Tarixdə bu gün
İlin 224-cü (uzun illərdə 225-ci) günü.
Mühüm hadisələr:
945(B.e.ə.) – Ruslar Bərdə şəhərini tərk etmişdir.

Yaxın və Orta Şərqdə sənətkarlıq və ticarət mərkəzi kimi tanınmış Bərdəyə 944-cü ildə ruslar yürüş etmişlər. Rusların irəli sürdüyü şərtlərə uyğun olaraq bir gün ərzində şəhəri tərk etməyən bərdəlilərə divan tutulmuşdur. Ruslar 20 min bərdəlini qılıncdan keçirmişlər. Ərazidə taun yayılmış, buna görə də rus qoşunu şəhəri tərk etməli olmuşdur. Rusların talanlarından sonra uzun müddət Bərdə özünə gələ bilməmişdir.
2010 – Bakı-İstanbul reysində uçuşlar həyata keçirən və AZAL-a məxsus olan “Airbus” A319 tipli 075 səfər nömrəli təyyarə 10:38 radələrində Atatürk hava limanında qəzaya uğrayıb. Təyyarə yenidən bərpa edilərək uzadılan 05-23 uçuş-enmə zolağına endikdən sonra zolaqdan çıxmışdır. Təyyarədə ikisi körpə olmaqla 121 sərnişin və ikisi pilot olmaqla 7 ekipaj üzvü olmuşdur.
Yerə enərkən ön şassilərində problem əmələ gəlib və təyyarə uçuş zolağından çıxaraq torpaq zəminə girib. Torpaq üzərində təxminən 10 metr irəliləyən təyyarənin ön dayaqları qırılınca uçaq burnu üstə yerə dirənib. Bundan sonra təyyarə dayanıb.
Doğum günləri:

145
1880 — Azərbaycan pedaqoqu, Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasının məzunu(1900), Əlifba islahatçısı, mətbuat tarixçisi, publicist Fərhad Məşədi Rəhim oğlu Ağazadə (təxəllüsü Şərqli)Şuşa şəhərində anadan olmuşdur
Fərhad Ağazadə 1900-cü ildə Müəllimlər Seminariyasını bitirdikdən sonra Xaldan, Şuşa, Gorus, Gəncə məktəblərində müəllim işləyib. 1905-ci ildə pedaqoji fəaliyyətini Bakıda davam etdirib, rus-müsəlman və “Səadət” məktəblərində çalışıb. Fərhad Ağazadə deyirdi: “Vətənin gələcəyi müəllimdən, məktəbdən asılıdır”.
Ərəb əlifbasının yeni, latın əlifbası ilə əvəz edilməsində böyük xidmətləri olub. Mirzə Fətəli Axundovdan sonra dilimizin saflığı və əlifbamızın islahı uğrunda mübarizə aparan ikinci böyük şəxsiyyət kimi səciyyələndirilir. “Azərbaycan” qəzetinin ən fəal yazarlarından biri idi və məqalələrində xalqının, millətinin nicatını elmdə, təhsildə gördüyünü yazır, yetişən gəncliyi təhsil almağa çağırırdı.
Fərhad Ağazadə proqram, dərslik tərtibi, savadsızlığın ləğvi sahəsində misilsiz xidmət göstərib. Azərbaycan dilinin orfoqrafiyası elmi şəkildə ilk dəfə Fərhad Ağazadə tərəfindən işlənib. Mətbuat və maarif tariximizin sütunlarından sayılan Fərhad Ağazadənin yazdığı dərsliklər, lüğətlər, kitablar bu gün də öz aktuallığını itirməyib.
4 yanvar 1931 –ci ildə 50 yaşında vəfat etmişdir.

1942 — Məşhur publisist, nasir, hərbi tədqiqatçı, H.Zərdabi adına mükafatın laureatı Şəmistan Əmiraslan oğlu Nəzirli Qərbi Azərbaycanın Loru nahiyyəsinin Yuxarı Körpülü kəndində anadan olmuşdur.
1967-1972-ci illərdə ADU-nun jurnalistika fakültəsində təhsil almışdır. Əmək fəaliyyətinə APİ-nin “Gənc leninçi” qəzeti redaksiyasında ədəbi işçi kimi başlamışdır. Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində hərbi vətənpərvərlik redaksiyasında redaktor, şöbə müdiri (1973-1991), Azərbaycan Dövlət Ensiklopediyasında “Xatirə” redaksiyasının şöbə müdiri (1991-1992), Respublika Müdafiə Nazirliyinin Hərbi-Elmi Tədqiqatlar və Tarix İdarəsində şöbə müdiri (1992-1996). Respublika Dövlət Televiziya və Radio Verilişləri Şirkətində “Hərbi proqramlar və salnamə” baş redaksiyasının baş redaktoru (1996-1998) işləmişdir. Hazırda Azərbaycan Respublikası Müdafiə Nazirliyində Hərbi Elmi Mərkəzin hərb tarixi şöbəsində baş elmi işçidir.

1926— Sevimli şairimiz Qabil Allahverdi oğlu İmamverdiyev 1926-cı il avqustun 12-də Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi başa vurduqdan sonra 1944-1948-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsində ali təhsil almışdır.
O, 1954-1956-cı illərdə Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunun ali ədəbiyyat kurslarında oxumuşdur.Əmək fəaliyyətinə 1949-1951-ci illərdə Yardımlı rayonunda və Bakı şəhərində orta məktəb müəllimi və Azərbaycan Dövlət Pedaqoji İnstitutunda laborant kimi çalışaraq başlayan Qabil 1951-1953-cü illərdə “Azərbaycan müəllimi” qəzetinin redaksiyasında şöbə müdiri, 1954-cü ildə “Kommunist” qəzeti redaksiyasında tərcüməçi-redaktor, 1957-1958-ci illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində ədəbi-dram verilişləri redaksiyasının məsul redaktoru,1960-1972-ci illərdə “Ədəbiyyat və incəsənət” qəzetinin redaksiyasında poeziya şöbəsinin müdiri,
1975-1979-cu illərdə “Azərbaycan” jurnalı redaksiyasında ədəbi işçi və baş redaktor müavini vəzifələrində işləmişdir.
Qabilin yaradıcılığı müasir Azərbaycan ədəbiyyatını zənginləşdirməklə onun parlaq səhifələrindən birini təşkil edir. Fəal həyat mövqeyi və hadisələrə obyektiv münasibəti ilə seçilən şair ana dilimizin bədii imkanlarından məharətlə istifadə edərək poeziyanın mövzu baxımından rəngarəng nümunələrini yaratmışdır.
Qabil müəllim bir sıra fəxri ad və medallarla, o cümlədən Azərbaycan Respublikasının ali dövlət mükafatları “Şöhrət” və “İstiqlal” ordenləri ilə təltif olunmuşdur.
Xalq şairi Qabil 2007-ci il aprelin 4-də ömrünün 81-ci ilində vəfat etmişdir.

70
1955 — Görkəmli ədəbiyyatşünas, tanınmış ictimai xadim, yazıçı, publisist, tərcüməçi, mətnşünas, Millət Vəkili, Nizami adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, Filologiya elmləri doktoru, AMEA-nın həqiqi üzvü, professor Rəfael Hüseynov Kürdəmir şəhərində anadan olmuşdur.
Burada 12 saylı şəhər orta məktəbini bitirmişdir.
Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində (1971-1976) fars fılologiyası ixtisası üzrə təhsil almışdır .
Əmək fəaliyyətinə təyinatla göndərildiyi Azərbaycan Elmlər Akademiyası Fəlsəfə və Hüquq İnstitutunun fəlsəfə tarixi şöbəsində başlamışdır.
Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun İran filologiyası şöbəsində kiçik elmi işçi, həmin institutun Orta əsrlər şərq yazılı mənbələrinin tədqiqi və nəşri şöbəsində baş elmi işçi vəzifəsində çalışmışdır .
1980-ci ildə namizədlik dissertasiyası müdafiə etmişdir.
Nizami adına Ədəbiyyat muzeyində şöbə müdiri işləmişdir. Hazırda muzeyin direktorudur.
Azərbaycan xalq musiqisi və onun görkəmli ifaçıları haqqında hazırladığı “Nəğməli ömürlər” və “Axşam görüşləri” adlı həftəlik verilişlər silsiləsi efırdə səslənmişdir.
“Qobustan” incəsənət toplusunda “Görməyən gözlərin aydınlığı”, “Əsas odur ki, xalq sizi sevir”, “Həsrət qatarı” və s. publisistik yazıları çap olunmuşdur.
Orta əsrlər fars və türkdilli poeziyanın müxtəlif problemlərinə həsr edilmiş 30-dan artıq ədəbiyyatşünaslıq əsərinin müəllifıdir.
1992-ci ildə “Baba Tahir Üryan və onun poetik irsi” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.
Məhsəti Gəncəvinin rübailərini, Rəsul Rza və Nigar Rəfibəyli haqqında “İki ömrün işığı” (1987) adlı xatirələr kitabını tərtib etmişdir.
ADU-da “Fars ədəbbiyyatı” (1987-1989), Konservatoriyada “Mədəniyyət tarixi” (1990-1991), “Xəzər” Universitetində “Azərbaycan ədəbiyyatı” və “Azərbaycan mədəniyyəti” (1995) fənlərindən dərs demişdir.
Xəzər Universitetində “Azərbaycan filologiyası və şərqşünaslıq” kafedrasının müdiri vəzifəsində (1995-1998) çalışmışdır.

1981— Azərbaycan Hərbi Hava Qüvvələrinin mayoru. 2016-cı ildə Aprel döyüşlərində qəhrəmancasına həlak olmuş Təbriz Tariyel oğlu Musazadə Gürcüstan Respublikasının Dmanisi rayonunun Yaqublu kəndində anadan olub.
Mayor Təbriz Musazadə özündən başqa baş leytenant Əbu Bəkir İsmayılov və mayor Urfan Vəlizadə ilə birgə idarə etdiyi Mi-24 helikopteri ilə 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışmaya qatıldı. Füzuli rayonu istiqamətində gedən döyüşlər zamanı Mi-24 helikopteri ermənilər tərəfindən vuruldu və helikopterdə olan heyət üzvləri qəhrəmancasına şəhid oldu. Onların nəşi aprelin 10-u neytral ərazidən götürüldü.
Təbriz Musazadə ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Azərbaycan Bayrağı” ordeni ilə təltif edildi.
Vəfat etmişdir:

1991 — Azərbaycanın Milli Qəhrəmanı Əkbərov Akif Abbas oğlu vətən uğrunda döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.
1991-ci il avqustun 5-də Akif Əkbərov da daxil olmaqla Beyləqan rayon polis şöbəsinin bir qrup əməkdaşı Kəlbəcər rayonundakı “Sarı yer” yaylağındakı mülki şəxslərin təhlükəsizliyini təmin etmək üçün oraya ezam olunur.
Avqustun 12-də ermənilər “Sarı yer”ə hücum edirlər. Akif və döyüşçü dostları həm erməni quldurlarının hücumunu dəf etməli, həm də dinc əhalinin təhlükəsizliyini təmin etməli idilər. Şiddətli döyüş başlayır. Ermənilər xeyli itki versələr də, Akif Əkbərov özü də düşmən gülləsinə tuş gəlir və əbədi olaraq gözlərini yumur.
Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Akif Abbas oğlu Əkbərov ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülmüşdür.
Beyləqan rayonunda dəfn edilmişdir və doğma rayonunda büstü qoyulmuşdur.
Beyləqan rayonundakı küçələrdən biri onun adını daşıyır.

1992 -Məşhur Azərbaycan kino rejissoru, aktyor, ssenari müəllifi Şahmar Zülfüqar oğlu Ələkbərov vəfat etmişdir.
Teatr İnstitutunun Aktyorluq fakültəsində Rza Təhmasibin kursunda təhsil alıb. Hələ III kursda ikən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına işə götürülüb. Teatrda ilk dəfə Şekspirin “Lope de Veqa” tamaşasında çıxış edib. “Ustalar” tamaşasında qazandığı uğurdan sоnra böyük tamaşaçı auditоriyasının rəğbətini qazanıb. Bundan sоnra məşhur sənətkar Adil İsgəndərоv оnu kinоstudiyanın nəzdində özünün yaratdığı “Kinо aktyоrluğu” studiyasına dəvət edib. “Azərbaycanfilm” kinostudiyasında aktyor və rejissor kimi fəaliyyət göstərib. Təhsilini başa vurduqdan sonra müəllim-assistent kimi institutda saxlanılıb. Şahmar Ələkbərоv teleradiо sahəsində də fəal оlub. Оnun radiоda ilk çıхışı “Ulduz” prоqramının aparıcısı kimi оlub. Bundan başqa оnlarca televiziya tamaşasında yadda qalan оbrazlar yaradıb. “Mоlla Nəsrəddin” radiо verilişinin aparıcısı оlub. Bir çох filmlərin dublyajında iştirak edib.
Xalq artisti, Dövlət Mükafatı laureatıdır.

1999 — Məşhur türk şairi və tərcüməçisi Can Yücəl Can Yücəl vəfat etmişdir .
21 avqust 1926-cı ildə İstanbul şəhərində keçmiş Milli Təhsil Naziri Həsən Əli Yüselin ailəsində doğulmuşdur.

2014 – Azərbaycanlı cərrah-alim, İranda ilk dəfə açıq ürək əməliyyatını (koronar şuntlama) gerçəkləşdirən, Beynəlxalq Cərrahlar Cəmiyyətinin idarə heyətinin və Paris Cərrahlar Akademiyasının üzvü, “Varlıq” dərgisinın təsisçisi, türkologiyaya aid yeddi cildlik kitabın müəllifi, Azərbaycanın müxtəlif universitetlərinin fəxri doktoru və professoru, Türk Dil Qurumunun fəxri sədri, eləcə də İstanbul Universitetinin fəxri doktoru olmuş Cavad Heyət 89 yaşında Bakıda vəfat etmişdir.
Cavad Heyət 1925-ci il mayın 24-də Təbrizdə anadan olub.
Orta hərbi məktəbi bitirdikdən sonra o, Tehran Universitetinə daxil olmuş, ikinci kursdan ali təhsilini Türkiyənin İstanbul Universitetində davam etdirərək 1943–1946-cı illərdə burada tibb fakültəsində oxumuşdur.
Doktor Cavad Heyət təbabətə dair qiymətli araşdırmaların müəllifi kimi də tanınırdı. Onun kitabları tibb sahəsində yazılmış dəyərli vəsait kimi mütəxəssislər tərəfindən daim yüksək qiymətləndirilmişdir. Bir sıra beynəlxalq elmi forumlar və toplantılarda öz təcrübəsinə əsaslanaraq dərin məzmunlu məruzələrlə çıxış etmiş alimin 100-dən artıq məqaləsi müxtəlif tibb jurnallarında işıq üzü görmüşdür. Cavad Heyət uzun müddət cərrahlığın tədrisi və cərrahların yeni nəslinin formalaşdırılması ilə məşğul olmuşdur.
Bayramlar və xüsusi günlər:

Bu əlamətdar tarixi gün gənclərə hər zaman diqqət və qayğı ilə yanaşan, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verən ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.
Heydər Əliyevin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan olunub. Qeyd edək ki, həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilməsinə başlanılıb. Bununla da Azərbaycan bir çox sahələrdə olduğu kimi, bu sahədə də bir çox ölkələri qabaqlayıb. Bu arada qeyd edək ki, Azərbaycanda Gənclər Günü təsis edildikdən xeyli sonra – 1998-ci ilin 8-12 avqustunda gənclərin işləri üzrə nazirlərin ümumdünya konfransının tövsiyəsi əsasında BMT Baş Məclisinin 1999-cu il 17 dekabr tarixli qətnaməsi ilə 12 avqust – Beynəlxalq Gənclər Günü elan olunub.
Ölkəmizdə gənclərə ən yüksək diqqət və qayğı göstərilir, uğurlu dövlət gənclər siyasəti həyata keçirilir. Xalqımızın ulu öndəri Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün tələblərinə uyğun davam etdirilməsi gənclərin hərtərəfli fəaliyyətinə geniş imkanlar yaradıb.
Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan bu sahəyə böyük diqqətin nəticəsidir.




Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.