Tarixdə bu gün

İlin 255-ci günü (uzun illərdə 256-cı).

 İlin sonuna 110 gün qalır.

Mühüm hadisələr:

1723 – Rus qoşunu Xəzərətrafı rayonları və Bakını işğal edir.

1799 – Dərbənd şeyxi Əli xan rus vassallığını qəbul edir.

1980 – Türkiyədə ordu hakimiyyəti ələ alır. Cümhuriyyət tarixində üçüncü dəfə ordu siyasi hakimiyyətə açıq şəkildə müdaxilə edir.

2008 – BMT Baş Məclisinin 62-ci sessiyası çərçivəsində Azərbaycan tərəfindən irəli sürülmüş “Sənaye sahələrində şəffaflığın artırılması” adlı qətnamə qəbul edilir.

2008 – Bakıda özbək şairi Əlişir Nəvainin abidəsi qoyulur.

Doğum günləri:

1887 — Azərbaycanlı dövlət xadimi və yazıçı. Azərbaycan Xalq Cümhuriyyətinin Osmanlı Türkiyəsində ilk səfiri Yusif Vəzir Çəmənzəminli Şuşa şəhərində anadan olmuşdur.

 Yusif Vəzirin atası Məşədi Mirbaba Mirabdulla oglu Vəzirov Şuşa bəylərindən biri idi. Onun bəyliyi 1873-cü il aprel ayının 13-də Şuşa qəza idarəsi tərəfindən təsdiq edilmiş və ona bu haqda şəhadətnamə verilmişdir. Yusif Vəzirin daşıdığı Vəzirov soyadı XVIII əsr Qarabağ hökmdarı İbrahimxəlil xanın nüfuzlu vəzirlərindən biri olan Mirzə Əliməmmədağanın tutduğu vəzir vəzifəsinə bağlı olaraq nəsildən-nəsilə keçmişdir. İbrahimxəlil xanın vəziri Mirzə Əliməmmədağa Vəzirov soyadını daşıyan Məşədi Mirbaba (Yusif Vəzirin atası) nəslinin ulu babasıdır.

Yusif Vəzir 1930-35-ci illərdə Azərbaycan Neft İnstitutunda işləyən zaman, həmin institutda çıxan “Əzizbəyov adına Azərbaycan qızıl Bayraqlı Neft İnstitutunun əxbari” jurnalında “Neft və onun tarixi” adlı məqaləsi ilə bərabər bir çox məqalələr yazıb çap etdirmişdir. Yusif Vəzir bir çox hekayələrini “Maarif və mədəniyyət” jurnalında və başqa mətbuat orqanlarında çap etdirir. Sonralar isə “Qızlar bulağı”, “Studentlər”, “1917-ci il” adlı romanlarını çap etdirir. 1935-ci ildə “Həzrəti-Şəhriyar” adlı komik pyesini bitirir. Uzun illər tədqiqatçıların diqqətindən kənarda qalan “Həzrəti-Şəhriyar” komediyası, nəhayət, ilk dəfə 1980-ci ildən incəsənət toplusu “Qobustan” jurnalının 4-cü nömrəsində çap olundu. Dünyada geniş tanınmış və bestsellerə çevrilmiş “Əli və Nino”nun [1]Yusif Vəzir Çəmənzəminlinin qələmindən çıxdığını iddia edən ədəbiyyatşünaslar var.

Yusif Vəzir tərcümələr üzərində də işləyirdi. O, L.Tolstoyun, İ.Turgenevin, A.Neverovun, N.Qoqolun, B.Lavrenevin, L.Seyfulinanın, V.Hüqonun və s. bir neçə əsərlərini rus dilindən Azərbaycan dilinə tərcümə etmişdi. O, kino-ssenarilərin tərcüməsi işində də fəal iştirak etmişdi. Azərbaycan dilində ilk səsli film olan məşhur “Çapayev” filminin ssenarisini də Azərbaycan dilinə 1936-cı ildə Y.V.Çəmənzəminli tərcümə etmişdi. Yusif Vəzir 1937-ci ilin aprel ayında tamamladığı “İki od arasında” adlı tarixi romanı işdən çıxarıldığı üçün çap etdirə bilməmişdi. Öz sağlığında nəşr etdirmək qismət olmayan Yusif Vəzirin bu tarixi romanı ilk dəfə 1964-cı ildə “Azərbaycan” jurnalında müəyyən ixtisarla “Qan içində” adı ilə çapdan çıxmışdı. Yusif Vəzir Yazıçılar İttifaqından çıxarılmazdan 3-4 ay əvvəl yazdığı “Altunsaç” adlı kinossenarisini də “Azərfilmə” vermişdi. Geniş mütəxəssis müşavirəsində oxunub bəyənilməsinə baxmayaraq “Azərfilmin” direktoru Merkel son mərhələdə Yusif Vəzirə müraciət edərək demişdi, “Studentlər” romanınız tənqid edildiyi üçün sizinlə müqavilə bağlaya bilməyəcəyəm. Yusif Vəzir tərcümələr üzərində də işləyirdi. O, L.Tolstoyun, İ.Turgenevin, A.Neverovun, N.Qoqolun, B.Lavrenevin, L.Seyfulinanın, V.Hüqonun və s. bir neçə əsərlərini rus dilindən Azərbaycan dilinə tərcümə etmişdi.

1921— Tanınmış yazıçı Novruz İsmayıl oğlu Sadıqov (Novruz Gəncəli) Bakının Maştağa kəndində dəmirçi İsmayıl Zəbihin ailəsində anadan olub. O İsmayıl Zəbih ki, onun da özünə məxsus bir şairlik qüdrəti vardı. Səkkiz yaşında olarkən atasını vaxtsız itirən Novruz Gəncəli böyük qardaşı Qulamhüseyn Gəncəlinin himayəsində yaşayıb, boya-başa catıb. O, 1934-cü ildə Z. A. Tağıyev adına Toxuculuq fabriki nəznində olan 63 saylı orta məktəbdə ibtidai təhsil alıb. Sonradan ailəsi ilə birlikdə Gəncəyə köçüb. 1939-cu ildə Gəncə şəhər 3 saylı Beynəlmiləl orta məktəbini bitirərək, Azərbaycan Dövlət Universitetinin  Filologiya fakültəsinə daxil olub. Novruz Gəncəli təhsil aldığı dövrdə, eyni zamanda 1939–1940-cı illərdə kitabxanada şöbə  müdiri, 1940–1941-ci illərdə isə İncəsənət muzeyində ekskursiya rəhbəri vəzifəsində çalışıb. Universitetin II kursunda o, əyani şöbədən qiyabiyə keçirilərək, 1941–1943-cü illərdə Lerik rayonunun bir neçə orta məktəbində müəllimlik edib. Hətta burada məktəb direktoru kimi də pedaqoji fəaliyyət göstərib. 1943–1946-cı illərdə Bakıda Dövlət Təhlükəsizliyi orqanlarında məsul vəzifələrdə çalışan Novruz Gəncəli 1946–1949-cu illərdə Azərbaycan Yazıçılar İttifaqının “Natəvan” klubunda da çalışıb. 1950–1960-cı illərdəki zaman kəsiyində müxtəlif vaxtlarda “Ədəbiyyat qəzeti” redaksiyasında tənqid şöbəsinin müdiri, “Azərbaycan gəncləri” qəzeti redaksiyasında ədəbi işçi, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Təbliğat və təşviqat şöbəsində isə təlimatçı kimi də fəaliyyət göstərib. Novruz Gəncəli həmçinin 1960–1976-cı illərdə “Azərbaycan” jurnalı redaksiyasında baş redaktorun müavini olub.

Novruz Gəncəlinin “Odlu ürəklər” adlanan ilk kitabı 22 yaşında işıq üzü görüb. Sonrakı illərdə “Unudulmaz günlər”, “Şerlər”, “Dalğalar”, “Mənim mahnılarım”, “Üç dost”, “Könüllər açılanda”, “Unuda bilmirəm”, “Ədəbi dost” şeir kitabları ilə yanaşı ümumilikdə 14 kitabı nəşr olunub. Şair-dramaturq, tənqidçi, müəllim və ictimai xadim olan Novruz Gəncəli eləçə də C. Bayronun “Kavur”, A. Makayenokun “Tribunal”, C. Patrikin “Qəribə Missis Sevinc”, B. Brextin “Kuraj ana və onun uşaqları” pyeslərini doğma Azərbaycan dilimizə tərcümə edib.

Novruz Gəncəli həm də bir dramaturq olaraq Azərbaycan teatrına maraqlı və orjinal səpgili, dövrünün aktual problemlərini özündə əks etdirən pyeslər də yazıb. Onun qələmə aldığı 1950-ci illərin sonlarında Dövlət Gənc Tamaşacılar teatrının səhnəsində quruluşçu rejisor xalq artisti, “Qızıl Dərviş” mükafatı laureatı Lütfi Məmmədbəyovun quruluşunda “Düşmənlər icində”, sonradan 1951-ci ildə isə Gəncə Dövlət Dram teatrının səhnəsində quruluşçu rejisorlar, respublikanın əməkdar incəsənət xadimi Həsən Ağayev və Yusif Yulduzun quruluşunda “Düşmənlər icində”, 1952-ci ildə Gəncə Dövlət Dram teatrının səhnəsində quruluşçu rejisor Yusif Qazıyevin quruluşunda “Şəlalə”, 1964-cü ildə Dövlət Gənc Tamaşacılar teatrının səhnəsində quruluşçu rejisor Kərim Həsənovun quruluşunda bədii fontastik bir mövzuda olan “Yanmış planetin sərvətləri”, 1965-ci ildə Azərbaycan Dövlət Musiqili Komediya teatrının səhnəsində quruluşçu rejisor Niyaz Şərifovun quruluşunda “Ev bizim, sirr bizim”, 1968-ci ildə Ağdam Dövlət Dram teatrının səhnəsində quruluşçu rejisor, əməkdar artist Heydər Şəmsizadənin quruluşunda “Niyə dirilmisən”, 1970-ci ildə Gəncə Dövlət Dram teatrının səhnəsində quruluşçu rejisor, xalq artisti, “Qızıl Dərviş” mükafatı laureatı Vaqif Şərifovun quruluşunda “Məhəbbət körpüsü”, 1985-ci ildə Gəncə Dövlət Dram teatrının səhnəsində quruluşçu rejisor Hilal Həsənovun quruluşunda “Səadət yağış deyil”, 1992-ci ildə Füzuli Dövlət Dram teatrının səhnəsində quruluşçu rejisor, xalq artisti Valeh Kərimovun quruluşunda “Niyə dirilmisən” pyeslərinə maraqlı səhnə traktofkası ilə müraciətlər olub.

Novruz Gəncəli 1995-ci il 19 oktyabr tarixində Bakı şəhərində vəfat edib.

1938— Sovet və rus rejissoru, ssenarist və fotoqraf — Rusiya Federasiyasının Əməkdar artisti, Azərbaycanın  Respublikasının Xalq artisti Tofiq Rzaqulu oğlu Şahverdiyev Bakı şəhərində anadan olub.

 Tofiq Şahverdiyev Taqanroqda böyüyüb. 1960-cı ildə o, Taqanroq Radio Energetika İnstitutunu, 80-ci illərdə isə Kiyev Dövlət İnstitutunu bitirmiş  və uşaq filmləri üzrə bir neçə seriyanın direktoru olmuşdur.

1995-ci ildə Şahverdiyev film “The Crusader ” də Cameo rolu ilə tanınmağa başlamışdır.

Şahverdiyev dəfələrlə film “Victory Mart”, 2001-ci ildə “Nika ” və 2002-ci ildə  isə Visual Arts ” Qartal balası ” festivalının  və digər mükaftlara   layiq görülmüşdür.

1990-cı ildə Rusiya Rəssamlar İttifaqının Rəssamlar və Fotoqraflarının üzvü olmuşdur .

Hal-hazırda Moskvada yaşayır və o, 1992-ci ildən fəliyyətdə olan “Studio TS “-də  işləyir.

65

1960 — Geologiya-mineralogiya elmlər doktoru, AMEA-nın müxbir üzvü Elmira Hacı Murad qızı Əliyeva Bakıda anadan olmuşdur.

Azərbaycan Respublikası Dövlət Mükafatı laureatıdır.

Əsas elmi nailiyyətləri:

Orta və Cənubi Xəzər hövzələrinin qərb bortunda mezo- kaynozoy çöküntülərinin toplanma şəraitinin dəqiq öyrənilməsi, neftli ana və kollektor süxurların toplanmasının fasial kontrolu və siklliliyinin müəyyən olunması;

Cənubi Xəzər hövzəsinin dərin gömülmüş mərkəzi hissəsində iri karbohidrogen rezervuarlarının mövcudluğu ehtimalının əsaslandırması;

Cənubi Xəzər  hövzəsində karbohidrogen rezervuarları arxitekturunun formalaşmasında dəniz səviyyəsinin dəyişməsinin rolu;

Məhsuldar qat çöküntülərinin toplanma şəraitinin dəqiq öyrənilməsi və Cənubi Xəzər hövzəsinin pliosen ərzində dəqiq paleocoğrafik rayonlaşdırılması və kollektorların keyfiyyətinin dərəcələrə bölünməsi;

Qırmakı dərəsində məhsuldar qatın  alt və üst şöbəsinin nadir fasiləsiz kəslişinin litoloji-sedmentoloji təsvirinin santimetr miqyasında verilməsi;

Palçıq vulkanlarının tullantılarına  görə Cənubi Xəzər hövzəsi Qərb yamacının eosen-miosen çöküntülərinin palecoğrafiyası.

Vəfat etmişdir:

1916 — Birinci Dünya müharibəsi iştirakçısı, ilk azərbaycanlı təyyarəçi,   poruçik Fərrux Qayıbov 24 yaşında vəfat etmişdir.

Araşdırıcı jurnalist Şəmistan Nəzirlinin sözlərinə görə, Qayıbovların şəcərəsi XV əsrə gedib çıxır. Şair Molla Vəli Vidadi də Qayıbovlardandır. Çar ordusunda “artilerya allahı” sayılan Əliağa Şıxlinskinin də onlara qohumluğu çatır. Onun həyat yoldaşı, ilk hərbi şəfqət bacısı Nigar xanım Şıxlinskayanın qızlıq soyadı da Qayıbova idi.

Fərrux ağa 2 oktyabr 1891-ci ildə Qazax qəzasının Qıraq Salahlı (indiki Aşağı Salahlı) kəndində doğulmuşdu. Atası Məmmədkərim ağa da hərbçi idi. O, imperator adına Qafqaz Leyb-Qvardiya Konvoy Eskadronunun dördüncü müsəlman vzvodunun yunkeri idi. 27 iyul 1877-ci ildə əlahəzrət imperatorun əmri ilə nizami qoşunlarında uzun illər nümunəvi xidmətinə görə ona praporşik rütbəsi verilmişdir.

Əla xidmətə görə “Müqəddəs Stanislav” ordeni də almışdı. Sonrakı illərdə Məmmədkərim ağa Qayıbov Qazax və Yelizavetpol qəzalarında məhkəmə rəisi, Cavanşir və Yelizavetpol quberniyalarında polis pristavlığında sahə rəisi vəzifələrində çalışmışdır. 1894-cü il avqustun 30-da əla xidmətinə görə, Məmmədkərim ağa üçüncü dərəcəli “Müqəddəs Stanislav” ordeni ilə təltif olunmuşdur.

Atasını çox erkən itirən Fərrux ağa dövrünün görkəmli maarifçisi, əmisi Səməd ağa Qayıbovun himayəsində böyümüşdür.

Kənddə 5 sinifli rus-azərbaycan məktəbini bitirir, sonra Əliağa Şıxlinskinin məsləhəti ilə Tiflis Kadet Korpusunda təhsil alır. 1910-cu ildə oranı əla qiymətlərlə bitirir, üçillik Peterburq Konstantin Topçuluq Məktəbinə daxil olur. Burada da ən çalışqanlardan olur, hətta topdan sərrast atəş açdığı üçün birinci mükafat alır.

1913-cü ildə hərbi məktəbi bitirərək podporuçik rütbəsi alan Fərrux Ağa xidmət etmək üçün 39-cu artilleriya briqadasına göndərilir, sonradan isə məşhur İlya Muromets-16 ekipajına qəbul edilir. Birinci dünya müharibəsi başlayanda, onu Qərb cəbhəsindəki on birinci Aviasiya korpusuna göndərirlər. Poruçik Qayıbov 1916-cı il sentyabrın 12-də Qərb cəbhəsi qərargahının tapşırığı ilə Borınaya hücum edir, almanların mövqelərini bombardman edir, hər şeyi külə döndərir. Onun təyyarəsinə 4 alman qırıcısı hücuma keçir. Qayıbov onların üçünü yandırır və aldığı zərbədən təyyarə ilə yerə çırpılıb həlak olur. Almanlar təyyarəçinin igidliyinə heyran qalırlar. Səhəri gün alman təyyarələrinin atdığı kağızlarda Qayıbovun və heyətinin qəhrəmancasına vuruşaraq həlak olduğu və onlar tərəfdə şərəflə dəfn edildiyi yazılırdı. Almanlar qəhrəman təyyarəçilərin məzarı başında yaylım atəşi də açırlar. Fərrux Qayıbovun təyyarəsi almanların müharibə boyunca vurduğu yeganə rus bombardmançı təyyarəsi olur.

Yaxın zamanlaradək poruçik Fərrux ağa Qayıbovun dəfn olunduğu yer naməlum qalırdı. Belarusiyalı könüllülər Boruna qəsəbəsi yaxınlığındakı çağdaş dövrümüzdə bərpa edilən alman məzarıstanında Fərrux Qayıbovun uyuduğu son mənzilini aşkarlamışlar.

2001 — Məşhur azərbaycanlı yazıçı və tərcüməçi, geologiya-mineralogiya elmləri namizədi , dosent, Azərbaycan Respublikası Əməkdar mədəniyyət xadimi Manaf Süleymanov 89 yaşında Bakıda vəfat etmişdir.

Manaf Süleymanov 1912-ci il martın 3-də Azərbaycanın İsmayıllının Lahıc qəsəbəsində anadan olmuşdur. Pedaqoji təmayüllü 18 saylı Bakı şəhər məktəbini bitirmiş (1930), sonra M.Əzizbəyov adına Azərbaycan Neft-Kimya İnstitutunun Geoloji kəşfiyyat fakültəsində təhsil almışdır (1932-1937). İnstitutu birinci dərəcəli fərqlənmə diplomu ilə bitirib kəşfiyyatçı-dağ mühəndisi adını almışdır.

Əmək fəaliyyətinə Qaradağ neftqaz mədənləri idarəsində mühəndislikdən başlamışdır. Azərbaycan Sənaye İnstitutunda assistent, dosent (1939), institutun neft-qaz yataqları geologiyası axtarışı kafedrasının dosenti olmuşdur.

Ədəbi yaradıcılığa 1947-ci ildə “Azərbaycan” jurnalında dərc olunan “Yerin sirri” romanı ilə başlamışdır. İngilis dilindən bədii tərcümələr etmiş, dövri mətbuatda məqalələrlə də çıxış etmiş, bəzən onları “Fərəcoğlu” imzası ilə çap etdirmişdir.

Oxucular onun tərcüməsində Cek London, Con Steynbek, O’Henri, M. Kopelen, A. Qrasi, Oqoto, Aleks La Çuma, Y.A. Makmani, Piter Abrahams, R. Riv, A. Paton, Fillis Altman, Somerset Moem kimi görkəmli ingilis yazıçılarının əsərləri ilə tanış olmuşlar.

Manaf Süleymanov ingilis, fars, ərəb dillərini bilməklə yanaşı, rus dilində də yazıb yaratmışdır.

Onun 636 saylı şəxsi fondunda məşhur Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyev haqqında topladığı arxiv sənədləri, Azərbaycan klassik musiqisinin atası, məşhur musiqiçi, bəstəkar, Şərqdə ilk operanın banisi Üzeyir Hacıbəyovun məktubunun surəti və s. arxiv sənədləri də qorunur.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

Previous Post
Next Post

Son yazılar

Sitatlardan seçmələr:

   

Həcər, ad günün mübarək!