Tarixdə bu gün

İlin 286- cı günü

İlin sonuna 79 gün qalır.

Mühüm hadisələr:

1921 – ZSFSR ilə Türkiyə arasında Qars müqaviləsi imzalanmışdır.

1923 – Türkiyə Böyük Millət Məclisi Ankaranın Türkiyə paytaxtı olması ilə bağlı qərar qəbul etmişdir.

1734 – Rus qoşunu Gəncə qalasını mühasirəyə almışdır.

1880 –Bakı-Sabunçu-Suraxanı xəttinin istifadəyə verilməsi ilə Azərbaycanda dəmir yolu nəqliyyatının əsası qoyulmuşdur.

1997 – Moskvada Azərbaycan məktəbi açılmışdır.

Doğum günləri:

1927 – Türkiyə Respublikasının 8-ci prezidenti Turqut Özal Malatyada anadan olmuşdur.

1950-ci ildə İstanbul Texniki Universitetinin məzunu olan Turqut elektrik mühəndisi ixtisasına yiyələnib.

1952-ci ildə ABŞ-a yollanan Turqut orada iqtisadiyyat üzrə təhsilini tamamlayıb. Türkiyəyə geri qayıtdıqdan sonra Elektrik İşləri Etüd İradəsi baş direktorunun köməkçisi kimi Türkiyənin elektrifikasiyası ilə bağlı layihələrdə yaxından iştirak edib. 1961-1962-ci illərdə hərbi xidmətini Milli Müdafiə Nazirliyinin Elmi Məsləhət Qurumunun üzvü kimi yerinə yetirən Turqut Dövlət Planlaşdırma Təşkilatının yaradılmasına öz töhfəsini verib. Daha sonra Ortadoğu Texniki Universitetində pedaqoqluq fəaliyyəti ilə məşğul olub.

Bir müddət Nazirlər kabinetinin Texniki Mütəxəssislər şöbəsinin üzvü olan Turqut 1967-1971-ci illərdə Dövlət Planlaşdırma Təşkilatının müşaviri vəzifəsini icra edib. Turqut Özal Bundan əlavə İqtisadi Koordinasiya təşkilatı, Maliyyə və Kredit təşkilatı, RCD koordinasiya qurumu və AET koordinasiya qurumunun rəhbəri vəzifələrini icra edib. 1972-1973-cü illərdə Dünya bankında məsləhətçi olaraq fəaliyyət göstərən Turqut Türkiyəyə qayıtdıqdan sonra müxtəlif sənaye qurumlarında çalışıb. 1979-cu ilin sonlarına doğru Baş nazirin müşaviri vəzifəsinə təyin olunan Turqut eyni zamanda Dövlət Planlaşdırma Təşkilatının müşaviri vəzifəsini də vəkalətən icra edib.

1980-ci il 12 iyulda baş verən çevrilişdən sonra qurulan hökumətdə iqtisadi işlərdən məsul baş nazir köməkçisi təyin edilsə də 1982-ci ildə vəzifəsindən istefa verib. 1983-cü ildə Ana Vətən partiyasını quran Özal elə həmin il keçirilən seçkilərdə partiyasının uğur qazanması nəticəsində Türkiyə respublikasının 19-cu Baş naziri seçilib.   1987-ci ildə keçirilən seçkilərdən sonra yenidən hökumətə rəhbərlik edərək Baş nazir kimi fəaliyyət göstərib. 1989-cu ilin 31 oktyabrında TBMM tərəfindən Türkiyə Cumhuriyyətinin 8-ci prezidenti seçilən Turqut Özal 1989-cu ilin 9 noyabrdan etibarən vəzifəsinin icrasına başlayıb.

Turqut Özal 1993-cü il aprelin 17-də Ankarada vəfat edib.

1940 — Sovet və Azərbaycan kino və teatr aktyoru,  Əməkdar artisti Hamlet Ağadadaş oğlu Qurbanov anadan olmuşdur.

H.Qurbanov 1961-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitututunda (indiki Mədəniyyət və İncəsənət Universiteti) böyük rejissor Mehdi Məmmədovun  kursunu bitirmişdir.

1957-1992-ci illərdə Azərbaycan Milli Dram Teatrın səhnəsində  yaddaqalan bir çox  obrazlar yaratmışdır.

Hamlet Qurbanov Azərbaycan televiziyasının hazırladığı bir sıra tamaşalara və “Azərbaycanfilm”in istehsal etdiyi filmlərə çəkilmişdir.

Aktyor 16 noyabr 1995-ci ildə xərçəng xəstəliyindən vəfat etmişdir.

Vəfat etmişdir:

1937 — Maarif komissarı, partiya və dövlət xadimi Məmməd bəy İsmayıl bəy oğlu Cuvarlinski vəfat etmişdir.

Məmməd bəy Cuvarlinski 1902-ci ildə Cəbrayıl qəzasının Cuvarlı kəndində anadan olmuşdu. İbtidai təhsilini Qarğabazar kənd məktəbində almışdı. Bir müddət kəndlərində təsərrüfatla məşğul olmuşdu. Sonra Bakı şəhərinə köçmüş, müxtəlif yerlərdə fəhlə işləmişdi. Azərbaycanda sovetləşmədən sonra qulluqçu olmuş, 14 il partiya işində çalışmışdı. II dərəcəli sovet partiya məktəbini, ÜİK(b)P MK yanında partiya işçiləri üçün kursu, qiyabi olaraq Pedoqoji texnikumunu bitirmişdi.

Məmməd Cuvarlinski Azərbaycan SSR-nin maarif komissarı olmuşdi. AZK(b)P Nuxa (Şəki) Komitəsinin birinci katibi vəzifəsində çalışmışdı. AZK(b)P MK-nin üzvü idi. M. Bağırov 1937-ci ildə Azərbaycan SSR Sovetlər qurultayında partiya qrupundan çıxış edərək Azərbaycan SSR Konstitutisiyasında düzəlişlər edən Cuvarlinskini millətçi adlandırmışdı. Martın 17-də MK-nin bürosu, 19-da isə plenumu Mir Cəfər Bağırovun təklifi ilə Məmməd Cuvarlinskini MK-nın bürosundan, 29-da isə partiya işindən xaric etdilər. M.Cuvarlinski Moskvaya şikayət üçün yollandı. M. Bağırov onu qabaqlayıb həbs etdi. Onu Bakıya, M. Bağırovun kabinetinə gətirdilər. Məmməd Cuvarlinski 13 oktyabr 1937-ci ildə güllələndi.

1937 — Hərbi xadim, diviziya komandiri, general-mayor Qambay Məmməd oğlu Vəzirov repressiya qurbanı olmuşdur.

Qambay Vəzirov 18 avqust 1998-ci ildə İrəvan quberniyasında doğulmuşdur. İlk təhsilini İrəvan gimnaziyasında almışdır. 1918-ci ildə altı ay Türkiyədə işləmişdir. 1919-cu ildən Azərbaycan Xalq Cümhuriyyətinin Milli Ordusunda xidmət etmişdir. Hərbiyyə məktəbini bitirdikdən sonra 1920-1922-ci illərdə Qazaxda, Cəbrayılda və Qarabağda sovet hakimiyyətinə qarşı çıxan daşnaklarla vuruşmuşdur.

Vəzirov 1922-ci ildə Moskvaya Frunze adına Hərbi Akademiyaya göndərilmişdir. Təhsilini başa vurduqdan sonra 1925-ci ilin avqustunda Azərbaycan Birləşmiş Hərbi Məktəbinin rəisi təyin olunmuş və burada işlədiyi iki ildə özünü təşəbbüskar komandir və qayğıkeş müəllim kimi göstərmişdir.

1927-ci ildə Zaqafqaziya milli hərbi məktəbləri birləşdirildikdən sonra Vəzirov 3-cü Qafqaz atıcı diviziyasının, 1928-ci ildə isə Azərbaycan atıcı diviziyasının qərargah rəisi təyin edilmişdir. Azərbaycan atıcı diviziyası onun rəhbərliyi ilə 1929-cu ilin avqust-sentyabrında Əlahiddə Qafqaz ordusunun ilk manevrlərində uğurla iştirak etmişdi.

Vəzirov nümunəvi döyüş komandiri kimi, 1930-1932-ci illərdə Belorusiya hərbi dairəsi 111-ci atıcı alayının komandiri, eyni zamanda, Jizdra şəhər qarnizonunun rəisi vəzifələrində çalışmışdı. 1932-ci ildə o, Azərbaycan atıcı diviziyasının komandiri və komissarı təyin edilmiş, bilik və təcrübəsini respublikada hərbi kadrların hazırlanmasına həsr etmiş, “Qırmızı Ulduz” ordeni ilə təltif olunmuşdu.

1937-ci ilin iyununda terrorçu-əksinqilabi milli təşkilatın rəhbəri olmasına dair saxta ittihamlar əsasında həbs edilərək, güllələnmişdir. SSRİ Ali Məhkəməsinin hərbi kollegiyasının 1956-cı il 28 iyul tarixli qərarı ilə Vəzirova ölümündən sonra bəraət verilmişdir

1943 — Sovet İttifaqı Qəhrəmanı Mikayıl Məhəmməd oğlu Ələkbərov faşizmə qarşı müharibədə qəhrəmancasına həlak olmuşdur.

Mikayıl Ələkbərov Abşeron rayonunun Saray kəndində dünyaya göz açmış və 1942-ci ildə orduda xidmətə könüllü getmişdir.

Hərbi əməliyyatlarda 1943-cü ilin aprelində 81-ci atıcı diviziyası (7-ci ordu) tərkibində kəşfiyyatçı kimi iştirak etmiş və həmin ilin sentyabrın sonunda Dneprin keçilməsində şəxsi igidliyi ilə fərqlənmişdir. Belə ki, kəşfiyyatçı Mikayıl çayı tez keçərək düşmən sahilindən onun müdafiə qüvvəsi haqqında məlumatı öz hissəsinə verməklə hücüm əməliyyatının qələbəsini təmin etmişdir.

Ukraynanın Dnepropetrovsk vilayətinin azad edilməsi uğrunda aparılan döyüşlərdə düşmənin 14 hücumunun dəf edilməsində iştirak etmiş,  bu döyüşlərdə ağır yaralanmış və iki həftə sonra aldığı ağır yaralardan həlak olmuşdur.

Dnepropetrovskda Rudka kəndində dəfn edilmişdir.

Sovet İttifaqı Qəhrəmanı adı ölümdən 12 gün sonra 1943-cü ilin 26 oktayabrında verilmişdir.

Saraydakı və Rudkadakı məktəblərə onun adı verilmişdir.

1996 —Azərbaycan Respublikasının  Xalq rəssamı və Əməkdar incəsənət xadimi Elmira Həbibulla qızı Şahtaxtinskaya 66 yaşında  vəfat etmişdir.

Elmira Şahtaxtinskaya 13 oktyabr 1930-cu ildə Bakı şəhərində doğulmuşdur. Orta təhsilini Bakı şəhərində almış, daha sonra Əzim Əzimzadə adına Azərbaycan Rəssamlıq Məktəbini və V. İ. Surikov adına Moskva Rəssamlıq İnstitutunu bitirmişdir. 13 oktyabr 1996-cı ildə Moskvada vəfat etmiş, Bakıda Fəxri Xiyabanda dəfn olunmuşdur.

Rəssam xanım daha çox plakat və dəzgah rəsmlərinin müəllifi kimi şöhrət tapmışdır. XX əsrin 70-ci illərində “Azərbaycan qədim mədəniyyət diyarıdır” plakat silsiləsini, Azərbaycanın elm, ədəbiyyat və incəsənət xadimlərinin portretlər qalereyasını, dəzgah rəsmləri və akvarellərindən “Çexoslovakiyada” (1957), “Sosialist Bakısı” seriyası (1958-1959), “Bolqarıstanda” (1963), “Qutablar” (1963) və “Novruz bayramı” (1970) tablolarını yaratmışdır. Moskva (1957), Kaunas (1967) və s. şəhərlərdə fərdi sərgisi nümayiş etdirilmişdir.

Rəssamın yaradıcılığında sülh və xalqlar dostluğu, əmək mövzusu əhəmiyyətli yer tutur. 70–ci illərdə çəkdiyi “Azərbaycan qədim mədəniyyət diyarıdır” plakatlar silsiləsində Azərbaycanın orta əsrlərdə yaşayıb yaratmış elm və mədəniyyət xadimlərinin (Nəsirəddin Tusi, Məhsəti Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Əcəmi Naxçıvani, Sultan Məhəmməd və başqaları), 70–80–ci illərdə isə müasir sənətkarların (Üzeyir Hacıbəyli, Hüseyn Cavid, Səməd Vurğun, Səttar Bəhlulzadə, Qara Qarayev, Fikrət Əmirov və başqaları) portretlərini yaratmışdır.

E.Şahtaxtinskaya “Şərəf ordeni” ilə təltif edilmişdir.

2020 – “Azərbaycan Bayrağı” ordenli qəhrəmanımız Şəhriyar Kamil oğlu Abdullayev Vətən uğrunda döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.
Şəhriyar Abdullayev 1987-ci il martın 2-də Tərtər rayonunun Cəmilli kəndində anadan olub.
Azərbaycan Ordusunun kiçik giziri olan Şəhriyar Abdullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayıl və Hadrut qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Şəhriyar Abdullayev oktyabrın 13-də Hadrut döyüşləri zamanı şəhid olub. Daşkəsən şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda gedən döyüşlədə göstərdiyi rəşadətlərə görə Kiçik gizir Şəhriyar Kamil oğlu Abdullayev Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, Şəhriyar Abdullayev ölümündən sonra “Vətən uğrunda” medalı, 24.12.2020-ci il tarixli Sərəncama əsasən, “Cəbrayılın azad olunmasına görə” medalı , 29.12.2020-ci il tarixli Sərəncamına əsasən, “Kəlbəcərin azad olunmasına görə” medalı , 24.06.2021-ci il tarixli Sərəncamına əsasən ,”Füzulinin azad olunmasına görə” medalı və “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilmişdir.
Ailəli idi. Bu xalq üçün 2 gözəl qız balası əmanət qaldı.

Bayramlar və xüsusi günlər :

 

Hər il oktyabr ayının 13-də Dəmir yolu işçilərinin peşə bayramı günü  kimi qeyd olunur.   Bu bayram Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən 2005-ci ildən qeyd olunur.

Azərbaycanda ilk dəmir yolunun inşasına 1878-ci ildə başlanıb və 1880-cı ildə sonra rəsmi açılışı olub. Dünyada ilk dəfə neft bu yolla çən vaqonları ilə daşınıb. Hazırda ölkədə dəmir yollarının uzunluğu 2 944 km, istismar uzunluğu isə 2 122 km-dir. Dəmir yolu xəttinin 1 277,1 km-i (60%) elektrikləşdirilib.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

Previous Post
Next Post

Son yazılar

Sitatlardan seçmələr:

   

Həcər, ad günün mübarək!