Tarixdə bu gün

İlin 296-cı günü(uzun ildə 297-ci).

İlin sonuna 69 gün qalır.

Mühüm hadisələr:

1814 – İngiltərədə tibb tarixində ilk plastik əməliyyat keçirildi

1940 – Azərbaycan Rəssamlar İttifaqının birinci (təsis) qurultayı keçirilib.

Doğum günləri:

1812 –  XIX əsr Cənubi Azərbaycan ədəbiyyatının  məşhur nümayəndəsi Nəbati Cənubi Azərbaycanın  Qaradağ vilayətinin  Dizmar mahalının Üştibin  qəsəbəsində ruhani ailəsində anadan olmuşdur. Onun əsli qədim dövrlərdən bəri Ərəbistanda, İranda və Azərbaycanda geniş yayılmış Nəbatilər tayfalarındandır. Atası Seyid Mir Yəhya Möhtərəm Üstibində və yaxın kəndlərdə dərvişlik edir, müxtəlif islami əqidələri yayırdı. Nəbati ilk təhsilini atasından almış, klassik poeziyanı, xüsusilə Hafiz yaradıcılığını və Şərq təsəvvüf ideyalarını dərindən öyrənmişdir. Yeniyetmə çağlarından atasına qoşulub qələndərlik edən Nəbati Azərbaycanın çox yerlərini piyada gəzib dolaşmışdır. Şeirlərindəki bioqrafik işarələrdən məlum olur ki, o, Qaracadağdan başqa Qarabağda-Əsgəranda, Ağdamda, Hindarxda və Muğanda, Salyanda, Lənkəranda, Təbrizdə, Xorasanda olmuş, bu yerlərin ədəbi-mədəni həyatı ilə maraqlanmışdır.

Nəbati 1873-cü ildə Üştibində vəfat etmiş və orada kənd qəbristanlığında dəfn edilmişdir.

 Nəbati “Məcnun”, “Məcnunşah”, “Xançobanı” təxəllüsləri ilə yazıb- yaratmışdır. O, həm klassik şərq, həm də aşıq şeri tərzində orijinal əsərlər yaratmışdır. Yaradıcılığında qoşma, təcnis, gəraylı, qəzəl, çarpa, bəhri-təvil kimi janrlara yer vermişdir.

 1929 – Ədəbiyyatşünas alim, professor Şəmistan Abdu oğlu Mikayılov Borçalı mahalının (Gürcüstanın Bolnisi rayonu) Faxralı kəndində doğulub.

1945-ci ildə Marneulli qəsəbəsində fəaliyyət göstərən Borçalı Türk Pedaqoji Texnikumuna daxil olmuş və 1947-ci ildə həmin texnikumu bitirərək Faxralı orta məktəbinə sinif müəllimi təyin edilmişdir.

O, 1948-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) filologiya fakültəsinin məntiq-psixologiya şöbəsinə daxil olmuşdur. Əla qiymətlərlə Universiteti bitirmiş və təyinatla Faxralı kənd orta məktəbində məntiq psixologiya və ədəbiyyat müəllimi kimi pedaqoji fəaliyyətə başlamışdır.

1958-ci ildə Azərbaycan Elmi-Tədqiqat Pedaqogika İnstitutunda (indiki ETPEİ-nin) ədəbiyyatın tədrisi metodikası üzrə aspiranturaya daxil olmuşdur. Professor Əliyar Qarabağlının elmi rəhbərliyi ilə “V-VIII siniflərdə ədəbiyyat nəzəriyyəsi anlayışlarının öyrədilməsi” mövzusunda namizədlik dissertasiyasını tamamlayıb, 1963-cü ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU-nun) elmi şurasında müdafiə etmiş və elmi dərəcə almışdır. O, tədris metodikası probleminə dərindən nüfuz etmək məqsədilə Bakının 31 saylı məktəbində (ETPEİ-nin baza məktəbi) ədəbiyyat nəzəriyyəsi üzrə fakültativ kurs aparmış, Naxçıvanda, Bakıda, Yerevanda ədəbiyyat müəllimlərinin təkmilləşdirmə kurslarında mühazirələr oxumuşdur.

Şəmistan Mikayılov namizədlik dissertasiyasını müdafiə etdikdən sonra on il ardıcıl olaraq tədqiqat aparmış və 1974-cü ildə doktorluq dissertasiyası müdafiə edib, filologiya elmləri doktoru elmi dərəcəsinə layiq görülmüşdür.

1974-1975-ci illərdə Şəmistan Mikayılov ETPEİ-də ədəbiyyatın tədrisi metodikası şöbəsinə müdir təyin olunmuşdur. Onun ədəbiyyatın tədrisi metodikası üzrə fəaliyyəti çoxşaxəli olmuşdur. “Orta məkətbdə ədəbiyyat tədrisi” kitabı böyük uğur qazanmışdır. Bu kitabın 2-ci hissəsi Ş.Mikayılovun rəhbərliyi altında 1976-cı ildə işıq üzü görmüşdür. Şəmistan Mikayılovun elmi-pedaqoji fəaliyyətinin bir istiqamətini ədəbiyyat proqramlarının təkmilləşdirilməsi təşkil etmişdir. 1977-1994-cü illər arasında ədəbiyyatdan proqram və dərsliklərin hazırlanmasına rəhbərlik etmişdir. 1995-ci ildə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sifarişi ilə ədəbiyyat üzrə test proqramı hazırlamışdır.

Şəmistan Mikayılovun tədqiqatının mərkəzi xəttini ədəbiyyat nəzəriyyəsi tədrisinin nəzəri-metodik problemlərinin öyrənilməsi təşkil etmişdir. Onun “Ədbiyyat nəzəriyyəsi” kitabı hər bir orta məktəb şagirdinin və müəlliminin stolüstü kitabına çevrilmişdir.

Şəmistan Mikayılovun elmi yaradıcılığı 12 proqram, 7 dərslik və dərs vəsaiti, 20-yə yaxın metodik kitab və kitabçalarda öz əksini tapmışdır.

Şəmistan Mikayılovun 200-ə yaxın elmi məqaləsi çap olunmuşdur.

Şəmistan Mikayılovun rəhbərliyi və oppanentliyi nəticəsində 5 nəfər elmlər doktoru, 30-a yaxın elmlər namizədi müdafiə etmişdir. O, 20-yə yaxın beynəlxalq və keçmiş SSRİ-nin mərkəzi şəhərlərində keçirilən konfranslarda yaxından iştirak etmiş və məqalələr çap etdirmişdir.

Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Əməkdar Müəllim, pedaqoji elmlər doktoru, professor Şəmistan Abdu oğlu Mikayılov 15.11.2018-ci il tarixində 89 yaşında vəfat etmişdir.

1953 – Xanəndə Səxavət Əmirxan oğlu Məmmədov Ağdam rayonunun Abdal-Gülablı kəndində anadan olmuşdur. Onun səsi “Segah”a yatımlı idi, ruhu “Segah”a bağlı idi. Oxuduğu mahnıların əksəriyyəti məhz “Segah” ladındadır. “Ay bəri bax”, “Uca dağlar”, “Yar bizə qonaq gələcək”, “Ay çiçək”, “Sarı bülbül”, “Külək” və s. Səxavət Məmmədov bənzərsiz səsə malik idi. Xanəndə 1991-ci il sentyabrın 30-da avtomobil qəzasına uğrayaraq dünyasını dəyişmişdir.

  Vəfat etmişdir:

 1985 — İkinci Dünya müharibəsi dövründə İtaliyadakı partizan hərəkatının fəal iştirakçısı, “Hərbi şücaətinə görə” gümüş medalı laureatı Əli Baba oğlu Babayev vəfat etmişdir.

Əli Baba oğlu Babayev 1914-cü ildə Naxçıvanda anadan olmuşdur (Bəzi sənədlərdə səhvən doğum tarixi 1910-cu il kimi qeyd edilmişdir). 1938-ci ildən Kommunist Partiyasının üzvü olmuşdur.

 1940-cı ildə Sovet Ordusuna çağrılmışdır. 1942-ci ildə faşistlər tərəfindən əsir götürülmüşdür.

Əli Babayev faşistlərin İtaliyanın Udine şəhərindəki hərbi düşərgəsindən əsirlərin qaçmasında fəal iştirak etmişdir.  1944-cü ilində  İtaliyan partizanlarına qoşulub, “Pyetto” (Piotto) təxəllüsü ilə tanınmışdır. Sovet Ordusunun hərbi əsirlərindən ibarət “Çapay” batalyonunu yaratmış və  onun  komandiri olmuşdur.

2020 — Azərbaycan Silahlı Qüvvələrinin kiçik giziri, Vətən müharibəsi şəhidi Zamin Səxavət oğlu Rüstəmov  torpaq uğrunda  döyülərdə qəhrəmancasına həlak olmuşdur.

Zamin Rüstəmov 2000-ci il oktyabrın 17-də Füzuli rayonunun Aşağı Yağlıvənd kəndində anadan olub.

Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının giziri olan Zamin Rüstəmov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb, oktyabrın 23-də Zəngilanda  Ağbənd qəsəbəsi istiqamətində  gedən döyüşlərdə şəhid olub.

 Azərbaycan Respubliksı Prezidenti İlham Əliyevin SAərəncamına əsasən,   Zamin Rüstəmov  torpaqlarımızın bütövlüyü uğrunda gedən  mübarisədə göstərdiyi qəhrəmanlıqlara görə, ölümündən sonra  “Vətən uğrunda” ,  “Zəngilanın azad olunmasına görə” , 3-cü dərəcəli “Vətənə xidmətə görə”  medalları ilə  təltif olunmuşdur.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

Son yazılar

Sitatlardan seçmələr:

   

Həcər, ad günün mübarək!