Tarixdə bu gün
İinin 270-ci günü (uzun illərdə 271-ci).
İlin sonuna 95 gün qalır.

Mühüm hadisələr:
1994 — Azərbaycan Respublikası ərazisində MDB dövlətlərindən olan əlillərin iştirak etdiyi super-marafon başa çatıb.
2008 — Nyu-Yorkda Azərbaycan, Türkiyə və Ermənistan xarici işlər nazirlərinin üçtərəfli görüşü keçirilib.
2020 — Ermənistanın Respublikasının ölkəmizə qarşı başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanı Cənab İlham Əliyevin rəhbərliyi altında Milli Ordumuz işğal olunmuş torpaqlarımızın azad edilməsi uğrunda Vətən müharibəsinə başlamışdır.
Doğum günləri:

1931— Professor Bilqeyis Mir Əbdülqəni qızı Məmmədova Bakıda anadan olmuşdur.
1957-ci ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını (indiki Bakı Musiqi Akademiyasını) bitirərək, elə həmin ildən də konservatoriyanın musiqi nəzəriyyəsi kafedrasında müəllimlik fəaliyyətinə başlamışdı. Ömrünün sonunadək bu təhsil ocağında pedaqoji fəaliyyətini davam etdirib, eyni zamanda, müxtəlif vəzifələrdə çalışıb. 1957 ildən konservatoriyanın Musiqi nəzəriyyəsi kafedrasında professor vəzifəsində işləməklə yanaşı, 1962 ilə kimi Azərbaycan Dövlət Musiqi Nəşriyyatının baş redaktoru, 1962-66 illərdə “Azərnəşr”də İncəsənət redaksiyasının müdiri, 1969-79 illərdə Azərbaycan Dövlət Konservatoriyasında tədris və elmi işlər üz prorektor olmuş, həmçinin 1974-77 illərdə konservatoriyanın rektorı vəzifəsini icra etmişdir.
Bir sıra elmi yazıların, dərs vəsaitlərinin müəllifidir.
“Şərəf nişanı” ordeni ilə təltif edilmişdir.

1958 — Azərbaycanın Milli Qəhrəmanı Elburus Hacı oğlu Allahverdiyev Gəncə şəhərində fəhlə ailəsində anadan olub.
18 saylı məktəbi bitirdikdən sonra 1976-1978-ci illərdə Sovet Ordusunda hərbi xidmətdə olmuşdur. 1990-cı ildə Orconikidze Kənd Təsərrüfatı İnstitunu bitirmişdir. O bir müddət Vladiqafqazda yaşayıb. Erməni faşistlərinin vətənimizə təcavüzünü eşidən Elbrus Azərbaycana dönüb və könüllü olaraq 17 may 1992-ci il cəbhəyə yollanmışdır.
Elburus Allahverdiyev Azərbaycan Silahlı Qüvvələrimizdə artilleriyanın ilk təşkilatçılarından olur. Ağdam ətrafındakı döyüşlərdə böyük şücaətlər göstərib, bu döyüşlərdə düşmənin xeyli zirehli texnikasını sıradan çıxarıb. Ağdərədə Ermənistan Silahlı Qüvvələrinin reaktiv artilleriyasını sərrast atəşlə susdurub. 1993-cü il 12 iyun tarixində işğalçılar Ağdam üzərinə hücuma keçərkən Elbrus Allahverdiyev düşmənin xeyli canlı qüvvəsini məhv edir və onlar geri çəkilməyə məcbur edir. Ermənistan hərbi hissələrinin Ağdam rayonuna növbəti hücumu iki gün sonra iyun ayının 14-də olur. Onlar Ağdamın Şelli kəndi istiqamətində irəliləmək istəsələr də Elbrusun Allahverdiyevin dəqiqliyi ermənilərin xeyli itkisi ilə nəticələnir və onlar geri çəkilir.
16 iyunda işğalçıların növbəti hücumu zamanı Elbrus əsgər yoldaşları ilə piyadaların köməyinə gedir. Döyüş zamanı o, mərmi partlayışından ağır yaralanır. Komandiri hospitala çatdırdırsalar da, onun həyatını xilas etmək mümkün olmur.
Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1994-cü il tarixli 202 saylı fərmanı ilə Elbrus Hacı oğlu Allahverdiyev ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülmüşdür.
Gəncə şəhərindəki Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
Vəfat etmişdir:

1977— Görkəmli Azərbaycan şairi, Azərbaycan Dövlət Mükafatı laureatı Əhməd Səttar oğlu Cəmilzadə 63 yaşında vəfat etmişdir.
Əhməd Cəmilzadə 1913-cü il oktyabrın 20-də İrəvan quberniyasının İrəvan şəhərində kustar sənətkar ailəsində doğulmuşdur. Dörd yaşında ikən atasını itirmiş, anasının himayəsi altında boya-başa çatmışdır. İbtidai və orta təhsili Gəncə şəhər məktəblərində almışdır.
Orta məktəbin yeddinci sinfində oxuyarkən “Gözəl Qafqaz” adlı ilk şeiri 1928-ci ildə “Qızıl Gəncə” jurnalında dərc olunmuşdur. Azərbaycan Proletar Yazıçıları Cəmiyyətinin Gəncə bölməsində fəal iştirak etmişdir. Onun şeirləri “Qızıl Gəncə”, “Dağıstan füqərası”, “Gənc bolşevik”, “Hücum”, “İnqilab və mədəniyyət” qəzet və jurnallarında vaxtaşırı dərc olunurdu. Sonra Bakıda Ali Pedaqoji İnstitutun Ədəbiyyat fakültəsində təhsilini davam etdirmişdir (1930-1933). Şəmkir rayonunun Zəyəm kəndində (1933-1936), sonra Gəncədə (1936-1940) orta və ali məktəb müəllimi, metodist olmuşdur. 1940-cı ilin sentyabr ayından Azərbaycan Sovet Yazıçıları İttifaqında şeir bölməsində məsləhətçi, “Ədəbiyyat qəzeti”ndə ədəbi işçi, məsul katib işləmiş, sonra ittifaqın məsul katibi seçilmişdir (1940-1942).
İkinci Dünya müharibəsi illərində Şimali Qafqaz, Krım cəbhə qəzetləri (“Döyüş zərbəsi”, “Hücum”, “Vətən uğrunda irəli”) redaksiyalarında çalışmışdır (1942-1943). Yazıçılar İttifaqı İdarə Heyətinin məsul katibi (1944-1947), həm də idarə heyətinin üzvü seçilmişdir. Uzun müddət “Ədəbiyyat qəzeti”, “Azərbaycan” və “Ulduz” jurnalları redaksiya heyətinin üzvü olmuşdur.
1948-ci ilin oktyabrınadək səhhəti üzündən işləməmişdir. Sonra 1948-ci ilin oktyabrında Azərbaycan Sovet Yazıçıları İttifaqında idarə heyətinin məsul katibi seçilmişdir. 1950-ci ildə Azərbaycan Yazıçılar İttifaqında məsləhətçi, 1951-ci ildə “Ədəbiyyat qəzeti”ndə müvəqqəti redaktor işləmişdir. Azərnəşrdə baş redaktor, redaktor (1953-1955), Azərbaycan Mədəniyyət Nazirliyində məsləhətçi (1956-1959), “Azərbaycan” jurnalırının redaktoru (1959-1960), Azərnəşrin baş redaktoru (1962-1963), Gənclik nəşriyyatında redaktor (1964-1967), “Ulduz” jurnalında baş redaktor işləmişdir (1973-1977).

1982 — Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, əməkdar elm xadimi,texnika elmləri doktoru, professor Məcid Əhəd oğlu Mərdanov 69 yaşında vəfat etmişdir.
Məcid Mərdanov 1913-cü il iyul ayının 9-da Qəbələ rayonunun Vəndam qəsəbəsində anadan olmuşdur.
M.Ə.Mərdanov 1920-ci ildə Göyçay rayonu məktəbinə daxil olmuş, 1926-cı ildə həmin məktəbi bitirmişdir. 1931-ci ildə pedoqoji texnikumu bitirmişdir. 1931-1934-cü illərdə Qəbələ rayonunun məktəblərinə əvvəlcə müəllim sonra tədris hissə müdiri və direktor kimi fəaliyyət göstərmişdir.
1934-cü ildə M.Ə.Mərdanov Azərbaycan Dövlət Universitetinin kimya fakültəsinə daxil olmuş, 1939-cu ildə fərqlənmə diplomu ilə oranı bitirmişdir. Universitetdə oxuduğu müddətdə, M. Ə. Əzizbəyov adına (indiki Neft Akademiyası) Azərbaycan Sənayə İnstitutunda laborant, baş laborant vəzifəsində çalışmışdır. Universiteti bitirdikdən sonra “Analtitik kimya” kafedrasında müəllim işləmişdir.
1939-cu ildə Sovet ordusu sıralarına çağırılmışdır. 1941-1945-ci illərdə Böyük Vətən müharibəsində Leninqrad, Kareliya və Estoniya ətrafında gedən döyüşlərdə ağır xəsarət almışdır. Hərbi xəstaxanada müalicə olunduqdan sonra II dərəcəli əlil kimi ordudan təxris olunmuşdur. Həmin illərdə Böyük Vətən müharibəsində göstərdiyi mərdliyinə görə “Böyük Vətən müharibəsinin II dərəcəli ordeni” və “Almaniya üzərində qələbəyə görə” medalları ilə təltif olunmuşdur.
O, 1946-1948-ci illər ərzində Saratov şəhərində yaşamışdır. 1948-ci ildə Saratovdan Bakıya qayıdaraq V.V.Kuybışev adına Azərbaycan Elmi-Tədqiqat Neft Emalı İnstitutuna (AzETNEİ) mühəndis vəzifəsinə qəbul olunmuşdur. 1949-cu ildən Xüsusi yanacaqlar və aşqarlar laboratoriyasının baş mühəndisi, 1952-ci ildən ömrünün sonuna kimi həmin laboratoriyanın rəhbəri vəzifəsində çalışmışdır.
1953-cü ildə “Benzolun olifenlərlə alkilləşməsi nəticəsində alınan polialkil benzolların katalitik çevrilməsi” mövzusunda namizədlik dissertasiya müdafiə etmişdir. 1959-cu ildən Azərbaycan Elmlər Akademiyasının yeni təşkil edilmiş Neft-Kimya prosesləri institutunda elmi işlər üzrə direktorun birinci müavini işləmişdir.
Elmi tədqiqatlarının əsas istiqaməti, neftlərin təşkilinin tədqiqi və onların əsasında yeni növ reaktiv yanacaqların istehsal texnologiyasının işlənməsi olmuşdur.
1959-cu ildə onun rəhbərliyi ilə keçmiş SSRİ-də ilk termostabil “T-5” markalı reaktiv yanacağının Azərbaycan neftlərindən istehsal texnologiyası sənayəsində tətbiq olunmuşdur.
Bu sahədə apardığı tədqiqatlar digər region neftlərindən termostabil yanacaqların alınması istiqamətində aparılan tədqiqatların əsasını qoydu.
Rəhbərliyi ilə səs sürətindən iti sürətli təyyarələr üçün “T-6” markalı yüksək termostabil yanacağın alınma texnologiyası yaradılmış və Başqırdıstanın Salavt Neft-Kimya Kombinatında istehsal olunub, sənayə-təcrübi nümunəsi ixtisaslaşdırılmış üsullarla sınaqdan müvəfəqiyyətlə keçmiş və aviasiyada istifadəsinə vəsadət verilmişdir.
Rəhbərliyi altında keçmiş SSRİ-də ilk dəfə olaraq piroliz prosesinin mayə məhsullarından yükək təmizlik dərəcəsinə malik tsiklopentadienin ayrılma texnologiyası işlənib, yarım sənayə qurğusunda tətbiqini tapmışdır. Bu qurğu Rusiya Federasiyasının Novokuybışev şəhərində Neft-Kimya Layihə İnstitutu tərəfindən layihələndirilmişdir.
Bu prosesin işlənib hazırlanmasına görə M.Ə.Mərdanov “SSRİ Xalq Təsərrüfatının Nailiyyətləri” sərgisinin gümüş medalı ilə təltif olunmuşdur. M.Ə.Mərdanov əməkdaşları ilə mühərrik yanacaqlarının keyfiyyətini artıran aşqarların və korroziya inhibitorlarının yaradılması və tətbiqi sahəsində geniş tədqiqatlar aparmışdır. Karbamid və ortofosfat turşusu əsasında yaradılmış çoxfunksiyalı korroziya inhibitoru VFİRS-82 MDB ölkələrində geniş tətbiq tapmışdır.
Professor M.Ə.Mərdanov yanacaqlar sahəsində kadrlar hazırlanmasında böyük diqqət yetirirdi. Onun bilavasitə rəhbərliyi altında 3 elmlər doktoru, 20 elmlər namizədi yetişdirilmişdir. M. Ə. Mərdanovun apardığı elmi tədqiqatların nəticələri 216-dan artıq elmi məqalədə və 75-dən çox müəlliflik şəhadətnaməsində öz əksini tapmışdır.

2020 — Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, İkinci Qarabağ müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Aydın oğlu Həsənov 34 yaşında Azərbaycanın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.
Ceyhun Həsənov 19 oktyabr 1985-ci ildə Tovuz rayonunun Çeşməli kəndində anadan olub.
1992–2001-ci illərdə Xətai rayonunda Ə. Abbasov adına 257 nömrəli tam orta məktəbdə, 2001–2004-cü illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 2004–2008-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) “Motoatıcı” ixtisası üzrə ali hərbi təhsil alıb.
Ailəli idi, 2 əkiz oğlu yadigar qaldı.
Ceyhun Həsənov 2009–2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan şəhərində yerləşən “N” saylı hərbi hissəsində xidmət edib. 2019-cu ildən isə o, Beyləqan rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmət edirdi.
Ceyhun Həsənov sentyabrın 27-də Füzulinin azad edilməsi zamanı şəhid olub.
İkinci Fəxri Xiyabanda dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı göstərdiyi qəhrəmanlıq nümunələrinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Ceyhun Həsənova ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adı verildi.
Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, Ceyhun Həsənov ölümündən sonra “Vətən uğrunda”, 25.12.2020-ci il tarixli Sərəncamına əsasən, “Füzulinin azad olunmasına görə”, 29.12.2020-ci il tarixli Sərəncamına əsasən, “Qubadlının azad olunmasına görə”,
24.06.2021-ci il tarixli Sərəncamına əsasən isə “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilmişdir.
Bayramlar və xüsusi günlər:
27 sentyabr — Anım Günü

Ermənistanın Respublikasının 2020-ci il sentyabrın 27-də ölkəmizə qarşı başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanı Cənab İlham Əliyevin rəhbərliyi altında Milli Ordumuz işğal olunmuş ı torpaqlarımızın azad edilməsi uğrunda Vətən müharibəsinə başlamışdır.
Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə rəşadət göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik göstərərək, düşmənə sarsıdıcı zərbələr endirmişdir.
Müzəffər Azərbaycan Ordusunun zəfər yürüşünə dözə bilməyən düşmən təxribatlara əl ataraq, günahsız mülki insanları hədəfə almaqla müharibə cinayətləri törətmişdir.
Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2783 nəfər hərbi qulluqçusu həlak olmuş, yüz nəfərdən artıq hərbi qulluqçumuz itkin düşmüş, min nəfərdən artıq hərbi qulluqçumuz yaralanaraq sağlamlığını itirmişdir. İşğal altında olan torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına azad olunmuşdur.
Azərbaycan xalqı hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin2020-ci il 2 dekabr tarixli Sərancamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilməsi qərara alınmışdır.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Şəhidlərimizin ruhu qarşısında baş əyirik!
Beynəlxalq Turizm Günü

1979-cu ildə Baş Qərargahı Madrid şəhərində yerləşən Təşkilat 27 sentyabr – Ümumdünya Turizm Gününü təsis edib. Bu beynəlxalq bayram dünyada 30 ildən artıqdır ki, keçirilir. Həmin gün turizm və turizm biznesinə həsr olunan tədbirlər, festivallar keçirilir. Azərbaycanda Ümumdünya Turizm Günü 2001-ci ildən, Azərbaycanın Beynəlxalq Turizm Təşkilatına üzv olduğu vaxtdan qeyd olunur.
2002-ci ildən başlayaraq Bakıda hər il Beynəlxalq Turizm və “Ümumrespublika Daxili Turizm Sərgiləri” keçirilir.
Son illər ölkəmizdə turizm sektoru sürətlə inkişaf edir. Qeyd edək ki, Azərbaycanın zəngin təbiətə malik olması ölkəmizdə bu sahənin inkişafı üçün əlverişli imkanlar yaradıb.
Məhz ölkə prezidenti tərəfindən 2011-ci ilin “Turizm ili” elan edilməsi də turizm sektorunun Azərbaycan üçün xüsusi əhəmiyyətini göstərmişdir.
Azərbaycanda turizmin inkişafı üçün Prezident İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı” və bu proqrama uyğun olaraq çoxsaylı layihələr həyata keçirilir.
Ümumdünya Lal-karlar Günü

Beynəlxalq Lal-karlar Günü 1951-ci ildə Beynəlxalq Lal-karlar Federasiyasının yaranması şərəfinə təsis olunub. Statistikaya əsasən, hər doqquz nəfərdən biri eşitmə qabiliyyətindən məhrumdur. Onlar bu qabiliyyəti travma, xəstəlik keçirərək və ya anadangəlmə itirirlər. Eşitmə və görmə qabiliyyətini itirmiş insanların içərisində də çox tanınmış, görkəmli şəxslər olub. Məsələn: Pyer De Rensar, Hüqo, Bethoven, Desen, Jan Jak Russo və s.




Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.