Tarixdə bu gün
İlin 262-ci günü (uzun illərdə 263-cü).
İlin sonuna 103 gün qalır.
Mühüm hadisələr
1575 – Türkiyədə ilk rəsədxana qurulub.
1888 – Dünyada ilk dəfə olaraq Belçikada gözəllik müsabiqəsi keçirilir.
1921 – Mustafa Kamal paşaya marşal rütbəsi verilib.
1951 – Şimali Atlantika Müqaviləsi Təşkilatı, Türkiyə və Yunanıstanı NATO’ya üzv olmaya dəvət etmişdir.
2008 – Zaqatala aeroportunun açılışı olmuşdur.

Doğum günləri:

75
1950 — Tanınmış jurnalist, “Xalq qəzeti” baş redaktorun birinci müavini, Əməkdar mədəniyyət işçisi Qüdrət Əliövsət oğlu Piriyev 1950-ci il senytabrın 19-da Ağsu rayonunun Bəyimli kəndində anadan olub.
Orta məktəbi bitirdikdən sonra 1970-1972-ci illərdə ordu sıralarında xidmət edib.
1973-1978-ci illərdə Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil alıb. 1978-1979-cu illərdə “Azərbaycan gəncləri”, 1979-1988-ci illərdə “Bakı-Baku” qəzetləri redaksiyalarında işləyib.
1988-ci ilin aprel ayından indiyədək “Xalq qəzeti”ndə (o vaxt “Kommunist” adlanırdı) müxbir, baş müxbir, şöbə və redaksiya müdiri vəzifələrində işləyib.
2014-cü il fevralın 1-dən baş redaktorun birinci müavinidir. 27 ildir ki, fasiləsiz olaraq “Xalq qəzeti” Redaksiya Heyətinin üzvüdür. Yüzlərlə məqalənin və
bir neçə kitabın müəllifi, redaktoru və tərtibçis
idir.

1963 – Azərbaycanın Milli Qəhrəmanı Aqil Sahib oğlu Quliyev Qərbi Azərbaycanın Qarakilsə rayonunun Urud kəndində doğulmuşdur.
1980-ci ildə məktəbi bitirmiş və Neft Akademiyasına daxil olmuşdur. Üçüncü kursda oxuyarkən hərbi xidmətə çağırılmışdır. Ordudan tərxis edildikdən sonra yarımçıq qalmış təhsilini davam etdirmiş, 1985-ci ildə Xarkov Ali Milis Məktəbinə daxil olmuşdur.
1988-ci ildə ermənilər Qərbi Azərbaycan torpaqlarından soydaşlarımızı deportasiya edərkən onun da ailəsi bu təcavüzə məruz qalmışdır. Aqil ailəsini Bakıya gətirmiş, burada müvəqqəti sığınacaq tapmışdır.
Sonra Milli Ordunun qərargahına gələrək cəbhəyə göndərilməsini xahiş etmişdir. O, 45 nəfər döyüşçü ilə Ağdama göndərilmiş, rota komandiri təyin olunmuşdur. Onun kiçik qardaşı Nəsimi də Vətənin müdafiəsinə qalxmış, erməni işğalçılarına qarşı döyüşmüşdür. Nəsimi kəşfiyyat taboruna başçılıq etmişdir.
Aqil Quliyev ilk hərbi əməliyyatını Xocalıda həyata keçirmişdir. 1992-ci il fevral ayının 18-də ermənilər Rusiyaya məxsus 366-cı moto-atıcı alayın köməkliyi ilə Xocalı şəhərini mühasirəyə alıb atəşə tutduğu vaxt Aqilin komandirlik etdiyi rota onlara qarşı rəşadətlə vuruşmuş, onlarla qulduru məhv edə bilmişdilər. Amma cəsur komandir burada hər iki ayağından yaralanmışdır.
25 fevral 1992-ci ildə döyüşçü dostları onu təhlükəsiz yerə aparmaq istəyərkən xain düşmənin gülləsinə tuş gəlmiş və şəhid olmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə Quliyev Aqil Sahib oğlu ölümündən sonra Azərbaycan Milli Qəhrəmanı fəxri adına layiq görülmüşdür.
Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib.
Bakının Bayıl qəsəbəsindəki küçələrdən birinə onun adı verilib. Yaşadığı binanın önünə xatirə lövhəsi vurulub.

1973 – Azərbaycan aktrisası, Azərbaycan Respublikasının Əməkdar artisti Yaqut Nəriman qızı Paşazadə Tərtər rayonunda anadan olmuşdur.
1990–сü ildə Tərtər rayon 6 saylı orta məktəbi bitirmişdir.
1991-1996-cı illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kino və dram aktyorluğu fakültəsidə təhsil almışdır. Kurs rəhbərləri Xalq artistləri Həsənağa Turabov və Vaqif İbrahimoğlu olmuşdur.
1993-cü ildən YUĞ Dövlət Teatrında işləyir. Hal-hazırda həmin teatrın ali dərəcəli aktrisasıdır. Türkiyə, Qazaxıstan, Misir, Norveç, Başqırdıstan, Rusiya, İran, Finlandiya və digər ölkələrdə keçirilən teatr festivallarında olmuşdur.
2007-ciildə ATƏT və Azərbaycan DİN ilə birgə keçirilən “İnsan alverinə qarşı” layihəsində treninqlərin aparıcısı olmuşdur.
2011-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kino və dram aktyorluğu fakültəsində Aktyor sənəti fənnini tədris edir.
Vəfat etmişdir:

1974 – Böyük bəstəkar, pedaqoq, SSRİ Xalq artisti Soltan Hacıbəyov 55 yaşında vəfat etmişdir.
Soltan Hacıbəyov 8 may 1919-cu ildə Şuşada anadan olmuşdur.
1930-cu ildə S. Hacıbəyov Bakıya köçmüş, 1936-cı ildən öz əmisi Ü. Hacıbəylinin ailəsində yaşamış və tərbiyə almışdır.
1950-ci illərdə bəstəkar Bolqarıstan və Çexoslovakiyaya səəfr etmiş və vətənə qayıtdıqdan sonra “Bolqar süitası” və “Çex rəqsi” əsərlərini bəstələyir.
1964-cü ildə S.Hacıbəyov ən parlaq əsərini – orkestr üçün “Konsert”ini yazır. Əsər təzadların kəskinliyi, fəallığı, müasr musiqi dili, qeyri – adi, parlaq koloritli orkestrovkası ilə fərqlənir. Müəllif böyük bir orkestr ustadı kimi öz əsərini mahiranə şəkildə instrumentləşdirmiş və çalğı alətlərinin ifaçılıq imkanlarından səmərəli şəkildə istifadə etmişdir. S.Hacıbəyovun partiturasında incə, şəffaf tembr rəngləri güclü səs koloriti ilə uygunlaşır. “Konsert” milli simfonik musiqi mədəniyyətinə gözəl hədiyyədir.
S. Hacıbəyov bir çox tamaşalara musiqi bəstələmişdir. Bunlardan M. İbrahimovun “Məhəbbət”, “Kəndçi qızı”, S. Vurğunun “İnsan”, S. S. Axundovun “Eşq və İntiqam”, S. Rəhmanın “Əliqulu evlənir” və bir çox başqa əsərlərinin adını xatırlamaq lazımdır.
1947-ci ildən S. Hacıbəyov Azərbaycan Dövlət Konservatoriyasında müəllimlik edir, 1947 – 62-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri, sonra isə direktoru vəzifəsində, 1969 – 1974-cü illərə qədər Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının rektoru vəzifəsində çalışmışdır.

1992 – Görkəmli şərqşünas, ədəbiyyatşünas, tənqidçi, tərcüməçi, filologiya elmləri doktoru Aida Nəsir qızı İmanquliyeva Bakıda vəfat etmişdir.
Aida İmanquliyeva 1939-cu il oktyabrın 10-da Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. Burada 132 saylı orta məktəbi qızıl medalla bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin Ərəb şöbəsində təhsil almışdır. Moskvada SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda Ərəb filologiyası üzrə aspiranturanı bitirib, Azərbaycan Elmlər Akademiyasının Yaxın və Orta Şərq Xalqları İnstitutunda kiçik elmi işçi, sonra baş elmi işçi, Ərəb filologiyası şöbəsinin müdiri, elmi işlər üzrə direktor müavini, həmin institutda direktor vəzifəsində çalışmışdır .
“Mixail Nüaymə və XIX əsr qabaqcıl rus ədəbiyyatı” adlı ilk mətbu məqaləsi “Azərbaycan” jurnalında dərc olunmuşdur. O, Livan yazıçısı M.Nüaymənin bir neçə hekayəsini ərəb dilindən ruscaya çevirib “Vostoçnı almanax”da çap etdirmişdir. Müasir ərəb ədəbiyyatının aktual problemləri və rus-ərəb ədəbi əlaqələri haqqında məqalələri dövri mətbuatda – toplularda və elmi-kütləvi məcmuələrdə müntəzəm çap olunmuşdur.
Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun nəşr etdirdiyi “Ərəb filologiyası məsələləri” məcmuəsinin tərtibçisi və redaktoru olmuşdur. “Şərq şairləri Lenin və Sovetlər ölkəsi haqqında”, “Böyük Oktyabr və Şərq xalqlarının milli azadlıq mübarizəsi”, “Sovet Azərbaycanı və xarici Şərq”, “Yaxın Şərq xalqlarının müasir ədəbiyyatında tərəqqi və ictimai ədalət uğrunda mübarizə problemi”, “Yaxın və Orta Şərqdə milli azadlıq hərəkatı məsələləri”, “Şərq filologiyası məsələləri”, “Yaxın Şərq xalqları ədəbiyyatı imperializmə qarşı mübarizədə”, “Xarici Şərqin problemləri: tarix və müasirlik”, “Şərq ədəbiyyatında ənənə və novatorluq” məqalələr məcmuələrinin redaksiya heyətinin üzvlərindən, müəlliflərindən və redaktorlarından biri olmuşdur. İctimai işlərdə fəal çalışmışdır.
Ümumittifaq Şərqşünaslar Cəmiyyəti Rəyasət Heyətinin üzvü və cəmiyyətin Azərbaycan bölməsi sədrinin müavini olmuşdur. Moskva, Bakı, Düşənbə, Hamburq (ADR) şəhərlərində keçirilən Şərq problemlərinə həsr olunmuş beynəlxalq konfranslarda məruzələrlə çıxış etmişdir.
Birinci xanım Mehriban Əliyevanın anasıdır.
Nəsir İmanquliyevin qızıdır.

30
1995 – Məşhur bəstəkar, SSRİ xalq artisti Rauf Soltan oğlu Hacıyev 73 yaşında vəfat etmişdir.
Rauf Hacıyev 15 may 1922-ci ildə Bakı şəhərində anadan olmuşdur. Üç yaşınadək gözləri görməyib, sonrandan görmə qabiliyyəti açılıb. Həsən bəy Zərdabinin qızı Qəribsoltan xanım Məlikova dörd yaşından götürüb saxlayıb. Rauf Hacıyev Azərbaycan musiqili komediyasının inkişafında mühüm xidmətləri olmuşdur.
Xüsusilə bəstəkarın həm ifaçılar, həm də musiqisevərlər arasında aşağıdakı mahnıları daha çox populyarlıq qazanır: “Sevgilim”, “Mənim Azərbaycanım”, “Lirik mahnı”, “Bahar gəlir”, “Sevimli şəhər”, “Bakı haqqında mahnı”, “Leyla”, “Neft daşlarında”, “Ceyran” və i.a.
O, 15-ə qədər filmə musiqi yazmışdır. Və hər bir filmdə olduqca çox musiqi parçaları mövcuddur. Gəlin onlardan bəzilərini yada salaq: “Əhməd hardadır”, “Mən rəqs edəcəyəm”, “Bir qalanın sirri”, “Kölgələr sürünür”, “Qara daşlar” və s. Bu filmlərdə musiqi obrazların dolğun təcəssümü, səmimiyyəti, gözəl melodikliyi, şəffaf orkestrləşdirməsi ilə fərqlənir.
R. Hacıyev 7 operetta yazmışdır. Onlardan beşi məhz Moskva Dövlət operetta teatrının səhnəsində tamaşaya qoyulmuşdur. Eyni zamanda bu operettalar keçmiş SSRI-nin mərkəz şəhərlərində uğurla öz səhnə təcəssümünü tapmışdır.
R. Hacıyev 1964-cü ildə M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasına direktor, 1965-ci ildə isə Azərbaycan Respublikasının Mədəniyyət Naziri təyin olunur.
Nazir işlədiyi illərdə onun təşəbbüsü ilə Azərbaycan Dövlət xor kapellası, Mahnı Teatrı, Azərbaycan Dövlət rəqs ansamblı, eləcə də dünyada birinci Xalçaçılıq muzeyi açılır. Azərbaycan Bəstəkarlar İttifaqının V qupultayında idarə heyətinin birinci katibi, VI qurultayda isə idarə heyətinin katibi seçilmişdir.




Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.