Tarixdə bu gün
İlin 261-ci günü (uzun illərdə 262-ci)
İlin sonuna 104 gün qalır.
Mühüm hadisələr:
1923 – Xankəndinin adı “Stepanakert”lə əvəzlənmişdir.
1992 – Azərbaycan Respublikası Livan ilə diplomatik əlaqələr qurmuşdur.
1994 – Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təməli qoyulmuşdur.

2006 – Antalyada türkdilli dövlətlərin və icmaların 10-cu dostluq, qardaşlıq və əməkdaşlıq qurultayı keçirilmişdir.
2008 – Bakı Musiqi Akademiyasına yenidən Üzeyir Hacıbəyovun adı verilmişdir.
Doğum günləri:

140
1885 — Məşhur bəstəkar, dirijor, pedaqoq, folklorşünas, ictimai xadim, Azərbaycanın Əməkdar incəsənət xadimi Müslüm Maqomayev anadan olmuşdur. Müslüm Maqomayev əslən Qax rayonunun İlisu kəndindəndir. Müslüm Qroznıda, sonra isə Tiflisdəki Qori müəllimlər seminariyasında təhsil almışdı. Burada gələcəyin dahi bəstəkarı Üzeyir Hacıbəyli ilə tanış olmuş və bu tanışlıq sonradan qohumluğa çevrilmişdi. Onların hər ikisi Terequlova bacılarına evlənmişdi.
Müslüm seminariyada skripkada, qaboyda çalmağı öyrənir, bəzən məktəbin orkestrində dirijoru əvəz edirdi…
Şimali Qafqazda, Lənkəranda müəllimlik edən gənc Müslüm Üzeyir bəyin məsləhəti ilə Bakıya gəlir. Dostunun yaratdığı teatr truppasının rəhbəri olur. “Leyli və Məcnun”, “Əsli və Kərəm”, “Şeyx Sənan” operalarına, “O, olmasın, bu olsun”, “Arşın mal alan” musiqili komediyalarına dirijorluq edir.
Müslüm Maqomayevin ilk iri həcmli musiqi əsəri 1916-cı ildə yazdığı “Şah İsmayıl” operasıdır. O zaman bəstəkarın ağlına belə gətirməzdi ki, əsərdəki Aslan şahın ariyasını çox illər sonra üzünü görmədiyi nəvəsi – dünya şöhrətli müğənni Müslüm Maqomayev ifa edəcək.
“Şah İsmayıl” milli operamızı Avropa operasının texniki cəhətdən inkişaf etmiş formaları ilə əlaqələndirmək baxımından ilk təşəbbüs idi. Bu əsərdə bəstəkar operaya xas ariya, duet, çoxsəsli xor kimi əsas elementlərlə yanaşı, milli folklor nümunələrindən də bacarıqla istifadə edib. İlk tamaşası 1919-cu il martın 7-də nümayiş olunan opera indiyədək təqribən 400 dəfə oynanılıb.
Müslüm Maqomayevin yaradıcılıq irsinə “Nərgiz” operası, “Azərbaycan çöllərində”, “Azad olunmuş Azərbaycan qadınının rəqsi”, “Dərviş”, “Şəlalə”, radio marşı kimi simfonik əsərləri, “Ceyranı”, “Turacı”, “Çeçen rəqsi” oyun havaları, “Bahar”, “Bizim kənd”, “Mazut ordusu” mahnıları daxildir.
O, Cəlil Məmmədquluzadənin “Ölülər”, Cəfər Cabbarlının “1905-ci ildə” tamaşalarına musiqi bəstələyib. Üzeyir Hacıbəyli ilə birgə “Azərbaycan türk el nəğmələri” məcmuəsini tərtib edib, 300-dən artıq Azərbaycan xalq mahnı və rəqs havalarını nota alıb.
Bakı radiosunun musiqi rəhbəri təyin edilmiş Müslüm Maqomayev efirdə ən yaxşı əsərlərin səsləndirilməsinə çalışır, bəstəkarlara yeni mahnılar və əsərlər sifariş edirdi. Onun təşəbbüsü ilə radioda “Çahargah gecəsi” adlı muğam konserti təşkil olunmuşdu. Həmin dövrdə Azərbaycan radiosu öz efirini Müslüm Maqomayevin radio marşı ilə açırdı.
Müslüm Maqomayev uzun sürən xəstəlikdən sonra 1937-ci il iyulun 28-də Nalçikdə vəfat edib.
Bakıda Fəxri Xiyabanda dəfn olunub. Azərbaycan Dövlət Filarmoniyası onun adını daşıyır.

140
1885 — Dahi Azərbaycanlı bəstəkarı, musiqişünas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim Üzeyir Hacıbəyov Şuşa qəzasının Ağcabədi kəndində anadan olub. Ü. Hacıbəyovun ilk müəllimi Azərbaycan musiqisinin gözəl bilicisi, dayısı A. Əliverdibəyov olub. O, 1899-1904-cü illərdə Qori Müəllimlər Seminariyasında təhsil alıb. O, burada Avropa musiqi klassiklərinin əsərlərini mənimsəmiş, skripka və baritonda çalmağı öyrənib. Xalq mahnı nümunələrini nota köçürmək bacarığına yiyələnib. Seminariyanı bitirdikdən sonra Üzeyir Hacıbəyov Cəbrayıl qəzasının Hadrut kəndinə müəllim təyin edilib.
Ü.Hacıbəyov 1905-1907-ci illər inqilabı ərəfəsində Rusiyadan Bakıya gəlmiş, Bibiheybətdə, sonralar isə “Səadət” məktəbində dərs deyib. 1907-ci ildə Bakıda Azərbaycan türkcəsində “Hesab məsələləri” və “Mətbuatda istifadə olunan siyasi, hüquqi, iqtisadi və əsgəri sözlərin türki-rusi və rusi-türki lüğəti”ni nəşr etdirib.
Dahi bəstəkar bədii yaradıcılığa publisistika ilə başlayıb. O, “Kaspi”, “Həyat”, “İrşad”, “Tərəqqi”, “Həqiqət”, “İqbal”, “Yeni İqbal” qəzetlərində və “Molla Nəsrəddin” jurnalında “Ordan-burdan”, “O yan-bu yan” və s. başlıqlar altında “Ü”, “Filankəs”, “Behmankəs” və s. gizli imzalarla dövrün mühüm ictimai-siyasi, maarifçilik məsələlərinə dair çoxlu məqalə, felyeton və satirik miniatürləri ilə çap olunub.
1908-ci il yanvarın 12-də (yeni üsulla 25-də) Bakıda Hacı Zeynalabdin Tağıyevin teatrında göstərilən “Leyli və Məcnun” operası ilə təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində opera sənətinin əsasının qoyulması da Ü.Hacıbəyovun adı ilə bağlıdır. Operanın librettosu Füzulinin eyni adlı poeması əsasında yazılır.
Ü.Hacıbəyov 1909-1915-ci illərdə bir-birinin ardınca “Şeyx Sənan” (1909), “Rüstəm və Söhrab” (1910), “Şah Abbas və Xurşud banu” (1912), “Əsli və Kərəm” (1912), “Harun və Leyla” (1915) muğam operaların librettosunu xalq dastanları və rəvayətlər, Firdovsinin “Şahnamə” əsərinin motivləri əsasında yazmışdı. O, “Leyli və Məcnun”dakı üslub xüsusiyyətlərini və estetik sənət prinsiplərini sonrakı operalarında da davam etdirdi.
O, Azərbaycanda musiqili komediya janrının yaradıcısıdır (komediyalarının mətnini də özü yazıb). Onun “Ər və arvad” (1909, ilk tamaşası: 1910), “O olmasın, bu olsun” (1910, ilk tamaşası: 1911), “Arşın mal alan” (1913) musiqili komediyalarında inqilabdan əvvəlki Azərbaycan məişəti, xalq adət və ənənələri öz əksini tapıb. Ü.Hacıbəyov 1911-ci ildə musiqi təhsilini artırmaq üçün Moskvaya getmiş, həmin il burada filarmonik cəmiyyətin musiqi kurslarında, 1913-cü ildə isə Peterburq konservatoriyasında oxuyub. Peterburq dövrü Üzeyir Hacıbəyov yaradıcılığında mühüm rol oynayıb. O, “Arşın mal alan” musiqili komediyasını məhz burada yaradıb.
1937-ci il aprelin 30-da Azərbaycan Opera və Balet Teatrında ilk dəfə tamaşaya qoyulan “Koroğlu” operası (librettosu H.İsmayılov və M.S.Ordubadinindir) Ü.Hacıbəyov yaradıcılığının zirvəsini təşkil edir. Azərbaycan opera sənətinin incilərindən sayılan bu operada Üzeyir bəy ilk dəfə olaraq klassik opera formasına riayət edərək bitkin ariyalar, kütləvi xor səhnələri, müxtəlif ansambllar, balet nömrələri, reçitativlər ərsəyə gətirib.
O, 1948-ci ilin 23 noyabrında 63 yaşında dünyasını dəyişib.
Vəfat etmişdir:

1978 — Məşhur teatr və kino rejissoru və aktyoru, SSRİ Xalq artisti Adil Rza bəy oğlu İsgəndərov 68 yaşında vəfat etmişdir.
Adil İsgəndərov 1910-cu il mayın 5-də Gəncədə bəy ailəsində dünyaya gəlib.
Bakı Teatr Texnikumunda və A. V. Lunaçarski adına Moskva Dövlət Teatr Sənəti İnstitutunda təhsil almışdı, Moskvadakı Bədaye Teatrında rejissorluq təcrübəsi keçmişdi.
1936-cı ildə Akademik Dövlət Teatrında fəaliyyətə başlayan Adil İsgəndərov çox keçmir ki, baş rejissor, sonra isə direktor seçilir və 25 ilə yaxın davam edən bu müddətdə Dövlət Teatrında öz məktəbini yaradır. Heç təsadüfi deyildi ki, o vaxtlar bu sənət ocağını “Adil İsgəndərov teatrı” adlandırırdılar. Rejissor debütü olan “Polad qartal” (1936) tamaşası sənət adamlarında, tamaşaçılarda əsil heyrət doğurmuşdu. Aydın hiss olunurdu ki, teatra əsil sənətkar gəlib. Ona görə də bir-birinin ardınca Adil İsgəndərov “Platon Kreçet”, “Həyat”, “Vaqif” tamaşalarına quruluş verdi. “Vaqif” milli teatr tariximizdə ən uğurlu tamaşalardan olmuşdur.
Adil İsgəndərovun tamaşaları öz orijinallığı, monumentallığı ilə fərqlənirdi. “Xanlar”, “Fərhad və Şirin”, “Aydın”, “1905-ci ildə”, “Dumanlı Təbriz”, “Şərqim səhəri”, “Otello”, “Türkiyədə” və s. əsərləri tamaşaya qoyan bu istedadlı rejissor səhnəyə həmişə yeni nəfəs, yeni ruh gətirirdi. Adil müəlliminin tamaşaları həmişə teatrsevərlərin ürəyincə olardı. Adil İsgəndərovun rejissor kimi başlıca xüsusiyyətlərindən biri də tamaşalara aktyor seçmək məharəti idi. Adicə görüşdən aktyorun obraza uyğun gəlib-gəlmədiyini müəyyən edə bilirdi.
Bu böyük sənətkar həm də güclü təşkilatçı idi. İnsanlarla dil tapmağı bacarırdı. Teatrda direktor işlədiyi illərdə tamaşaların keyfiyyəti yüksəldi, repertuarı zənginləşdi. Və yəqin ki, onun bu qabiliyyətini nəzərə alıb C. Cabbarlı adına “Azərbaycanfilm” kinostuduyasına direktor (1966–1974) təyin etdilər.
1958-ci ildə “Uzaq sahillərdə” (rej. Tofiq Tağızadə) filmində sahibkar Rosselininin rolunu necə böyük istedadla yaradıb. Bu obraz da o qədər böyük deyil, ancaq nədənsə tamaşaçı bu epizodu həmişə səbirsizliklə gözləyir. “Qara daşlar”, “Məhəbbət dastanı” filmlərində də onun ifa etdiyi qəhrəmanlar öz milli koloriti ilə tamaşaçı diqqətindən yayınmır.
Ancaq kinoda aktyor kimi onun ən uğurlu işi “Axırıncı aşırım” filmində yavratdığı Kərbalayı İsmayıl idi. Bu obraz mürəkkəb tarixi dövrün qəhrəmanı idi. Sovet hakimiyyətinin qələbəsindən sonra Azərbaycanın ucqar əyalətlərində baş verən dəhşətli hadisələrin mərkəzində dayanan Kərbalayı hər şeyini itirmək təhlükəsi ilə üzləşib. Torpaqları, var-dövləti ilə yanaşı, ləyaqətinə, şəxsiyyətinə də təcavüz edilən Kərbalayı yeni cəmiyyətə müharibə elan edir. Abbasqulu bəyin “elçi” kimi onu barışığa çağırması belə, Kərbalayı İsmayılı bu yoldan döndərə bilmir. O, yeni cəmiyyətlə barışmaq istəmir. Nəticə isə çox acınacaqlı olur. Nə qədər insanlar tələf olur, evlər, ailələr dağılır. Bu rolda da, o, bütövdür, obrazın bütün çalarlarını tamaşaçıya ustalıqla çatdırır və əsil azərbaycanlı kişi obrazı yaradır. Bu obrazı bütün film boyu tamaşaçının gözündə ucaldır. O əyilmir, hətta, ən ağır anlarda belə öz kişilik qürurunu saxlamağı bacarır. Kərbalayı haqq-salamı itirən adam da deyil. Qəmlonun şıltaqlıqları belə onu öz yolundan döndərə bilmir. Adil İsgəndərov bu roluna görə Ümummitifaq festivalının “kişi rolunun ən yaxşı ifasına görə” nominasiyasının qalibi olmuşdu. Bu aktyorun yaratdığı obrazlar içərisində “Qanun naminə” filmindəki Kamilov xüsusi qeyd edilməlidir. Kamilov rayonda İcraiyyə Komitəsinin sədridir. Əslində mənfi tipdir. Adil İsgəndərov bu rolu o qədər təbii, o qədər səmimi ifa edir ki, tamaşaçı onun istedadına valeh olur.
“Arxadan vurulan zərbə” filmindəki prokuror Dadaşlı rolu bu aktyorun böyük istedad sahibi olduğunu bir daha təsdiqlədi. Bu, onun kinoda son aktyor işi idi.
“Əhməd haradadır?” bu böyük sənətkarın quruluş verdiyi yeganə filmdir. Tamaşaçı onun səmimiyyətini hər kadrda duyur. O istəyirdi ki, azərbaycanlılar öz obrazlarını kinoda da olduğu kimi görsünlər. O, təbiətcə kosmopolitlikdən çox-çox uzaq idi. Filmboyu tamaşaçını xoş bir ovqat müşayiət edir. Onun qəhrəmanları əsil azərbaycanlılardır. Hadisələr çox məzəli bir süjet üzərində qurulmuşdur və tamaşaçı film boyu bu insanların taleyini maraqla izləyir. Adil müəllim burada da çox maraqlı aktyor ansamblı seçə bilib. Azərbaycan aktyorluq sənətinin Mustafa Mərdanov, Nəcibə Məlikova, Lütfəli Abdullayev, Məmmədrza Şeyxzamanov, Bəşir Səfəroğlu kimi korifeyləri filmdə maraqlı rollarda çəkilmiş və ona xüsusi təravət gətirmişlər.

1988 – Böyük Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyar 1 Təbriz şəhərinin Bağmeşə bölgəsində, o zamanın tanınmış hüquqşünaslarından Hacı Mirağa Xoşginabinin ailəsində dünyaya gəlmişdir. Anası Kövkəb xanım şifahi xalq yaradıcılığından, klassik irsimizdən, xüsusən Seyid Əzim Şirvaninin qəzəllərindən bəzi nümunələri tez-tez oğlu Şəhriyar üçün oxuyardı.
Şəhriyar Təbrizdə orta təhsil alaraq Tehran Universitetinin tibb fakültəsinə daxil olmuşdur. Bununla belə XX əsrin 19-20-ci illərin ortalarından etibarən artıq istedadlı bir şair kimi tanınmağa başlamışdı.
Şəhriyar Təbrizdə orta təhsilini bitirdikdən sonra Tehrana gedərək, əvvəlcə 1921-ci ildə Tehran Darülfünununda, sonra isə Tibb fakültəsində ali təhsil almağa başlamışdır. Lakin fakültənin sonuncu kursunda təhsilini yarımçıq qoyub dövlət qulluğuna girməyə məcbur olmuşdur.
Şəhriyarın ilk şeir kitabı 1931-ci ildə Tehranda üç böyük şair və alimin – Məliküşşüəra Baharın, Səid Nəfisinin və Peyman Bəxtiyarinin müqəddimələri ilə nəşr olunmuşdur.
M.Şəhriyarı XX əsr Azərbaycan poeziyasının nəhəngləri sırasına ucaldan ilk növbədə onun ölməz “Heydərbabaya salam” poeması olmuşdur.Əsər əslində şairin uşaqlıq yaddaşında yaşayan ucqar bir kəndin xiffəti ilə yazılsa da, qüdrətinin böyüklüyünə görə bütöv Vətən haqqında dastan kimi oxunur. Milli ədəbiyyatın və mədəniyyətin qorunması və inkişafı uğrunda fədakarlıqla çalışan vətənpərvərlərin səyi ilə “Heydərbabaya salam” əsəri 2003-cü ilin mart ayında Təbrizdə nəşr olunmuşdur. Həmin nəşrə müqəddimə yazmış alimlər – Mehdi Rövşənzəmir və Əbdüləli Karəng onu yüksək qiymətləndirmiş, bu poemanın dünya ədəbiyyatının bir sıra nadir əsərləri ilə eyni səviyyədə dayandığını göstərmişlər.
Şəhriyar “Heydərbabaya salam” əsəri ilə Azərbaycan türkünün milli həyatını bütün cəhətləri ilə göstərməyə müvəffəq оla bilmişdir. Bəzilərinin dediyi kimi, bu əsər qısa bir zaman fasiləsində yaranmayıb. Bu əsər illərdən bəri Vətəndən ayrı düşmüş, Vətən həsrəti, Vətənə qоvuşmaq arzusu ilə yaşayan, Vətən üçün qəlbi yanan Şəhriyarın ürəyində dönə-dönə təkrarlanmış və yalnız anasının Tehrana gəlişindən sоnra qələmə alınmışdır.
Sadə bir fоrmada yazılan pоema hələ əlyazma şəklində yayılaraq şöhrət tapmış və dövrün ziyalılarının diqqətini özünə cəlb etmişdir. Pоema iki hissədən ibarətdir. Şəhriyar pоemanın birinci hissəsini Tehranda, ikinci hissəsini isə Təbrizdə yazmışdır.
Əsərin birinci hissəsi 1952-ci ildə tamamlanmışdır. Şəhriyarın həyatından göründüyü kimi 1952-ci ildə anasının ölümündən sоnra о, Tehranı tərk edərək Təbrizə yоla düşür. Düzdür, mənbələrdə Şəhriyarın İranın digər şəhərlərinə, xüsusilə Şiraza getmək fikrində оlduğunu qeyd edirlər. Lakin, ata-baba yurdunun şirin xatirələri ilə yaşayan, “Heydərbabaya salam” kimi bir pоema yazan, daim təəssübkeşlik mövqeyindən çıxış edən Şəhriyar məhz Təbrizə üz tuta bilərdi. M.Rövşənzəmir bu haqda yazırdı: “Heydərbaba dağı bir gün yerlə-yeksan оla bilər, yer üzərindən silinə bilər. Ancaq nə qədər ki, Azərbaycan xalqının həssas qəlbi döyünür, Şəhriyarın bu şeri nəsildən-nəsilə ötürüləcək və yaddaşda qalacaqdır”.
Məhəmmədhüseyn Şəhriyarın vəfat etdiyi 18 sentyabr günü (1988-ci 82 yaşında) hər il İranda Milli Şeir Günü kimi qeyd edilir. “Ulu Şəhriyarın poetik aləmdə yadigar qoyub getdiyi ədəbi irs xəzinəsini yalnız eni-uzunu,dərinliyi ölçüyə gəlməyən dəryalar,okeanlarla müqayisə etmək olar”.
Şəhriyyar vəsiyyətinə görə, Təbrizin Şairlər məqbərəsində dəfn olunmuşdur.
Bayramlar və xüsusi günlər:

18 sentyabr Azərbaycanda Milli Musiqi Günü (Üzeyir Musiqi Günü) kimi qeyd olunur. Bu bayram dahi Üzeyir Hacıbəyovun doğum gününün şərəfinə artıq ənənəyə çevrilmişdir.
Bu gün təkcə musiqisevərlərin deyil, həm də bütün xalqımızın bayramıdır. Çünki elə bir azərbaycanlı tapmaq olmaz ki, onun qəlbində Üzeyir bəyə məhəbbət, onun ölməz sənətinə hörmət hissi olmasın. Böyük bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoymuşdur.
Görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. Üzeyir bəyin doğum gününün musiqi tariximizin ən əlamətdar hadisəsi kimi anılması tez bir zamanda ənənə halını almışdır. 1995-ci ildə isə Prezident Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərara alınmışdır. Üzeyir Hacıbəyov 1908-ci il yanvarın 18-də Bakıda H. Z. Tağıyevin teatrında tamaşaya qoyulan “Leyli və Məcnun” operası ilə təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində opera sənətinin əsasını qoymuşdur.
O, həm də Azərbaycanda musiqili komediya janrının yaradıcısıdır. Ü. Hacıbəyovun “Ər və arvad”, “O olmasın, bu olsun”, “Arşın mal alan” musiqili komediyalarında o dövr Azərbaycan məişəti, xalq adət və ənənələri öz əksini tapmışdır. Ü. Hacıbəyov milli musiqi xəzinəsini yeni janr və formalarla zənginləşdirən bir sıra əsərlər, o cümlədən Azərbaycan peşəkar musiqi sənətinin şah əsəri, dünya musiqi xəzinəsinin incilərindən olan dahiyanə “Koroğlu” operasını bəstələmişdir.
O, həm Azərbaycan Xalq Cümhuriyyəti, həm də yeni Azərbaycan Respublikasının Dövlət himnlərinin musiqisinin müəllifidir. Üzeyir bəy elmi mu- siqişünaslığın, musiqi təhsilinin əsasını qoymuş və ömrünün sonunadək musiqi mədəniyyətinin inkişafına rəhbərlik etmişdir. O, müasir bəstəkarlıq məktəbinin beşiyi başında durmuş, onun qabaqcıl dünya bəstəkarlıq məktəbləri ilə yanaşı dura bilməsi üçün fədakarcasına çalışmışdır.
Dahi bəstəkarın yaratdığı musiqi inciləri dünya şöhrəti qazanmış, dünya musiqi mədəniyyətinin qızıl fonduna daxil olmuşdur. Görkəmli musiqi xadimləri onu “professional Şərq musiqisinin atası” adlandırmışlar. Azərbaycan və dünya musiqi mədəniyyətinin inkişafında misilsiz xidmətləri olmuş Ü. Hacıbəyovun anadan olmasının 100 illik yubileyi YUNESKO-nun qərarı ilə beynəlxalq miqyasda qeyd olunmuşdur.




Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.