Bizim yazarlar


Qonşumuz Əlimirzənin itini ta küçüklükdən tanıyırdım. Hardansa tutub gətirmişdi. Allahtərəfi yaxşı da saxlayırdı. Balaca itdamı da tikmişdi onunçun. Heç vaxt da zəncirə vurmazdı. İt azad böyümüşdü. Həyətə girənləri hənirindən tanıyırdı. Hürərdi , amma kimsəyə toxunmazdı.Əlimirzə elə öyrətmişdi. Dil bilirdi it sanki. Amma hər ehtimala qarşı həyət qapısını döyüb gözləyirdi gələn qonaqlar. İtə nə etibar var axı? Hərdən Əlimirzəyə qoşulub qonşuları da gəzirdi it. Kənddə hamı tanıyırdı bu iti.

Onu görəndə bəzən uşaqlar qorxub qaçırdılar.İtsə hər kəsin yanından etinasız keçirdi .Yəni ki, heç kimlə işim yoxdu.Sərbəst gəzə bilərsiz demək istəyirdi. Qızılı rəngi olduğundan Əlimirzə onun adını “Qızıl” qoymuşdu. İt adını tanıyırdı. Çağıran kimi gəlib dururdu ayağımızın yanında. Sualdolu baxışları ilə zilləyirdi gözünü gözümüzün içinə. Əyilib başını sığallayırdıq, belinə tumar çəkirdik. Əlimizin altında xumarlanırdı. Yaraşıqlı it idi. Həm də çoxbilmiş. Özünü istətməyi bacarırdı. Divarın o tayı onların həyəti idi. Hürəndə bilirdik ki, kimsə yaxınlaşıb darvazamıza. Elə bil bütün qonşuların keşiyini çəkirdi bu it. Gözütox idi həm də. Sülənməyi sevməzdi. Bircə tanıdıqlarından nəsə umurdu. Mənə elə gəlirdi yəni. Kəndin o başında hürməyindən tanıyırdıq “Qızıl”-ı.Hərdən qabağımıza düşüb getdiyimiz yerəcən ötürürdü bizi. Yadımdadı.Bizdən iki ev aralı bir qonşu vardı: Suğra xalagil. Bir gün anam məni yumurta almağa göndərmişdi onlara.Onların da bir dişi itləri vardı. Ağzı yava idi deyə zəncirləyirdilər. Sən demə həmin gün təsadüfən iti açıb buraxıblarmış.İt uzaqdan məni görüb qırğı kimi üstümə şığıdı. Qorxudan gözlərim böyüdü.Özümdən ixtiyarsız qışqıra-qışqıra qaçmağa başladım itin qabağınca. Artıq özümdən əlimi üzmüşdüm. Bilirdim ki, bu qancığın əlindən qurtuluşum yoxdu. Ölümümü gözə almışdım artıq. Ürəyim qorxudan ağzıma gələcəkdi sanki.Birdən möcüzə baş verdi.Nə görsəm yaxşıdı.Qızıl dişi itin boynundan tutub boğurdu. Səsə ev yiyələri də düşmüşdülər həyətə artıq. Onlar da mat -məəttəl qalmışdılar . Suğra xala hövlnak yanıma gəlib sual yağışına tutdu məni:
—Ay bala, niyə gələndə xəbər eləmirsən? Çər dəymiş yeyərdi səni diri-diri.Hər şey qaydasındadı? Qapıb eləməyib səni ?
—Yox. Şükür ki, salamat qurtardıq. Sağ olsun Qızılı. Yaxşı çatdırdı özünü.Vaxtında.
Oğlanları itlərinin zəncirindən tutib ağaca bağladılar. İt guya əlindən bir şey gəlirmiş kimi zəncir çeynəyirdi. Bilirdi ki, Qızılın yanından yel olub keçə də bilməz. Amma kürəyini yerə də vurmaq istəmirdi.Yenildiyini həzm edə bilmirdi. Dönüb Qızıla baxdım. Məğrur- məğrur ora-bura qaçırdı.


Sanki meydan sulayırdı. Mənə elə gəldi ki, bərk hirslidi həm də.Əyilib başına sığal çəkdim. Gözündə həyəcan gördüm. O an elə doğma, məhrəm gəldi ki, it mənə. Bu an yaşayırdımsa, bu itə borcluydum. Zivər xala 7 düyü atdırdı mənə sonra.Guya qorxuluğu götürürmüş .İnanmasam da düyüləri ovuclayıb uddum. Necə olmasa xalqın inancı idi. Sonra yumurtaları da götürüb evimizə döndüm.Qızıl da qabağıma düşdü. Arada yolboyu dönüb mənə baxırdı.Elə bil ki, nəzarətdə saxlayırdı məni. O gündən daha da çox istəyirdim Qızılı.Ən yaxın dost idi. Hara çatırdımsa Qızılı öyə-öyə danışırdım.İti qaldırıb qoymuşdum ala dağın başına.
…Bir gün günorta vaxtı Əlimirzə kişinin həyətində çığır -bağır düşdü. Hərə bir yanda qışqırırdı. Qızılın səsi də həyəti başına götürmüşdü.Hövlnak qonşu həyətə keçdim. Gözümə inanmadım. Şükür adlı kəndçimiz ayaqlarını tutub yerdə qıvrılırdı. Gözü hədə-qədədən çıxmışdı.Əvvəlcə heçnə anlamadım.Sonra başa düşdüm ki, Şükür Qızılın güdazına gedib. Baldırına diş batırmışdı Qızıl. Ev yiyəsi həyətdə olmasaymış, diri-diri yeyəcəkmiş kişini. Özləri belə dedi, yəni .

İnanmağım gəlmirdi nəsə. Əlimirzə kişinin mənlə yaşıd oğlu itin boğazına zəncir bağlayırdı. İt sakit durmayanda da arada belinə, başına təpik vururdu:
—Qudurub yaramaz. Yazıq kişinin üstünə necə şığıdısa, heç kimin xəbəri olmadı. Yaraladı kişini.
—Axı Qızıl bu vaxtacan kiməsə hücum etməyib.Necə ola bilər bu?
Hər vəchlə Qızıla haqq qazandırmağa çalışırdım.Oğlan deyəsən heç mənə qulaq da asmırdı. Öz işində idi. Nəhayət, iti döyə -döyə həyətin başındakı tut ağacına zəncirlədi. Qızıla yazığım gəldi bir anda. Boynunu qucaqlayıb başından öpmək istədim. Gözüm gözlərinə sataşdı. Heyrətə gəldim.Qızılın gözlərindən yaş axırdı.İt ağlayırdı. Birdən-birə Şükürə acığım tutdu. Axı xəbərsiz-ətərsiz nə vacib idi ki, həyətə girirdi. Bilmirdimi ki, bu həyətin iti var?. Adam bir qapını döyüb gözləyər. Amma Qızılın da ona hücum etdiyinə heç inanmağım gəlmirdi. İnanmasam da olan olmuşdu. Əlimirzə kişinin yarasını yuyub təmizlədi.Spirt vurub sarıdı.Kişi hələ ufuldayırdı.Arada -bir itin qarasına söyüb söylənirdi də. O söyləndikcə mən əsəbi ləşirdim. Əlbəttə, Qızıl bizim itimiz olsaydı, mən ona heç bir cəza verməzdim. Görəsən kişi neyləmişdi ki, it ona hücum etmişdi. Günahı o kişidə axtarırdım.Daha orda dayana bilmədim
Qanıqara evimizə döndüm. Qızılın səsi kəsilmırdi. Qulaqlarımı tutmuşdum ķi, eşitməyim. Sonra kitab oxumaq istədim . Əlimə köhnə kişilərdən birinin kitabı keçdi. Anamın kitabxanasından seçib bir kitab götürdüm. Kiril əlifbası ilə yazılmışdı. Seyran Səxavətin “Dar köynək”əsəri. Vərəqlədim, oxumağa həvəsim olmadı. Qatlayıb bir qırağa qoydum. Atam işdən gələndə hiss etdi ki, kefim yoxdu.Səbəbini soruşdu.Olanları danışdım.Diqqətlə qulaq asdıqdan sonra :
—İt də bilib e Şükürün taraz adam olmadığını. Uşaqlıqdan üzübəri düz əməlli işi olmayıb. Paxılın, yekəxananın, vicdansızın biridi. Fikri -zikri onun bunun bostanına daş atmaqdı. Lap yaxşı olub ona.Qızıla halal olsun dedi.
Elə bil çiynimdən yük götürüldü. Qızılın günahsız olduğuna bir daha əmin oldum. Hava qaranlıqlaşanda, qəribə səs gəldi qulağıma. Canavar ulayırdı. Özü də lap yaxınlıqda idi bu səs. Eyvana çıxdım.Sonra hiss etdim ki, bu səs qonşudan gəlir. Bir az da qulaq kəsiləndən sonra başa düşdüm ki, ulayan Qızıldı. Ətim ürpəşdi. Tez evə keçdim. Bütün gecəni Qızıl uladı, mən yatmadım. Səhər üzü səs kəsildi. Səs kəsiləndən sonra yuxuya getdim. Yuxuda Qızılı gördüm.Suğra xalagilin dişi itiylə dava edirdi. Birdən hər yeri duman bürüdü. Qızıl yoxa çıxdı.Nə qədər çağırdımsa səsimə səs vermədi.Öz səsimə oyandım yuxudan. Saata baxdım.Gün günortanı keçmişdi. Əzgin idim.Bir yandan da yuxunun təsirindən çıxa bilmirdim. Durub əl üzümü yudum. Bir az özümə gəldim. Eyvana çıxdım. Qonşu həyətə baxdım. Sakitçilik idi. Qızılın da səsi gəlmirdi. Birdən qonşunun mənlə yaşıd oğlu Sadiqi gördüm. Əl elədim. Başıyla salamlaşdı mənlə. Sonra nə düşündüsə geri döndü.Düz hasarımızın dibinə gəlib :
—Qızıl öldü_dedi.
—Necə yəni öldü?


—Öldü də. Səhər durub gördük ki, boğulub ölüb.Zəncirini qırmaq istəyib, dolanıb ağacın başına və boğulub.
—Qızılı haqsızlıq öldürdü, ədalətsizlik öldürdü dedim və sakitcə otağıma keçdim.
Gözüm aynada özümə sataşdı. Gözlərim şişmişdi, rəngim boğulmuşdu. Heyim yox idi. Özümü günahkar hiss edirdim Qızılın qarşısında. Onu xilas edə bilmədiyimçün özümdən zəhləm gedirdi. Heç cür sakitləşə bilmirdim. Qəhər boğazımda düyünlənib qalmışdı. Ağlasaydım boşalardım. Birdən hardansa it zingiltisi eşidildi. Kimsə hardasa daş atmışdı deyəsən itə. Axı it ağrıyanda belə zingildəyir. Yumruğumu düyünləyib böyrümə sıxdım. Anidən nə fikirləşdimsə hövlnak ayağa durdum və küçəyə qaçdım.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

Previous Post
Next Post

Son yazılar

Sitatlardan seçmələr:

   

Həcər, ad günün mübarək!