Tarixdə bu gün
İlin 292- ci günü
İlin sonuna 73 gün qalır.

Mühüm hadisələr:
1923 — Azərbaycan SSR rəsmi olaraq Latın qrafikalı əlifbaya keçmişdir.
Doğum günləri:

1866 — İranda Məhəmmədəli Şah hakimiyəti diktaturasına qarşı Məşrutə inqilabının görkəmli xadimi, xalq qəhrəmanı Səttar xan İranın Qaradağ vilayətinin Bişək kəndində anadan olub.
Səttarxan Qaradağ Vilayətində azərbaycanlı ailəsində anadan olub. Qaradağ bölgəsindən olmağını ona ləqəb kimi “Qaradağlı” deyilməsi sübut edir, lakin hansı kənddə doğulması ilə bağlı ortaq yekun bir fikir yoxdur. Azərbaycan Sovet Ensiklopediyasına görə o, Qaradağ vilayətinin Məmmədxanlı mahalında (hazırda Mincivan) anadan olub. Alman islamşünas Anya Pistor Hatam isə onun doğum yeri kimi Canəli kəndini göstərir.
Səttar xan Əhər şəhərinin sakini Hacı Həsən Bəzzazın ikinci oğlu idi. Hacı Həsən Bəzzaz parça ticarəti ilə məşğul idi. Onun Səttar xandan başqa dörd qızı və iki oğlu olub.
P.Petroviçə görə Səttar xan kiçik yaşlarında əkin sahələrində işləyib çobanlıqla məşğul olub. Gənc yaşlarında qardaşı İsmayıl ilə birlikdə həbs olunaraq Təbrizə aparılır. Buna səbəb isə şah rejiminə qarşı mübarizə aparan rəhbərlərdən birini gizlətmələri olub. İ. Əmirxizinin yazdıqlarına görə İsmayılı edam edib, Səttarı isə 3 aylıq həbs edirlər.
1888-ci ildə Səttarı yenidən həbs edirlər bu dəfə onu Ərdəbildə yerləşən və xüsusi nəzarət olunan məhbusların saxlanıldığı Narın qalaya yerləşdirirlər. Burada o iki ilini keçirir. Həbsxanada tanış olduğu Haşım adlı bir məhbusu gizli yolla azad etməyə gələnlərin köməkliyi ilə zindandan qaçır. Mərəndə gedənə qədər Şahsevənlərdən olan Yurtiçi və Alarlı tayfalarına qoşulur və onlarla birgə yaşayır. Əmirxiziyə görə Səttar xanın həbs olunması və həbsxanada keçirdiyi illər onu şah rejiminə qarşı daha da amansız edir. Sonrakı illərdə Səttar Mərənd-Səlmas-Xoy yolunu mühafizə edən dəstədə xidmət edir. Bu işi tərk etdikdən sonra əvvəl Tehrana, sonra isə Tehrana gedir.
Səttar xanın sonrakı həyatı ilə bağlı fikirlər müxtəlifdir. “Russkie vedmosti” qazetinə görə Səttar xan bir müddət Zaqafqaziyanın sənaye mərkəzlərində, İrəvan dəmir yolunun çəkilməsində, kərpic zavodlarında və beş il müddətində Bakı mədənlərində işləyib. Bəzi mənbələrə görə isə Məşrutə inqilabına qədər o, Təbrizdə və ətraf bölgələrdə gizli şəkildə yaşayan, rejim əleyhinə, onun yerlərdəki məmurlarının xalqa etdikləri zülm və özbaşınalığına qarşı mübarizə aparan dəstələrə qoşulur. Lakin rus tədqiqatçı P.Petroviçin etirafına görə o özü də 1888-1893-ci illər arasında Səttar xanın fəaliyyəti haqqında dəqiq məlumatlara sahib deyil.
Səttarxan Təbrizə dönən vaxt artıq Təbriz rejimi əleyhinə ayağa qalxmış və onun bütün siyasi sütunlarını silkələməyə başlamışdı. Məhəmmədəli şah atasının millətə verdiyi vədləri yerinə yetirmək əvəzinə əcnəbi silahına söykənib xalqa divan tutmağa başlayır. Üstəlik İranı nüfuz dairəsinə çevirmək haqda 1907-ci il İngiltərə-Rusiya sövdələşməsinə razı oldu.
Bunun ardınca 1908-ci il iyun ayının 23-də xalq elçilərinin toplandığı məclis top atəşinə tutuldu. Ölkədə kütləvi həbslər və təqiblər başlandı. Məşrutə hərəkatına ağır zərbə endirildiyi, verilmiş nisbi azadlıqların əldən alındığı, Əncümənlərin qapılarına qıfıl vurulduğu ağır günlərdə Azərbaycan, onun baş şəhəri Təbriz ayağa qalxdı. Kütləni mübarizəyə qaldırmaqda və mütəşəkkil hücumu təşkil etməkdə Səttarxan və onun silahdaşları başda olmaqla “Mərkəze-Qeyb”in, Müdafiə Şurasının və Təbriz əncüməninin böyük xidmətləri olmuşdu. Bundan başqa Şimali Azərbaycandan da Məşrutəyə dəstək verilirdi. Milyonçular Hacı Zeyanalabdin Tağıyev, Şəmsi Əsədullayev və digərləri mucahidlərə pul və silah yardımı edirdilər. Heydər xan Əmioğlu, Abbas Rzazadə kimi yüzlərlə fədai məhz Şimali Azərbaycandan əksinqlabçılara qarşı döyüşmək üçün Təbrizə gəlmişdilər.
Şura Məclisi topa tutulduqdan, şahın 40 minlik silahlı qüvvəsinin inqilabın beşiyi sayılan Təbriz şəhərinə hücumundan sonra, 1908-ci ilin iyun ayında Səttar xanın rəhbərliyi altında Ali Hərbi Şura yaradılır. Ali Şuranın baş komandanı Səttar xan və onun müavini Bağır xan, üzvləri Əli Müsyo, Hacı Əli, Seyid Haşim xan təyin edilirlər. 1909-cu ilin aprel ayına qədər Təbriz üsyanı inqilabçıların verdiyi çoxsaylı itkilərə baxmayaraq düşmənin silahlı qüvvələrini Təbrizdən çıxarmağa nail olur. Bu döyüşdə Səttar xan və Bağır xan nümayiş etdirdikləri qeyri-adi qəhrəmanlıqları müqabilində Azərbaycanın əyalət əncüməni tərəfindən müvafiq olaraq “Sərdari-milli” (Xalq sərkərdəsi) və “Salari-milli” (Xalq rəhbəri) fəxri adlarına layiq görülürlər.
Təbrizin müdafiəsi Hərbi Şuraya tapşırılır. Üsyançıların bu qələbəsi Azərbaycanın başqa vilayətlərinə və bütün İrana təsir göstərir. Tehran, Qəzvin, Rəşt, İsfahan və başqa şəhərlərdə “Səttar xan” adı altında inqilabi komitələr yaranır. Təbriz əyalət əncüməni özünü Şura Məclisinin elçisi kimi təqdim edir. 1908-ci ilin oktyabr ayına qədər Azərbaycanın bir çox vilayətləri düşmənlərdən təmizlənir. Ölkədə inqilabi hərəkatın güclənməsindən qorxuya düşən şah-irtica qüvvələri Tehranda Şura Məclisinin yenidən açılmasına icazə verməyə məcbur olurlar. 1908-ci ilin dekabr ayında açılan İkinci Şura Məclisi Səttar xan ilə Bağır xanın xidmətlərini dəyərləndirmək məqsədilə adları metal lövhə üzərinə qızıl hərflərlə həkk edilmiş Şərəf Nişanlarının hazırlanması və Məclisin yenidən açılışı zamanı tribunadan asilması haqqında fərman verir.
Təbriz inqilabının qələbəsindən sonra inqilabi əhval-ruhiyyənin artması şah qüvvələrini, Çar Rusiyası və İngiltərəni təşvişə salır. Onlar Səttar xanı və silahdaşlarını gözdən salmaq üçün Səttar xan və Bağır xanı silahdaşlarından, Təbrizdən ayırmağa çalışırlar. İngiltərənin xarici işlər naziri Edvard Karinin bu ölkənin İrandakı səfiri Corc Birliyə göndərdiyi teleqramda (16.3.1910) deyilirdi ki, Səttar xan və Bağır xan tezliklə Təbrizdən çıxarılmalıdır. Bundan sonra İranın baş naziri, Milli Şura Məclisi işə qarışıb Səttar xan və Bağır xanı Tehrana getməyə məcbur edirlər. 1910-cu il mart ayının 6-da Səttar xan və Bağır xan 300 nəfər silahdaşı ilə Tehrana yola düşür. 1910-cu il aprel ayının 3-də Səttar xan Tehrana çatır. Qurbanlar kəsilir, Tehran əhalisi onu xilaskar kimi qarşılayır.
Səttar xana fədailəri ilə Atabəy parkında yer verilir. 1910-cu ilin 7 avqustunda şah qoşunları və Tehranın milliyətcə erməni olan və əvvələr Səttar xanın qüvvələri ilə birgə şah rejiminə qarşı mübarizə aparmış, daşnak Yefrem Davidyansın başçılıq etdiyi polis qüvvələri gecə xaincəsinə Atabəy parkına hücum edirlər, Səttar xanın qüvvələrini mühasirəyə alaraq tərkisilah etməyə cəhd göstərirlər. Baş verən silahlı qarşıdurmada Səttar xan ayağından yaralanır. Səttar xanın qoşunlarına Tehrandan çıxmağa imkan verilmir. Bəzi mənbələrə görə Səttar xan əslən erməni olan Yepremxan adlı biri tərəfindən vurulmuşdur. Aldığı güllə yarasından 1914-cü il noyabr ayının 9-da Səttar xan 48 yaşında vəfat edir və Tehranın Şah Əbdüləzim qəbiristanlığında dəfn olunur. Qəbri 1924-cü ildə inqilabçılar tərəfindən təmir edilir.
1944-cü ildə 44 mütərəqqi qəzeti öz ətrafında birləşdirən “Azadlıq cəbhəsi” qəzeti tərəfindən təşkil edilmiş mitinqdə Seyid Cəfər Pişəvəri Səttar xanın qəbri üstündə nitq söyləyir. 1945-ci ildə yaranmış Azərbaycan milli hökuməti onun və Bağır xanın heykəllərini Təbriz şəhərində ucaltmış, Təbriz küçələrinə onların adları verilib.

115
1910 — Görkəmli Azərbaycan müğənnisi, Xalq artisti Şövkət Feyzulla qızı Ələkbərova Bakıda anadan olmuşdur.
1937-ci ildə bədii özfəaliyyət kollektivlərinin müsabiqəsində iştirak etmiş və öz çıxışı ilə Üzeyir Hacıbəyov, Səid Rüstəmov, Bülbül kimi sənətkarların diqqətini cəlb etmişdir. Opera Teatrında keçirilən yekun konsertdə Şövkət Ələkbərova “Qarabağ şikəstəsi”ni oxumuş və Fatma Mehrəliyeva və Gülağa Məmmədovla birlikdə ilk üçlüyə daxil olmuşdur. Bu müsabiqə Şövkət Ələkbərovanın peşəkar musiqi sənətinə gəlişinin əsasını qoydu. 1945-ci ildən Filarmoniyanın solisti kimi işə başlayan Şövkət Ələkbərovanın ifasında səslənən xalq mahnıları, muğamlar, bəstəkar mahnıları Azərbaycanda çox böyük məşhurluq qazanır.
SSRİ-nin bir çox şəhərlərində, Fransa, İsveçrə, Şri-Lanka, Əfqanıstan, Hindistan, Misir, Əlcəzair, İran, Türkiyə, Polşa və digər xarici ölkələrdə uğurla çıxış edən Şövkət Ələkbərovanın repertuarına “Segah”, “Qatar”, “Şahnaz” kimi muğamlar, Azərbaycan bəstəkərlarının və Orta Şərq xalqlarının mahnıları daxil idi.
7 fevral 1993-cü ildə vəfat etmişdir.

1913 — Azərbaycan Dövlət Mükafatı laureatı, şair Əhməd Cəmil İrəvan quberniyasında anadan olmuşdur.
1940-cı ilin sentyabr ayından Azərbaycan Sovet Yazıçıları İttifaqında şeir bölməsində məsləhətçi, “Ədəbiyyat qəzeti”ndə ədəbi işçi, məsul katib işləmiş, sonra ittifaqın məsul katibi seçilmişdir.
1948-ci ilin oktyabrınadək səhhəti üzündən işləməmişdir. Sonra 1948-ci ilin oktyabrında Azərbaycan Sovet Yazıçıları İttifaqında idarə heyətinin məsul katibi seçilmişdir. 1950-ci ildə Azərbaycan Yazıçılar İttifaqında məsləhətçi, 1951-ci ildə “Ədəbiyyat qəzeti”ndə müvəqqəti redaktor işləmişdir. Azərnəşrdə baş redaktor, redaktor, Azərbaycan Mədəniyyət Nazirliyində məsləhətçi, “Azərbaycan” jurnalırının redaktoru, Azərnəşrin baş redaktoru, Gənclik nəşriyyatında redaktor, “Ulduz” jurnalında baş redaktor işləmişdir.
1977-cı il sentyabrın 27-də Bakıda vəfat etmişdir.

1917 — Azərbaycanın Xalq artisti, opera müğənnisi İdris Fərhad oğlu Ağalarov anadan olmuşdur.
İidris Ağalarov 1943-cü ildə konservatoriyada S. K. Qolskayanın sinfini bitirmişdi.
1937 -ci ildən Azərbaycan Akademik Opera və Balet Teatrının solisti olmuşdur.
idris Ağalarov 1943-cü ildə konservatoriyada S. K. Qolskayanın sinfini bitirmişdi.
1937 -ci ildən Azərbaycan Akademik Opera və Balet Teatrının solisti olmuşdur.
Gözəl səsə (bariton səsə malik olmuşdur) yüksək səhnə mədəniyyətinə malik olan İdris Ağalarov Azərbaycan və xarici ölkə bəstəkarlarının operalarında bir sıra partiyalarda Şahvələd (“Şahsənəm”, Qlier), Onegin, Mazepa, Yeletski ( “Yevgeni Onegin”, “Mazepa”, “Qaratoxmaq qadın”, P.İ.Çaykovski), Fiqaro (“Sevilya bərbəri”, C.Rossin), Demon (“Demon”, Rubinşteyn), Jermon( “Traviata” C.Verdi,Eskamilyo (“Karmen”, J.Vize), Yavər (“Azad”, C.Cahangirov), Eldar ( “Vaqif”, R.Mustafayev) və s. rollarda çıxış etmişdir.
1958-ci ildə Azərbaycanın Xalq artisti fəxri adına layiq görülmüşdü.
İdris Ağalarov 1975-ci ildə vəfat edib.
Vəfat etmişdir:

1992 — Azərbaycanın Milli Qəhrəmanı Vasili Əhməd oğlu Əliyev 33 yaşında Vətən uğrunda döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.
Vasili Əliyev 1959-cu il yanvarın 15-də Qubadlı şəhərində anadan olub.
Polis orqanlarında qulluq edirdi.
Qarabağ uğrunda savaş başlayanda öz işi ilə vidalaşıb, könüllü olaraq cəbhəyə yollanır. Vasili ilk gündən özünü ən gərgin döyüş yerlərinə atırdı. Buna səbəb onun torpağımıza göz dikən düşmənə qarşı olan böyük nifrət və qəzəbi idi. Topağac yüksəkliyi uğrunda gedən döyüşlərdə gətirib Vasili düşmənlərimizi ciddi itkilərə məruz qoydu. Bu, düşmənin gözündən yayınmadı. Aramsız atəşlər zamanı düşmən gülləsi igid həmyerlimizə tuş oldu. O, həlak oldu. Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin 11 may 1993-cü il fərmanı ilə Vasili Əliyev Azərbaycan Milli Qəhrəmanı fəxri adına layiq görüldü.
Qubadlının Şəhidlər Xiyabanında uyuyan Vasili Əhməd oğlu Əliyevin məzar daşındakı onun Milli Qəhrəmana xas olan baxışları hər zaman hörmətlə yad edilir.
Xüsusi gün və bayramlar:

Oktyabrın 20-si Azərbaycanda Energetiklər Günüdür. On səkkiz ildir ki, Azərbaycan energetikləri öz peşə bayramlarını iftixarla qeyd edirlər. Energetiklər günü ölkəmizin həyatında xüsusi əhəmiyyət kəsb edən əlamətdar hadisə ilə bağlıdır: 38 il əvvəl, 1981-ci il oktyabrın 20-də Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə “Azərbaycan” istilik elektrik stansiyasının (İES) birinci enerji bloku istifadəyə verilib, bununla da Azərbaycan elektroenergetikasının inkişafında yeni mərhələnin əsası qoyulub. Prezident İlham Əliyevin 2004-cü il 13 oktyabr tarixli Sərəncamı ilə həmin tarixin ölkəmizdə Energetiklər Günü kimi təsis edilmişdir.

Ümumdünya Kulinariya Təşkilatları Birliyi 2004-cü ildə İrlandiyanın Dublin şəhərində keçirdiyi beynəlxalq konfransda hər il oktyabrın 20-nin Beynəlxalq Kulinariya Günü kimi keçirilməsi haqda qərar qəbul edib.
Beynəlxalq Kulinariya Günü Azərbaycanda 2007-ci ildən etibarən təntənəli şəkildə qeyd olunur. Bu günün ölkəmizdə keçirilməsi gənc nəslin Azərbaycanın milli kulinariyasının sirlərinə yaxından bələd olması və ölkənin hüdudlarından kənarda milli mətbəx nümunələrimizin təbliği və tanınması baxımından olduqca əhəmiyyətlidir.

Ölkəmiz 1998-ci ildən UNESCO-nun Xalq Yaradıcılığı Təşkilatının da üzvüdür.
Son illər ölkəmizdə AMKM-in təşəbbüsü, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Plov”, “Dolma”, “Mürəbbə”, “Şirniyyat” və digər festivallar keçirilib. Bütün bunlar bir daha göstərir ki, Azərbaycanda milli mətbəx nümunələrinin yaşadılması, təbliği və gələcək nəsillərə ötürülməsi baxımından mühüm işlər görülür.




Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.