Tarixdə bu gün

İlin 223-cü (uzun illərdə 224-cü) günü.

Mühüm hadisələr:

Doğum günləri:

1955 — Azərbaycanın Milli Qəhrəmanı Əli Hüseyn oğlu Məmmədov Naxçıvan şəhərində dünyaya göz açmışdır.

Orta təhsilini Bakı şəhərindəki 255 saylı məktəbdə başa vurmuşdur. 1975-ci ildə ordu sıralarına çağırılmış, hərbi xidmətini Macarıstanda keçirmişdir.

1982-ci ildə Polis Akademiyasına daxil olmuşdur. Torpaqlarımıza erməni təcavüzü başlayanda Əli də silaha sarılır.

Əli Məmmədov 1992-ci il 24 sentyabr Laçın cəbhəsində vuruşmağa başlayır. Qızartı yüksəkliyini ələ keçirən döyüşçülərimiz 1 oktyabr 1992-ci il tarixində səhər tezdən güclü hücuma məruz qalırlar. Yaralıları təhlükəsiz yerə çaıxaran və döyüşün qaynar nöqtəsində vuruşan Əli başından ağır yaralanır. Mərd və cəsur döyüşçü bu yaradan da əbədiyyətə qovuşur.

Azərbaycan Respublikası Prezidentinin 19 oktyabr 1992-ci il tarixli 273 saylı fərmanı ilə polis kapitanı Məmmədov Əli Hüseyn oğluna ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilmişdir.

Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilmişdir.

Bakı küçələrindən biri Əli Məmmədovun adını daşıyır.

1958 — Azərbaycan dirijoru, Qara Qarayev adına Dövlət Kamera Orkestrinin bədii rəhbəri, Azərbaycan Respubikasının Xalq artisti Teymur Ənvər oğlu Göyçayev anadan olmuşdur.

T.Göyçayev Bakı Musiqi Akademiyasının simli alətlər fakültəsini (skripka üzrə) 1981-ci ildə fərqlənmə diplomu ilə bitirmiş, 1985-ci ildə musiqi ifaçılarının Zaqafqaziya müsabiqəsində iştirak etmiş və laureat adı qazanmışdır. Sənətçi kimi Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik orkestrində artist işləmiş, 1986-cı ildən Bülbül adına orta ixtisas musiqi məktəbində, daha sonralar Bakı Musiqi Akademiyasında pedaqoji fəaliyyət göstərir.

1998-ci ildən Q.Qarayev adına Azərbaycan Dövlət Kamera orkestrinin bədii rəhbəridir.

2000-ci ildə Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, 2005-ci ildə isə Xalq artisti fəxri adlarını almışdır.

9 may 2012-ci ildə, 30 aprel 2014-cü ildə, 6 may 2015-ci ildə, 6 may 2016-cı ildə 1 may 2017-ci ildə və 9 may 2018-ci ildə Prezident Mükafatına layiq görülmüşdür.

10 may 2014-cü ildə Heydər Əliyev Fondunun “Qızıl çinar” beynəlxalq mükafatı ilə təltif olunub.

10 avqust 2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif edilmişdir.

1970 — 20 Yanvar şəhidi Fərizə Çoban qızı Nəbiyeva 1970-ci il avqustun 11-də keçmiş Ermənistan SSR-nin Spitak rayonunun Saral kəndində anadan olmuşdur.

1 nömrəli Tibb məktəbinin sonuncu kurs tələbəsi idi.

1989-cu ildə subay olan İlhamın evlənməsi məsələsi gündəminə gələndə, o, bacısı ilə bir sinifdə oxumuş Fərizənin adını çəkmişdir. 1989-cu ilin martın 19-da onların nişanı olur. 1989-cu ilin 30 iyununda Fərizə İlhamla Bakıda təzə açılmış “Leyla” şadlıq evində saat 6-da toy mərasimini keçiririlir.

Ailə üzvlərinin sözlərinə görə, İham və Fərizə də vətənpərvərlik hissi qeyri-adi dərəcədə yüksək idi. Azərbaycan Xalq Cəbhəsinin mitinqlərinə də ikisi birlikdə gedirdilər. Amma bu iki vətənpərvər gəncin bəxtiyarlığı uzun sürmür.

1990-cı ilin yanvarında sovet ordusunun əsgərləri İlhamı güllə ilə vururlar. İlham çoxlu qan itirdiyindən xəstəxanada dünyasını dəyişir.

Fərizə bütün bu yaşananlara tab gətirə bilməyib, “Hey, İlham, sənə özümü çatdıracağam” deyib, intihar etmək istəyir. O, birinci dəfə özünü yandırmaq istəsə də, onun qarşısını aldılar. Fəqət, o, artıq qərar qəbul etmişdi…

Təcili yardım maşını gəlib ona iynə vursa da, Fərizə, gecə hər kəs yatandan sonra ikinci dəfə intihara cəhd edir: bir qab sirkəni içirək, canına qəsd edir.

Fərizə xəstəxanaya çatmadan, təcili yardım maşınında vəfat edir.

İntihar zamanı o, hamilə idi, bətnində 2 aylıq körpəsi vardı.

1973—Mayns Universitetinin (AFR) biokimya üzrə professoru Pərvanə Hacıyeva Gürcüstanın Marneuli şəhərində anadan olmuşdur.

1979-1988-ci illərdə Marneuli rayonunun Şulaveri orta məktəbində təhsil alır. Orta təhsilini davam etdirmək üçün o 1988-ci ildə Gəncə şəhərindəki 17 nömtəli orta məktəbə daxil olur.1989-cu ildə bu məktəbi gümüş medalla başa vurur.

Orta məktəbu uğurla başa vuran Pərvanə Hacıyeva 1991-ci ildə M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universitetinə daxil olur. Burada o tibbi biologiya ixtisası üzrə təhsil alır.

1996-ci ildə təhsilini bu ali məktəbdə başa vurduqdan sonra o AMEA-nin Molekulyar Biologiya və Biotexnologiya İnstitutunda elmi işçi kimi fəaliyyətə başlayır.

Pərvanə Hacıyeva 1998-ci ildə Florens şəhərində yerləşən „Nüvə maqnit rezonansı mərkəzi”ndə doktoranturaya daxil olur. Burada o məşhur alim Prof. Ivano Bertininin rəhbərliyi altında metallproteinlərin struktur-bioloji araşdırılması ilə məşğul olur. Doktoranturada təhsil aldığı dövrdə mətbuatda çalışdığı sahə üzrə elmi məqalələrlə çıxış edir. 2000-c ildə „Təbii və modifikasiya olunmuş sitoxromların struktur və çeviklik xassələri” mövzusunda hazırladığı dissertasiya işini uğurla müdafiə edərək Florensiya Universitetində kimya sahəsi üzrə „Doktor” elmi dərəcəsini qazanır.

Doktoranturada təhsilini başa vurduqdan sonra Pərvanə Hacıyeva 2001-2002-ci illər arası elmi fəaliyyətini Münhen şəhərində yerləşən Maks Plank Elmi Tədqiqat İnstitutunun “Psixiatriya” bölməsində davam etdirir.

2002-ci ildə o Mains Tibb Universitetinin „Fizioloji kimya institutu”nda elmi işçi kimi fəaliyyətə başlayır. 2006-cı ildə Mains Universitetinin Patobiokimya İnstitunda təşkil olunmuş „Oksidativ stress, antioksidantlar və mitofagiya” elmi işçi qrupuna rəhbər təyin olunur. Bu qrupa rəhbərlik çərçivəsində Pərvanə Hacıyeva bu sahədə mövcud problemlərin dərindən araşdırılması ilə bərabər, müxtəlif istiqamətlərdə görülən elmi layihələri koordinasiya edir, tələbə və doktorant işlərinə rəhbərlik edir.

2016-cı ildə Pərvanı Hacıyeva biokimya sahəsi üzrə hazırladığı dissertasiya işini Mains Tibb Universitetində müdafiə edərək “Dr.chem. et med. habil ” elmi dərəcəsinə layiq görülür.

2016-ci ilin oktyabr ayında Mains universitetində „Patobiokimyəvi adaptasiya” sahəsi üzrə professor vəzifəsinə təyin olunur. Həmin dövrdən bu sahə üzrə elmi praktiki işlərə rəhbərliklə bərabər, o həmçinin univeristetin tədris prosesində xüsusi məsuliyyəti öz üzərinə götürür. O, tələbələrə müalicə işi fənni üzrə mühazirələr oxuyur, biologiya, kimya, əczazlıq və müalicə işi fənlərindən yerinə yetirilən elmi praktiki işlərə rəhbərlik edir. Pərvanə Hacıyeva 2009-cu ildən Mains Universitetində müalicə işi və stomotologiya ixtisaslıarı üzrə buraxılış imtahan komissiyasının üzvüdür.

Məşğul olduğu elmi problemlər

Prof. Hacıyevanın elmi işləri “Selüllar adaptasiya və metabolizm” mövzusu ətrafında cəmləşir. Onun rəhbərliyi altında aparılan tədqiqiatlar stress şəraitində hüceyrələrdə yer alan adaptiv mexanizmlərin tədqiqini əhatə edir. Problemin eksperimental tədqiqində həm mövcud, həm də aktual olan analitik, biokimyəvi, genetik və bioinformatik metodlardan istifadə olunur. Tədqiqatlar canlı vitro sistemlərlə bərabər (hüceyrə strukturları), həmçinin vivo modellər (Caenorhabditis elegans, gəmiricilər və insan toxumaları nümunələri) üzərində aparılır. Mitoxondrial disfunksiya, oksidadtiv stress, həmçinin hüceyrəvi enerji çatışmamazlığı hüceyrələrdə yaranan kompleks stresin induksiya olunmasına gətirib çıxarır. İnduksiya olunmuş nəticənin yalnız kiçik bir hissəsi sıxılmış şəkildə mövcud olur və real halda stresə qarşı müqavimətin adaptiv artırılmasına və bununla hüceyrənin daha yaxşı funksionlallığına şərait yaradır. Tədqiqatların əsas məqsədi hüceyrələrin müqavimətinini artıran və onların funksiyalarının stabilləşdirəbilən adaptasiya mexanizmlərinin erkən üzə çıxarılması və izah olunmasından ibarətdir. Bununla degenerativ xəstəliklər zamanı hüceyrələrin uzun müddət həyatda qalmasına şərait yaratmaq öndə durur.

1977 —20 Yanvar faciəsinin azyaşlı şəhidlərindən biri – Larisa Fərman qızı Məmmədova Bakı şəhərində anadan olmuşdur.

Larisanın ailəsi beş nəfərdən ibarəti idi və onun Emil adlı qardaşı, Nərminə adlı bacısı vardı.

1990-cı ilin 19 yanvardan 20 yanvara bağlayan gecə Larisa atası Fərman Məmmədov ilə birlikdə atasının işlədiyi leytenant Şmidt adına zavoda getmişdir. Leytenant Şmidt adına zavodun yanında “İkarus” avtobusunda oturduqları yerdə maşın gülləbaran edilmiş, Larisa ürək nahiyəsindən güllə yarası almış, yerindəcə həlak olmuşdur. Atası Fərman Məmmədov ağır yaralanmışdır

Larisa Məmmədovanın adına Bakı şəhərində küçə yerləşir.

Hər il 20 Yanvar ərəfəsində təhsil aldığı məktəbdə Larisa ilə bağlı anım tədbirləri təşkil edilməkdədir. Larisanın xatirəsinə həsr olunan yazı, şeir, rəsm müsabiqələri keçirilir.

Vəfat etmişdir:

1945 — Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli siyasi və dövlət xadimi. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin Ədliyyə və Daxili İşlər Naziri olmuş Xəlil bəy Hacıbaba oğlu Xasməmmədov vəfat etmişdir.

Xəlil bəy Xasməmmədov 1873-ci ildə Gəncədə anadan olmuşdur. Gəncə klassik gimnaziyasında orta təhsil almışdır O, Moskva Universitetinin hüquq fakültəsini bitirib müstəntiq, Krasnodar və Yelizavetpol (Gəncə) dairə məhkəmələrində işləmişdir.
Yelizavetpol quberniyasından 2-ci Dövlət Dumasına deputat seçilmişdir (1907). Xəlil bəy Xasməmmədov Fətəli xan Xoyski ilə birlikdə Dumanın milli-dini bərabərlik komissiyasının, Dumanın ikinci şöbəsinin və beş komissiyasının üzvü olmuş, xalq azadlığı partiyasını təmsil etmişdir.
3-cü Dövlət Dumasında (1907–1912) Xasməmmədov Azərbaycanı təmsil edən yeganə deputat idi. O, Dumanın imperatora müraciət hazırlanması, sorğular, köçürmə işi, məhkəmə islahatı üzrə komissiyalannın üzvü idi. Xasməmmədov Dumanın iki illik fəaliyyəti dövründə müsəlmanların hüquqlarının imperiyanın əsas əhalisi ilə bərabərləşdirilməsi, onların maarifiənməsi, rifahının yüksəldilməsi üçün heç bir iş görülmədiyini Duma üzvlərinin nəzərinə çatdırmış, kəndlilərin torpaq azlığından əziyyət çəkdiyini vurğulamışdır.

Xasməmmədov Dumanın bütün fəaliyyəti dövründə müxtəlif sorğular və məsələlər üzrə (ədalətli idarəçilik, yerli əhaliyə torpaq verilməsi, xalq təhsili, hərbi mükəlləfıyyət, seçki, dini etiqad, zemstvə idarələrinin tətbiqi, yerli məhkəmənin dəyişdirilməsi və s.) çıxış etmişdir. Xalq təhsili məsələləri barədə çıxışlarında Xasməmmədov ibtidai məktəbdə ana dilində təhsili müdafiə etsə də, “dövlət dilini bilməyi zəruri” sayırdı. Xasməmmədov Zaqafqaziya (Qori) seminariyası Azərbaycan şöbəsinin Yelizavetpola (Gəncəyə) köçürülməsi və onun müstəqil seminariyaya çevrilməsi barədə Xalq Maarifi Nazirliyi qarşısında vəsatət qaldırmışdı. O, 1911 il noyabrın 30-da hərbi mükəlləfıyyət barədə qanun layihəsi üzrə çıxış edərkən hərbi mükəlləfiyyətin müsəlmanlara da şamil olunmasını tələb etmişdi.
Xəlil bəy bütün həyatı boyu “Azərbaycana muxtariyyət” amalı uğrunda mübarizə aparmış, onun ictimai-siyasi fəaliyyətinin ən coşqun dövrü Azərbaycan Cümhuriyyətinin təşəkkülü və dirçəlişi ilə bağlı idi.
1918-ci il may ayının 28-də təsis edilmiş, Xəlil bəy Xasməmmədov ilk ədliyyə naziri təyin olunmuşdur.
Xasməmmədov 1920 ilin aprelində Azərbaycan Xalq Cümhuriyyətinin Türkiyədə səfiri təyin olunmuşdu. Aprel işğalından (1920) sonra Azərbaycana qayıtmamış, İstanbulda yaşamış, coşğun siyasi-publisistik fəaliyyət göstərmişdir.

Azərbaycanın bütün Qafqazın türk-müsəlman xalqlan ilə sıx birliyinin qızğın tərəfdarı olan Xasməmmədov Azərbaycan və şimali Qafqaz mühacirləri tərəfındən yaradılmış “Azərbaycan-Dağlılar birliyi” adlanan qurumun ilk sədri seçilmişdi. 1942-cı ilin yazında Almaniyanın Xarici işlər Nazirliyi xətti ilə Berlinə görüşə dəvət edilmiş tanınmış Qafqaz siyasi mühacirləri sırasında Xəlil bəy Xasməmmədov da olmuşdur.

Ömrünün son illərini İstanbulda yaşamış və xərçəng xəstəliyindən vəfat edib. Fəriköy məzarlığında – Əhməd bəy Ağaoğlunun məzarının yanında dəfn edilib.

1973— Tanınmış şair, dramaturq, Əməkdar incəsənət xadimi Zeynal Rza oğlu Xəlilov 59 yaşında Bakıda vəfat etmişdir.

Zeynal Xəlil 23 mart 1914-cü ildə Gəncədə anadan olmuşdur.

On yeddi yaşında ikən poeziya aləminə gələn Zeynal Xəlil, az bir müddət ərzində özünü tanıtmağa, XX əsrin 30-cu illərində sürətlə irəli çıxan S.Vurğun, M.Müşfiq, R.Rza, S.Rüstəm, M.Rahim, O.Sarıvəlli kimi qüdrətli söz ustaları arasında görünməyə başlayır. “İstək” adlı ilk şe‘rlər kitabı 1936-ci ildə nəşr olunmuşdur. Böyük Vətən müharibəsi illərində döyüşçülərin qəhrəmanlığını tərənnüm edən əsərlər: “Yəhərləyin atları”, “416”, “Döyüşçünün vəsiyyəti” və s. şe‘rlər; Zoya Kosmodemyanskayaya həsr olunmuş “Tatyana” poemasını yazmışdır.

“Düşüncələr”, “E‘tibar”, “Arzular”, “İki dünya”, “Bənövşə” , “Şe‘rlər” , “Sevdiyim rəng”, “Günəş, dəniz və insan” və s. şe‘r kitablarının, “Ulduzlar” mənzum romanın müəllifidir. “İntiqam” , “Qatır Məmməd” , “Gənc ustalar” , “Ata yolu” pyesləri var. “Qatır Məmməd”in motivləri əsasında eyniadlı film çəkilmişdir.

Əsərləri bir sıra xarici dillərə tərcümə olunmuşdur. P. Antokolski , R. Həmzətov, D. Quramişvili, Ş. Petöfi, Qafur Qulam və b.-dan tərcümələr etmişdir.

“Şərəf nişanı” ordeni və medallarla təltif olunmuşdur. XX əsr Azərbaycan şeirində süjetli lirikanın gözəl nümunələrini yaradanlardan biri də Z.Xəlil olmuşdur. Hadisə, əhvalat və vəziyyətlərin təbii, maraqlı obrazlarla verilməsi, fikrin, mətləbin bədii lövhələrlə çatdırılması Z.Xəlil şeirinə həzn bir romantika,təbii obrazlılıq, estetik,müasir ruh gətirmişdir

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

Son yazılar

Sitatlardan seçmələr:

   

Həcər, ad günün mübarək!