Tarixdə bu gün

İlin 269-cu günü (uzun illərdə 270-ci)

İlin sonuna 96 gün qalır.

Mühüm hadisələr:

1618 — Osmanlı-Səfəvi müharibəsi müvəqqəti də olsa, dayandırıldı və Sərab sülhü bağlandı.

1932 — Türkiyədə Türk Dil Qurultayı toplanıb, ilk dəfə “Dil bayramı” qeyd edilib.

1978 — Amerika Birləşmiş Ştatlarının prezidenti Cimmi Karter Türkiyəyə qarşı embarqonu qaldıran hökmü ləğv edib.

1992 — Azərbaycan, Ermənistan və Rusiya müdafiə nazirləri Soçidə “Silahlı qüvvələri geri çəkmək haqqında” protokol imzalayıb.

2007 — Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatı gömrük xidməti rəhbərləri Şurasının 6-cı iclası keçirilib.

2007 — Bakıda “Materialşünaslıq və informasiya elmləri yüksək texnologiyalarda” mövzusunda I Beynəlxalq konfrans təşkil olunub.

2008 — Azərbaycan qadınlarının III qurultayı işə başlayıb.

Doğum günləri:

1141 —  Dahi  Azərbaycan şairi Nizami Gəncəvi Gəncə şəhərində anadan olmuşdur.

 Nizami Gəncəvi həm də  Orta əsrlər Şərqinin ən böyük şairlərindən biridir.

O, təhsilini Gəncə mədrəsələrində alıb, daha sonra şəxsi mütaliə yolu ilə o dövrün elmlərini mükəmməl öyrənib, xüsusən də Yaxın Şərq xalqlarının şifahi və yazılı ədəbiyyatına yaxından bələd olub.

Ana dilindən başqa ərəb və fars dillərini də mükəmməl bilən şairin Yunan dili ilə də tanış olduğu, həmçinin qədim yunan tarix və fəlsəfəsini, astronomiya, tibb və həndəsə elmlərini yaxşı mənimsədiyi əsərlərindən aydın görünür.

Təqribən 1169-1170-ci illərdə Dərbənd hökmdarı Seyfəddin Müzəffərin kəniz kimi hədiyyə göndərdiyi qıpçaq qızı Afaq ilə evlənib, 1174-cü ildə oğlu Məhəmməd anadan olub.

Nizami Gəncəvi yaradıcılığa lirik şeirlərlə başlayıb. Əsərlərindən məlum olur ki, şair böyük divan yaradıb, qəzəl və qəsidələr müəllifi kimi şöhrətlənib. Lakin Şərq təzkirəçilərinin 20 min beyt həcmində olduğunu qeyd etdikləri bu divandakı şeirlərin çox az hissəsi dövrümüzədək gəlib çatıb.

Şairin  lirikası, yüksək sənətkarlığı, məhəbbətə dünyəvi münasibəti, insan taleyi haqqında humanist düşüncələri ilə seçilir.

Bundan başqa, dünya ədəbiyyatı tarixinə məsnəvi formasında yazdığı 5 poemadan ibarət “Xəmsə” (“Beşlik”) müəllifi kimi daxil olub. 1177-ci ildə bitirdiyi “Məxzənül-əsrar” (“Sirlər xəzinəsi”) adlı ilk poeması şairə böyük şöhrət qazandırıb.

Qələmə aldığı “Xosrov və Şirin” poemasını 1180-cı ildə bitirib və Atabəylər hökmdarı Məhəmməd Cahan Pəhləvana göndərib.

Cahan Pəhləvanın ölümündən sonra taxta çıxan Qızıl Arslan Gəncənin yaxınlığında öz çadırında şairlə görüşüb, onun nəsihətlərini dinləyib və şairə Həmdünyan adlı kənd bağışlayıb. 1188-ci ildə Şirvan hökmdarı I Axsitan şairə “Leyli və Məcnun” mövzusunda bir əsər yazmağı sifariş edib. Nizami bundan boyun qaçırmaq istəsə də oğlunun təkidi ilə təklifi qəbul edib az müddətdə “Leyli və Məcnun” poemasını (Şərqdə ilk dəfə) yaradıb.

1196-cı ildə Əlaəddin Körpə Arslanın adına “Yeddi gözəl” əsərini, nəhayət, ömrünün sonlarına yaxın bütün ədəbi-estetik, ictimai-fəlsəfi görüşlərini yekunlaşdırdığı “İsgəndərnamə” (təqribən 1203-cü il) poemasını qələmə alıb.

Nizami Gəncəvinin ilkin Şərq intibahının zirvəsi olan yaradıcılığında dövrünün ən humanist, ümümbəşəri ictimai-siyasi, sosial və mənəvi-əxlaqi idealları parlaq bədii əksini tapıb.

Onun qəhrəmanları ədalət, xalq xöşbəxtliyi, yüksək məqsədlər uğrunda mübarizə aparırlar. İnsan şəxsiyyətinə, insan əməyinə ehtiram şairin yaradıcılığının aparıcı mövzularındandır.

O, təsvir etdiyi bütün hadisələri Azərbaycanla əlaqələndirməyə, vətənin keçmiş günlərini tərənnüm etməyə çalışıb. Yaradıcılığında vətən məhəbbəti doğma xalq yolunda qəhrəmanlıq ideyası ilə birləşir.

Əsərlərini fars dilində yazıb. Türk dilində yazmamasını “Leyli və Məcnun”, əsərində özünə qüsur tutub, sonra “Yeddi gözəl”də bu məsələyə bir daha toxunub:

Dilçə şerimizdə olsa da kəsir,

Mənaca böyükdür ondakı təsir.

Əsərləri dünyanın bir çox xalqlarının dilinə tərcümə olunub. Nadir əlyazma nüsxələri bir çox şəhərlərin (Moskva, Sankt-Peterburq, Bakı, Daşkənd,Təbriz, Tehran, Qahirə, İstanbul, Dehli, London, Paris və s.) məşhur kitabxana, muzey və əlyazmaları fondlarında qiymətli incilər kimi qorunub saxlanılır.

Nizami 12 mart 1209-cu ildə Gəncədə vəfat edib.

Dəfn olunduğu yerdə möhtəşəm məqbərəsi ucaldılıb.

1951 — Görkəmli aktyor, Xalq artist Ramiz Soltanəli oğlu Məmmədov anadan olub.

Ramiz Mımmıdov hələ 1975-ci ildə İncəsənət İnstitutunun tələbəsi olarkən Musiqili Komediya Teatrına dəvət almış, elə ilk günlərdən  bir-birindən maraqlı rolları ilə tamaşaçıların rəğbətini qazanmışdır.

“Qaynana”da Əli, “Gurultulu məhəbbət”də Həsən, “Gözün aydın”da Qəhrəman, “Boşanaq evlənərik”də Ağacan, “O olmasın, bu olsun”da Rza bəy, Hambal, “Bəbirlinin kələkləri”ndə Bəbirli və başqa obrazların yaradıcısı kimi çıxış edən R.Məmmədov musiqili komediya janrının mahir ifaçısı olduğunu təsdiq edir. Zəhmətsevərliyi, təşəbbüskarlığı, sənətə böyük məhəbbəti və bənzərsiz oyun tərzi ilə seçilən aktyor bu yolu uzun müddət davam etdirərək öncül sənətkarlar sırasına çıxır.

Televiziyanın “Səhər görüşləri”ndə, “Yumoristik novellalar”, “Komediyalar aləminə səyahət” verlişlərində, “Yaşıl eynəkli adam”, “Zümrüd quşu”, “Qaynana əməliyatı”, “Get gətir”, “Əzəlim qözəlim”, “Mənim dayım” tamaşalarında müxtəlif rollar oynayan aktyor daha çox populyarlıq qazanır.

R. Məmmədov teatra sədaqətlə bağlanan, onun qayğılarına fədakarlıqla xidmət göstərən bir insandır. Onun 1988-ci ildən 1996-cı ilədək teatrın böhranlı vəziyyətində ağır repertuar yükünü çiyinlərində daşıması dediklərimizə sübutdur

Ramiz Məmmədov 21 mart 2021-ci ildə 69 yaşında vəfat etmişdir.

Vəfat etmişdir:

1800 — Başqırd xalq qəhrəmanı və el şairi Salavat Yulayev Estoniyanının Paldiski şəhərində vəfat edib.

Salabat Yulayev 16 iyun 1754-cü ildə Rusiyanın Tekeevo şəhərində anadan olub. Şeytan-Kuday kəndində yaşam sürən tarxan (Qədim türk dilində vergi və mükəlləfiyyətdən azad olunmuş rəiyyət. Ərəbcə tarxana məaf deyilir. Rəiyyət tarxanlığı sayəsində tezliklə varlanır, ağa, bəy ünvanı alırdı) ailəsindən idi.

Çelyabinsk vilayəti əhalisi Puqaçov üsyanına qoşulurdu. Üsyanın nüvəsini başqırdlar və digər türk xalqları təşkil edirdi. Bu üsyan Salavat Yulayev kimi xalq qəhrəmanları yetirdi. Lakin müstəmləkə zülmünə qarşı oyanıb ayağa qalxan xalqların milli azadlıq hərəkatını rus kəndli müharibəsi adlandırıldı.

Üsyan qan içində boğdurulub susduruldu.

1961— Azərbaycan opera müğənnisi (lirik-dramatik tenor), təsnif ifaçısı, musiqi folkloru tədqiqatçısı, Azərbaycan peşəkar vokal sənətinin banisi, professor , SSRİ xalq artisti Bülbül (tam adı: Murtuza Məşədi Rza oğlu Məmmədov) 64 yaşında vəfat etmişdir.

Bülbül 22 iyun 1897-ci ildə Şuşa yaxınlığında, hazırda Xankəndinin cənub ərazisi olan Xanbağı adlanan yerdə anadan olmuşdur. 1907-ci ildə Bülbül Şuşa mollaxanasında musiqi savadı almağa başlamışdı. 1909-cu ildə Bülbül Gəncəyə köçür.O, səhnə fəaliyyətinə 1916-cı ildən başlamışdır. 1920-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının (o zamanlar Birləşmiş Dövlət Teatrı opera truppası) solisti olmuşdur. Fəaliyyətinin ilk illərində Üzeyir Hacıbəyovun “Leyli və Məcnun” (İbn Salam), “Əsli və Kərəm” (Kərəm), Z.Hacıbəyovun “Aşıq Qərib” (Qərib) operasında oynamışdır. 1927-ci ildə Bakı Konservatoriyasını bitirmişdir. Təhsilini davam etdirmək üçün dövlət xətti ilə İtaliyanın Milan şəhərinə getmişdir. 1931-ci ildə Milan Konservatoriyasını (Cüzeppe Anselmi, Delliponti və R. Qraninin sinfini) bitirib Azərbaycana geri dönmüş və Azərbaycan Dövlət Konservatoriyasında dərs deməyə başlamışdır. 1932-ci ildə onun təşəbbüsü ilə Azərbaycan Dövlət Konservatoriyası nəzdində Azərbaycan xalq musiqisini öyrənən Elmi-tədqiqat kabineti yaradılmışdır. 1945-ci ildən etibarən Azərbaycan xalq musiqisinin tədqiqi ilə Azərbaycan Elmlər Akademiyasının İncəsənət İnstitutu məşğul olmağa başlamışdır. 1938-ci ildə SSRİ Xalq artisti adına layiq görülmüşdür. 1940-cı ildə professor seçilmişdir. 1950-ci ildə SSRİ Dövlət Mükafatı Laureatı olmuşdur. Azərbaycan SSRİ Ali Sovetinin deputatı seçilmişdir. SSRİ–nin 2   Lenin Ordeninə, 2 Qırmızı Əmək Bayrağı ordeninə, “Şərəf nişanı” ordeninə, İtaliyanın Qaribaldi ordeninə və medallara layiq görülmüşdür.

26 sentyabr 1961-ci ildə Bakı şəhərində vəfat etmişdir. Məzarı Birinci Fəxri Xiyabandadır.

Hazırda Bakı şəhərində mərkəzi küçələrdən biri Bülbülün adını daşıyır, onun adına Azərbaycan Dövlət Konservatoriyasının nəzdində musiqi məktəbi fəaliyyət göstərir.

1991 —  Azərbaycan Respublikasının Milli Qəhrəmanı Natiq İlyas oğlu Əhmədov Vətən uğrunda döyüşlərdə şəhid olmuşdur.

Natiq   Əhmədov 1 sentyabr 1969-cu ildə Xocalı rayonunun Kosalar kəndində anadan olmuşdur. Ağdamın Novruzlu kəndində orta məktəbi oxumuş, Kalininqrad şəhərində hərbbi xidmətdə olmuşdur.Natiq Əhmədov ordudan 1988-ci ildə tərxis olunub. Bir müddət Kalininqradda qalıb işləyib.

O, ermənilərin Dağlıq Qarabağda törətdikləri vəhşiliklərdən xəbər tutunca,  Vətənə dönür və Xocalı Rayon Daxili İşlər Şöbəsində yol-patrul xidməti müfəttişi vəzifəsinə qəbul edilir. Həmin dövrdə Qarabağın dağlıq hissəsində yerləşən kəndlərə, eləcə də Şuşaya gediş-gəlış son dərəcə çətinləşmişdi. Ermənilər yol boyunca pusqular qurur, ardı-arası kəsilməyən terror əməlləri törədirdilər. Natiq Əhmədov Ağdam-Şuşa marşrutu ilə hərəkət edən sərnişin avtobuslarının təhlükəsizliyini təmin etmək üçün dəfələrlə ölümlə üzbəüz gəlmişdi.

26 sentyabr 1991-ci ildə Əsgərandan Xocalıya işə gedərkən ermənilər tərəfindən pusquya düşmüş avtobusu görür. Avtobusdakı mülki şəxsləri xilas etmək üçün iş yoldaşı ilə birgə son damla qanına qədər döyüşür. Həmin döyüşdə Natiq qəhrəmancasına həlak olur.

Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Natiq İlyas oğlu Əhmədov  ölümündən sonra   Azərbaycanın Milli Qəhrəmanı fəxri  adına layiq görülmüşdür.

Ağdam rayonunun Novruzlu kəndində dəfn edilmişdir.

2009 — Azərbaycanın görkəmli dilşünas alimi, publisist, pedaqoq, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü , filologiya elmləri doktoru, professor , Əməkdar elm xadimi və Dövlət Mükafatı Laureatı Afad Qurbanov 80 yaşında vəfat etmişdir.

Afad Qurbanov 1929-cu ildə yanvarın 10-da Borçalının Qızıl Şəfəq kəndində (indi Ermənistan Respublikasının Kalinino rayonu) anadan olmuşdur. Uşaqlığı, ilk təhsil illəri də sazlı-sözlü Borçalı elində keçib.

O, ilk illər Borçalıda məktəb direktoru vəzifəsində çalışıb. 1950-ci illərdən etibarən isə Azərbaycan Dövlət Pedaqoji Universitetində Filologiya fakültəsinin dekan müavini, dekanı, Azərbaycan dilçiliyi kafedrasının müdiri vəzifəsində çalışıb. 1981-1989-cu illərdə APİ-nin rektoru olub. 1990-1994-cü illərdə isə Milli Məclisin üzvü olmuş A. Qurbanov əlifba islahatının təşkilatçılarındandır.

Aspirantlıqdan Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvülyünə qədər şərəfli bir tədqiqatçı yolu keçən A.Qurbanov 1962-ci ildə professor Əbdüləzəl Dəmirçizadənin rəhbərliyi ilə “Səməd Vurğunun “Vaqif pyesinin dili və üslubu” mövzusunda namizədlik, 1968-ci ildə isə “Müasir Azərbaycan ədəbi dili” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.

Azərbaycan dilçiliyində fonetika Ə.Dəmirçizadə və A.Axundovun, leksikologiya S.Cəfərovun, dialektologiya M.Şirəliyevin, morfologiya M.Hüseynzadənin, sintaksis Ə.Abdullayevin, dil tarixi H.Mirzəzadə, Ə.Dəmirçizadə və T.Hacıyevin, morfologiya F.Cəlilovun, onomalogiya isə A.Qurbanovun adı ilə bağlıdır. Onun onomalogiyaya dair 100-ə qədər məqaləsi “Azərbaycan onomastikası” (1986), “Azərbaycan onomalogiyası məsələləri” (1986), “Poetik onomastika” (1988), “Azərbaycan dilinin onomalogiyası” (1988) kimi sanballı monoqrafiyaları çap olunmuşdur. Bu əsərlərdə onomastik vahidlərin tədqiqi tarixi, onomastik mənbələr, onomalogiyanın elmi-nəzəri məsələləri kompleks və sistemli şəkildə tədqiq edilmişdir. Azərbaycan dilçiliyi tarixində ilk dəfə olaraq antroponimlərin inkişafı dövrlərini müəyyənləşdirən, hər bir dövrün səciyyəvi cəhətlərini konkret dil faktları ilə əsaslandıran da A.Qurbanovdur.

Elmi yaradıcılığa “Şagirdlərin yazılı və şifahi nitqlərindəki yerli şivə və qalıqlarına qarşı mübarizə” (1956) adlı məqalə ilə başlayan yorulmaz tədqiqatçı Azərbaycanda və bütün türk dünyasında “Dilçiliyin sistemi” (1976), “Dilçiliyin tarixi” (1976), “Müasir Azərbaycan ədəbi dili” (1967, 1985), “Bədii mətnin linqvistik təhlili” (1986), “Azərbaycan onomastikası” (1986), “Azərbaycan dilinin onomalogiyası” (1988), “Ümumi dilçilik”, I-II cildlər (1989-1993), “Dünyanın dil ailələri” (1994) və s. kimi sanballı əsərləri ilə məşhurdur.

Azərbaycan ədəbi dilinin fonetika, qrafika, leksikologiya, semasiologiya, frazeologiya və digər sahələri A.Qurbanovun 1967-ci ildə çap etdirdiyi “Müasir Azərbaycan ədəbi dili” kitabında sistemli şəkildə, həm də sinxronik prizmadan tədqiq edilmişdir. Əsər barədə akademik A.N.Kononovun fikri maraqlıdır: “A.M.Qurbanovun kitabı yalnız Azərbaycan dili materiallarını deyil, həm də başqa türk dillərinin materiallarını əhatə edən mövzuları işıqlandırır”.

A.Qurbanovun əsərləri Almaniya, Rusiya, İran, Türkiyə, Qazaxıstan, Türkmənistan, Özbəkistan və s. ölkələrdə yayılıb. Görkəmli dilçi son 50 ildə dünyanın bir sıra böyük şəhərlərində dilçiliyə, xüsusilə türkologiyaya aid keçirilən konfransların əksəriyyətində aktual və orijinal məruzələrlə çıxış edib.

Görkəmli alim Azərbaycan elmindəki rolu və nüfuzu sayəsində 1981-1983-cü illərdə APİ-də (ADPU-da) filologiya və pedaqogika elmləri üzrə müdafiə şurasının sədri olmuşdur.

2009— Azərbaycanın Milli Qəhərman Arif Vəliş Oğlu Qubadov 43 yaşında xəstəxanada vəfat etmişdir.

Arif Qubadov 20 sentyabr 1966-cı ildə Cəlilabad rayonu Əliqasımlı kəndində anadan olmuşdur. 1983-cü ildə Əliqasımlı kənd orta məktəbini bitirmişdir.

1984-cü ildə hərbi xidmətə çağırılmışdır.

1992-ci ildən Milli Ordu sıralarında Arif Qubadovun şərəfli döyüş yolu başlamışdır. Arif ata-baba yurdlarımızdan biri olan Naxçıvanın Sədərək bölgəsində döyüşə atılmışdır. Onun komandirlik etdiyi taqım erməniləri geri oturtmuş və onlarla erməni quldurunu məhv etməklə yanaşı, düşmənin çoxlu sayda zirehli texnikalasını da sıradan çıxarmışdı.

1993-cü ildə Arif Ağdam cəbhəsinə göndərilib. Əfətli, Yusifcanlı kəndləri ermənilərdən onun  komandirlik etdiyi taqım   təmizlənmişdir. 1993-cü ilin avqustundan Əhmədbəyli, Aşağı Kürmahmudlu və Yuxarı Kürmahmudlu, Alxanlı kəndləri də belə  azad edilib.  

Arif Qubadov 1996-cı ildə Bakı Birləşmiş Komandirlər Məktəbini, 2003-cü ildə isə Azərbaycan Respublikası MTN Akademiyasının sərhəd qoşunları bölməsini bitirmişdir.

Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il 307 saylı fərmanı ilə Arif Vəliş oğlu Qubadov Azərbaycan Milli Qəhrəmanı  fəxri adına layiq görülmüşdür.

Azərbaycanın Milli Qəhrəmanı, ehtiyatda olan polkovnik-leytenant Arif Qubadov 43 yaşında Türkiyədə müalicə olunduğu Gülhanə Hərbi Tibb Akademiyasında vəfat etmişdir.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

Son yazılar

Sitatlardan seçmələr:

   

Həcər, ad günün mübarək!