Tarixdə bu gün
İlin 231-cı (uzun illərdə 232-ci) günü.
Bu gün 1969–1993-cü illərdə Fikrət Əmirov adına Gəncənin məşhur “Göy göl” Mahnı və rəqs ansamblının solisti olmuş Rövşən Behcətin Xatirə günüdür.

Doğuml günləri:

1899 —Məşhur hərbi xadim, diviziya komandiri, general-mayor Qambay Məmməd oğlu Vəzirov İrəvan quberniyasında anadan olmuşdur.
İlk (yeddiillik) təhsilini İrəvan gimnaziyasında almışdır. 1918-ci ildə altı ay Türkiyədə işləmişdir. 1919-cu ildən Azərbaycan Xalq Cümhuriyyətinin Milli Ordusunda xidmət etmişdir. Hərbiyyə məktəbini bitirdikdən sonra 1920-1922-ci illərdə Qazaxda, Cəbrayılda və Qarabağda sovet hakimiyyətinə qarşı çıxan daşnaklarla vuruşmuşdur.
Vəzirov 1922-ci ildə Moskvaya Frunze adına Hərbi Akademiyaya göndərilmişdir. Təhsilini başa vurduqdan sonra 1925-ci ilin avqustunda Azərbaycan Birləşmiş Hərbi Məktəbinin rəisi təyin olunmuş və burada işlədiyi iki ildə özünü təşəbbüskar komandir və qayğıkeş müəllim kimi göstərmişdir.
1927-ci ildə Zaqafqaziya milli hərbi məktəbləri birləşdirildikdən sonra Vəzirov 3-cü Qafqaz atıcı diviziyasının, 1928-ci ildə isə Azərbaycan atıcı diviziyasının qərargah rəisi təyin edilmişdir. Azərbaycan atıcı diviziyası onun rəhbərliyi ilə 1929-cu ilin avqust-sentyabrında Əlahiddə Qafqaz ordusunun ilk manevrlərində uğurla iştirak etmişdi.
Vəzirov nümunəvi döyüş komandiri kimi, 1930-1932-ci illərdə Belorusiya hərbi dairəsi 111-ci atıcı alayının komandiri, eyni zamanda, Jizdra şəhər qarnizonunun rəisi vəzifələrində çalışmışdı. 1932-ci ildə o, Azərbaycan atıcı diviziyasının komandiri və komissarı təyin edilmiş, bilik və təcrübəsini respublikada hərbi kadrların hazırlanmasına həsr etmiş, “Qırmızı Ulduz” ordeni ilə təltif olunmuşdu.
1937-ci ilin iyununda terrorçu-əksinqilabi milli təşkilatın rəhbəri olmasına dair saxta ittihamlar əsasında həbs edilərək, güllələnmişdir. SSRİ Ali Məhkəməsinin hərbi kollegiyasının 1956-cı il 28 iyul tarixli qərarı ilə Vəzirova ölümündən sonra bəraət verilmişdir.

1901— Xalq artisti İsmayıl Hüseyn oğlu Hidayətzadə Bakıda dənizçi ailəsində dünyaya göz açıb. Şəhərdəki “İttihad” məktəbində təhsil alıb, burada görkəmli teatr xadimi Hüseyn Ərəblinski ilə tanış olub. O zaman H.Ərəblinski məktəbdə göstərilən tamaşalara rəhbərlik edirdi. Onların bu tanışlığı İsmayılın gələcək həyat yoluna mühüm təsir göstərir. Çox keçmir ki, o, məktəbdə “balaca Ərəblinski” kimi tanınır. Araşdırmalarda qeyd olunur ki, H.Ərəblinski məktəbdə aktyorlarla məşq şagirdlərin izləməsinə icazə vermirdi. İsmayıl isə gizlicə salona yol tapıb, böyük sənətkarın hər addımını izləyirdi. O, xatirələrində bu barədə yazır: “Mən onun evinə gedir, növbəti məşqin nə vaxt olacağını və s. öyrənirdim. Bunları Ərəblinskini təkrar-təkrar görmək və onunla danışmaq imkanı tapmaq üçün edirdim. Bütün xahişlərimə baxmayaraq, o, məni öz tamaşalarında yaxından iştirakıma icazə vermirdi. Çünki hələ çox kiçik idim. Nəhayət ki, bir gün “Ağa Məhəmməd Şah Qacar” pyesində kütləvi səhnələrə çıxmağıma razı oldu…”
1917-ci ildə İsmayılın atası faciəli şəkildə vəfat edir və onun həvəskar səhnə fəaliyyəti yarımçıq qalır. Ailənin ağırlığı 16 yaşlı gəncin çiyinlərinə düşür. O, səhnə haqda deyil, balaca bacı-qardaşını saxlamaq barədə düşünür. Bir müddət ticarət müəssisələrində çalışır və yenidən səhnəyə dönür.
1920-ci ildən dövlət teatrında işə götürülür. Bir il sonra eyni zamanda Voronovun teatr studiyasında fəaliyyətə başlayır. Burada səhnə sənətinin sirlərinə bələd olur, professional aktyor kimi yetişir.
İ.Hidayətzadə teatr studiyasında bir müddət çalışdıqdan sonra rejissorluq sənətinə də maraq göstərir. Rus rejissoru İvanovun yanında köməkçi işləyir. 1934-cü ildə “Səyavuş” əsərinin səhnələşdirilməsi ona tapşırılır. Daha sonra Opera və Balet Teatrında “Koroğlu” və “Karmen” operalarına, eləcə də “1905-ci ildə” və “Vaqif” pyeslərinə quruluş verir.
1938-ci ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti günlərində “Koroğlu” və “Arşın mal alan” tamaşalarının hazırlanması işi də ona həvalə olunur. Bu quruluşu da uğurlu alınır, rejissor kimi şöhrətini artırır. Moskvadan qayıdandan sonra Opera və Balet Teatrının rəhbəri təyin edilir.
İsmayıl Hidayətzadə həm də ilk milli baletimiz olan “Qız qalası”nın (bəstəkar Əfrasiyab Bədəlbəyli) librettosunu yazıb. Aktyor kimi “Qız qalası”, “Almaz” və “Altıncı duyğu” filmlərində çəkilib.
Azərbaycan teatrının inkişafında göstərdiyi xidmətlərə görə “Şərəf nişanı” və “Qırmızı əmək bayrağı” ordenləri ilə təltif edilib.
İsmayıl Hidayətzadə 1951-ci ildə, yaradıcılığının coşqun çağlarında, 50 yaşında vəfat edib.

1912 — Azərbaycanın ilk qadın Xalq şairəsi, “İstiqlal” ordeni Mirvarid Dilbazi Qazax rayonunun Musaköy (indiki Xanlıqlar) kəndində anadan olmuşdur. APİ-nin Ana dili və ədəbiyyat-İctimayyət fakültəsində təhsil almışdır . İnstitutu bitirdikdən sonra gənc şairə Quba Partiya Məktəbinə ədəbiyyat müəllimi təyin olunmuşdur. İki ildən sonra Bakıya qayıdan Mirvarid xanım Azərbaycan EA-nın Əlyazmaları Fondunda şöbə müdiri (1934-1938), Azərbaycan Dövlət Nəşriyyatında tərcüməçi (1938-1940) vəzifələrində çalışmışdır.
“Qadınların hüriyyəti” adlı ilk şeri 1927-ci ildə “Oktyabr alovları” adlı məcmuədə dərc edilmişdir. Bu dərgidə o cümlədən şairənin keçən əsrin 20-ci illərinin axırlarında yazılmış, Azərbaycan qadınlarının yeni həyat yollarını tərənnüm edən “Zəhra”, “Qurtuluş”, “Qadın” kimi şerləri dərc olunmuşdur. Böyük Vətən müharibəsi illərində bir çox sənətkarlarımızda olduğu kimi, M.Dilbazi yaradıcılığında da vətəni müdafiə mövzusu əsas yer tutmuşdur. Bu illərdə şairənin yeddi kitabı çap olunmuşdur ki, bunların altısı Vətən müharibəsinə həsr edilmişdir. “Məhsəti” (1945), “Əlcəzairli qız” (1961), “Partizan Aliyə” (1972) poemalarının müəllifidir.
Şairin “Məhsəti” poeması süjetinin genişliyi,məzmun zənginliyi baxımından seçilən əsərlərindəndir. “Məhsəti” poeması məşhur rübai ustası M.Gəncəvinin həyatı, ədəbi və ictimai fəaliyyətindən bəhs edir. “Əlcəzairli qız” əsəri real faktlar əsasında yazılmışdır. İkinci dünya müharibəsindən sonra Şərqdə genişlənən azadlıq hərəkatı, müstəmləkəçiliyə qarşı mübarizə yeni mərhələyə daxil olmuşdur. Bu illərin siyasi mənzərəsini diqqətlə izləyən şairə Əlcəzair hadisələrinin mərkəzində dayanan Cəmiləni və onunla bağlı azadlıq hərəkatını poeması üçün mövzu seçmişdir.
M.Dilbazinin şeirləri yalnız mövzu rəngarəngliyi ilə deyil, həmçinin forma müxtəlifliyi və fikrin bədii ifadəsi baxımından da yetkin sənət nümunəsi səviyyəsinə qalxmış,şeir xəzinəmizi zənginləşdirmişdir. M.Dilbazinin 70-80-cı illərdə “Bənövşələr üşüyəndə” (1970), “Ana qanadı” (1972),”Dağ çiçəyi” (1977), “Yasəmən fəsil”, “Seçilmiş şeirlər” (1979) şeir kitabları və nəhayət, 3 cilddə “Seçilmiş əsərləri” (1982-84) çap olunmuş, ona Azərbaycanın Xalq şairi fəxri adını qazandırmışdır .
Bəstəkarlardan Süleyman Ələsgərov, Tofiq Quliyev, Fikrət Əmirov, Şəfiqə Axundova, Ağabacı Rzayeva və başqaları şairənin sözlərinə mahnılar, romans və oratoriyalar bəsləmişlər.
Nizami Gəncəvi, Xaqani Şirvani, Əlişir Nəvai, Aleksandr Puşkin, Taras Şevçenko, N.Tixonov, Samuil Marşak, Sergey Mixalkov və başqa şairlərin əsərlərini, Evripidin “İppolit” faciəsini tərcümə etmişdir. Əsərləri xarici dillərə tərcümə olunmuşdur.
2001-ci il iyulun 12-də 88 yaşında vəfat etmişdir.

1970— Azərbaycanın Milli Qəhrəmanı Hidayət Eldar oğlu Rüstəmov Ağdam rayonunun Xıdırlı kəndində anadan olmuşdur.
Burada orta məktəbi bitirən Hidayət daha sonra Ağdam 50 saylı texniki-peşə məktəbində təhsilini davam etdirir. 1988-1990-cı illərdə Sovet Ordusunda hərbi xidmətdə olmuşdur. 1991-ci il Ağdam rayon Daxili İşlər Şöbəsinin Post-patrul alayına daxil olur və erməni təcavüzü başlayanda o da Vətənin müdafiəsinə qalxır.
…23 dekabr 1991-ci il erməni işğalçıları Meşəli kəndinə hücum edərək ağılasığmaz vəhşiliklər törədirdilər. Boş evlərin birini özünə istehkam seçən cəsur polis çavuşu sərrast atəşlərlə erməni quldurlarının xeyli qüvvəsini məhv etdi. Amma erməni faşistləri evə od vurdular. Qorxunun nə olduğunu bilməyən Azərbaycan döyüşçüsü son nəfəsinə qədər vuruşdu və qəhrəmancasına həlak oldu.
Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Hidayət Eldar oğlu Rüstəmova ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilmişdir.
Ağdam rayonunun Şəhidlər Xiyabanında dəfn edilib.
Vəfat etmişdir:

1915 — Osmanlı dövründə yaşamış büyük türk şairi, pedaqoqu və jurnalisti, türk ədəbiyyatında “Sərvəti-fünun” və ya “Ədəbiyyati-cədidə” adlanan cərəyanın banisi olan Tofiq Fikrət 47 yaşında İstanbulda vəfat etmişdir.
Tofiq Fikrət 24 dekabr 1867-ci ildə İstanbulda anadan olmuşdur.
1888-ci ildə Qalatasaray liseyini bitirmiş, bir müddət xarici işlər nazirliyində işləmiş, 1894-1915-ci illərdə türk dili və ədəbiyyatından dərs demişdir. İlk şeirlərini və ədəbiyyatın ictimai roluna dair məqalələrini redaktoru olduğu “Sərvəti-fünun” jurnalında dərc etdirmişdir. O, türk şeirinə məzmum və formaca yenilik gətirmişdir. “Sənət həyat üçündür” prinsipini həm əməldə, həm də nəzəriyyədə tətbiq edən ilk türk şairidir. İnqilabi ruhlu şeirlərində zülm, fanatizm və istibdadı qətiyyətlə qamçılamış, humanizm və azadlıq ideyalarını, xalqlar dostluğunu tərənnüm etmişdir. Qadağan edilməsinə baxmayaraq, əsərləri gənclər və hərbçilər arasında əldən-ələ keçərək əzbərlənmiş və yayılmışdır. Hakim dairələr tərəfindən ömrünün sonunadək təqib olunsa da, inqilabi ideyalara və xalqa sadiq qalmışdır. Əsərlərində ərəb-fars kəlmələrinin, tərkiblərinin sıx-sıx işlədilməsi Tofiq Fikrətin dilini xeyli qəlizləşdirirdi. Buna baxmayaraq onun əsərləri Azərbaycanda böyük rəğbət qazanmışdır. Azərbaycan şairlərindən M. Hadi, H. Cavid, A. Səhhət və b. Yaradıcılığına təsitr göstərmişdir. Onun yaradıcılığı Azərbaycan alimləri tərəfindən də öyrənilmiş və “Seçilmiş əsərləri” Azərbaycan dilində nəşr olunmuşdur.

1990 — Azərbaycanın Milli Qəhrəmanı İlham Əliyev 29 yaşında Vətən uğrunda döyüşlərdə mərdlik nümunəsi göstərərək şəhid olmuşdur.
İlham Əliyev 5 may 1961-ci ildə Gədəbəy rayonunda anadan olmuşdur. Orta məktəbi 1978-ci ildə bitirmiş, 1980-ci ildə hərbi xidmətə çağırılmışdır. 1985-ci ildə İlham Əliyev Braynsk Xüsusi Orta Milis Məktəbinə daxil olmuşdur.
19 avqust 1990-cı il leytenant İlham Əliyev torpaqlarımızın müdafiəsinə səfərbər olunan oğullarımızın arasında idi. O, Qazax rayonunun Əskipara kəndində döyüşən İlham qəhrəmancasına həlak olmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 6 iyul 1992-ci il tarixli 831 saylı fərmanı ilə İlham Müzəffər oğlu Əliyev ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülmüşdür.
Gədəbəy rayonunda dəfn edilib.
Gədəbəy şəhərindəki 1 saylı orta məktəb onun adını daşıyır. Məktəbin önündə büstü qoyulmuşdur.
2013-cü ildə onunla yanaşı Gədəbəy rayonundan olan digər üç Milli Qəhrəman – İsgəndər Aznaurov, Məzahir Rüstəmov və Aytəkin Məmmədovun həyat və döyüş yollarından bəhs edən “Alınmaz qalanın qəhrəmanları” sənədli-bədii filmi çəkilmişdir.

1990— Azərbaycanın Milli Qəhrəmanı Şamoy Məhyəddin oğlu Çobanov Vətən uğrunda döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.
1982-ci ildə 1 saylı Qazax şəhər ortaməktəbini bitirdikdən sonra, avtonəqliyyat müəssisəsində əmək fəaliyyətinə başlamışdır. Ş.Çobanov 1983-cü ildə Sovet Ordusu sıralarına çağırılır. 1985-ci ildə ordudan tərxis olunaraq, Qazax rayonuna qayıdır. 1989-cu ildə Qazax Rayon Polis Şöbəsində işə qəbul olunur. Ermənilərin Xeyrimli, Yuxarı Əskipara, Bağanis Ayrım kəndlərinə hücuma keçdiyi zaman Ş.Çobanov da xüsusi qəhrəmanlıq nümayiş etdirmişdir. Cəsur polis işçisi tez-tez döyüş bölgələrinə gedir, erməni yaraqlıları ilə üzbəüz gəlirdi. 1990-cı il 19 avqustda Yuxarı Əskipara kəndində gedən döyüşdə Şamoy xüsusi qəhrəmanlıq nümayiş etdirərək, ermənilərə qarşı döyüşür. “Qanlı dərə” deyilən yerdə erməni silahlı qüvvələrinə qarşı rəşadət nümayiş etdirir. Həmin döyüşdə cəsur polis işçisi qəhrəmancasına həlak olur.
Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Şamoy Məhyəddin oğlu Çobanova ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilmişdir.
Ağköynək kəndində dəfn edilmişdir.
Ağköynək kənd məktəbi onun adını daşıyır.
2013-cü ildə onunla yanaşı Qazax rayonundan olan digər iki Milli Qəhrəman – Mərifət Nəsibov və Rafiq Alıcanovun həyat və döyüş yollarından bəhs edən “Qartal yuvası” sənədli-bədii filmi çəkilmişdir.
2015-ci ildə Qazax və Ağstafada doğulub boya-başa çatmış üç igidin — Mərifət Nəsibov, Rafiq Alıcanov və Şamoy Çobanov haqqında “İZ Production” studiyası tərəfindən “Ölümə qənşər” adlı bədii-sənədli film çəkilmişdir. Ekran əsərində onların döyüş yolundan söz açılıb, yaxın dostlarının, ailə üzvlərinin və qohumlarının qohumlarının xatirələrinə yer verilib.

2011 — İstedadlı xanəndə, 1969-1993-cü illərdə Gəncədəki Fikrət Əmirov adına “Göy göl” Mahnı və Rəqs ansamblının solisti olmuş Rövşən Behcət 66 yaşında vəfat etmişdir.
Rövşən Behcət 1945-ci ildə Cənubi Azərbaycanda dünyaya gəlib.
1961-ci ildən ailəsi ilə birlikdə Gəncədə məskunlaşıb.
1984-cü ildə SSRİ vətəndaşlığını qəbul edib. Rövşən Behcət 1969-cu ildən 1993-cü ilədək “Göy göl” Xalq Çalğı Alətləri ansamblında çalışıb.
1993-cü ildə iflic keçirdikdən sonra sənət fəaliyyətini dayandırıb. Onun ifasında bir çox mahnılar, muğamlar, təsniflər və s. “Qızıl fond”da saxlanılır.
Rejissor Miri Rzayev 2007-ci ildə onun həyat və yaradıcılığından bəhs edən “Yorulmamışam” filmini ekranlaşdırıb.




Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.