Tarixdə bu gün
Təqvim ilinin 271-ci günü (uzun illərdə 272-ci)
İlin sonuna 94 gün qalır.
Mühüm hadisələr:
1724 – Rusiya İmperiyasının qoşunları İrəvan qalasını zəbt etmişdir.

Doğum günləri:

E.ə.551 – Məşhur çinli filosof Konfutsi anadan olmuşdur (ö. E.ə.479). Konfutsinin siyasi və etik görüşləri şagirdləri tərəfindən tərtib edilmiş “Lun yuy” (“Söhbətlər və mülahizələr”) kitabında ifadə edilmişdir. Konfutsiçilik e.ə. II əsrdə Çində rəsmi ideologiya kimi qəbul olunmuş, dövlət dini rolunu oynamış, çinlilərin dünyagörüşünə və həyat tərzinə əsaslı təsir göstərmiş və indi də göstərməkdədir.

616 – Alban hökmdarı Cavanşir ( 681-ci ildə vəfat edib) anadan olub.
Cavanşir Mehranilər sülaləsinin ən parlaq nümayəndəsidir. Onun hakimiyyəti dövründə Qafqaz Albaniyası uğurlu xarici siyasət nəticəsində güclənmiş və Şərqin ən önəmli dövlətlərindən birinə çevrilmişdir.

80
1945 – Xalq artisti, aktrisa Böyükxanım Həsənbala qızı Əliyeva Xaçmaz şəhərində anadan olmnuşdur.
1973-cü ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Kino və dram aktyorluğu fakultəsini bitirərək təyinatla Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrına göndərildi. Böyükxanım Əliyeva bu müddət ərzində Azərbaycan teatrının səhnəsində 100-dən çox rollar ifa etmişdir.
Rolları: Germiona (“Qış nağılı”, U.Şekspir), Amaliya (“Qaçaqlar”, F.Şiller), Gültəkin (“Aydın”, C.Cabbarlı), Sədayə (“Sən yanmasan”, N.Xəzri), Nihal (“Yağışdan sonra”, B.Vahabzadə), Sənəm xala (“Yaxşı adam”, M.İbrahimov), Anjel, Aynur (“Məhv olmuş gündəliklər”, “Büllur sarayda”, İ.Əfəndiyev), komissar (“Nikbin faciə”, Vs.Vişnevski) və s
Teatr sənətindəki xidmətlərinə görə o, 1979-cu ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına, 2002-ci ildə isə Respublikanın Xalq artisti adına layiq görülmüşdür.
30 aprel 2014-cü ildə Prezident Mükafatına layiq görülmüşdür.
Əməkdar artist Təvəkkül Əliyevin həyat yoldaşıdır.

1949 – Əməkdar Elm Xadimi , AMEA-nın həqiqi üzvü, texnika elmləri doktoru Arif Məmməd oğlu Həşimov Şahbuz rayonunda anadan olmuşdur.
978-ci ildə “Yüksək gərginlikli elektrik şəbəkələrinin neytralının rejiminə aid kompleks işlər” ə görə müəlliflər kollektivi ilə birlikdə Elm və Texnika sahəsində Azərbaycan Respublikasının Dövlət Mükafatına layiq görülmüşdür.
Elmi işlərinin əsasını müasir elmin çox əhəmiyyətli istiqamətlərindən biri olan energetikanın fiziki-texniki problemləri sahəsində elmi tədqiqat işləri və mürəkkəb elektrik şəbəkələrində dissipativ faktorları, ifrat gərginlikdən elektrotexniki avadanlıqları mühafizə edən və qısaqapanma cərəyanlarını məhdudlaşdıran qurğuları tam nəzərə almaqla elektromaqnit dalğa proseslərini hesablamaq üçün riyazi modellərin işlənib hazırlanması təşkil edir. İfrat gərginliklərin və qısaqapanma cərəyanların məhdudlaşdırılması üçün betel rezistorların əsasında qurulmuş qurğuların işlənib hazırlanmasında və tətbiq olunmasında bilavasitə iştirak etmişdir. 110-500 kV-luq elektrik şəbəkələrin neytralının, qoruyucu rezistorlardan istifadə etməklə, optimal torpaqlan¬masının texniki əsaslarının yaradılmasında iştirak etmişdir, bu da keçmiş SSRİ-də cərəyan məhdudlaşdırıcı tədbirlərin kütləvi tətbiqinə şərait yaratmışdır.
Vəfat etmişdir

1978 – Görkəmli yazıçı, ədəbiyyatşünas alim , Əməkdar Elm xadimi, professor Mir Cəlal Əli oğlu Paşayev Bakı şəhərində vəfat etmişdir.
Mir Cəlal Paşayev 1908-ci ildə Əndəbil kəndində doğulmuşdur. Kiçik yaşlarında atası Gəncəyə köçdüyündən uşaqlığı burada keçmişdir. 1918-ci ildə atası vəfat etmiş, böyük qardaşının himayəsində yaşamışdır. 1918–1919-cu illərdə xeyriyyə cəmiyyətinin köməyi ilə ibtidai təhsil almışdır. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Gəncə Darülmüəlliminə daxil olmuşdur (1924–28). Tələbə təşkilatının, sonra isə şəhər Tələbə həmkarlar təşkilatının sədri seçilmişdir.
Kazan Şərq Pedaqoji İnstitutunun ədəbiyyat şöbəsində (1930–1932), Azərbaycan Dövlət Elmi-Təqiqat İnstitutunun aspiranturasında təhsilini davam etdirməklə yanaşı, müəllimlik etmişdir . “Füzulinin poetikası” mövzusunda namizədlik dissertasiyası, “Azərbaycanda ədəbi məktəblər” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.
Onun “Füzuli sənətkarlığı”, “Cəlil Məmmədquluzadə realizmi haqqında” və sair bu kimi əsərləri onun ədəbi-nəzəri düşüncə ilə ardıcıl və sistemli şəkildə məşğul olmasını təsdiqləyən çox ciddi faktlardır.
1928-ci ildən ədəbi fəaliyyətə başlamışdır. “Kommunist” qəzetində şöbə müdiri, “Gənc işçi” qəzetində məsul katib, həm də Azərbaycan Elmlər Akademiyası Nizami ad. Ədəbiyyat İnstitutunda elmi işçi olmuşdur (1932–1935). Azərbaycan Dövlət Universitetində dosent, 1948-ci ildən professor kimi fəaliyət göstərmişdir. Azərbaycan ədəbiyyatı kafedrasının müdiri olmuşdur (1961-ci ildən).
Sovet yazıçıları briqadası tərkibində Ağ dəniz – Baltik kanalında yaradıcılıq ezamiyyətində (1935), Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə (1940, 1950, 1960), SSRİ yazıçılarının II, III, IV qurultaylarında (1954, 1959, 1967) i\ştirakçı olmuşdur.
“Qafqazın müdafiəsinə görə”, “Əmək igidliyinə görə” (1944) medalları, “1941–45-ci illərdə Böyük Vətən müharibəsində fədakar əməyinə görə” (1948), “Qırmızı Əmək bayrağı”, “Oktyabr inqilabı” və iki dəfə “Şərəf nişanı” ordenləri, iki dəfə Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı və “Qabaqcıl maarif xadimi” nişanı ilə təltif olunmuşdur. Məzarı ikinci Fəxri Xiyabandadır. Bakı küçələrindən birinə onun adı verilmişdir.

2018 – Fizika-riyaziyyat elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü Firudin Məmməd Əli oğlu Haşımzadə Bakı şəhərində vəfat etmişdir.
Firudin Haşımzadə 7 dekabr 1935-ci ildə Bakıda anadan olmuşdur.
1957-ci ildə Azərbaycan Dövlət Universitetinin Fizika fakültəsini bitirmişdir.
F.M.Haşımzadə 1962-ci ildə fizika-riyaziyyat elmləri namizədi və 1972-ci ildə fizika-riyaziyyat elmləri doktoru elmi dərəcələrini, 1974-cü ildə isə professor elmi adını almışdır, 1980-ci ildə AMEA-nın müxbir üzvü, 2001-ci ildə isə AMEA-nın həqiqi üzvü seçilmişdir.
F.M.Haşımzadə elmi işə Leninqrad (hazırda Sankt-Peterburq) Fizika-Texnika İnstitutunda başlamışdır (1957-1963). 1963-cü ildən ömrünün sonuna qədər AMEA Fizika İnstitutunda işləyib. Aspiranturanı (1957-1960) bitirdikdən sonra kiçik elmi işçi (1961-1963), böyük elmi işçi (1963-1968), “Yarımkeçiricilərin nəzəriyyəsi” laboratoriyasının müdiri (1968-1993), Fizika İnstitutunun direktoru vəzifəsini icra etmiş (1993-2000), “Aşağı ölçülü və nizamsız sistemlər fizikası” probleminin rəhbəri (2002-ci ildən) vəzifəsində çalışmışdır.
Elmi fəaliyyəti ilə yanaşı o, 30 ildən artıq müddətdə Bakı Dövlət Universitetində nəzəri fizikanın və bərk cisim nəzəriyyəsinin müasir problemlərindən bəhs edən mühazirələr oxumuşdur.
Bayramlar və xüsusi günlər:

28 sentyabr Yəhudi təqviminə görə “Yom Kipur” – Haqq-hesab günüdür.
İudaizm dininin daşıyıcıları bu gün “Yom Kipur” bayramını – Azadedilmə və ya haqq-hesab gününü qeyd edirlər.Yom Kipur günü bayram günü axşam girür, səhəri gün ulduzlar görünəndə başa çatır.
Yəhudi ənənələrinə görə, Yom Kipur 10 günlük tövbə dualarından sonra gələn ən vacib bayramlardandır.
Bu bayramı yəhudilərin Yeni ili də adlandırırlar.




Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.