Tarixdə bu gün

İlin 221-ci (uzun illərdə 222-ci) günü.

Mühüm hadisələr:

1945 – İkinci Dünya Müharibəsi ərəfəsində amerikalılar Yaponiyanın Naqasaki şəhərinə atom bombası atmışlar. Nəticədə 74 min nəfər həlak olmuşdur.

1992 – Azərbaycan Mili Ordusunun hissələri Gədəbəy rayonunun Başkənd qəsəbəsini erməni silahlı qüvvələrindən təmizləmişlər.

Doğum günləri:

1941— Məşhur Azərbaycan futbolçusu Valeri Nizami oğlu Hacıyev Bakı şəhərində dünyaya göz açmışdır.

ADU-nun (indiki BDU-nun) Filologiya fakültəsini bitirmişdir.

Valeri Hacıyev 1959-1960, 1964-1968, 1970-1972-ci illərdə “Neftçi”nin şərəfini qoruyub. Bu müddət ərzində 229 oyunda 26 qol vurmuş futbolçu 1966-cı ilin bürünc mükafatçısıdır.

O, U-21 yığmamızın baş məşqçisi kimi fəaliyyət göstərib.

Valeri Hacıyev 8 yanvar 2016-cı ildə vəfat edib.

1959 — Azərbaycanın Milli Qəhrəmanı Məhəmməd Ələsgər oğlu Həsənov Goranboy rayonunun Qarasüleymanlı kəndində doğulmuşdur.

 1966-1976-cı illərdə buradakı 3 saylı məktəbdə təhsil almışdır. 1977-1979-cu illərdə hərbi xidmətdə olmuşdur.

Sonra isə Kiyev şəhərinə gedir. 1980-ci ildə Kiyev Radioelektronika Texnikumuna daxil olmuşdur. 1987-ci ildə Vətənə qayıtmış və təhsil aldığı 3 saylı məktəbdə ibtidai hərbi hazırlıqdan dərs demişdir.

Ermənilər torpaqlarımıza hücum edəndə o, könüllülərdən ibarət dəstəyə komandir təyin olunur. Məhəmmədin döyüş yolu Mənəşli, Erkəç, Qaraçinar, Talış kəndlərindən keçir. Bu döyüşlərdə ermənilər ağır itkilər verərək geri çəkildilər. Məhəmməd xeyli erməni quldurunu şəxsən özü məhv etdi. 1992-ci il könüllü batalyonlar ləğv edildikdən sonra “N” saylı hərbi hissədə xidmətini davam etdirir.

 1993-cü ildə Baki Ali Komandirlər Məktəbini bitirir. O, polkovnik-leytenant rütbəsinəcən yüksəlmişdi.

Azərbaycan Respublikası Prezidentinin 23 iyun 1992-ci il tarixli 6 saylı fərmanı ilə Məhəmməd Ələsgər oğlu Həsənov Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülmüşdür.

2002-ci ildən Goranboy rayonunun Veyisli kənd orta məktəbində işləmiş və  daha sonra  3 saylı tam orta məktəbdə direktor vəzifəsində çalışmışdır.

18 noyabr  noyabr 2020-ci ildə avtomobil qəzasında həlak olmuşdur.

 1954 –  Görkəmli tarzən, Xalq artisti,  Ə.Bakıxanov adına Xalq Çalğı Alətləri ansamblının bədii rəhbəri Möhlət Müslimov anadan olmuşdur.

M.Müslümov Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının Xalq Çalğı Alətləri şöbəsini Tar ixtisası üzrə bitirmişdir.

1975-ci ildən S.Rüstəmov adına Xalq Çalğı Alətləri orkestrində solist, 1988-ci ildən M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında C.Qaryağdıoğlu adına muğam üçlüyünün solisti, 1988-ci ildən Azərbaycan Dövlət Konservatoriyasının professorudur.

Azərbaycan Dövlət Televiziya və Radio Qapalı Səhmdar Cəmiyyətinin Ə.Bakıxanov adına Xalq Çalğı Alətləri ansamblının bədii rəhbəridir.

M.Müslümov Azərbaycan musiqisini dünyada  hər zaman  böyük məharət və ustalıqla  təmsil edir.

Onun müxtəlif beynəlxalq festivallarda, müsabiqələrdə çıxışları böyük müvəffəqiyyətlə qarşılanır. M.Müslümov Türkiyə, Rusiya, Fransa, ABŞ, Kanada, İngiltərə, İtaliya, Şotlandiya, Belçika, Macarıstan, Tayland, İsrail, Hindistan, Tunis, Mərakeş, Polşa, Rumıniya, keçmiş SSRİ-nin bütün respublikalarında, şəhərlərində Azərbaycan musiqisinin parlaq ifaçısı kimi alqışlanmışdır.

Xarici ölkələrdə 20-dən artıq kompakt diski buraxılmışdır. Milli radio və xarici ölkə radiolarının fondlarında lent yazıları bu günədək saxlanılır.

Vəfat etmişdir:

1980— Məşhur rəqqası, Azərbaycanın Xalq artisti Əlibaba Abdulla oğlu Abdullayev 65 yaşında vəfat etmişdir.

Əlibaba Abdullayev 23 mart 1915-ci ildə Bakıda anadan olub.

Azərbaycan Dövlət Filarmoniyası Rəqs ansamblının, Mahnı və Rəqs ansamblının bədii rəhbəri olub.

Musiqili Komediya Teatrında yüksək kateqoriyalı aktyor kimi çalışıb .

Tələbə və Gənclərin 6-cı Ümumdünya Festivalında (Moskva, 1957) qızıl medala layiq görülüb. “Nəlbəki” və “Vağzalı” rəqslərinin ilk quruluşu Əlibaba Abdullayevə məxsusdur.

 Ə.Abdullayevi Ü.Hacıbəyov, S.Ələsgərov, T.Quliyev, C.Cahangirov və başqa bəstəkarlarla sıx əlaqədə işləyib, qədim xalq rəqslərini toplayıb, onların oynaq ritmlərindən istifadə edib, yenidən quruluş verib.  Odur  ki, sənətkarın quruluş verdiyi rəqslərin isə hamısı mənalı, rəngarəng olub.

Ə.Abdullayev “Çobanlar”, “Bənövşə”, “Bulaq başı”, “Bahar”, “Ay gözəl”, “Qazağı”, “Məzəli rəqs”, “Qaytağı”, “Gəlin tərifi”, “Nağaraçılar” rəqslərinə quruluş verib

1936-cı ildə Üzeyir Hacıbəyov onun haqqında yazıb: “Əlibaba musiqinin ritmini dərindən duyur. Tamaşaçıya elə gəlir ki, onun rəqsləri səslənən melodiyanın əyani təsvirini canlandırır”.

1983 —Xalq artisti , professional təhsil almış ilk azərbaycanlı dirijorlardan biri olmuş Əşrəf Həsən oğlu Həsənov 74 yaşında vəfat etmişdir.

1909-cu il yanvarın 24-də Xankəndinin Daşkənd qəsəbəsində dünyaya göz açmışdır. Əşrəf Həsənov Azərbaycan Dövlət Opera və Balet Teatrında Azərbaycan və Qərbi Avropa bəstəkarlarının opera və baletlərinə (“Leyli və Məcnun”, “Koroğlu” (Üzeyir Hacıbəyov), “Traviata”, “Aida” (Cüzeppe Verdi), “Karmen” (J. Bize) və s.) dirijorluq etmişdir. Gürcüstan, Rusiya, Türkiyə, Ukrayna, Bolqarıstan, Almaniya, Çexiya və digər ölkələrdə qastrol səfərləri olmuşdur.

Azərbaycan Televiziya və Radio Komitəsinin nəzdindəki simfonik orkestrə rəhbərlik etmişdir.

2010 —Azərbaycan Respublikasının Xalq artisti, Azərbaycanda ilk rok operettanın müəllifi, bəstəkar Oqtay Kazımi (Oqtay Məmməd oğlu Kazımov) 70 yaşında vəfat etmişdir.

Oqtay Kazımov 27 dekabr 1932-ci ildə Astara şəhərində anadan olmuşdur. Orta məktəbi Astarada bitirən O.Kazımi Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbinin xor-dirijorluq fakültəsinə daxil olmuş və Hacı Xanməmmədovun sinfində təhsil almışdır. Musiqi məktəbində oxuyarkən, “Bəxtəvər uşaqlar” adlı ilk mahnısını bəstələmişdir.

 O.Kazımi 1957-ci ildə Üzeyir Hacıbəyov adına Konservatoriyanın bəstəkarlıq fakültəsinə daxil olmuş və Cövdət Hacıyevin sinfində təhsil almışdır.

1966-1967-ci illərdə Sumqayıt musiqi texnikumunda müəllim, sonra isə dərs hissə müdiri kimi fəaliyyət göstərmişdir. Sumqayıtda çalışdığı illərdə O.Kazımi “Eksperiment” estrada orkestrini yaratmışdır. Sonralar bəstəkar filormoniyada musiqi redaktoru vəzifəsində çalışmış və Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbində xalq-çalğı alətləri fakültəsində dərs demişdir. O.Kazıminin mahnıları uzun illər “Dan ulduzu” ansamblının repertuarında xüsusi yer almışdır. Görkəmli bəstəkarın mahnılarını Rəşid Behbudov, Zeynəb Xanlarova, Şövkət Ələkbərova, Eldar Axundov, Flora Kərimova, Yalçın Rzazadə, İlhamə Quliyeva, Oqtay Ağayev, Məmmədbağır Bağırzadə, Zümrüd Məmmədova və digər korifey müğənnilər ifa etmişlər.

2011— Azərbaycanın tanınmış nəğməkar şairəsi və yazıçı-publisisti Rüzgar Əfəndiyeva (Rüzgar Şahmar qızı Əfəndiyeva(Qurbanova) 64 yaşında vəfat etmişdir.

Rüzgar Əfəndiyeva 1947-ci il mayın 9-da Azərbaycanın Bərdə şəhərində qulluqçu ailəsində anadan olmuşdur. Bərdə şəhər 3 saylı orta məktəbində təhsil başa vurduqdan sonra ADU-nun Filologiya fakültəsində ali təhsil almışdır. 1970-1974-cü illərdə Bakıda 248 saylı şəhər orta məktəbində dil-ədəbiyyat müəllimi işləmişdir. 1975-ci ildə “Maarif” nəşriyyatında korrektor, kiçik redaktor, redaktor və “Azərbaycan dili və ədəbiyyatı dərslikləri” redaksiyasının müdiri vəzifələrində işləmişdir. Bədii yaradıcılığa orta məktəbdəikən coşqun həvəs göstərmişdir.İlk mətbu şeirləri (“Könül verərsənmi?”, “İstərəm”), “Lenin tərbiyəsi uğrunda” çoxtirajlı Universitet qəzetinin 1965-ci il 31 dekabr tarixli sayında çıxmışdır.

“Axtarma məni”, “O sənli günlərim”, “Dəniz və məhəbbət”, “Pıçılda”, “Kimsə xoşbəxt oldu”, “Niyə tələsdin”, “Payız toyları” və sair mahnıları dillər əzbəri olmuşdur.Bu mahnıları sevimli sənətkarlarımız Zeynəb Xanlarova, Niyaməddin Musayev, İlhamə Quliyeva, məşhur türk müğənniləri Emel Sayın, Nəşə Qaraböcək ifa ediblər. Bu mahnılara hər dəfə qulaq asanda qəlbimiz nə qədər duyğulanır!..Oqtay Rəcəbov, Oqtay Kazımi, Bahadur Hüseynov, Həsənağa Qurbanov kimi bəstəkarlarımız Rüzgar Əfəndiyevanın yaradıcılığına müraciət etmişlər.

O, “Unuda bilməzsən”, “Gözlə”, “Ömürdən keçən illər”, “Lalənin ləçəyi”, “Aydınlıqdan gedən yolda”, “Gedən də var, qalan da var”, “Xatirələr çiçəkləyəndə”, “Vətəndir Arifin səsi”, “Əbədi günəş” və s. kitabların müəllifidir.

Rüzgar Əfəndiyevanın yaradıcılığı təkcə şeirlə tamamlanmır.O, həm də bir sıra nəsr əsərlərinin müəllifidir. Onun “Yol gözləyənlər” povesti əsasında radio-tamaşa hazırlanıb dinləyicilərə təqdim olunmuşdur və hazırda Azərbaycan radiosunun “Qızıl Fond”undadır . Bundan başqa “Uçuş”, “Qorxuram ki…”, “Sabah da qar yağacaq” kimi gözəl hekayələri də mətbuatda dərc olunub.”Rüstəm – Napoleonun yavəri” adlı roman yazıçının son işlərindən sayılır.

Rüzgar Əfəndiyeva həm də Natəvan оpеrasının ariya və duеt mətnlərinin müəllifidir.1999-2002-ci illərdə görkəmli bəstəkar, xalq artisti, professor Vasif Adıgözəlovla birlikdə bu əsər üzərində işləmişdir.

Əlamətdar günlər və hadisələr:

Hər il avqustun 9-u dünyada Beynəlxalq Kitabsevərlər Günü kimi qeyd olunur.

Bu möhtəşəm gün ilk olaraq Amerika Birləşmiş Ştatlarında qeyri-rəsmi olaraq Milli Kitab günü kimi qeyd olunmağa başlanıb. Daha sonra isə Amerikada yaranan bu bayram demək olar ki, dərhal dünyanın bir çox yerlərində pərəstişkar qazanaraq əlamətdar günə çevrilib. Bu gün bütün dünyada insanlara kitab hədiyyə etməklə qeyd edilir. Bu isə kitabsevərlər üçün ən gözəl bayramdır. Kitabı sevdirmək üçün onu hədiyyə etməkdən başlamaq lazımdır. Bu oxucuları mütaliəyə cəlb etməyin ən gözəl yoludur. İllərdir oxuduğumuz, təkrar oxumayacağımız kitabları başqalarına, ətrafımızdakı insanlara bağışlaya, onların da faydalanmalarını təmin edə və bununla mütaliəni dəstəkləyə, onları mütaliəyə təşviq edə bilərik.

Kitabın sehri xüsusi bir möcüzədir. Oxumağı sevən bir insan üçün hansı ədəbi janrı üstün tutmasından asılı olmayaraq, sevimli kitabı ilə görüş xoşbəxt andır və yeni bir əsəri oxumağın başlanğıcı, insanın şüuru və təxəyyülü üçün kəşf edilməsi lazım olan bir dünyadır.

Əgər siz bu bayram münasibətilə hansısa kitabsevəri təbrik etmək istəyirsinizsə ona kitab hədiyyə edin.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

Son yazılar

Sitatlardan seçmələr:

   

Həcər, ad günün mübarək!