Tarixdə bu gün
İlin 232-ci (uzun illərdə 233-cü) günü.

Doğum günləri:

1901 – Xalq artisti , “Şərəf nişanı” ordeni laureatı Xan Şuşinski Şuşada anadan olmuşdur. Ailəsinin Qarabağ xanları nəsli ilə qohumluq əlaqəsi olmuşdur.
16 yaşında olarkən ustadı İslam Abdullayevlə birgə iştirak etdiyi məclisdə təbrizli xanəndə Əbdülhəsən xanın yolu ilə “Kürd-Şahnaz” muğamını heyrətamiz bir tərzdə ifa etdiyinə görə müəllimi ona “Xan Şuşinski” adını vermişdir. Xanın bir xanəndə kimi yetişməsində, həmçinin Cabbar Qaryağdıoğlunun və Seyid Şuşinskinin böyük təsiri olmuşdur.
1920-ci illərdə Xan Şuşinski Bakıya gələrək öz ifaçılıq fəaliyyətini genişləndirmişdir. Xanın repertuarında “Mahur-Hindi”, “Bayatı-Qacar”, “Qatar” muğamları, “Qarabağ şikəstəsi”, “Arazbarı”, “Heyratı” zərbi muğamları ilə yanaşı, xalq mahnıları və təsniflər böyük yer tuturdu. Xan Şuşinski xalq mahnılarını xüsusi bir şövqlə oxuyur, onlara yeni bir çalarlar aşılayırdı.
1934-cü ildə Xan Şuşinski Tiflis şəhərində keçirilən Zaqafqaziya xalqlarının I incəsənət olimpiyadasında böyük müvəffəqiyyət qazanaraq, birinci mükafata layiq görüldü. O, digər ölkələrdə də Azərbaycan musiqi mədəniyyətini yüksək səviyyədə və layiqincə təmsil etmişdir.
1960-cı ildə Azərbaycan Dövlət Filarmoniyasının nəznində “Muğam studiyası” yaratmış və burada gənc xanəndələrə muğamın sirrlərini öyrətmişdir.
O, həmçinin Azərbaycan Dövlət Musiqi Məktəbində dərs demiş, muğam ifaçılarının yeni nəslini yaratmışdır. Xan əsl yaradıcı sənətkar kimi milli musiqi xəzinəsini yeni mahnılarla zənginləşdirirdi. Bu baxımdan onun “Qəmərim”, “Şuşanın dağları” mahnıları dillər əzbəri olmuşdur. Xan Şuşinski öz yaradıcılığında bəstəkar mahnılarına da müraciət etmişdir. Bu mənada Üzeyir Hacıbəyovun “Qara göz” mahnısının ilk ifaçısı olmuş və mahnını yüksək zövqlə oxuyaraq yaşatmışdır.
Xan Şuşinski 18 mart 1979-cu ildə vəfat etmişdir.

1918 — Azərbaycanın görkəmli fiziki, Sovet hakimiyyəti dövründə yarımkeçiriciləri ilk tədqiq edənlərdən biri, Azərbaycan Dövlət Mükafatı Laureatı, Azərbaycan EA-nın həqiqi üzvü, 1970-1983-cü illərdə Azərbaycan EA-nın prezidenti olmuş Həsən Məmmədbağır oğlu Abdullayev Culfa rayonunun Yaycı kəndində anadan olmuşdur.
1970-1983-cü illərdə Azərbaycan EA-nın Prezidenti seçilmişdir. 1955-ci ildə Azərbaycan EA-nın müxbir üzvü seçilmişdir. 1957-1958-ci illərdə Azərbaycan EA Fizika-Riyaziyyat İnstitutunun (indiki Fizika İnstitutu) direktoru vəzifəsində işləmişdir. 1959-1993-ci illərdə Azərbaycan EA Fizika İnstitutu direktoru vəzifəsində işləmişdir. 1968-1970-ci illərdə Azərbaycan EA Fizika-Riyaziyyat və Texnika bölməsinin akademik katibi olmuşdur. 1967-ci ildə Azərbaycan EA-nın həqiqi üzvü seçilmişdir. 1970-ci ildə Azərbaycan Dövlət mükafatı laureatı, 1974-ci ildə əməkdar elm xadimi fəxri adına layiq görülmüşdür.
1993-cü ildə vəfat etmişdir.
Selenin, tellurun, onların mürəkkəb birləşmələrinin və bunlar əsasında hazırlanan yarımkeçirici cihazların fizikası, selenin bioloji proseslərdə rolunun tədqiqi sahəsində əsaslı elmi nəticələri vardır. Onun rəhbərliyi ilə mürəkkəb yarımkeçiricilərdən bir sıra yeni cihazlar, o cümlədən yeni fiziki prinsiplə işləyən uzunmüddətli elektrik yaddaşlı cihazlar yaradılmışdır.
13 monoqrafiyanın, 400-dən çox ixtiranın, onlarla dərsliyin, yüzlərlə elmi məqalənin və s. müəllifidir.

1912 —Məşhur azərbaycanlı dirijor və bəstəkar, Azərbaycan Dövlət simfonik orkestrinin baş dirijoru, Azərbaycan Dövlət Filarmoniyasının direktoru (1979-cu ildən), SSRİ xalq artisti (1959), 2 dəfə Stalin mükafatı və 2 dəfə “Lenin” ordeni laureatı, Beynəlxalq Nehru mükafatı laureatı (1974), Sosialist Əməyi Qəhrəmanı (1982) Tiuflis şəhərində ziyalı ailəsində anadan olub.
“Xosrov və Şirin” operasının (1942), “Çitra” baletinin (1961), “Zaqatala süitası” (1934), “Qaytağı” (1939), “Konsert valsı” simfonik əsərlərinin, “Rast” simfonik müğamının (1949) “1920-ci ildə” opera-kantatasının, simfonik orkestr üçün “Rəqs süitası”nın, Hindistan yazıçısı Rabindranat Taqorun əsərləri əsasında yaratdığı “Çitra” baletininin (1962) və sairə musiqi əsərlərinin müəllifidir. Niyazi Z.Hacıbəylinin “Aşıq Qərib”, Ü.Hacıbəylinin “Arşın mal alan” və s. əsərlərinin yeni redaksiyalarını hazırlamış, Azərbaycan xalq mahnılarını (“Xumar oldum”, “Qaragilə”, “Ay bəri bax”, “Küçələrə su səpmişəm” və s.) simfonik orkestr üçün işləmiş,1935-ci ildə “Rast” və “Şur” muğamlarını nota salmışdır. Niyazi 1934-cü ildə “Zaqatala süitası”nı yazmış, 1944-cü ildə iki hissəli “Qəhrəmanlıq” simfoniyası üzərində işini bitirmişdir.
Azərbaycan musiqisində ilk simfonik əsərlərin müəlliflərindən olan Niyazi milli simfonizmin təşəkkülü və inkişafında əhəmiyyətli rol oynamışdır. 1951 – 1952-ci illərdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dirijoru işləmiş Niyazi SSRİ Dövlət mükafatına layiq görülmüşdür. Azərbaycan milli dirijorluq məktəbinin formalaşması Niyazinin adı ilə bağlıdır. 1959-cu ildə SSRİ xalq artisti adına layiq görülən Niyazi 1961-ci ildə S.M.Kirov adına Leninqrad Opera və Balet Teatrının baş dirijoru təyin olunmuşdur. SSRİ-nin ən məşhur teatrlarından birinə rəhbərlik etmək o dövrdə onun bir musiqiçi kimi böyük nüfuzundan xəbər verirdi. İfaçılıq sənəti tanınmış sənətkarlar D.Şostakoviç. Ş.Q.Şarayev, K.Sekki, B.Tarcan, V.Dobiaş və b. tərəfindən yüksək qiymətləndirilən Niyazi Azərbaycana qayıdaraq Dövlət Akademik Opera və Balet Teatrının bədii rəhbəri və baş dirijoru təyin edilmişdir. Niyazinin “Konsert valsı” və s. simfonik əsərləri, fortepiano ilə orkestr üçün konserti klassik musiqi əsərləri hesab olunur. O, “Təbrizim”, “Dağlar qızı”, “Vətən haqqında mahnı”, “Arzu” mahnılarının müəllifidir. Niyazi Ə. Haqverdiyevin “Dağılan tifaq”, C.Cabbarlının “Almas”, S.Vurğunun “Vaqif, A. Korneyçukun “Polad qartal” dram tamaşalarına, həmçinin “Almas”, “Kəndlilər”, “Fətəli xan” və s. kinofilmlərə yazılmış musiqilərin müəllifidir.
Niyazi 1984-cü ildə avqustun 2-də Bakı şəhərində vəfat etmişdir.

1926— Böyük alim, fəlsəfə elmləri doktoru, professor, Azərbaycan Respublikası EA-nın həqiqi üzvü, Əməkdar elm xadimi Aslan Məhəmməd oğlu Aslanov Qazax rayonunda anadan olmuşdur.
Məktəbi qurtardıqdan sonra II Dünya müharibəsi illərində müəllim çatışmadığından 1 il Ağstafa şəhəri Dəmiryol məktəbində ibtidai sinfdə müəllim işləmişdir. Sonra Bakıya getmiş və 1950-ci ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinin fəlsəfə ixtisası üzrə bitirmişdir.
Aslan Məmməd oğlu Aslanov 1959-cu ildə fəlsəfə doktoru, 1974-cü ildə elmlər doktoru elmi dərəcəsini almış, 1976-cı ildə isə professor elmi adma layiq görülmüşdür.
A.Aslanov 1961-ci ildən 1977-ci ilədək Azərbaycan Dövlət Universitetinin Estetika və etika kafedrasının müdiri olmuşdur. 1977-ci ildən 1987-ci ilə qədər Azərbaycan Dövlət İncəsənət İnstitutunun rektoru olmuşdur.
1987-ci ilin martında Azərbaycan Elmlər Akademiyasının Tarix, İqtisadiyyat, Fəlsəfə və Hüquq Bölməsinin akademik-katibi vəzifəsinə təyin olunan A.Aslanov 1995-ci ilədək bu vəzifəni icra etmişdir. O, həm də 1990-1995-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Hüquq İnstitutunun direktoru olmuşdur.
A.Aslanov Qərb fəlsəfi-estetik fikrinin məsələlərini tədqiq etmiş, milli mədəniyyətlərin qarşılıqlı zənginləşməsi təsirinin fəal tərbiyəvi mahiyyətinin estetik aspektlərini araşdırmışdır. 0, Aristotelin “Poetika”sını və Didronun “Qardaşım oğlu Ramo” əsərini, C.Bayronun “Gavur”, A-Tvardovskinin “Vasili Tyorkin” poemalarını Azərbaycan dilinə tərcümə etmişdir. “Səni düşünürəm” (1957), “Qızlar və bənövşələr” (1961), “Nəğməli günlərim” (1985) şeir kitablarının müəllifidir.
Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Aslan Aslanov 1995-ci ildə Bakı şəhərində vəfat etmişdir.

1929 – Diktorluq məktəbinin yaradıcısı, Azərbaycan Respublikasının Əməkdar atisti Aydın Qaradağlının doğum günüdür.
Aydın Qaradağlı 1929-cu ildə Qubada anadan olmuşdur.
17 yaşında diktor olmuş Aydın Qaradağlı uzun ömür yaşamasa da, Azərbaycan mədəniyyətində əbədi izqoymuşdur.Ürəklərə nüfuz edən Aydın Qaradağlı aydın, təmiz, cilalanmış, məlahətli səs sahibi idi. Onun səsi Azərbaycan mədəniyyətinin, şeir və hekayələrin, ədəbiyyatın, təbliğat və təşviqat carçısı simvoluna çevrilmişdi. Aydın Qaradağlı istər rəsmi mövzuları, istərsə də bədii əsərləri dinləyicilərə böyük məharətlə çatdırırdı.
İşində Kazım Ziya aktyor məktəbini nitq sənəti ilə özünəməxsus ustalıqla vəhdətləndirən Aydın Qaradağlı diktor peşəsini incəsənət zirvəsinə qaldıra bilmışdır.
Görkəmli sənətkar, sadə insan həm iş yoldaşları, həm də xalqın böyük hörmət və məhəbbətini qazanmışdır. Hazırda respublikada tanınmış diktorların əksəriyyəti məhz Aydın Qaradağlı diktor məktəbindən bəhrələnmişdir. Bu gün də Aydın Qaradağlı fenomeni diktorlarımız tərəfindən araşdırılıb işlərində tətbiq olunmaqdadır.
Azərbaycan radiosunun “Qızıl Fond”unda Aydın Qaradağlının ifasında dünya klassiklərinin, o cümlədən, Nizami, Füzuli, Natəvan, Cəfər Cabbarlı, Məhəmmədhüseyn Şəhriyarın və digər klassiklərinin, habelə Səməd Vurğun, Süleyman Rüstəm, Rəsul Rza, Hüseyn Arifin əsərlərinin səs yazması qorunub saxlanılır.
1946-cı ilin dekabr ayının 18-dən Radiolaşdırma və Radio Verilişləri Komitəsi Radioinformasiya Komitəsinin, 1954-cü ildən Mədəniyyət Nazirliyinin Radioinformasiya İdarəsinin, 1957-ci ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Radio və Televiziya Verilişləri Komitəsinin, 1970-ci ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Radio və Televiziya Verilişləri Komitəsinin diktoru işləmişdir.
1980-ci il yanvar ayının 28-də vəfat etmişdir.

1966 — Azərbaycanın Milli Qəhrəmanı Fazil Umud oğlu Mehdiyev Laçın rayonunun Ələkçi kəndində anadan olmuşdur.
Sonralar ailəlıri ilə Ağdamın Abdal Gülablı kəndinə köçmüşdür. 1983-cü ildə məktəbi burada bitirmişdir. 1984-1986-cı illərdə hərbi xidmətdə olmuşdur.
Qarabağda baş verən hadisələr zamanı o, Ağdam rayon Daxili İşlər şöbəsində yaradılmış polis batalyonuna yazılır. Fazil hər zaman ən qaynar döyüş meydanlarında olurdu. 1991-ci ildə Qaradağlı kəndində ağır yaralanan Fazil azacıq sağalan kimi cəbhəyə qayıdır. 1991-ci ilin avqust ayında erməni işğalçılarına məxsus “Niva” markalı avtomobili ələ keçirib polis idarəsinə təhvil vermişdi. 1991-ci il sentyabrın 23-dən 24-ə keçən gecə ermənilər Abdal Gülablı (Gülablı) kəndinə hücum etmişdilər. Fazil dostu Salehlə maşına minib döyüşə tələsir. Ağdama gələn yolda pusqu quran ermənilər onları atəşə tuturlar və Fazil bu döyüşdə faciəli surətdə həlak olur.
Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Mehdiyev Fazil Umud oğluna ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilmişdir.
Ağdam rayonunun “Qarağacı” qəbristanlığında dəfn edilib.
Bakının Nəsimi rayonunda büstü qoyulub, Səbail rayonunda adına küçə var.
Bakıda Xətai prospekti 136 ünvanında Milli Qəhrəman Fazil Mehdiyevin şərəfinə kiçik park salınmış, parkın mərkəzində onun büstü qoyulmuşdur.
Vəfat etmişdir:

1993— Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, Qarabağ müharibəsinin iştirakçısı Mehman Yəhya oğlu Qafarov vəfat etmişdir.
Mehman Qafarov 1970-ci ilin 2 yanvar tarixində Azərbaycan SSR-nin Lerik rayonunun Siyov kəndində anadan olub. 1977-ci ildə Siyov kənd orta məktəbinin birinci sinfinə daxil olub, 1984-cü ildə həmin məktəbin yeddinci sinfini bitirib, elə həmin ildə də Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olmuşdur.
1987-ci ildə Naxçivanskini bitirib, 1988-ci ildə Kazan Ali Tank Qoşunları Komandirləri Məktəbinə daxil olub, 1991-ci ildə bu məktəbi fərqlənmə diplomu ilə bitirib. 1991-ci ilin avqust ayından 1992-ci ilin oktyabr ayına qədər Minsk hərbi dairəsində xidmət edib.
Mehman Qafarov Qarabağ müharibəsinin başlanmasından sonra Minskdə davam etməkdə olan xidmətinə xitam verərək Azərbaycana qayıdır, qərargahı Lənkəranda yerləşən 704 saylı hərbi hissənin tərkibində, 743 saylı tank alayının tərkibində hərbi əməliyyatlarda iştirak etməyə başlayır.
Qarabağ müharibəsi müddətində Laçın, Goranboy, Füzuli, Beyləqan və Ağcabədi cəbhələrində döyüşmüşdür. Azərbaycan Müdafiə Nazirinin müvafiq sərəncamı ilə Mehman Qafarov 1993-cü il 4 aprel tarixində qərərgah rəisi, həmin ilin 22 iyul tarixində isə alay komandiri təyin edilmişdir.
Döyüş aparması zamanı göstərdiyi yüksək peşəkarlığı ilə tanınan Mehman 1993-cü ilin 20 avqust tarixində Ağcabədi rayonunun Avşar kəndi uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Lerik rayonunun Siyov kənd orta məktəbi şəhid Mehman Qafarovun adını daşıyır.

2019 — Professor, Beynəlxalq Pedaqoji Akademiyanın həqiqi üzvü, Pedaqoji elmlər üzrə Qafqazda ilk, Şərqdə ikinci qadın elmlər doktoru, Respublikanın Əməkdar müəllimi, “Xan qızı Natəvan” diplomu və “Akademik Mehdi Mehdizadə mükafatı” laureatı Rəfiqə Şahgül qızı Mustafayeva 83 yaşındea vəfat etmişdir.
R. Mustafayeva 1936-ci il iyunun 21-də Bakı şəhərinin Balaxanı qəsəbəsində anadan olmuşdur.
Qəsəbədəki 204 nömrəli məktəbdə orta, 1954—1959-cu illərdə isə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) filologiya fakültəsində ali təhsil almışdır.
1960—1976-cı illərdə Bakının 100, 182, 240 nömrəli məktəblərində əvvəlcə ibtidai sinif, sonra isə Azərbaycan dili və ədəbiyyat müəllimi kimi fəaliyyət göstərmişdir. Bu müddət ərzində onun 18 şagirdi məktəbi qızıl, 1 nəfəri isə gümüş medalla bitirmiş, 54 şagirdi ədəbiyyat müəllimi kimi ali təhsil almış, hazırda Binəqədi və respublikanın digər rayonlarında müəllimlərinin yolunu davam etdirirlər.
R.Ş. Mustafayeva 1970—1972-ci illərdə Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunun aspiranturasının əyani şöbəsində oxumuşdur. Elmi işini vaxtından əvvəl tamamlamış, 1974-cü ilin 14 mayında müvəffəqiyyətlə müdafiə edərək pedaqoji elmlər namizədi alimlik dərəcəsi almışdır.
1979-cu ilədək aspiranturada oxuduğu institutda əvvəlcə kiçik elmi işçi, sonra isə baş elmi işçi kimi fəaliyyət göstərmişdir.
1979-cu ildə müsabiqə yolu ilə Mərkəzi Müəllimlər İnstitutuna qəbul edilmişdir. 1985-ci ilin fevralınadək burada kiçik elmi işçi, baş müəllim, dosent kimi fəaliyyət göstərmişdir. 1985-ci ilin fevralında institutdakı “Pedaqogika” kafedrasının müdiri seçilmiş, 2006-cı ilin noyabr ayınına qədər həmin kafedraya rəhbərlik etmişdir.
R. Ş. Mustafayeva 1987-ci il dekabr ayının 8-də Tbilisidə doktorluq dissertasiyası müdafiə edərək pedaqoji elmlər doktoru alimlik dərəcəsi almış, 1990-cı ilin 27 sentyabrında ona professor elmi adı verilmişdir. O, respublikada ilk, Şərqdə ikinci pedaqoji elmlər doktoru, professor qadındır.
2002-ci ilin 4 yanvarında Beynəlxalq Pedaqoji Akademiyanın həqiqi üzvü – akademik seçilmişdir. 2000 və 2003-cü illərdə Azərbaycan Müəllimləri Qurultaylarına nümayəndə seçilmişdir.
Rəfiqə Şahgül qızı Mustafayevanın rəhbərliyi ilə 14 nəfər müdafiə edərək pedaqoji elmlər namizədi alimlik dərəcəsi almışdır.
O, 5 nəfərin doktorluq, 13 nəfərin isə namizədlik dissertasiyasının rəsmi opponenti olmuşdur.
R.Ş. Mustafayeva 45 elmi əsərin redaktorudur. Onun 24 kitabı, 220-yədək jurnal və qəzet məqaləsi çap olunmuşdur.




Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.