Tarixdə bu gün

İlin  234-cü (uzun illərdə 235-ci) günü.

Mühüm hadisələr:

1819 – Azərbaycanda ilk alman koloniyası – Helenendorf (indiki Göygöl) qəsəbəsinin əsası qoyulub.

1993 – Lənkəranda Əlikram Hümbətovun qondarma rejiminə (“Talış-Muğan Respublikası”) qarşı xalqın kütləvi aksiyaları başlanıb.

Doğum günləri:

1965— Tanınmış mədəniyyətşünas və tarixçi Nuridə Qədirova (Atəşi) Oğuz rayonunun Xaçmaz kəndində anadan olmuşdur.

1995-ci ildən Almaniyanın paytaxtı Berlin şəhərində yaşayır.

Nuridə Atəşi 9 yaşından şeirlər yazmağa başlamış, ilk şeiri 1983-cü ildə “Ədəbiyyat” qəzetində nəşr edilmiş və bundan sonra şerlərinin nəşrinə Sovet Azərbaycanında icazə verilməmişdir. Özünə “Atəşi” təxəllüsü götürərək şerlərini təxəllüs altında yazmağa davam etməyə məcbur olmuşdur. Azərbaycanın tanınmış bəstəkarı Faiq Sücəddinov onun sözlərinə onlarla mahnı bəstələmişdir. Müğənni İlhamə Quliyevanın şairənin sözlərinə ifa etdiyi “Neylərsən” mahnısı Azərbaycanda, Türkiyədə və İranda məşhur olaraq hitə çevrilmişdir . Şairənin şeirlərinə müxtəlif bəstəkarların bəstələdiyi yüzə yaxın mahnılar, Azərbaycanın populyar müğənniləri Brilliant Dadaşova, Səməd Səmədov, Almaz Ələsgərova, Zöhrə Abdullayeva, Zaur Rzayev və başqaları tərəfindən ifa edilir. 1982-1984-cü illərdə Bakı Mədəni-Maarif Texnikumunu fərqlənmə diplomu ilə, 1984-1989-cu illər Ə.Hüseynzadə adına Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin mədəniyyətşünaslıq faküləsində təhsil almışdır. Azərbaycan Dövlət İncəsənət Muzeyində çalışmışdır .

Nuridə Atəşinin ədəbi yaradıcılığı poeziya, tərcümə və publisistika sahələrini əhatə edr. Berlin Onun sözlərinə alman, türk və azərbaycan bəstəkarlarının bəstələdikləri yüzə yaxın mahnı bir neçə ölkədə tanınır və sevilir. Şeirləri artıq Azərbaycan sərhədlərini aşmış, ingilis, fransız, fars və rus dillərinə tərcümə olunaraq ayrı-ayrı ölkələrin şeir həvəskarlarının mühakiməsinə verilmişdir. Şairənin fəaliyyətində tərcüməçilik işinə də yer ayrılmışdır. 1996-2004-cü illər ərzində Berlinin “Hitit” nəşriyyatında alman və türk dillərinin tərcüməçisi kimi çalışan N.Atəşi, Almaniyada Azərbaycan dilinin tanınmasına və şaxələnməsinə öz töhfəsini vermişdir . Alman şairlərinin şeirlərini tərcümə edərək onları “Orjinaldan tərcümələr” kitabında cəmləyən Nuridə Atəşi, Azərbaycanın şair və yazıçılarının əsərlərini də alman dilinə tərcümə etmişdir. 2008-ci ildə Alman şairi Jan Veinard ilə bərabər „Pərvanə və şam. Azərbaycanın minillik məhəbbət poeziyası” adlı antalogiyasında Azərbaycanın Nizami, Füzuli, Nəsimi, Məhsəti və bir çox klassik şairlərinin əsərlərini alman dilinə tərcümə edərək Almaniyanın məşhur „Mattes & Setz” nəşriyyatında nəşr etdirmişdir .

“Qızıl Qələm” mükafatının laureatıdır .19 kitabın müəllifi olan Nuridə Qədirova- Atəşi 2011-ci ildən PEN beynəlxalq yazarlar Mərkəzinin üzvüddür. Nuridə Qədirova-Atəşinin indiyə qədər ədəbi və Qafqazın tarixinə, mədəniyyətinə və arxeologiyasına aid Almaniya və Azərbaycanda (Azərbaycan, türk, rus, ingilis və alman dillərində) 19 ədəbi, publisistik və elmi kitabı, 300-dən artıq məqaləsi nəşr edilmiş, əsərləri Almaniyanın Drezden və Leypsiq dövlət kitabxanalarında kataloqlaşdırılmışdır .

1975— Əməkdar artist Aygün Hümbətova (Bəylər) Bakıda anadan olub.

İlkin musiqi təhsilini Səttar Bəhlulzadə adına Mədəniyyət sarayının nağara dərnəyində  alıb.

1988 ildə yaradılan Azərbaycan Dövlət Uşaq Filarmoniyası elə həmin ildə istedadlı uşaqların müsabiqə yolu ilə fiarmoniyaya qəbulunu keçirir və 13 yaşlı Aygun filarmoniyaya qəbul edilir. Peşəkar səhnəyə ilk gəlişi də elə bu dövrə təsadüf edir.

Filarmoniyanın uşaq musiqi kollektivləri ilə böyük səhnələrdə ilk peşəkar çıxışlar, xarici ölkələrə , müxtəlif şəhər və regionlara qastrol səfərləri bu zamandan başlayır.

1995-ci ildə Şövkət Ələkbərova adına ilk peşəkar musiqi kollektivini yaradaraq geniş konsert fəaliyyətinə başlayır – televiziya, radio, böyük dövlət təbirləri və eləcə də, artıq ardıcıl şəkildə xaricdə Azərbaycan musiqi sənətini təmsil edir.

1998-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının xanəndəlik fakültəsinə daxil olan Aygün Hümbətovanın sənət taleyində yeni səhifə açılır. Görkəmli sənətkarlar : Arif Babayev, İslam Rzayev, Ağaxan Abdullayev, Elxan Müzəffərov, eləcə də Alim Qasımovdan muğamın incəliklərini öyrənir

2005-ci ildə Özbəkistanın Səmərqənd şəhərində keçirilən beynəlxalq folklor festivalında folk- muğam triosunun müşaiyəti ilə çıxış edən Aygun H. Azərbaycan muğam məktəbini uğurla təmsil edərək birinci mükafata layiq görülərək festivalın qalibi olur.

Bu dövrdən başlayaraq, 2005 – 2010 illər arası Aygün H. dünyanın bir çox ölkələrində keçirilən musiqi festivallarının daimi iştirakçısı kimi solo konsertlərlə çıxışlar edir.

Vəfat etmişdir:

1992 — Azərbaycanın Milli Qəhrəmanı Ruslan Həmid oğlu Muradov Vətən uğrunda qəhrəmancasına həlak olmuşdur.

Ruslan Muradov 27 iyun 1973-cü ildə Mingəçevir şəhərində doğulmuşdur. 1990-cı ildə burada 10 saylı məktəbi bitirmişdir. Daha sonra atasının işlədiyi Mingəçevir Texniki Rezin Məmulatı zavodunda çalışıb. Ruslan 1992-ci il 22 yanvar tarixdə Milli Ordu sıralarına daxil olur. Bir müddət hazırlıq keçdikdən sonra Ağdamın Papravənd kəndinə göndərilir.

Papravənd kəndinə gəldiyi gündən burada qızğın döyüşlərə atılır. Kənd erməni işğalçılarından azad edilir. 1992-ci ildə yaralıları xilas etmək üçün aparılan xüsusi əməliyyatda  Ruslan  qəhrəmanlıqlar göstərdi.

22 avqustda Ağdam rayonunun Papravənd kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak oldu.

Azərbaycan Respublikası Prezidentinin 6 noyabr 1992-ci il tarixli 290 saylı fərmanı ilə Ruslan Həmid oğlu Muradova ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilmişdir.

Mingəçevir şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib.

Mingəçevir şəhərindəki 15 saylı məktəb qəhrəmanımızın adını daşıyır, burada büstü qoyulub.

1993 — Azərbaycanın Xalq artisti Rəmziyyə Osman qızı Veysəlova 79 yaşında vəfat etmişdir.

Rəmziyyə Veysəlova 1914-cü il fevral ayının 11-də Bakıda anadan olmuş, yeni tipli qız məktə-bində təhsil almışdır. Yeddinci sinfi bitirəndən sonra, 1929-cu ildə Bakı Teatr Məktəbinin Aktyorluq fakültəsinə daxil olmuşdur. Təhsil ala-ala sənət müəllimlərinin tövsiyəsi ilə Bakı Türk İşçi Teatrının yardım heyətinə qəbul olunmuş, kütləvi səhnələrə çıxmış, tamaşalarda iştirak edərək epizodik rollar oynamışdır. Musiqili səsi, mürəkkəb məqamlarda da canlı və plastik hərəkətli səhnə davranışı, güclü texnika vərdişləri, məlahətli görkəmi, iti yaddaşı, emosional cazibə qüdrəti vardı.

1932-ci ilin sonlarında Rəmziyyə xanım ailə vəziyyəti ilə əlaqədar Aşqabad şəhərinə köçmüşdür. Aktrisa orada üç ilə yaxın “Rəmziyyə” və “Rəmziyyə Əfəndiyeva” kimi çıxış etmiş, müəyyən təcrübə toplamış və az müddətdə teatrın aparıcı aktrisalarının cərgəsinə çıxmışdır. 1934-1935-ci il teatr mövsümündə Bəhram Əfəndiyev (həyat yoldaşı) və Rəmziyyə xanım Gəncə şəhərinə gəlir və hər ikisi teatrın kollektivinə qəbul olunurlar.

Aktrisanın altmış iki illik aktyorluq fəaliyyətinin sənət töhfələrinin əsas inciləri bunlardır: Ceyran (“Özgə uşağı”, Vasili Şkvarkin), Almaz, Solmaz, Mariya Timofeyevna, Sitarə (“Almaz”, “Od gəlini”, “1905-ci ildə” və “Nəsrəddin şah”, Cəfər Cabbarlı), Gülnar və Xuraman, Məryəm (“Vaqif” və “Fərhad və Şirin”, Səməd Vurğun), Kəmalə, Sənubər (“Toy” və “Xoşbəxtlər”, Sabit Rəhman), Huri (“Məhəbbət”, Mirzə İbrahimov), Balisa, Marsela (“Kələkbaz sevgili” və “Nə yardan doyur, nə əldən qoyur”, Lope de Veqa), Natella (“Vətən namusu”, Georgi Mdivani), Dilşad, Nəzakət, Nurcahan xanım (“Atayevlər ailəsi”, “Sən həmişə mənimləsən” və “Mənim günahım”, İlyas Əfəndiyev), Tükəz (“Hacı Qara”, Mirzə Fətəli Axundzadə), Xumar və Nina, Südabə (“Şeyx Sənan” və “Səyavuş”, Hüseyn Cavid), Ayişə (“Şikayət qəbul olunmur”, Toktobolat Əbdülmöminov), Rəxşəndə (“Kişilər”, Altay Məmmədov), Məhsəti xanım (“Nizami”, Mehdi Hüseyn), Həkim (“Göz həkimi”, İslam Səfərli) və s.

Rəmziyyə Osman qızı Veysəlova Aktrisa 1993-cü il avqust ayının 22-də Gəncə şəhərində vəfat etmişdir.

2000 – Azərbaycan Respublikasının ikinci prezidenti (1992-1993) Əbülfəz Qədirqulu oğlu Elçibəy 62 yaşında vəfat etmişdir.

Əbülfəz Elçibəy 24 iyun 1938-ci ildə Naxçıvan MSSR-in Ordubad rayonunun Kələki kəndində anadan olub. 7 illik Unuskənd məktəbini bitirdikdən sonra Ordubad şəhər 1 saylı orta məktəbində təhsilini davam etdirib. 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb filologiyası şöbəsinə daxil olub. Buranı bitirdikdən sonra (1962) təyinatla SSRİ Hidrolayihə İnstitutunun Bakı şöbəsində tərcüməçi işləyib. 1963-cü ilin yanvarında Misir Ərəb Respublikasına göndərilən Əbülfəz bəy 1964-cü ilin oktyabrına kimi Asuan bəndinin tikintisində tərcüməçi kimi çalışıb. Xarici ezamiyyətdən dönərək, 1965-ci ildə ADU-nun aspiranturasına daxil olub və aspirantura təhsilini 1968-ci ildə uğurla tamamlayıb. “Tulunilər dövləti (868-905)” mövzusunda dissertasiya müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi alıb (1969). ADU-nun “Asiya və Afrika ölkələri tarixi” kafedrasında müəllim və baş müəllim işləyib (1968-1975).

1975-ci ilin yanvarında Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsi onu tələbələr arasında millətçi və antisovet təbliğatı aparmaq adı ilə həbs edir və 17 iyul 1976-cı ilədək siyasi dustaq olaraq azadlıqdan məhrum edir. Əsasən, Qaradağ daş karxanasında ağır fiziki işlərə məhkum edilmişdir.

Həbsdən buraxıldıqdan sonra bir müddət işsiz qalır. 1976-cı ilin dekabrında Azərbaycan EA Əlyazmalar İnstitutunda kiçik elmi işçi kimi elmi fəaliyyətə başlayır. Sonralar böyük elmi işçi, şöbə müdiri, aparıcı elmi işçi elmi rütbə və vəzifələrə qədər yüksəlir (16.07.1992-ci ilədək).

 7 iyun 1992-ci ildən  24 iyun 1993-cü ilə kimi Azərbaycan Respublikasının Prezidenti olur.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

Son yazılar

Sitatlardan seçmələr:

   

Həcər, ad günün mübarək!