Tarixdə bu gün

İlin 279-cu günü

İlin sonuna 86 gün qalır.

Mühüm hadisələr:

1948 – Aşqabadda baş verən 9-10 ballıq zəlzələ nəticəsində şəhər bütünlüklə dağıdılmış, qeyri-rəsmi məlumatlara görə, təxminən 150 min insan həlak olmuşdur.

1951 – Stalin SSRİ-nin atom silahına malik olduğunu bəyan edir.

2007 – Bakıda Birinci Beynəlxalq “Qızıl Payız” musiqi müsabiqəsi keçirilmişdir.

Doğum günləri:

1914 – Tanınmış norveçli səyyah, etnoqraf və alim-antropoloq Tur Heyerdal anadan olmuşdur.

O, məşhur “Kon-Tikki” ekspedisiyası ilə Cənubi Amerikadan Tomatu adalarına qədər 7000 km-lik məsafəni, sadəcə, sal üzərində keçməklə dünyanı təəcübləndirmişdir.

Məşhur səyyahın həyat və fəaliyyətinin bir qismi də Azərbaycanla bağlıdır. 1981-ci ilin avqustunda Tur Heyerdal ilk dəfə Bakıya gəlmişdir. Dəfələrlə Qobustana və Azərbaycanın digər məkanlarına ekspedisiyalar təşkil etməklə özünün son “Odinin axtarışı ilə” adlı kitabında vikinqlərin köklərinin məhz Azərbaycanda axtarılmasının lazım gəldiyini maraqlı və kifayət qədər inandırıcı faktlarla əsaslandırır:

“Azərbaycanın hələ kifayət qədər öyrənilməmiş mədəniyyət və incəsənəti Mesopotamiyanınkından qədimdir”.

Məşhur səyyah bu fikri qədim qaya təsvirlərinə əsaslanaraq söyləmiş, həmin təsvirlərlə qədim Skandinaviya xalqlarının və ingilislərin mədəniyyəti arasında uyğun cəhətlər olduğunu görmüşdür.

8 aprel 2002- ci ildə 87 yaşında vəfat etmişdir.

1956 — Azərbaycanın görkəmli teatr və kino aktyoru, Xalq artisti Quliyev Nurəddin Əzulla oğlu (Nurəddin Mehdixanlı) Cəlilabad rayonunun Tahirli kəndində doğulub.

1974-cü ildə M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsinə daxil olub. 1978-ci ildə böyük rejissor Adil İsgəndərovun rəhbərlik etdiyi kursu başa vurub təyinatla Akademik Milli Dram Teatrına göndərilib.  

Romantik pafosa, coşqun daxili temperamentə, gözəgəlimli səhnə görkəminə malik aktyordur.

Mürəkkəb hadisələr burulğanında mənəvi çarpışmalar keçirən, faciə notlu, dramatik xarakterli qəhrəman rollarını yüksək məharətlə yarada bilir.

“Dədəm Qorqudun kitabı” dastanın motivləri əsasında “Dədə Qorqud” çoxseriyalı televiziya filmində Bayandur xan, “Bəyaz həyat”da Vüqar Quliyev rollarına çəkilib.

2017-ci ildə Cəfər Cabbarlı mükafatına layiq görülmüşdür.

Vəfat etmişdir:

1657 — XVII əsr görkəmli osmanlı alimi, tarixçisi, yazıçısı və coğrafiyaşünası Katib Çələbi (əsl adı Mustafa bin Abdullah) vəfat edib.

Katib Çələbi  fevral 1609 – cu ildə doğulub.

Onun din, hüquq, siyasət, ədəbiyyat, coğrafiya, tarix, biblioqrafiya və başqa elm sahələrində əsərləri məlumdur.

1930 — Məşhur dövlət xadimi, publisist, Azərbaycan Demokratik Respublikasının parlamentinin üzvü Səməd ağa Ağamalıoğlu vəfat etmişdir.

Səmədağa Həsən oğlu 1867-ci ildə Qazax qəzasısının Qıraq Kəsəmən kəndində anadan olmuşdur.

1920-ci ildən Sov. İKP üzvü olmuşdur. Musavat parlamentində sosalist fraksiyasının üzvü olan bolşeviklərin xəttinə tərafdar çıxmış, Musavatçıların xalqa zidd əks-inqilabi siyasətini qətiyyətlə pisləmiş, İngilis silahlı müdaxiləçilərinin Bakıdan çıxarılmasını Azərbaycan ilə sovet Rusiyası arasında ittifaq tələb etmişdir. Azərbaycanda Sovet hakimiyyətinin qələbəsindən sonra respublikanın ilk Xalq Torpaq Komissarı, 1921-ci ildə Azərbaycan SSR MİK sədri, habelə Azərbaycanda Sovet ha1922-1929-cu illərdə Azərbaycan SSR MİK sədri, habelə ZSFSR MİK sədrlərindən biri olmuşdur.

1930-cu ildə Moskvada vəfat edən Səməd ağa Ağamalıoğlu orada da dəfn olunmuş, sonradan cənazəsinin qalıqları Bakıya Fəxri Xiyabana köçürülmüşdür.

Azərbaycan SSR-də Ağamalıoğlunun adına kənd, ali məktəb, küçələr və s. vardı.

1992— Azərbaycan  Respublikasının Xalq rəssamı , Azərbaycan və  SSRİ Dövlət Mükafatı  Laureatı Kazım Kazımzadə 79 yaşında vəfat etmişdir.

Kazım Kazımzadə  1913-cü il avqusun 10-da Bakı şəhərində anadan olmuşdur. 1936-cı ildə Azərbaycan Rəssamlıq Texnikumunu, 1960-cı ildə İ.Y.Repin ad. Leninqrad Boyakarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunu bitirmişdir. İlk dövrdə Nizaminin “İsgəndərnamə” (“İqbalnamə”), “Sirlər xəzinəsi” (1940), “Leyli və Məcnun” (1947), “Xosrov və Şirin” (1948) poemalarına, eləcə də uşaqlar üçün işlənmiş “Fitnə”, “Sehrli üzük”, “İsgəndər və çoban” kitablarına illüstrasiyalar çəkmişdir. “Cəbhə yollarında” (1943) rəsmlər silsiləsində müharibənin fəlakətlərini əks etdirmişdir. Yaradıcılığında Sovet dövrünə xas olan siyasi plakat və karikaturalar mühüm yer tutmuşdur. Kazımzadə, əsasən kitab illüstrasiyası və dəzgah qrafikası sahəsində fəaliyyət göstərmişdir.

1942-ci ildən vəfatınadək Azərbaycan Dövlət İncəsənət Muzeyinin direktoru, 1954-cü ildən Beynəlxalq Muzeylər Şurası Sovet Komitəsinin əsas üzvü olmuşdur. Bakı şəhərində Səməd Vurğun və Uzeyir Hacıbəyovun ev-muzeylərinin, Qazaxda Səməd Vurğun Poeziya evinin, Lənkəran Tarix-Diyarşünaslıq Muzeyinin ilk bədii tərtibatını məhz o vermişdir.

1952-ci ildən “Kirpi” jurnalı ilə əməkdaşlığa başlamış, həmçinin tarixi-inqilabi və məişət mövzularında rəsm silsilələri (“Bakıda inqilabi-tarixi hadisələr”, “Tibb işçiləri”) və tablolar (“416-cı diviziya döyüşdə”, “Azad Kubada”, “İraq lövhələri” və s.) yaratmışdır. Kinofilmlərə, dram və opera tamaşalarına, o cümlədən Üzeyir Hacıbəyovun “Leyli və Məcnun”, “Koroğlu” operalarına geyim eskizlərinin, süjetli xalıların müəlliflərindəndir.

Bayramlar və xüsusi günlər:

6 Oktyabr Yaşayış Məskənlərinin Ümumdünya Müdafiəsi Günü kimi qeyd olunur. Bu gün Avropada Yabanı Flora və Fauna və Təbii Qoruma Müqaviləsi çərçivəsində 1979-ci ildə qəbul edilmişdir.

Məqsəd dünyanın, insanların mövcudluğu, yaşaması, davam etməsi üçün ilkin və vacib şərt olan ətraf mühitə qayğı, cavabdehlik, məsuliyyət yaratmaqdır.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

Previous Post
Next Post

Son yazılar

Sitatlardan seçmələr:

   

Həcər, ad günün mübarək!