Tarixdə bu gün
İlin 222-ci (uzun illərdə 223-cü) günü.
Mühüm hadisələr:

1990 – Erməni terrorçu dəstələrinin Tbilisi-Ağdam marşrutu ilə işləyən sərnişin avtobusunu partlatması nəticəsində 20 nəfər həlak olmuş, 30 nəfər yaralanmışdır.
Doğum günləri:

1895 — Məşhur Naxçıvan xanları sülaləsinin altıncı generalı, briqada komandiri Cəmşid Naxçıvanski Naxçıvan şəhərində anadan olmuşdur.
Cəmşid Naxçıvanski 1904-cü ildə Tiflis kadet (yeniyetmə) korpusuna daxil olmuş və 1911-ci ildə həmin məktəbi müvəffəqiyyətlə bitirmişdir.
Cəmşid Naxçıvanski 1915-ci ildə Yelizavetqrad (Qərbi Ukrayna) qvardiya məktəbini bitirmişdir . Birinci dünya müharibəsində müsəlmanlardan təşkil olunmuş süvari eskadronun (bölüyün) komandiri olmuş, “Brusilov cəbhəsi”nin yarılmasında iştirak etmişdir. Avstriya-Rumıniya cəbhəsində üç dəfə yaralanan C. Naxçıvanski igid süvari zabiti kimi gümüş silahla mükafatlandırılmış, “2-ci Müqəddəs Anna” ordenli ilə təltif olunmuşdur. Cəmşid Naxşıvanski 1917-ci ilin martında Rumın cəbhəsindəki hərbi xidmətlərinə görə 2-ci dərəcəli Müqəddəs Stanislav ordeni və qılıncla təltif olunmuşdur. O, 9 may 1917-ci ildə poruçik (leytenant) rütbəsinə, elə həmin il 30 oktyabrda isə Ştabs-rotmistr (qərargah-kapitanı) rütbəsinə layiq görülmüşdür. Cəmşid Naxçıvanski hərbi şücaətinə görə 1917-ci il 15 apreldə Müqəddəs Anna ordeninin 3-cü dərəcəsi, 22 avqustda isə Müqəddəs Georgi ordeninin 4-cü dərəcəsi ilə mükafatlandırılmışdır.
Cənub-Qərb cəbhəsi dağıdıldıqdan sonra ştabs-rotmistr C.Naxçıvanski başçılıq etdiyi süvari alayı ilə birgə Azərbaycana qayıtmışdır.
Azərbaycan Xalq Cumhuriyyəti dövründə hərbi fəaliyyəti
15 sentyabrda türk qoşunları və Azərbaycan Əlahiddə Korpusu ilə birgə Bakını daşnak, ermənilərdən ibarət olan və ingilislərə arxalanan”Sentrokaspi diktaturası” qüvvələrindən təmizləmişdi. Azərbaycanın müstəqilliyi uğrunda C. Naxçıvanski inamla vuruşmuşdur.
Azərbaycan Xalq Cümhuriyyətinin naziri, artilleriya generalı Səmədbəy Mehmandarovun 24 mart 1920-ci il tarixli əmri ilə I süvari tatar alayının komandiri podpolkovnik Cəmşid Naxçıvanski II Qarabağ süvari alayının komandiri təyin edilmişdir.
1920-ci ilin martında onun Qarabağda (Şuşada) yerləşən alayı daşnaklara və daxili düşmənlərə qarşı döyüş əməliyyatlarında fəal iştirak etmişdi.
C.Naxçıvanski 1923 və 1928-ci illərdə Moskvada qısa müddətli Frunze Adına Ali Hərbi Akademiya kurslarında oxumuş, Azərbaycana qayıtdıqdan sonra yenidən diviziya komandiri olmuşdur.
C.Naxçıvanski 1931-ci ildə Moskvaya M.V.Frunze adına Ali Hərbi-Siyasi Akademiyaya oxumağa göndərilmişdi. Cəmşid Naxçıvanski 1933-cü ildə akademiyanı fərqlənmə diplomu ilə bitirdikdən sonra orada müəllim saxlanılmış, 3 il ümumi taktika kafedrasına rəhbərlik etmiş, akademiyada əsas fakultənin kurs rəisi olmuşdur. O, 1935-ci ildə briqada komandiri vəzifəsinə təyin olunmuşdu.
XX əsrin 30-cu illərinin ortalarında C.Naxçıvanski guya başçılıq etdiyi “casus təxribat dəstəsi” ilə mühacirətdə olan qardaşları Davudxan və Kəlbali xanla sıx əlaqə saxlamaqda təqsirləndirilərək repressiyaya məruz qalmışdır.
26 avqust 1938-ci ildə Lefortova zindanında SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının səyyar məhkəmə iclasında o, Sovet hökumətinin devrilməsi məqsədilə sui-qəsddə iştirakda və casusluqda günahkar hesab edilir və həmin gün də Yaqodanın daçasında güllələnir.
1956-cı ildə Cəmşid Naxçıvanski tam bəraət aldı. Bakıda hərbi lisey və paytaxt küçələrindən biri Cəmşid Naxçıvanskinin adını daşıyır, onun vətəni Naxçıvanda xatirə muzeyi fəaliyyət göstərir.

1913—Xalq rəssamı, Əməkdar incəsənət xadimi, SSRİ Dövlət Mükafatı Laureatı və Qırmızı Əmək Bayrağı ordeninə layiq görülmüş Kazım Məmmədəli oğlu Kazımzadə Bakı şəhərində anadan olmuşdur.
1936-cı ildə Azərbaycan Rəssamlıq Texnikumunu, 1960-cı ildə İ.Y.Repin ad. Leninqrad Boyakarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunu bitirmişdir. İlk dövrdə Nizaminin “İsgəndərnamə” (“İqbalnamə”), “Sirlər xəzinəsi” (1940), “Leyli və Məcnun” (1947), “Xosrov və Şirin” (1948) poemalarına, eləcə də uşaqlar üçün işlənmiş “Fitnə”, “Sehrli üzük”, “İsgəndər və çoban” kitablarına illüstrasiyalar çəkmişdir. “Cəbhə yollarında” (1943) rəsmlər silsiləsində müharibənin fəlakətlərini əks etdirmişdir. Yaradıcılığında Sovet dövrünə xas olan siyasi plakat və karikaturalar mühüm yer tutmuşdur. Kazımzadə, əsasən kitab illüstrasiyası və dəzgah qrafikası sahəsində fəaliyyət göstərmişdir.
1942-ci ildən vəfatınadək Azərbaycan Dövlət İncəsənət Muzeyinin direktoru, 1954-cü ildən Beynəlxalq Muzeylər Şurası Sovet Komitəsinin əsas üzvü olmuşdur. Bakı şəhərində Səməd Vurğun və Uzeyir Hacıbəyovun ev-muzeylərinin, Qazaxda Səməd Vurğun Poeziya evinin, Lənkəran Tarix-Diyarşünaslıq Muzeyinin ilk bədii tərtibatını məhz o vermişdir.
1952-ci ildən “Kirpi” jurnalı ilə əməkdaşlığa başlamış, həmçinin tarixi-inqilabi və məişət mövzularında rəsm silsilələri (“Bakıda inqilabi-tarixi hadisələr”, “Tibb işçiləri”) və tablolar (“416-cı diviziya döyüşdə”, “Azad Kubada”, “İraq lövhələri” və s.) yaratmışdır. Kinofilmlərə, dram və opera tamaşalarına, o cümlədən Üzeyir Hacıbəyovun “Leyli və Məcnun”, “Koroğlu” operalarına geyim eskizlərinin, süjetli xalıların müəlliflərindəndir.
Kazım Kazımzadə 4 oktyabr 1992-ci ildə vəfat etmişdir.

1949 – Xalq artisti Qəndab Quliyeva Füzuli rayonunun Dilağarda kəndində anadan olmuşdur. 1976-1980 cı illərdə Azərbaycan Dövlət Musiqi Məktəbində , 1991-1996 cı illərdə Azərbaycan Dövlət Musiqi və İncəsənət Universitetində təhsil almışdır. İlk muğam müəllimi Nəriman Əliyev olmuşdur.
Eyni zamanda, o, Vahid Abdullayevin muğam sinifində dərs almışdIr.
1981- ci ildə Azərbaycan Dövlət Opera və Balet Teatrında solist kimi fəaliyyət göstərmişdir. Bu teatrın səhnəsində Leyli, Əsli (Üzeyir Hacıbəyov-“Leyli-Məcnun”, “Əsli və Kərəm”), Ərəbzəngi (Müslüm Maqomayev-“Şah İsmayıl”), Şahcənəm (Z.Hacıbəyov-“Aşıq Qərib”), Gülbahar (Ş.Axundova-“Gəlin qayası”), Xanəndə qız (R.Mustafayev-“Vaqif”) rollarını yaratmışdır.
Onun ifasında “Xaric Seygah”, “Şahnaz”, “Mahur-Hindi”, “Bayatı-Şiraz”, “Şur” muğamlarının səsyazıları Azərbaycan Televiziya və Radiosunun “Qızıl Fond”unda saxlanılır.
Xanəndənin ifasında “Çahargah” muğamının səsyazısı isə Fransada “Muğam antologiyası” CD diskinə daxil edilmişdir.
Qəndab Quliyeva pedoqoji fəaliyyətlə də məşğul olmuş, Azərbaycan Dövlət və Mədəniyyət Universitetində muğamatdan dərs demişdir.
26 iyun 2017-ci ildə vəfat etmişdir.

1958 — Azərbaycan Respublikasının Xalq rəssamı , professor, Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü Natiq Kamal oğlu Əliyev Bakıda anadan olmuşdur.
1974-1978 –ci illərdə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində təhsil almış və bu məktəbi fərqlənmə diploma ilə bitirmişdir. V.Muxina adına Sankt-Peterburq Ali Rəssamlıq Məktəbində ali təhsil almış və oranı fərqlənmə diploma ilə bitirmişdir.
Hal-hazırda Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru, heykəltəraşlıq kafedrasında emalatxana rəhbəri , akademiyanın bədii-metodiki şurasının sədri vəzifəsini daşıyır.
Prezident İlham Əliyev avqustun 9-da xalq rəssamı, professor, Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü Natiq Əliyevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sənətkar bu yüksək dövlət mükafatına heykəltəraşlıq sənətinin inkişafındakı xidmətlərinə görə layiq görülüb.
Vəfat etmişdir:

1961— Görkəmli tənqidçi, ədəbiyyatşünas, filologiya elmləri doktoru , professor Cəfər Zeynal oğlu Hacıyev 51 yaşında vəfat etmişdir.
Cəfər Xəndan 1910-cu il m ayın 8-də İrəvan şəhərində müəllim ailəsində doğulmuşdur. 1918-ci ildə ailəsi Gəncəyə köçmüş, ata-anası burada öldüyündən kimsəsiz qalan kiçik qardaş və bacısı ilə Gəncə uşaq evində yaşamışdır (1925-ci ilədək).
Gəncə Pedaqoji Texnikumunu bitirmişdir. Azərbaycan Dövlət Pedaqoji İnstitutuna daxil olmuş, həm də fəhlə fakültəsində müəllimlik (1925-1929) etmişdir. İnstitutun Dil və ədəbiyyat fakültəsini bitirdikdən sonra aspiranturaya daxil olmuş, eyni zamanda institutun Ədəbiyyat kafedrasının assistenti, sonra dosenti kimi fəaliyyət göstərmişdir (1932-1941).
M.F.Axundov adına Müəllimlər İnstitutunun Dil və ədəbiyyat fakültəsinin dekanı, Azərbaycan Dövlət Pedaqoji İnstitutunun kafedra müdiri, Azərbaycan Elmlər Akademiyasının Dil və Ədəbiyyat İnstitutunda şöbə müdiri, həm də Azərbaycan Yazıçılar İttifaqında təşkilat katibi, “Allahsız” jurnalının, “Ədəbiyyat qəzeti”nin məsul katibi, “Gənc işçi” redaksiyasında ədəbiyyat şöbəsinin müdiri vəzifələrində işləmişdir. Dissertasiya müdafiə edib fılologiya elmləri namizədi alimlik dərəcəsi almışdır (1939).
1941-ci ildə səfərbərliyə alınmış, sovet ordusu tərkibində siyasi rəhbər və jurnalist kimi alman işğalçılarına qarşı vuruşmuşdur.
Ordu sıralarından tərxis olunandan sonra Azərbaycan Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı kafedrasında dosent, 1954-1961-ci illərdə universitetin Sovet ədəbiyyatı kafedrasının müdiri vəzifəsində çalışmışdır. “1906-1946-cı illərdə Cənubi Azərbaycan xalqının milli azadlıq mübarizəsi və onun bədii ədəbiyyatda inikası” mövzusunda dissertasiya müdafiə edib doktorluq alimlik dərəcəsi almışdır.
2014—Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix fakültəsinin dekanı olmuş Nazir Nəbi oğlu Əsədov 64 yaşında vəfat etmişdir.
Nazir Əsədov 1950-ci ildə Ermənistanda müəllim ailəsində anadan olmuşdur. 1968-ci ildə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Tarix fakültəsinə daxil olmuşdur.
1972-ci ildə ADPU-nun Azərbaycan tarixi kafedrasında müəllim, Azərbaycan Dövlət Pedaqoji İnstitutunun “Azərbaycan tarixi” kafedrasında dosent, tarix fakültəsində dekan əvəzi vəzifəsində çalışıb. Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində fəaliyyət göstərən F.D.02.061 Dissertasiya Şurasının üzvü idi.
1983-cü ildə “İnkişaf etmiş sosializm dövründə Azərbaycan SSSR-nin Gürcüstan və Ermənistan SSR-ləri ilə iqtisadi əməkdaşlıq” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək alimlik dərəcəsi almışdır.
“Yüksək ixtisaslı kadrların hazırlanmasında səmərəli elmi-pedaqoji fəaliyyətinə görə” 2006-cı ildə Təhsil Nazirliyinin fəxri fərmanı ilə təltif olmuşdur.
Çoxlu dərs vəsaiti, metodik vəsait, proqram və məqalələrin müəllifidir.




Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.