Tarixdə bu gün
İlin 247-cı günü (uzun illərdə 248-ci).
İlin sonuna 118 gün qalır.
Doğum günləri:

973 – Xarəzm alimi Əl-Biruni anadan olmuşdur. O, XI əsrin ən böyük coğrafiyaşünası hesab olunur. Əl-Biruni tarix, etnoqrafiya, təbiətşünaslıq, riyaziyyat, astronomiya, mineralogiya və s. elm sahələrinə aid 150-dən çox əsərin müəllifidir. Özünün uzun səyahətləri zamanı İran yaylasını, Xəzər dənizinin şərq və cənub sahillərindəki ölkələri, Mərkəzi Asiyanın böyük hissəsini öyrənmişdir.
Bu səyahətlər zamanı Biruni türk xalqlarının yaşadıqları ərazilər, onların adət-ənənə və mərasimləri barədə ətraflı məlumatlar əldə etmişdir. O, özündən əvvəlki coğrafiyaşünaslardan irəli gedərək, Hind okeanı ilə Atlantik okeanının Afrikanın cənubunda dar bir boğaz vasitəsilə birləşdirildiyini söyləmişdir. Əl-Biruni Pəncaba etdiyi səyahət zamanı hind elminə və mədəniyyətinə aid topladığı materiallar və özünün empirik müşahidələri əsasında Hindistana həsr olunmuş iri həcmli əsər yazmışdır. “Nihâyâtü’l-Emâkin”, qısa şəkildə “Hindistan” adlandırılan bu əsərdə Biruni, ilk dəfə olaraq yerin günəş ətrafında hərəkətini və dünyanın hərəkətsiz deyil, dönən bir kütlə olduğunu Kopernikdən 500 il əvvəl söyləmiş və məşhur hind astronomu Brahmaquptanın “Yer hərəkətdə, göylər isə sükunətdədir” fikrini əsaslandırmışdır. Beləliklə, o, Koperniklə başlayan müasir astranomiya və fizikanın ilk təməllərini yaratmışdır. Orta Asiyanın topoqrafiyasına dair əsərində Amu-Dərya çayının bir neçə dəfə öz yatağını dəyişməsi barədəki tədqiqatları xüsusilə maraqlıdır.
Biruni dünyanın bir çox ölkələrinin şəhərləri, o cümlədən Azərbaycanın o zaman məlum olan Bakı, Dərbənd, Bərdə, Beyləqan, Bəzz, Təbriz, Ərdəbil kimi qədim və böyük şəhərlərinin enlik və uzunluq dairələrini göstərmişdir. Ömrünün sonuna yaxın yazdığı “Kitâbü’l-Camahir fi Marifeti’l-Cevahir” kitabında müxtəlif mineralların və qiymətli daşların mənşəyi, xarakteri və mədənləri haqqında geniş məlumat vermişdi.
Əl-Biruni, cisimlərin sıxlığını təyin edən cihaz düzəltmiş və “Xüsusi çəki” kitabında onu təsvir etmişdir. Bu xüsusi qab olub, içərisinə salınan cismin həcminə uyğun çıxarılan suyun həcmini dəqiq ölçmək üçün nəzərdə tutulmuşdur. O, cihazın dəqiq hazırlanmasına səy göstərmişdir. Əl-Biruni mayelərdə xüsusi çəkini ölçmək üçün düzəltdiyi başqa bir cihazın köməyi ilə suyun soyuq və isti hallarda, şirin və duzlu suların xüsusi cəkilərini təyin edərək göstərmişdir ki, suyun sıxlığı ilə onun xüsusi çəkisi arasında bir asılılıq mövcuddur.
Biruninin Gürgəncdə yazdığı “Müqayisəli çəki” adlı kitabında substansiyanın müqayisəli çəkisinin onun kimyəvi xassələri ilə əlaqəsinə aydınlıq gətirilmişdir. İbn Sina substansiyaların transmutasiyası üzrə də elmi tədqiqatlar aparmışdı. Bunların nəticələrini o, “İksir haqqında elmi əsər”ində (“Risolat əl-İksir”) təsvir etmişdi. Məlum olduğu kimi, bu kitab 1005-ci ildə Xarəzmdə yazılmışdır.
Biruni 994-cü ildə Amu-Dərya çayının qərb sahili ilə Kot şəhəri arasında yerləşən, Buşkanz şəhərinin ekliptik səthinin ekvatora nisbətən əyilmə ölçüsünü dəqiq təyin etmişdir. 995-ci ildə Biruni Yer kürəsinin modelini hazırlamağa başladı. Bu, müxtəlif şəhərlərin, kəndlərin və coğrafi obyektlərin yerini dəqiq təyin etmək üçün diametri təqribən 5 metrə yaxın olan ilk relyefli qlobus idi.
Gürgəncdə öz elmi fəaliyyəti ilə məşğul olduğu vaxtda Biruni tərəfindən coğrafiyaya, hidrologiyaya, mineralogiyaya aid bir sıra tədqiqatlar da aparılmışdı.

1924— Görkəmli tarzən, Xalq artisti Əhsən Əliabbas oğlu Dadaşov Bakı şəhərində dünyaya göz açmışdır.
Bakıdakı 22 saylı orta məktəbdə təhsil alıb.
1938-ci ildə 1 saylı Azərbaycan Dövlət musiqi texnikumunun (indiki Bakı Musiqi Kolleci) tar sinfinə qəbul olub. Burada Səid Rüstəmov, Mənsur Mənsurov, Ənvər Mənsurovdan dərs alıb. Atası Əliabbas Dadaşov 1937-ci ildə repressiya edilib.
1940-cı ildə S.Rüstəmovun rəhbərlik etdiyi Xalq çalğı alətləri orkestrinə qəbul edilib.
Əhsən Dadaşov tar ifaçılığı sənətində muğam üzrə müəllimləri olmuş Mirzə Mənsur Mənsurov, Ənvər Mənsurovdan klassik muğam ifaçılıqlarının xüsusiyyətlərini dərindən mənimsəyərək onu inkişaf etdirmişdir.
Onun lentə yazdırdığı “Rast”, “Orta Mahur”, “Şur”, “Zabul-Segah”, “Hümayun”, “Vilayəti – Dilkeş”, “Çahargah”, “Bayatı – Şiraz” və s. muğamları Azərbaycan radio verilişləri şirkətinin qızıl fondunu təşkil edir.
AzTRV QSC nəznində 1960 cı ildə xalq çalğı alətləri ansamblı yaratmış və ömrünün sonuna kimi bu ansamblın bədii rəhbəri olmuşdur. Hazırda “Xatirə” xalq çalğı alətləri ansamblı (bədii rəhbəri Adil Bağırov) Əhsən Dadaşovun adını daşıyır.
Əhsən Dadaşov bir çox tarzənlərin sənət müəllimi olmuşdur
Əhsən Dadaşov 30 may 1976-cı ildə 51 yaşında vəfat etmişdir.
Vəfat etmişdir:

2003 – Görkəmli Azərbaycan yazıçısı, ədəbiyyatşünası və ictimai xadimi Əzizə Cəfərzadə 81 yaşında Bakıda vəfat etmişdir.
Əzizə Cəfərzadə 1921-ci il dekabrın 29-da Bakı şəhərində anadan olmuşdur. İbtidai təhsilini 25 saylı məktəbdə almış, sonra teatr texniki məktəbində və ikiillik müəllimlər institutunda oxumuş, 1942-1944-cü illərdə Ağsu rayonundakı Çaparlı kəndində müəllim işləmişdir. 1946-1947-ci illərdə ekstern yolu ilə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini bitirmişdir. 1944-1946-ci illərdə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında ssenari şöbəsinin rəisi, 1947-1949-cu illərdə Teatr texniki məktəbinin müdiri, 1950-1955-cı illərdə pedaqoji institutda dosent, kafedra müdiri, 1956-cı ildə Kamçatka pedaqoji institutunda dosent, 1957-74-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda baş elmi işçi, şöbə müdiri, 1974-ci ildən isə Bakı Dövlət Universitetinin professoru vəzifələrində çalışmışdır. Əzizə Cəfərzadə XIX əsr Azərbaycan ədəbiyyatı tarixinin bilicisi kimi tanınırdı və bu sahədə 1950-ci ildə “XIX əsr Azərbaycan ədəbiyyatında maarifçi-ziyalı surətləri” mövzusunda namizədlik, 1970-ci ildə “XIX əsr Azərbaycan poeziyasında xalq şeiri üslubu” mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir.
Ədəbi fəaliyyətə 16 yaşında başlamış və “Əzrayıl” adlı ilk hekayəsini 1937-ci ildə “Ədəbiyyat” qəzetində çap etdirmişdir. İlk kitabı 1948-ci ildə çap edilmiş, lakin Moskvanın xüsusi qərarı ilə satışa çıxmamışdan əvvəl qadağan olunub yandırılmışdır. Əzizə xanımın nəsr əsərləri əsasən tarixi roman janrında yazılmışdır.
“Aləmdə səsim var mənim”, “Vətənə qayıt”, “Yad et məni”, “Bakı-1501”, “Cəlaliyyə”, ”Sabir”, “Eldən elə” , “Bir səsin faciəsi”, “Zərrintac-Tahirə”, “İşığa doğru”, “Bəla”, “Rübabə-sultanım”, “Xəzərin göz yaşları” və s. əsərlərini qələmə alır.
Yazıçının “Sahibsiz ev” , “Əllərini mənə ver”, “Sənsən ümidim” , “Xəyalım mənim” kimi bir sira povestlərinin mövzusu isə müasir həyatdan götürülmüşdür.
“Qızımın hekayələri” , “Anamın nağılları” , “Çiçəklərim” , “Pişik dili” və sair uşaqlar üçün yazdığı hekayə və nağıllardır.
Əzizə Cəfərzadə, eyni zamanda, bir tədqiqatçı alim kimi də məşhurdur. O, klassik Azərbaycan ədəbiyyatının, xüsusilə də şifahi ədəbi irsimizin öyrənilməsi sahəsində gərgin elmi axtarişlarının bəhrəsi olan əsərlər həmişə elmi ictimaiyyətin marağına səbəb olmuşdur.
O, “Natavan” adli kino ssenari, çoxlu sayda radio-televiziya pyesləri xatirat və saysız hesabsız bayatı yazmışdır. Əzizə xanım folklorumuzun vurğunu idi, “Bayatı düşüncələrim”, “Xızır Nəbi”, “Novruz” və başqa Azərbaycan adət-ənənələri, etnoqrafiyası ilə bağlı yazıları, televiziya-radioda çıxışları onu xalqın sevimlisi etmişdir. Bir çox xarici ölkələrdə, o cümlədən Yuqoslaviya, Suriya, Kipr, Hindistan, Sinqapur, Malaziya, İsrail, İraq və Türkiyədə beynəlxalq əhəmiyyətli tədbirlərin iştirakçısı olmuşdur.
1981-1989-cu illərdə Respublika Qadınlar Şurasının sədri vəzifəsində işləmişdir. Azərbaycan qadın və uşaqlarının hüquqlarının qorunması sahəsində aktiv fəaliyyət göstərmiş, respublikanın ən ucqar rayon-kəndlərinə belə dəfələrlə getmiş və millətin tarixi, taleyi ilə bağlı problemlərlə tanış olmuş, bu problemlərin həll edilməsində yaxından iştirak etmişdir. O həyatı boyu xeyriyyəçiliklə məşğul olmuş, 1979-cu ildə indiki Hacıqabul rayonunun Tağılı kəndində öz vəsaiti hesabına orta məktəb və klub binası tikdirmişdir. Azərbaycanın müstəqilliyi uğrunda və erməni təcavüzünə qarşı hərəkatda daim öndə və fəal iştirak edən bir vətəndaş olmuşdur.
Əzizə Cəfərzadə 2003-cü il sentyabrın 4-də ömrünün 82-ci ilində uzun sürən ağır xəstəlikdən vəfat etmiş, həyat yoldaşı və qardaşları ilə bir məzarlıqda dəfn edilmişdir.

2019 — Görkəmli şair, ədəbiyyatşünas, tərcüməçi, Ukraynanın Maksim Rılski adına ədəbi mükafatı laureatı Abdulla Abbas Hacaloğlu 79 yaşında vəfat etmişdir.
Abbas Abdulla 1940-cı il mayın 12-də Gürcüstanın Bolnisi rayonunun Bolus Kəpənəkçisi kəndində anadan olmuşdur. Orta təhsilini Bolus Kəpənəkçisi (I-VUI), Arıxlı (IX) və Faxralı (X-XI) kəndlərində almışdır. 1958-ci ilin oktyabrından 1959-cu ilin sentyabrınadək doğma kəndində müəllimlik etmişdir. 1958-1963-cü illərdə ADU-nun Filologiya fakültəsində qiyabi təhsil almışdır . Azərbaycan EA Nizami adına Dil və Ədəbiyyat İnstitutunun aspiranturasını (1964-1966), Azərbaycan KP MK yanında Marksizm-Leninizm Universitetinin İdeoloji kadrlar fakültəsini (1981-1982) bitirmiş, Kiyevdə Ukrayna EA-nın T.Q.Şevçenko adına Ədəbiyyat İnstitutunun Şevçenkoşünaslıq şöbəsində təcrübə keçmişdir.
Abbas müəllim “Ulduz” jurnalı redaksiyasında şöbə müdiri (1966-1973), “Ədəbiyyat və incəsənət” qəzeti redaksiyasında şöbə müdiri, xüsusi müxbir (1973-1977), baş redaktorun müavini (1979-1987), “Ulduz” jurnalının məsul katibi, sonra baş redaktoru (1987-1992), Türkiyədə Azərbaycan Respublikasının Baş konsulu (1992-1997) olmuşdur.
Abbas Abdulla poetik yaradıcılığında bədii tərcüməyə xüsusi diqqət yetirmişdir. İ.Draç, İ.P.Kotlyarevski, M.Rılski, T.Şevçenko, L.Ukrainka, L.Şapoval və digər sənətkarların əsərlərini Ukrayna dilindən tərcümə etmişdir.




Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.