Tarixdə bu gün
İlin 236-cı (uzun illərdə 237-ci) günü.

Doğum günləri:

1922 — Azərbaycan Respublikasının Əməkdar elm xadimi, torpaq mikrobiologiyası sahəsində ilk azərbaycanlı qadın alim , biologiya elmləri doktoru, professor Həbibə Süleyman qızı Qasımova Bakıda anadan olmuşdur.
Həbibə Qasımova 2014-cü ildə 92 yaşında vəfat etmişdir.

1926 — Tanınmış Azərbaycan bəstəkarı Nazim Ağalar oğlu Əliverdibəyov anadan olub. Bəstəkar, həm də kino bəstəkarı, musiqi redaktoru olub. Azərbaycan Dölət Konservatoriyasını bitirib. 1951-1985-ci ildə Bülbül adına orta ixtisas məktəbində və Azərbaycan Dövlət Konservatoriyasında dərs demişdir.
1964-1985-ci illərdə Bülbül adına orta ixtisas məktəbinin direktoru olub. Üzeyir Hacıbəyovun “Əsli və Kərəm” və “Leyli və Məcnun” operalarını yenidən orkestrləşdirmişdir. Üzeyir Hacıbəyovun nəşr edilmiş “Leyli və Məcnun” (1983) və “Koroğlu” (1985) operalarının partituralarının redaktoru olmuşdur.
Nazim Əliverdibəyov 17 fevral 1985-ci ildə 58 yaşında vəfat etmişdir.

1972 — Azərbaycan Silahlı Qüvvələrinin polkovniki, Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun keçmiş zabiti və Şuşanın azadlığı uğrunda döyüşlərin iştirakçısı Tehran Cavid oğlu Mənsimov Qusar rayonunun Düztahir kəndində anadan olmuşdur. Orta təhsilini Qusar rayonunda almış, 1989-cu ildə məktəbi bitirmişdir. 1990-cı ildən 6 yanvar 1992-ci ilədək Sovet Ordusunun sıralarında hərbi xidmət keçmiş, Azərbaycan Milli Ordusunda xidmətə başlamışdır. Könüllü olaraq Birinci Qarabağ müharibəsinə yollanmış və müxtəlif istiqamətlərdə gedən döyüşlərdə fəal iştirak etmişdir.1992-ci ilin fevralından Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində kurs keçmiş, bir il sonra leytenant rütbəsi almışdır. 2011–2013-cü illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasında təhsilini davam etdirərək birinci sırada təhsilini tamamlamışdır
Birinci Qarabağ müharibəsində könüllü iştirak etdikdən sonra hərbi təhsil alaraq leytenant rütbəsində ordu sıralarında xidmətə başlamışdır. Taqım komandirliyindən briqada komandirliyinə kimi Qarabağ bölgəsində xidmət etmişdir.
2013-cü ildən Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunda xidmətə başlamış və Şahbuz rayonundakı hərbi hissənin komandiri kimi xidmət etmişdir. 2021-ci ilin iyun ayınadək Döyüş Hazırlığı və Tədris İdarəsinin rəisi vəzifəsində xidmətini davam etdirmişdir. Daha sonra, 25 iyun 2021-ci ildən Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində çalışmış və 4 gün sonra, 29 iyun 2021-ci ildə narazılıq yaradan hərəkət etdiyi üçün bu vəzifəsindən azad edilmişdir.
Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun zabiti olan Tehran Mənsimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün başlanan Vətən müharibəsində fəal iştirak etmişdir. Ələlxüsus, noyabrın 4-dən 8-nə qədər davam edən Şuşanın azadlığı uğrunda döyüşlərində şəhərə girən ilk zabitlərdən olmuşdu.
Polkovnik-leytenant Tehran Mənsimov Azərbaycan Prezidenti İlham Əliyevin 24 iyun 2005-ci il tarixli 860 nömrəli Sərəncamı ilə “İgidliyə görə” medalı ilə təltif edilmişdir.
Polkovnik Tehran Mənsimov Azərbaycan Prezidenti İlham Əliyevin 20 iyun 2017-ci il tarixli 3006 nömrəli Sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif edilmişdir.
15 dekabr 2020-ci ildə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilmişdir.

1973— Tanınmış jurnalist, televiziya aparıcısı Sevil Aydın qızı Nuriyeva Gəncədə anadan olub. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. Türkiyədə beynəlxalq münasibətlər üzrə dissertasiya müdafiə edib və müvafiq sahə üzrə doktor elmi dərəcəsi alıb.
Azərbaycan Dövlət Televiziyasında, “215 KL” studiyasında, Azərbaycanın ilk müstəqil televiziya kanalı olan ANS-də müxtəlif sosial, siyasi və strateji xarakterli proqramlar hazırlayıb və təqdim edib.
“Güzgü”, “Nəzər Nöqtəsi”, “Divan”, “Xəbərdar”, “Bu bizik”, “Əks-səda”, “Ötən Həftə” , “Zərif çərşənbə” , “Şənbə gecəsi Sevil Nuriyeva ilə” kimi bir sıra proqramların müəllifi və aparıcısı olub.
1997-ci ildə Azərbaycan Jurnalistlər Birliyinin “Natəvan”, 1998-ci ildə isə “Zərdabi” mükafatlarına, 1998-ci ildə Çingiz Mustafayev adına “İlin ən cəsarətli TV proqram müəllifi və aparıcısı” mükafatına, 1998-1999-cu illərdə Yeni Nəsil Jurnalistlər Birliyinin “İlin TV proqramçısı”, 1999-cu ildə Jurnalistlərin Dostu Dərnəyinin “İlin ən cəsur TV proqramçısı və aparıcısı” mükafatlarına, 2000-ci ildə Gürcüstanda “Qafqazın ən obyektiv proqramçısı və aparıcısı” müfakatına layiq görülüb.
1998-ci ildə CNN-də, 1999-cu ildə BBC-də proqram müəllifi stajı keçib.
Hal-hazırda Türkiyənin “Star” qəzetində Qafqaz üzrə köşə yazarı kimi çalışır.Həmçinin Asiya Dialoqu İctimai Birliyinin həmtəsisçisi və sədri, Qafqaz Mediya Mərkəzinin rəhbəridir.
Vəfat etmişdir:

1990 —Məşhur el aşığı Əkbər Zərbalı oğlu Cəfərov 67 yaşında vəfat etmişdir.
Aşıq Əkbər 1933-cü ildə Tovuz rayonunun Bozalqanlı kəndində dünyaya göz açıb. Saza-sözə vurğun olan Əkbər bir çox böyük ustad sənətkarların – Aşıq Mirzə Bayramovun, Aşıq Məhəmməd Rzayevin, Aşıq Hüseyn Dəmirçinin, Aşıq Yusif Həsənovun, Aşıq Mikayıl Azaflının, Aşıq Yunis Həsənovun, Aşıq Vəli Qaraxanlının yanında şəyirdlikdən ustadlığa qədər yüksəlib. Əsas müəllimi isə aşıq dastanlarının mahir bilicisi, böyük ustad, Aşıq Hüseyn Bozalqanlının bacısı oğlu Aşıq Qədir İsmayılov olub.
Sazdan əvvəl balabanda, zurnada, tütəkdə əksər aşıq havalarını, el havalarını məharətlə ifa edən Aşıq Əkbər böyük ustad Mikayıl Azaflı və Yusif Yusifovun təkidi ilə cavanlığından sırf aşıqlığa keçərək, könlünü həmişəlik saza-sözə bağlayır.
Aşıqlar adətən zil, orta və bəm köklərdən birində oxuya bilirlər. Aşıq Əkbər isə hər üç kökdə böyük ustalıq və məharətlə oxuya bilirdi. El ona “Zilxan” təxəllüsünü boş yerə verməmişdi. Əkbərin əsas özəlliklərindən biri də ondan ibarətdir ki, aşıq musiqisi ilə yanaşı, muğam və təsniflərimizi də gözəl ifa edirdi. Oxuduğu “Heyratı”, “Mənsuriyyə”, “Dilkeş”, “Zabul segah”ı ilə hər kəsi heyrətləndirərdi.
Gözəl saz çalmaq, dastanlar söyləməklə yanaşı, Aşıq Əkbər öz şeirləri ilə də ad-san qazanıb. Onun “Dağlar”, “Bənövşələr”, “Mənim”, “Doymaq olmaz”, “Sözüm olsun” və s. gəraylıları, “”Deyirəm”, “Bizimdir”, “Gözəl vətənim”, “İstərəm”, “Bəxtəvər” və s. qoşmaları, “Yaradar məni”, “Yaralar məni”, “Deyim”, “Haqqı danısan” və s. təcnisləri, “Can demə”, “Şaxtadır”, “Düşmüşəm” və s. divaniləri, “Gəzirəm”, “Çayçının qızı” müxəmməsləri, cığalı təcnisləri, dodaqdəyməz təcnisləri, deyişmələri oz dövrünün dillər əzbəri olmuşdu. O, həm də “Leyli və Məftun” dastanının müəllifidir.

1992 – Baş leytenant, “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunmuş igid döyüşçü Sərhəd Pirsəmalı oğlu Zöhrabbəyov Vətən uğrunda döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.
Sərhəd Zöhrabbəyov 1956-cı ilin dеkabr ayının 14-də Azərbaycan Rеspublikasının Qusar rayonunun Yasab kəndində ləzgi ailəsində anadan olmuşdur. Yasap kənd orta məktəbini bitirdikdən sonra 1979-cu ildə Gəncə Kənd Təsərrüfat Akadеmiyasının aqronomiya şöbəsini bitirib, Bərdə rayonunun “Komsomol”, “Kalеnin”, “C.Cabbarlı” adına kolxozlarda baş aqronom, idarə hеyətinin sədri, Mеşə kənd təsərrüfat idarəsinin müdiri vəzifələrində işləmişdir.
S.Zöhrabbəyov son iş yеrindən könüllü vətən çağrışına qoşulmuş, Bərdə hərbi batalyonun qərargah rəisi olmuş, yüksək döyüş qəhrəmanlığı gəstərmiş 1992-ci ilin avqustun 24-də Dranbom uğrundakı vuruşmalarda şəhid olmuşdur. Məzarı Qusar rayonunun Yasab kəndindədir.
Ölümündən sonra baş leytenant Sərhəd Pirsəmalı oğlu Zöhrabbəyov Azərbaycan Respublikasının prezidentinin 1994-cü il tarixli əmri ilə “Azərbaycan bayrağı” ordeni ilə təltif olunmuşdur.
Bərdə və Qusar rayonlarında küçələrdən biri onun adını daşıyır.
Sərraf Şiruyənin “Ölümdən sonrakı ömür” kitabı “Azərbaycan Bayrağı”ordеnli igid döyüşçü, cəsur kəşfiyyatçı, vətən yolunda qəhrəmancasına şəhid olmuş Bərdə hərbi batalyonunun qərargah rəisi Sərhəd Pirsəmalı oğlu Zöhrabbəyovun döyüş fəaliyyətinə həsr olunmuşdur.

1992— Azərbaycanın Milli Qəhrəmanı Yunis İsa oğlu Nəcəfov Vətən uğrunda döyüşlərdə şəhid olmuşdur.
Yunis Nəcəfov 31 avqust 1967-ci ildə Kəlbəcər rayonunda anadan olmuşdur. 1975-ci ildə Xanlar rayonunda məktəbə getmişdir. 1985-ci ildə Goranboy rayonunda məktəbi bitirmişdir. Yunis elə həmin il Bakı Hərbi Ali Komandirlər Məktəbinə daxil olur daha sonra isə Çelyabinsk Tank Məktəbində təhsilini davam etdirir. 1989-cu ildə leytenant rütbəsi alır və qulluğa başlayır. 1990-cı il 20 Yanvar hadisəsi ilə bağlı çıxışlarına görə hərbdən uzaqlaşdırılır. Vətənimizin cəsur oğlu bütün bunlara baxmayaraq sınmır, əksinə o daha ciddi mübarizə aparmağa başladı.
1991-ci il könüllü olaraq Qarabağ cəbhəsinə gələn Yunis “N” saylı bölüyə komandir təyin edildi. Yunis bir neçə şəhər və rayonlarda şərəfli döyüş yolu keçmişdir. O, Kərkicahan, Malıbəyli kəndlərinin, Şuşa şəhərinin müdafiəsində xüsusilə fərqlənmişdi. Daha sonra müharibəyə döyüşçülər hazırlamaq məqsədilə Bakıya göndərilir. Lakin Laçın və Şuşa erməni hücumlarına məruz qalan zaman yenidən cəbhəyə dönür. Baş leytenant Nəcəfov Yunis 24 avqust 1992-ci il Vəng kəndinin azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak oldu.
Azərbaycan Respublikası Prezidentinin 7 dekabr 1992-ci il tarixli 350 saylı fərmanı ilə baş leytenant Yunis İsa oğlu Nəcəfova ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilmişdir.
Goranboy rayonunun Qarqucaq kəndində dəfn edilib.
Goranboy rayonunda və Biləcəri qəsəbəsində büstü qoyulub.

2017— Bəstəkarlıq məktəbinin tanınmış nümayəndələrindən biri, Əməkdar incəsənət xadimi Rəşid Camal oğlu Əliyev (Rəşid Şəfəq) ömrünün 78-ci ilində Bakıda vəfat etmişdir.
Rəşid Şəfəq 1940-cı il oktyabrın 13-də Bakıda anadan olub. Əslən Goranboy rayonunun Şəfəq kəndindəndir. Ailəsində musiqiçi olmasa da, musiqiyə marağı erkən yaşından yaranıb. Dediyinə görə, xalasının həyat yoldaşı Cavad bəy Cuvarlinski dahi bəstəkar Üzeyir Hacıbəyli ilə yaxın dost olub, vaxtilə Qori seminariyasında oxuyublar. Bir gün o, Rəşidi Üzeyir bəyin yanına aparıb. Bəstəkar onun musiqi duyumunu yoxlayıb və razılıq edib. Bu görüşdən sonra Rəşiddə özümə inam artıb. İki il bəstəkar Midhəd Əhmədovdan bu sənətin əsaslarını öyrənib. Paralel olaraq violençel sinfində də təhsil alıb. Sonra peşəkar bəstəkarlıq fəaliyyəti başlayıb.
Rəşid Şəfəq 1920-1970-ci illərdə müxtəlif bəstəkarlar tərəfindən yazılan uşaq mahnılarının da bir qismini xor üçün işləyib. “Beynəlxalq uşaq ili ” (1979) münasibətilə “Göyərçinik biz” adlı mahnılar toplusu çap etdirib. Daha sonra uşaqlar və yeniyetmələr üçün “Məktəblinin musiqi aləmi” (1986 ) adlı kitabı işıq üzü görüb. Kitaba ön sözü böyük bəstəkar Fikrət Əmirov yazıb. İki il sonra (1988 ) xor almanaxı şəklində “Məktəbli mahnıları” adlı yeni əsəri çap olunub. Bu xor məcmuəsinə o dövrün görkəmli bəstəkarı D.B.Kabalevski ön söz yazıb.
Rəşid Şəfəq 80-ci illərdə tanınmış rus şairi S.Marşakın poemaları əsasında “Səfeh siçan balası”, “Ağıllı siçan balası” nağıllarını musiqi dilinə çevirərək maraqlı uşaq operaları yaradıb. Bəstəkarın Moskvada nəşr olunan “Ana yurdumuz” mahnılar almanaxında xor və solistlər üçün nəğmələri, “Cəngavərlər” vokal-xor silsiləsindən miniatürləri keçmiş SSRİ miqyasında geniş yayılıb. Bəstəkarın əsərləri SSRİ-nin Mərkəzi Teleradiosunun uşaq xorunun, keçmiş sovet respublikalarının, eləcə də Türkiyə, Bolqarıstan, Almaniya və s. ölkələrin uşaq xor kollektivlərinin repertuarında özünə layiqli yer tutub.
Onun mahnıları “Qaya” vokal kvarteti, “Sevil” vokal-instrumental ansamblı və digər peşəkar musiqi ifaçıları tərəfindən radio, televiziya efirində səsləndirilib. Uşaq xor kollektivlərinin, o cümlədən AzTV-nin «Bənövşə» uşaq xorunun, “Qız qalası” uşaq xor kapellasının, “Mələklər”, “Bəri bax” vokal ansambllarının ifasında mahnıları bu gün də səslənməkdədir.
Rəşid Şəfəqin yaradıcılığı çoxşaxəlidir. Onun uşaqlar üçün yazdığı əsərlərindən “Səfeh siçan balası” uşaq opera-nağılı, “Baş tutmayan hiylə” uşaq musiqili nağıl-komediyasını, “Tülkü, Tülkü, Tünbəki…” komik folklor nağıl-operasını, “Bayquşların söhbəti” uşaq nağıl-operasını, üçpərdəli operanı, həmçinin kamera-instrumental və vokal-xor əsərlərindən “Balaca Elnurun musiqi albomu”, “Cəngavərlər” vokal-xor silsiləsi, “Anamın bayramı” vokal-xor silsiləsi, “Azərbaycan avazları” və s. əsərlərini göstərmək olar.
Bəstəkar mətbuatda maraqlı yazılarla da çıxış edir. Görkəmli musiqi xadimləri haqqında onlarca məqalə və resenziyaları dövri mətbuatda dərc olunub.




Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.