Tarixdə bu gün

İlin 251-ci günü (uzun illərdə 252-ci)

İlin sonuna 114 gün qalır.

Doğum günləri:

1923 — Məşhur  avar şairi, yazıçısı, publisist, siyasi xadim  Rəsul Həmzət  oğlu  Həmzətov Dağıstanın Xunzax rayonunun Sada kəndində, şair  Həmzə Sadasanın  ailəsində dünyaya göz açmışdır. Milliyyətcə avardır. Onun ilk müəllimi atası olmuşdur.

 Rəsul Həmzətov özünün ilk şerini 11 yaşında yazmışdır. Kənd məktəbini bitirdikdən sonra pedaqoji məktəbə daxil olmuşdur.

1940-cı ildə bir vaxtlar oxuduğu məktəbə müəllim işləməyə qayıdır. Ancaq burada o, uzun müddət işləmir. Bir neçə iş yerini dəyişən Həmzətov, avar səyyar teatrında rejissor köməkçisi, “Bolşevik qor” qəzetində və radioda işləmişdir.

1943-cü ildə ilk şeirlər toplusu – “Sevgi məşəli və acı ədavət” çap olunur. 1945-1950-ci illərdə Maksim Qorki adına Moskva Ədəbiyyat İnstitutunda oxuyur. 1947-ci ildə rus dilində ilk şeirlər kitabı işıq üzü görür. Bundan sonra rus və avar dillərində Rəsul Həmzətovun 25-dən çox kitabı dərc olunmuşdur.

Rəsul Həmzətov 2003-cü il noyabr ayının 3-də vəfat edib. O, Mahaçqalada Tarki-tau dağlarının ətəyindəki qəbristanlıqda, həyat yoldaşı Patimatın qəbri ilə yanaşı dəfn edilib.

 1928  — Azərbaycanın  Xalq rəssamı , Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi   Tofiq Məmmədəli oğlu Ağababayev   Bakıda hərbçi ailəsində

Orta məktəbin 9-cu sinfini bitirdikdən sonra Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbinin rənkarlıq şöbəsinə daxil olub (1946-51). Rəssam 1953-59-cu illərdə Baron Ştiqlist adına Sant-Peterburq Rəssamlıq Akademiyasının (keçmiş V.Muxina adına Ali Bədii-Sənaye rəssamlıq məktəbi) Keramika-şüşə fakültəsində təhsil alaraq, şüşə-keramika ixtisasına yiyələnib.

Tofiq Ağababayev monumental dekorativ-tətbiqi sənət, qrafika və boyakarlıq sahəsində əsərlər yaradıb. “Azərbaycan lirikası” triptixi (keramika, 1960, Azərbaycan İncəsənət Muzeyi), Bakı Dövlət Sirkində “Azərbaycan sirki” mozaik lövhəsi 1967-ci ildə Azərbaycan SSR Nazirlər Sovetinin mükafatına layiq görülüb (“Zorxana” və s., smalta, 1967). Bakıda uşaq dəmir yolu parkı yaxınlığında miniatür üslubda “Bahar” mozaik pannosu (mərmər, smalta, 1970), həmçinin “Abşeron qoruğu”, “Bakı nefti cəbhəyə”, “Meşəbəyi”, “Torpağın nəfəsi”, “May, 1945-ci il, Bakı” və s. dekorativ əsərləri diqqəti cəlb edir.

Yağlı boya ilə işlənmiş portretləri: “Tələbə qız” (1972); “Akademik Z.Bünyadov” (1978); “Akademik İ.Orucova” (1978); “Şah İsmayıl” (1988–89); “Ü.Hacıbəyov” (1992). 1966-68-ci illərdə Bakı şəhərinin baş rəssamı vəzifəsində çalışıb. Bakı Sovetinin üzərində gerbin bərpası, Bakının simvolik açarının düzəldiməsi Tofiq Ağababayevin adı ilə bağlıdır. Dövlət Statistika Komitəsinin, Memarlıq və İnşaat Universitetinin idman salonunun mozaik işləri rəssama məxsusdur.

Şah İsmayılın portreti Üfutsi qalereyasında bir küncü möhürlü sənəd kimi götürülüb saxlanılır. Son illər rəssam rəngkarlıqla çox ciddi məşğuldur. Belə əsərlərdən “Ümid rəngləri”, “Sözsüz”, “Yaz mahnısı”, “Şərq motivi”, “Yaz nəfəsi” adlarını çəkmək olar. Tofiq Ağababayevin əsərləri Azərbaycan Dövlət Muzeyində, Azərbaycan Rəssamlar İttifaqının fondunda, ABŞ muzeyində, London, Kanada və bir çox başqa muzeylərdə, şəxsi qalereyalarda saxlanılır

1949 — Əmәkdar İncəsənət xadimi Hüseynağa Atakişiyev Bakıda anadan olub.

M.Əliyev adına İncəsənət İnstitutunu bitirdikdən sonra (1975) bir müddət Şəki Dövlət Teatrında işləyib. Məhz orada Vaqif Səmədoğlunun məşhur “Bəxt üzüyü” əsərini səhnəyə qoyan ilk rejissor olur.

Sonra Dram Teatrında baş rejissor kimi fəaliyyət göstərib.

1989-cu ildə Gənclər Teatrını açıb və vəfatına qədər teatrın bədii rəhbəri və direktoru olub.

“Üzeyir ömrü” bәdii televiziya filmindә Hacıbəyovun obrazını yaratmış, 1995-ci ildә İstanbulda Hacıbəyovun “Arşın mal alan” musiqili komediyasını tamaşaya qoymuşdur.

Əməkdar İncəsənət xadimi Hüseynağa Atakişiyev 9 aprel 2006-cı ildə vəfat edib.

1949— Görkəmli  teatrşünas-tənqidçi, jurnalist,  Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor İlham Əziz oğlu Rəhimli Yevlax rayonunun Malbinəsi kəndində doğulub.

 Yevlaxdakı 1 saylı orta məktəbin on birinci sinifini 1966-cı ildə bitirib. Bir il Yevlaxdakı 4 saylı avtobazada çilingər işləyib. 1967-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Teatrşünaslıq fakültəsinə daxil olub. Bu ali məktəbi fərqlənmə diplomu ilə bitirib (1972). Hələ institutun son kursunda oxuyanda “Kommunist” (indiki “Xalq qəzeti”) qəzeti redaksiyasına təcrübə keçməyə göndərilib. Təcrübə zamanı bir neçə məqaləsi çap olunub. Redaksiyanın yazılı məktub-tələbnaməsinə əsasən təyinatla “Kommunist” (indiki “Xalq qəzeti”) qəzetinə işə göndərilib. Hərbi xidmətdən sonra (may 1973 – may 1974) yenə redaksiyaya qayıdıb. Müxtəlif illərdə ədəbi işçi, baş müxbir, felyeton və publisistika, mədəniyyət şöbələrinin müdiri işləyib. “Azərbaycan” qəzetinin baş redaktoru, Prezident aparatının humanitar siyasət şöbəsinin məsul işçisi işləyib (1991 – 1993). Həmçinin 1993-cü ildən 2003-cü ilə kimi Akademik Milli Dram Teatrının ədəbi hissə müdiri olub.

Azərbaycan Televiziyasında “Ekran. Kino. Yeniliklər”, “Teatr”, “Yeni tamaşalar”, “Aktyorlar və rollar”, “Sərbəst söhbət” verilişlərinin müəllif-aparıcısıdır. Azərbaycan Jurnalistlər İttifaqının, Rəssamlar İttifaqının, Azərbaycan Teatr Xadimləri İttifaqının, Yazıçılar Birliylnin üzvüdür.

Nəzəriyyəçi alim, milli teatrımızın tədqiqatçısı kimi Dehli, Praqa, Moskva, Tehran, Dəməşq, Kiyev, İstanbul, Berlin, Brüssel, Paris, Roma… şəhərlərində Beynəlxalq teatr simpoziumlarında elmi məruzələrlə çıxışlar edib.

Vəfat etmişdir:

1991 – Azərbaycanın Xalq rəssamı, naxışşünas və xalçaşünas Lətif Hüseyn oğlu  Kərimov 84 yaşında vəfat etmişdir.

Lətif Kərimov 1906-cı ildə Azərbaycanın Qarabağ mahalının Şuşa şəhərində anadan olmuşdur. Onların nəsli – bütün “Allahverənlər” tayfası toxuduqları qəşəng xalçaları ilə Qarabağ mahalında məşhur olmuşdur.

1912-ci ildə onların ailəsi İranın Məşhəd şəhərinə köçmüşdür. Xalça sənətinə məhəbbəti Lətifi burada Mirzə Ələkbər Hüseynzadənin emalatxanasına gətirib çıxarmışdır. Gənc Lətif Təbriz, Ərdəbil kimi məşhur xalça mərkəzlərini gəzib, hər sənətkardan, hər toxucudan bir təkrarsız ilmə vurmaq, bir naxış salmaq öyrənmişdir.

Şuşa şəhərində “Qarabağxalça” artelində 1928-ci ildə təlimatçı kimi fəaliyyət göstərən Lətif Kərimov, başqa rayonlarda da yerli xalçatoxuma işinin sirlərini öyrənirdi.

O, 1930-cu ildən xalça sənəti mütəxəssisi kimi “Azərbaycanxalça” birliyində rəssam-təlimatçı vəzifəsində fəaliyyət göstərmişdir.

İlk dəfə olaraq Bakıda və Qubada (1932-1936) xalça məktəblərinin açılmasında Lətif Kərimovun böyük zəhməti olmuşdur. Lətif Kərimov təkcə xalçaçılıq sahəsində deyil, dekorativ tətbiqi sənətin başqa sahələrində də fəaliyyət göstərmişdir.

1930-1940-cı illər Lətif Kərimovun yaradıcılığında xüsusi yer tutur. Bu illərdə yaratdığı bədii tərtibatlarda və başqa sahələrdə Şərqin bədii sənət xəzinəsindən ilham almış ustad əlinin izlərini görürük.

Onun Firdovsinin anadan olmasının 1000 illiyinə həsr etdiyi xalçası 1934-cü ildə Parisdə Ümumdünya sərgisində uğurla nümayiş etdirilmişdir. O

Lətif Kərimov tanınmış rəssamlarımız (K.Kazımzadə, İ.Axundov və başqaları) ilə birlikdə 1940-1941-ci illərdə dahi Azərbaycan şairi Nizami Gəncəvinin yubileyinə həsr edilmiş beş xalça hazırlamışdır. Bu xalçalarda şairin “Xəmsə”sinə daxil olan poemalardan götürülmüş epizodlar təsvir edilmişdir.

2005 — Ədəbiyyatşünas alim, filologiya elmləri doktoru,  Xeyrulla Qulam oğlu Məmmədov  70 yaşında qəflətən vəfat etmişdir.

 Xeyrulla Məmmədov 1934-cü ilin avqust ayında Lerik rayonu Zuvand mahalının Hoveri kəndində dünyaya göz açıb. 1952-ci ildə Lerik kənd (o vaxtlar kənd sayılırdı) orta məktəbini bitirib.

1957-ci ildə S.M.Kirov adına ADU-nun (indiki BDU-nun) Filologiya fakültəsini bitirib.

 1957-1960-cı illərdə Lerik qəsəbə orta məktəbində Azərbaycan dili və ədəbiyyatı  müəllimi kimi fəaliyyət göstərib. Eyni zamanda internat məktəbində baş tərbiyəçi işləyib. Lerik rayonda çıxan “Kolxoz yolu” qəzetində müntəzəm çıxış edib və bu qəzetin məsul katibi olub.

 1960-1963-cü illərdə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedoqoci İnstitutunun  aspiranturasında oxuyub.

1963-cü ilin noyabr ayından ömrünün sonuna kimi  ADPİ-da (sonra ADPU)Azərbaycan ədəbiyyatı tarixi kafedrasına  fəaliyyət göstərmişdir.

1965-1967-ci illərdə baş müəllim, 1967-1982-ci illərdə isə dosent vəzifələrində çalışıb.

1968-1970-ci illərdə Azərbaycan ədəbiyyatı tarixi kafedrası müdirinin müavini vəzifəsinə təyin olunub. 1982-ci ildə   “XIX əsrin sonu, XX əsrin əvvəllərində (1880-1905) Azərbaycanda maarifçi realist ədəbi hərəkat” mövzusunda doktorluq dissertasiyası  müdafiə etmişdir.

2015 – Azərbaycanın məşhur kamança ifaçısı, Xalq artisti Habil Əliyev 88 yaşında Bakıda  vəfat etmişdir.

Habil Əliyev 28 may 1927-ci ildə Ağdaş rayonunun Üçqovaq kəndində anadan olub.

Habil Əliyev 1952-ci ildə Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbinin Kamança şöbəsinə daxil olub. Görkəmli tarzən Qurban Pirimovdan və məşhur müğənni Xan Şuşinskidən muğam sənətinin sirrlərini öyrənməyə başlayıb. Habilin ifaçılığı bəstəkar Soltan Hacıbəyovun da diqqətindən yayınmamışdır. Bəstəkar, Habilin potensial imkanlarını nəzərə alıb, ona filarmoniyada işləməyi məsləhət görüb. O vaxtlar filarmoniyanın direktoru olan Şəmsi Bədəlbəyli, bədii rəhbər Soltan Hacıbəyov, Niyazi, Səid Rüstəmov Habilin ifasında bir muğama və xalq mahnısına qulaq asdılar və çox razı qaldılar. Beləliklə, Habil Əliyev 1953-cü ildə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında əvvəlcə rəqs ansamblında müşayiətçi, sonra isə trioda kamança çalan kimi fəaliyyətə başlayır. Seyid Şuşinski, Həqiqət Rzayeva, Xan Şuşinski, Zülfü Adıgözəlov, Mütəllim Mütəllimov, Şövkət Ələkbərova, Sara Qədimova, Fatma Mehrəliyeva kimi sənətkarların konsertlərində müşayiətçi olan Habil Əliyev həvəslə onların ölməz irsindən bəhrələnir, daha səylə çalışır, saatlarla məşqdən yorulmurdu.

Habil “Segah”, “Bayatı-Qacar”, “Bəstənigar”, “Bayatı-Şiraz”, “Rahab”, “Bayatı-Kürd”, “Cahargah”, “Rast”, “Zabul” muğamlarına yeni kamança həyatı vermişdir. Beləliklə, Habil Əliyev əllinci illərin sonu, altmışıncı illərin əvvəllərində mahir kamança ustası kimi formalaşıb el arasında geniş şöhrət tapdı. Habil Əliyevin virtuoz çalğısını musiqi biliciləri, tez-tez Nikkolo Paqanininin ifaçılığı ilə müqayisə edirlər.

Habil Əliyev keçmiş SSRİ respublikalarında və eləcə də dünyanın bir çox ölkələrində Türkiyə, Amerika, Almaniya, İngiltərə, Fransa, Hindistan, Pakistan, İran, Misir, İsveçrə, Hollandiya, Tunis, Yaponiya, Suriya, Mozambik və sair ölkəlrində qastrol səfərlərində olmuşdur.

Ustad sənətkar virtuoz ifaçılığı ilə yanaşı gözəl mahnıların da müəllifidir. Onun bəstələdiyi 15-dən artıq mahnı bu gün də tanınmış musiqiçilər tərəfindən sevilə-sevilə ifa olunur.

Habil Əliyev Bakıda I Fəxri Xiyabanda dəfn edilmişdir.

Bayramlar və xüsusi günlər:

Hər il sentyab ayının 8-i Beynəlxalq Jurnalist Həmrəyliyi Günü kimi qeyd olunur.

Jurnalistlərin Beynəlxalq Həmrəyliyi Günü 1958-ci ildən etibarən qeyd edilir. Həmin il Beynəlxalq Jurnalistlər Təşkilatının Buxarestdə keçirilmiş IV Konqresində bununla bağlı qərar qəbul olunmuşdur. Dünya mediası üçün əlamətdar sayılan bu tarix 1943-cü il sentyabrın 8-də hitlerçilər tərəfindən qətlə yetirilmiş çexiyalı jurnalist Yulius Fuçikin xatirəsinə təsis edilmişdir.

Beynəlxalq Bilik Günü UNESCO (Birləşmiş Millətlər Təhsil, Elm və Mədəniyyət Təşkilatı) tərəfindən 1965-ci ilin 8 sentyabr tarixində elan olunub.

Məqsəd savadlılığın insanlar, icmalar və ümumilikdə cəmiyyət üçün faydalı olmasına diqqət çəkməkdir. UNESCO həmçinin beynəlxalq ictimaiyyətə savad almağın insan haqlarından biri olduğunu xatırladır .

 

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

Son yazılar

Sitatlardan seçmələr:

   

Həcər, ad günün mübarək!