəb, Əhmədli qəsəbəsindəki küçələrdən biri qəhrəmanımızın adını daşıyır.

1992— Azərbaycanın Milli Qəhrəmanı Bəylər Tapdıq oğlu Ağayev Vətən uğrunda döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.

Bəylər Ağayev 3 fevral 1969-cu il Qubadlı rayonunun Qaraağac kəndində doğulmuşdur. O, hərbi xidmətini Almaniya Demokratik Respublikasında başa çatdıraraq doğma kəndlərinə qayıtmışdır. 1990-ci ildə Azərbaycan Dövlət İnşaat Mühəndisləri İnstitutuna daxil olmuşdur. 1992-ci ildə erməni təcavüzü başlayanda Bəylər təhsilini yarımçıq qoyaraq Milli Ordu sıralarına yazılmışdır.

Bəylər Ağayevin yüksək bacarığı ilk günlərdən diqqəti cəlb edir və o bölmə komandiri təyin edilir. Bəylər Ağayev Laçın rayonu uğrunda gedən döyüşlərdə fəal iştirak edir. O, Səfiyan, Yuxarı Fərəcan və Aşağı Fərəcan, Mazutlu, Türklər və Suarası kəndlərində düşmənin xeyli canlı qüvvəsini və hərbi texnikasını məhv etmişdir.

1992-ci il… Avqustun 6-sı… Erməni vəhşilərinin növbəti hücumu. Bəylər yoldaşları ilə mühasirəyə düşür. Məğrur komandirimiz üzünü yoldaşlarına tutub son olaraq bu sözləri söyləyir: “Biz vətən uğrunda ölümə gedirik, ola bilsin ki, bu döyüş son döyüşümüz olsun”. Onlar erməni faşistlərinin xeyli hissəsini məhv etsələr də, özləri də qəhrəmancasına əbədiyyətə qovuşdular.

Azərbaycan Respublikası Prezidentinin 7 dekabr 1992-ci il tarixli 350 saylı fərmanı ilə Bəylər Tapdıq oğlu Ağayevə ölümundən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilmişdir.

Qaraağac kənd tam orta məktəbi qəhrəmanın adını daşıyır.

1992 — Azərbaycanın Milli Qəhrəmanı Cavanşir İzzət oğlu Rəhimov torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olmuşdur.

Cavanşir Rəhimov 5 iyun 1973-cü ildə Qax rayonunun Qaşqaçay kəndində dünyaya göz açmışdır. Bir yaşında olarkən ailələri Bakının Qaraçuxur qəsəbəsinə köçmüşlər. Cavanşir buradakı 104 saylı orta məktəbə getmiş, səkkizinci sinfi bitirdikdən sonra isə texniki-peşə məktəbində təhsilini davam etdirmişdir. O, eyni zamanda    karate idman növünü öyrənmiş və idman ustası normativini ödəmişdi.

1992-ci ildə Cavanşir hərbi xidmətə çağırılır. Bir müddət təlim keçən Cavanşir Rəhimov bort-atıcı peşəsinə yiyələnir. Könüllü olaraq cəbhəyə yola düşmüş  Cavanşiri baş leytenant Ruslan Polovinkonun komandiri olduğu Mi-24 vertolyotuna bort-atıcı təyin edirlər.

6 avqust 1992-ci ildə Qasapet yüksəkliyindəki döyüşçüləri xilas etmək üçün havaya qalxan hərbi vertolyot üç dəfə uçuş edərək yerdəki erməni mövqelərini atəşə tutdu və buradakı erməni bölüyünü məhv etdi. Dördüncü uçuş zamanı Cavanşir artıq yaralı olsa da, uçuşa hazır olduğunu bildirir və yenidən havaya qalxan vertolyot Qasapet istiqamətində güclü raket atəşinə tutularaq vurulur. Bu zaman zərbənin gücündən Cavanşir yaxınlıqdakı taxıl zəmisinə düşür. Bir aydan sonra mal-qara otaran çoban Cavanşirin meyitinə rast gəlir və yaxınlıqdakı hərbi hissəyə bildirir. Cavanşir 1992-ci il sentyabr ayının 9-da Müdafiə Nazirliyinin əməkdaşları və atasının iştirakı ilə dəfn edilir.

Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1994-cü il tarixli 203 saylı fərmanı ilə Cavanşir İzzət oğlu Rəhimova ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilmişdir.

Azərbaycanın ən gənc Milli Qəhrəmanıdır.

Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilmişdir.

Suraxanı rayonundakı 146 saylı orta məktəb qəhrəmanımızın adını daşıyır və Qaraçuxur qəsəbə parkında büstü qoyulub.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

Son yazılar

Sitatlardan seçmələr:

   

Həcər, ad günün mübarək!