Tarixdə bu gün
İlin 246-cı günü (uzun illərdə 247-ci).
İlin sonuna 119 gün qalır.
Mühüm hadisələr:
1588 – Gəncə qalası tikdirilib.
1683 – Osmanlı ordusu Bağdad səfəri üçün Diyarbəkirə toplanmışdır.
1859 – Şeyx Şamil Dağıstandan Sankt-Peterburqa gətirilmişdir.

1869 – İstanbulda yeni nəqliyyat növü – konka istifadəyə verilmişdir.
2004 – Beslanda girovlar azad edilməsi üçün keçirilən xüsusi əməliyyatda 344 nəfər həlak olmuşdur.
Doğum günləri:

1931 — Azərbaycan Respublikasının Xalq rəssamı Oqtay Yusif oğlu Şıxəliyev Bakı şəhərində anadan olub.
1947-ci ildə Əzim Əzimzadə adına rəssamlıq məktəbinə daxil olmuşdur. 1952-ci ildə rəssamlıq məktəbini fərqlənmə diplomu ilə bitirdikdən sonra Muxina adına Leninqrad Ali Rəssamlıq Məktəbinə daxil olmuşdur.
Leninqrad şəhərində təhsil alarkən 1955-ci ildən kiçik yaradıcılıq işləri ilə sərgilərdə iştirak edib. 1958-ci ildə Ali Rəssamlıq Məktəbini bitirərək Bakıya qayıdıb, Respublika Gənclər festivalının qalibi olur. Elə əsl yaradıcılıq fəaliyyətinə də bu ildən başlayır. Sərgilərdə nümayiş olunan ilk işlərində O. Şıxəliyev özünü istedadlı və ruhən milli sənətkar kimi təqdim edir.
1960-ci ildə SSRİ Rəssamlar İttifaqının üzvü olur. Bütün yaradıcılıq fəaliyyəti dövrü ərzində həm SSRİ məkanında, həm də Azərbaycanda bir çox rəssamlıq məktəblərinə, müəyyən ittifaqlara dəvət olunub. 1964-cu ildən M. Əliyev adına İncəsənət İnistutunda müəllimlik fəaliyyətinə başlamışdır. Hal-hazırda Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında müəllim, professor kimi fəaliyyət göstərir.
O.Şıxəliyevin yaradıçılığı, sənətsevərlər tərəfindən rəğbətlə qarşılanmışdır. Bunlardan “Uşaq aləmi” univermağı, uşaq kafesi, “Ceyran” kafesi, “Turist” mehmanxanasının bədii tərtibatında, Dövlət sirkinin və digər binaların interyerlərini bəzəyən təsvirlər çox maraqlıdır. Həmin əsərlər kompazisiya müxtəlifliyi və bitkinliyi, işlənmə texnikası ilə diqqəti cəlb edir.
Oqtay Şıxəliyev 30 yanvar 2012-ci ildə uzun sürən xəstəlikdən sonra Bakı şəhərində vəfat etmişdir.

1950 – Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin “Onurğasızlar zoologiyası kafedrası”nın professoru, biologiya elmləri doktoru Hökümə Fərman qızı Quliyeva Bakı şəhərində hərbi həkimin ailəsində anadan olmuşdur.
1968-cu ildə Bakı şəhərində 31 saylı orta baza məktəbini bitirmişdir. 1969-1975-ci illərdə S.M. Kirov adına Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) təhsil almışdır. 1975-ci ildə Azərbaycan MEA Zoologiya İnstitutunun aspiranturasına qəbul olunmuşdur. 1979-cu ildə Azərbaycan MEA Zoologiya İnstitutunun aspiranturasını bitirmişdir. 1983-cü ildə “Pambıq sovkasıında (Heliothis armigera Hubn.) amin turşuları və zülalların miqdarının yaş və mövsümi dəyişkənliyi” adlı namizədli; 1999-cu ildə “Kənd təsərrüfatı bitkilərinin təhlükəli zərərvericilərinin (Noctuidae, Pieridae, Aphididae) ekoloji, fizioloji, biokimyəvi xarakteristikası və Azərbaycan şəraitində onlara qarşı mübarizə sistemində yuvenoidlərdən istifadə olunmasının elmi sxemlərinin hazırlanması” adlı doktorluq dissertasiyalarını müdafiə etmişdir.
2001-ci ildən BDU-nun Onurğasızlar zoologiyası kafedrasında professor vəzifəsində çalışır;
“Onurğasızlar zoologiyası” (rus bölməsi), “Entomologiya və bitki mühafizəsi” (rus bölməsi), “Tibbi entomologiya” (azərb. və rus bölmələri) “Onurğasızlar faunasının qorunması” (azərb. və rus bölmələri), “Həşəratların fiziologiyası” (azərb. və rus bölmələri), “Həşəratların ekologiyası” (azərb. və rus bölmələri), “Entomologiyanın tədqiqat metodları” fənnlərindən dərs deyir.
4 monoqrafiya, 3 dərslik, 8 dərs vəsaiti, 20 proqram, 109 elmi məqalə, elmi tövsiyələr, 2 ixtira və 3 elmi-əməli təkliflərin müəllifidir.
Hazırda bir doktorluq dissertasiyasının məsləhətçisi və iki biologiya üzrə fəlsəfə doktoru dissertasiyasının rəhbəridir.

1951—Xalq artisti, Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı Yaşar Nuri 1951-ci il sentyabr ayının 3-də Bakıda tanınmış aktyor Məmmədsadıq Nuriyevin ailəsində dünyaya gəlmişdir.
Səhnəyə ilk dəfə 11 yaşında ADMKT-də “Toy kimindir?” (dramaturq Məhərrəm Əlizadə) tamaşasında Tapdıq rolunda çıxmışdır. Məktəbli vaxtlarında dövlət televiziyasının “Yelkən” verilişinin aparıcılarından olmuşdur. Bundan başqa O, “Buratino”, “Qaranquş”, “Pioner” uşaq verilişi-teatrlarında müntəzəm iştirak etmişdir. Müxtəlif dram dərnəklərinə getmiş, 26-lar adına mədəniyyət sarayı xalq teatrının tamaşalarında çıxış etmişdir.
10 yaşından Azərbaycan televiziyasında uşaq verilişlərində çəkilən və teatr səhnələrində uşaq rollarını ifa edən aktyor 1968-ci ildə Bakıdakı 173 nömrəli orta məktəbi bitirib Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olur. Orada kurs rəhbərləri, tanınmış səhnə xadimləri Rza Təhmasib və Əliheydər Ələkbərovdan aktyorluq sənətinin incəliklərini öyrənmişdir.
…İnstitutda, fakültədə, kursda Yaşar qeyri-formal lider idi. Tələbəlik çağlarında hamı ondan çox şey gözləyirdi, hamı onu “hazır aktyor” sayırdı. Yaşarın istedadı yaşından yaşlı idi. İnstitut dövründə “Sevil”də Balaş, “Toy”da Salmanov, “Günahsız müqəssirlər”də Neznamov və s. obrazları yaratmışdır.
1972-ci ildə institutu bitirdikdən sonra 1 il orduda xidmət etmiş və institutun Tədris teatrında aktyor işləmişdir. 1974-cü il dekabr ayının 1-də Akademik Milli Dram Teatrının baş rejissoru Tofiq Kazımovun dəvətilə bu kollektivin aktyor truppasına qəbul olunub.
Teatr aktyoru kimi görkəmli sənətkar olan Yaşar Nuri həm də məşhur kino ustasıdır. Onun böyük populyarlıq qazandığı çoxlu ekran obrazları var. Əlliyə yaxın bədii filmə çəkilib, Azərbaycan Dövlət Televiziyasında hazırlanmış yüzdən çox tamaşada, bədii kompozisiyada, satirik səhnəciklərdə iştirak edib. Onun əsasən baş rolları ifa etdiyi teletamaşalar televiziyanın fondunda daimi sənət nümunələri kimi qorunur. Bunlardan Ramiz Həsənoğlunun hazırladığı Ruhəngiz Qasımovanın “Yollar görüşəndə…”, “Ömrün yolları”, İsi Məlikzadənin “Qatarda”, Anarın “Evləri köndələn yar”, Mövlud Süleymanlının “Kökdən düşmüş piano”, Hüseyn Cavidin “Topal Teymur”, Aslan Qəhrəmanovun əsərləri əsasında Tariyel Vəliyevin lentə aldığı “Səni axtarıram”, “Bağışla”, “Səndən xəbərsiz” trilogiyası, İslam Səfərlinin “Göz həkimi”, Əbdürrəhim bəy Haqverdiyevin əsərləri əsasında “Ac həriflər” və s. televiziya tamaşalarını misal göstərmək olar.
Aktyor nəinki televiziya, həmçinin radio və kinostudiyanın dublyaj sektoru ilə də əməkdaşlıq etmiş, radioda “Sabahınız xeyir”, “Gülüş axşamı” yumoristik verilişlərinin, radio tamaşalarının iştirakçısı olmuşdur. “Azərbaycanfilm” kinostudiyasında isə saysız-hesabsız yerli filmləri səsləndirmiş, əcnəbi filmləri dublyaj etmişdir.
Yaşar Nuri cəsarətli aktyor kimi qəliz rəqs nömrələrini, muğam və ya estrada, yaxud aşıq musiqisi üzərində qurulan satirik, dramatik, psixoloji, komik, qroteskli, karnaval estetikasına uyğun obrazların ifasında uğur qazana bilmişdir.
Aktyorun yubileyləri hər dəfə təntənəli şəkildə keçirilmişdir. 1981-ci ildə 30 illik yubileyində o, ilk fəxri adını — Əməkdar artist adını almışdır. 1991-ci ildə 40 illik yubileyində ona “Yaramaz” filmindəki roluna görə Dövlət Mükafatı verilmişdi. 1996-cı ildə 45 illiyinə həsr olunmuş “Səhnəmizin Yaşarı”, 2001-ci ildə isə 50 illiyi ilə əlaqədar “Yaşar Olduğu kimi” sənədli filmləri çəkilmişdir. 2011-ci ildə Yaşar Nurinin 60 illik yubileyi Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında təntənəli şəkildə qeyd olunmuşdur.
Yaşar Nuri uzun sürən xəstəlikdən sonra 22 noyabr 2012-ci ildə Bakı şəhərində vəfat etmişdir.
Vəfat etmişdir:

1883 – Məşhur rus yazıçısı İvan Turgenyev vəfat etmişdir.
İvan Turgenev 1818-ci il noyabrın 9-da Oryol şəhərində dünyaya gəlib. Atası Sergey Nikolyayeviç o dövrün tanınmış zabitlərindən olub. Anası Varvara Petrovna isə varlı bir saray ailəsindən olub. 1827-ci ildə Sergey Tugenev övladlarına təhsil vermək üçün Moskvaya köçüb.
1833-cü ildə 15 yaşlı Turgenev Moskva universitetinin filologiya fakültəsinə daxil olub. Bir il sonra onlar Peterburqa köçüb və buna görə Turgenev təhsilini Peterburq universitetində davam etdirməli olur.
1838-ci ildə elmlər namizədi dərəcəsinə yiyələnən şair Almaniyaya köçür. Berlində məskunlaşan Turgenyev qədim latın və yunan dillərini yaxından öyrənir.
1842-ci ildə vətəninə qaytmaqla yazıçı, ədəbiyyat sahəsində fəaliyyətə başlayır. 1846-cı ildə “Bretter” və “Üç portret” povestlərini qələmə alır. Daha sonra o “Mumu”, “Yakov Pasınkov”, “Sakitlik” kimi əsərləri ilə oxucularını sevindirir. O ən böyük romanları toplandığı “Nov” adlı kitabını 1860-cı ildə artıq Parisə köçdüyü zaman dərc etdirir.

1995 — Ramazan Heybullax oğlu Çirinqov öz xidməti vəzifəsini yerinə yetirən zamanı dövlətçiliyimiz, suverenliyimiz uğrunda şəhid olmuşdur.
Ramazan Çirinqov 15 fevral 1969-cu ildə Balakən rayonunda anadan olmuşdur.
1986-cı il Meşəşambul orta məktəbini bitirmiş, 1987-ci ildə hərbi xidmətə çağırılmışdır. Ramazan hərbi xidmətini Əfqanıstanda keçirmişdir. 1989-cu il hərbi xidmətini başa vurduqdan sonra Balakən rayonunda polis nəfəri kimi işə başlamışdır. vaxtlar Qarabağda erməni separatçıları günbəgün quduzlaşırdılar. O, bir polis əməkdaşı kimi dəfələrlə Qarabağa ezam olunur, torpaqlarımızın müdafiəsi uğrunda aparılan əməliyyatlarda yaxından iştirak edirdi.
1995-ci il… Balakən rayonunda cinayətkar dəstənin tutulub zərərsizləşdirilməsində o, əsil rəşadət göstərir. Dövlət sərhəddini keçməyə cəhd edən qaçaqmalçıların vaxtında qarşısını alan polis starşinası 3 sentyabr 1995-ci ildə öz xidməti vəzifəsini yerinə yetirərkən qəhrəmanlıqla həlak olur.
Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 1995-ci il tarixli 424 saylı fərmanı ilə Çirinqov Ramazan Heybullah oğluna ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilmişdir.
Meşəşambul kəndində dəfn edilmişdir.
Balakən şəhərindəki küçələrdən biri onun adını daşıyır.

2014— Tanınmış pianoçu, Xalq artisti , Rusiyanın Əməkdar artisti, “Şöhrət” ordeni laureatı, Moskva Dövlət Pedaqoji Universitetinin Musiqi fakültəsinin professoru Tamilla Zahid qızı Mahmudova 83 yaşında vəfat etmişdir.
Tamilla Mahmudova 21 aprel 1931-ci ildə Azərbaycanda doğulub. İlk musiqi təhsilini Azərbaycan Dövlət Konservatoriyası nəzdində xüsusi məktəbdə, məşhur pedaqoq, professor K.Səfərəliyevanın sinfində alıb.
1954-cü ildə Moskva konservatoriyasını və 1957-ci ildə professor Y.Zakın sinfində aspiranturanı bitirib.
1947-ci ildən Azərbaycan Radio Komitəsində solist olmuşdur. 1954-cü ildən Moskonsertin solisti idi.
Repertuarına rus və Qərbi Avropa klassiklərinin, müasir xarici ölkə bəstəkarlarının əsərləri daxildir. Mahmudova Azərbaycan bəstəkarlarından Q.Qarayev, F.Əmirov, C.Hacıyev və A.Məlikovun fortepiano əsərlərinin ilk ifaçılarındandır. Xarici ölkələrdə (İngiltərə, Belçika, Macarıstan, Hindistan, Polşa, Zambiya və s.) qastrolda olmuşdur.




Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.