Tarixdə bu gün

İlin 253-cü günü (uzun illərdə 254-cü)
İlin sonuna 112 gün qalır.
Mühüm hadisələr:
1509 — İstanbulda böyük zəlzələ baş vermişdir.
1894 — İlk dəfə olaraq Londonda sərxoş vəziyyətdə avtomobil idarə edən Corc Smit 1 funt-sterlinq məbləğində cərimə olunmuşdur.
1920 — Bakıda Türkiyə Kommunist Partiyası təsis olunmuşdur.
Doğum günləri:

1917 – Azərbaycan Respublikasının Xalq artisti Firuzə Məmmədqulu qızı Əlixanova Ordubadda anadan olmuşdur.
Naxçıvan Dövlət Musiqili Dram Teatrının ilkin aktrisalarındandır. Onun səhnəyə gəlişi hadisəyə çevrilib və bundan sonra daha bir neçə gənc qız həyatını teatrla bağlayıb. Realist teatr məktəbinin görkəmli nümayəndələrindən sayılır. Oyunu təbii və şirin yumoru, xoşagəlimli səmimiyyəti, gülüşün məna tutumu ilə səciyyəvi olub.
Firuzə Əlixanova Ordubad şəhər səkkizillik məktəbində təhsil alıb və Naxçıvan Kənd Təsərrüfatı Texnikumuna daxil olub. Şəhərin bayram tədbirlərində şən mahnılar oxuyan Firuzənin ifaçılıq istedadı Səməd Mövləvinin diqqətini cəlb edib. Onun səyi ilə tələbə qız 1932-ci ildə Naxçıvan teatrına aktrisa dəvət olunub. Bu kollektivdə şərəfli və şöhrətli yaradıcılıq yolu keçib. Səhnə xidmətlərinə görə 17 oktyabr 1964-cü ildə Azərbaycan Respublikasının Əməkdar artisti və 15 noyabr 1974-cü ildə Xalq artisti fəxri adları ilə təltiflənib. 45 il səhnədə fədakarlıqla çalışan aktrisa 1977-ci ildə ərizə yazaraq səhnədən uzaqlaşıb.
23 noyabr 1994-cü ildə Naxçıvanda vəfat edib.

1968 — Azərbaycanın Milli Qəhrəmanı Fərhad Qənbər oğlu Hümbətov Qərbi Azərbaycanın Qarakilsə (Quqark) rayonunun Arçut kəndində anadan olmuşdur. 1983-cü ildə burada orta məktəbin səkkizinci sinfini bitirmiş və Komanlı (Spitak) rayonundakı texniki-peşə məktəbində sürücülük peşəsinə yiyələnmişdir. Hərbi xidməti əvvəlcə Çitada, sonra isə Monqolustan Respublikasında keçirən Fərhad 1988-ci ildə İrkutsk şəhərində ordudan tərxis olunmuşdur.
O zaman Hümbətovun valideynləri də digər azərbaycanlılar kimi tez-tez erməni təcavüzünə məruz qalır, təhlükə içərisində yaşayırdılar. O, bütün çətinliklərə baxmayaraq, doğma kəndinə qayıdır, ailəsini Bakıya köçürür. Bakı şəhəri Məişət Xidməti İdarəsində sürücü kimi əmək fəaliyyətinə başlayır.
Fərhad 1990-cı il 20 Yanvar faciəsi zamanı təsadüf nəticəsində sağ qalmışdır. Gördükləri Fərhadda erməni təcavüzkarlarına qarşı amansız hiddət oyatmışdır.
O, 1991-ci ilin oktyabr ayında cəbhəyə gedib. Könüllülərdən ibarət Şıx batalyonunun sıralarında döyüşə atılaraq, bir neçə kəndin azad olunmasında böyük şücaət göstərmişdir.
Fərhadın döyüş yolu çox şərəfli olmuşdur. O, 1992-ci il martın 7-də Şuşa, Kosalar, Xankəndi istiqamətlərində uğurlu döyüş yolu keçmiş və düşmənin 5 postunu dağıtmışdır. Fərhad 1992-ci il 29 martda Xankəndi yaxınlığında sayca üstün olan erməni silahlıları ilə döyüşə girmiş, yaralıları xilas edə bilsə də, özü qəhrəmancasına həlak olmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı Fərmanı ilə Fərhad Qənbər oğlu Hümbətova Azərbaycanın Milli Qəhrəmanı fəxri fəxri adı verilmişdir.
Bakı şəhəri Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Binəqədi rayonunda qəhrəmanımızın adına park salınmış, büstü qoyulmuşdur.
Vəfat etmişdir:

1992 — I Qarabağ müharibəsinin iştirakçısı, əsgər Asif Rüstəm oğlu Rüstəmov Vətən uğrunda döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.
Asif Rüstəmov 1956-cı ilin avqust ayının 5-də Ağdam rayonunun Keştazlı kəndində dünyaya göz açmışdır. Kənd orta məktəbini bitirdikdən sonra əsgəri xidmətə çağrılıb. 1980-ci ildə Ağdama qayıdıb. Burada tikinti sahasində çalışıb və pəhləvan kimi də ad-san qazanıb. Qarabağ muharibəsi başlayanda könüllü şəkildə cəbhəyə yola düşüb. Qiyaslı batalyonunda komandir müavini ki fəaliyyət göstərib. 1992-ci il sentyabr ayının 10-da Ağdərə rayonunun Çıldıran kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub və boya-başa çatdığı Keştazlı kəndində dəfn olunub.

1992— I Qarabağ müharibəsinin iştirakçısı,əsgər Müşviq Adil oğlu Babayev Vətən uğrunda döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.
Müşviq Babayev 1971-ci il 24 fevralda Şamaxı rayonunun Sabirli kəndində anadan olub.
1992-ci ildə hərbi xidmətə yollanan və bir sıra döyüşlərə qatılan Müşviq Babayev 1992-ci il 10 sentyabrda Ağdərə rayonu istiqamətində şəhid olub.
Müşviq Babayev Şamaxı şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
Bayramlar və xüsusi günlər:
10 sentyabr Dünya İntiharla Mübarizə Günü kimi qeyd olnur.

İntihar qəsdən özünün ölümünə səbəb olan hərəkətdir. Risk faktorlarına depressiya, bipolyar pozuntu, şizofreniya, şəxsiyyət pozğunluğukimi ruhi nasazlıqlar da aiddir. İntihar maliyyə çətinliklərindən, münasibətlər ilə bağlı çətinliklərdən və s. bu kimi ciddi səbəblərdən yarana bilər.
İntiharın qarşısının alınması üçün yaradılmış Beynəlxalq Assosiasiya Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə birgə ictimaiyyəti bu gündə intihar nəticəsində itirilə biləcək insan həyatını xilas etmək məqsədilə məsuliyyət hissinin gücləndirilməsi üçün maarifləndirmə işləri aparır, müxtəlif tədbirlər həyata keçirir.
ÜST-nin hesabatına əsasən, ildə 1 milyon insan özünü öldürür. 2020-ci ilədək bu rəqəmin 1,5 dəfə artacağı proqnozlaşdırılır. Hal-hazırda intihar səviyyəsinə görə Qərbi Avropa birinci yerdədir.
Azərbaycanda da intihar faktları getdikcə intensivləşməkdədir.




Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.