Tarixdə bu gün- 24 oktyabr
İlin 297-ci günü (uzun ildə 298-ci).
İlin sonuna 68 gün qalır.

Mühüm hadisələr:
1919 – ABŞ-ın Cənubi Qafqazdakı hərbi nümayəndəsi polkovnik Qaskel Ermənistanla Azərbaycanın Naxçıvan üstündə mübahisəsini çözmək üçün bölgənin neytral zona elan edilməsi və ABŞ general-qubernatorluğunun idarəçiliyinə verilməsi təşəbbüsü ilə çıxış edib. ABŞ rəsmisi bunun müqabilində Qarabağ və Zəngəzurun Azərbaycan ərazisi kimi tanınacağını vəd edib. Azərbaycan Xalq Cümhuriyyətinin rəhbərliyi ABŞ nümayəndəsinin bu təklifini rədd edib.
1992– ABŞ Konqresində keçmiş sovet respublikalarına humanitar yardımı tənzimləyən qanuna – “Azadlığa Dəstək Aktı”na 907 saylı düzəliş əlavə edilib.Erməni lobbisinin təşəbbüsü ilə qəbul edilən sənəd Azərbaycana ABŞ-ın dövlət yardımını qadağan edirdi.Azərbaycan uzun müddət 907-nin ləğvi üçün səy göstərdi, yalnız 2001-ci ilin sonunda Konqres ABŞ administrasiyasının müraciət əsasında qadağanın qüvvəsini dayandırdı.
1993– Ermənistanın işğalçı qüvvələri Qarabağın cənubunda yeni hücuma keçiblər. Füzulinin Horadiz qəsəbəsi ətrafında və Arazboyu kəndlərində döyüşlər başlanıb.
2008 — Prezident İlham Əliyevin andiçmə mərasimi keçirilmişdir.
2011 — Azərbaycan Respublikası ilk dəfə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdir.
Doğum günləri:

1882 — Görkəmli şair, dramaturq Hüseyn Cavid (Hüseyn Abdulla oğlu Rasizadə) Naxçıvanda anadan olub.
İbtidai təhsilini Naxçıvanda molla məktəbində, orta təhsilini M.T.Sidqinin “Məktəbi-tərbiyə” adlı yeni üsullu məktəbində almışdır. 1899-1903-cü illərdə Təbrizin “Talibiyyə” mədrəsəsində təhsilini davam etdirmişdir. İstanbul Universitetinin ədəbiyyat şöbəsini bitirdikdən sonra Naxçıvanda, sonra isə Gəncə və Tiflisdə, 1915-ci ildən isə Bakıda müəllimlik etmişdir.
Ömrünün sonrakı illərində Hüseyn Cavid daha çox dramaturq kimi tanınmışdır. Onun fəlsəfi və tarixi faciələri, ailə-məişət dramları üslub, yazı ədası forma yeniliyi baxımından Azərbaycan dramaturgiyasında yeni bir mərhələ yaratdığı kimi, milli teatr mədəniyyətinin inkişafına da qüvvətli təsir göstərmiş, “Cavid teatrı” kimi səciyyələndirilmişdir. Dramaturgiyasında dövrün ümumbəşəri, böyük ictimai-siyasi və mədəni əhəmiyyətə malik problemləri əksini tapmışdır.
Yaradıcılığa şeirlə başlayan Cavid ilk pyesi “Ana”nı 1910-cu ildə yazmışdı. 1937-ci ilə kimi bir-birinin ardınca 20-dən çox pyes yazan qüdrətli sənətkarımız Azərbaycan ədəbiyyatında mənzum dramın əsasını qoydu. “Maral”, “Uçurum”, “Şeyda”, “Afət”, “Peyğəmbər”, “Knyaz”, “Səyavuş”, “Xəyyam”, “İblisin intiqamı”, “Atilla”, “Koroğlu” ssenarisi, yarımçıq “Azər” poeması və başqa əsərlər ədəbiyyatımızın inciləri sayılır.
Azərbaycan ədəbiyyatında ilk mənzum dramların, tarixi-fəlsəfi pyeslərin (ilk mənzum faciə “Şeyx Sənan”, “İblis”, “Topal Teymur”, “Xəyyam” və s.) müəllifidir. 1938-ci ildə repressiya olunub, 1941-ci ildə Sibirdə sürgündə vəfat edib. 1982-ci ildə Heydər Əliyevin təşəbbüsü ilə Cavidin nəşi Vətənə gətirilərək Naxçıvanda dəfn olunub.

1928— Görkəmli bəstəkar, Xalq artisti, Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının professoru İbrahim Qurban oğlu Məmmədov Bakı şəhərində anadan olub. Ali musiqi təhsilini Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında alıb. 1954-cü ildə professor Boris Zeydmanın bəstəkarlıq sinfini bitirib. Xüsusilə simfonik musiqi sahəsində əsərlər yaradıb. Bunlara misal olaraq “Qəhrəmanlıq simfoniyası”, “Təntənəli uvertüra”, skripka ilə orkestr üçün “Simfonik variasiyalar”, “Balet süitası” və s. qeyd etmək mümkündür. Azərbaycanda ilk uşaq opera-baletinin müəllifidir. “Tülkü və Alabaş” opera-baleti 35 il ərzində Azərbaycan Dövlət Opera və Balet Teatrının repertuarında kiçik yaşlılar üçün yeganə milli musiqili-səhnə əsəri olmuşdur. Xor, solist və simfonik orkestr üçün “Sülhün dayağı”, “Zəhmət təranələri”, “Azərbaycan” kantataları, klarnet ilə estrada orkestri üçün “Rapsodiya”, bir sıra kamera-vokal, kamera-instrumental əsərləri böyük maraqla qarşılanmışdır. Xüsusilə, fortepiano ilə simfonik orkestr üçün “Poema-tokkata” virtuoz pianoçu tələbələrin tədris repertuarında özünə layiqli yer tutmaqdadır. Bəstəkarın Azərbaycanda gənc musiqiçi kadrlarının yetişdirilməsində mühüm rolu olmuşdur. 1961-ci ildən Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının professoru kimi fəaliyyət göstərərək “Solfecio”, “Alətşünaslıq”, “Partituranın üzündən oxunması” kimi fənnlərdən dərs demişdir.
1955-ci ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, habelə bu təşkilatın idarə heyətinin üzvü olmuşdur.
30 avqust 1993-cü ildə vəfat etmişdir.
Vəfat etmişdir:

1954 — Görkəmli aktyor, SSRİ Xalq artisti, 2 dəfə Dövlət Mükafatı Laureatı Mirzağa Əmi oğlu Ağayev 71 yaşında vəfat etmişdir.
Mirzəağa Əliyev 1883-cü ildə Bakının Hövsan kəndində doğulmuşdur.
İlk təhsilini mollaxanada almış, Bakıda rus-müsəlman məktəbini bitirmişdir.
1901-ci ildə Nəcəf bəy Vəzirovun “Müsibəti- Fəxrəddin” pyesinin tamaşaya qoyulması zamanı Şahmar bəy rolunda ilk dəfə səhnəyə çıxmışdır. Azərbaycan teatr xadimlərindən Nəcəf bəy Vəzirov və Cahangir Zeynalov onun aktyor kimi yetişməsinə təsir göstərmişdir. 1906–1907-ci illərdə “Həmiyyət” teatr truppasının rəhbəri və aktyoru olmuşdur. Bu truppa, əsasən, fəhlə rayonlarında tamaşalar verirdi. 1907–1912-ci illərdə “Nicat” cəmiyyətinin teatr truppasında çıxış etmişdir. 1912-ci ildə mütərəqqi ictimai fəaliyyətinə görə Həştərxana sürgün edilmişdir. 1912–1916-cı illərdə Volqaboyu şəhərlərində, Tbilisidə, İrəvanda, İran və Türkiyənin bir sıra şəhərlərində tamaşalar vermişdi. 1916-cı ildə Bakıda tamaşaya qoyulmuş Cəlil Məmmədquluzadənin “Ölülər” komediyasındakı İsgəndər rolu onun yaratdığı klassik obrazlar silsiləsinə daxildir.
Azərbaycan sovetləşəndən sonra M. Əliyev Bakı Azad Tənqid -Təbliğ Teatrının təşkilatçısı olmuş, burada aktual mövzulu kupletlərdə çıxış etmişdir. 1924-cü ildən ömrünün sonuna qədər Azərbaycan Dövlət Dram Teatrında çalışmış, Azərbaycan səhnə realizmi ənənələrini davam etdirmişdir. Mirzəağa Əliyev fitri komediya istedadına, milli koloritə, ifadəli yumor boyaları və zəngin səhnə nüanslarına malik aktyor idi.
M. Əliyev kino aktyoru kimi də məşhur olmuş, “Bismillah”, “Hacı Qara”, “Məhəbbət oyunu”, “Almaz”, “Bakının işıqları” və s. filmlərdə çəkilmişdir.

60
1965— Azərbaycanın ilk peşəkar qadın rəssamı, Əməkdar incəsənət xadimi Vəcihə Əli qızı Səmədova Bakıda vəfat etmişdir. Vəcihə Səmədova 24 noyabr 1924-cü ildə Bakı şəhərində anadan olmuşdur.
1939-1944-cü illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda təhsil alan Vəcihə xanım daha sonra V. İ. Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunun Rəngkarlıq fakültəsinə – tanınmış rus rəssamı Pavel Korinin sinfində davam etdirir. O, 1951-ci ildə “Üzeyir Hacıbəyov tələbələri arasında” adlı diplom işini müvəffəqiyyətlə müdafiə edir. Müəllimlərinin təkidi ilə təhsilini daha üç il aspiranturada davam etdirir. Sonradan oxuduğu institutda dərs demək təklifi alan Vəcihə Səmədova vətənə qayıtmağı üstün tutaraq, müstəqil yaradıcılığa başlayır. O, Azərbaycanın ilk peşəkar qadın rəngkarı olur.
Vəcihə Səmədova həmkarı və həyat yoldaşı Lətif Feyzullayevlə birgə yaradıcılıq ezamiyyətlərinə çıxaraq Azərbaycanı qarış-qarış gəzmişdir. Bunun bəhrəsi olaraq “Kür qırağında”, “Mahnı”, “İntizarda”, “Toya hazırlıq” tematik tabloları, “Qoşqar yaylağında”, “Göy göl”, “Kəpəz”, “Kür sahillərində” silsilə mənzərələri, “Aktrisa Leyla Bədirbəylinin portreti”, “Pambıqçı”, “Şamama Həsənovanın portreti”, “Geoloq Minirə Məmmədbəylinin portreti” kimi əsərlər yaranır.
1962-ci ildə rəssamın Bolqarıstana yaradıcılıq ezamiyyətinin nəticəsi kimi Bakıda onun fərdi sərgisi açılır. O, “Sofiyada bazar”, “Türk qızı”, “Tırnovo”, “Bayram” və böyük ustalıqla işlənmiş digər tablolarla tamaşaçıların rəğbətini qazanır.
Qısa ömür yolu keçən, fitri istedada malik olan Vəcihə xanım Səmədovanın fərdi sərgiləri dəfələrlə Bakıda, Moskvada, Sofiyada uğurla nümayiş etdirilir. Onun tablolarındakı rəng çalarları, milli kolorit, böyük ustalıq bu əsərlərin dünya muzeylərində layiqli yer tutmasına səbəb olub.
1962-ci ildə Vəcihə Səmədova xərçəng xəstəliyinə tutulur. Həkimi rəssama əməliyyatla qolunun amputasiya edilməsini təklif edir. O ömürünü uzatmaq üçün yaradıcılığını sonlandırmalı idi. Lakin rəssam buna razılıq vermir. Nəticədə rəssamın vəziyyəti pisləşir. Daha sonra Moskvada əməliyyat edilsə də artıq rəssam üçün çox gec olur. 1965-ci ildə Vəcihə Səmədova 41 yaşına 1 ay qalmış vəfat edir. Mərkəzi Komitə Fəxri Xiyabanda ona yer ayırsa da rəssam vəsiyyəti üzrə müsəlman qəbiristanlığında dəfn edilir. Vəcihə Səmədovanın vəfatından az sonra adı əbədiləşdirilib – Azərbaycan Rəssamlar İttifaqının sərgi salonuna verilib.
Ölümündən sonra həyat yoldaşı Lətif Feyzullayev ona həsr etdiyi “Köhnə qəbiristanlıq”, “Tənha məzar”, “Rəssam Vacihə Səmədovanın portreti” və “Səhər” tablolarını rəsm edir.

1993 — Məşhur xanəndə, şair və qəzəlxan, pedaqoq, Xalq artisti Hacıbaba Hüseynəli oğlu Hüseynov Bakıda vəfat etmişdir.
Hacıbaba Hüseynov 15 mart 1919-cu ildə Bakı şəhərinin Çəmbərəkənd məhəlləsində, dənizçi Hüseynəli Hacıbaba oğlunun ailəsində anadan olmuşdur.
1938-ci ildə xanəndə Zülfü Adıgözəlovun plastinkasını əldə edən Hacıbaba Hüseynov, Zülfünün oxuduqlarını təkrar edir onu yamsılıyarmış. Dostları da gənc Hacıbabaya deyərmişlər ki, sən oxuyanda elə bilirik Zülfü oxuyur. 1941-ci ildə Böyük vətən müharibəsinin başlaması ilə, gənc Hacıbaba muğam oxumağa fasilə verib “Parkommuna” zavodunda tornaçı işləməyə başlayır. Öz dediyinə görə, ucadan olmasa da, ürəyində həmişə muğam oxuyarmış. 1945-ci ildə müharibə bitəndən sonra, o zamanlar artıq tanınan xanəndə olan, həm də Hacıbaba Hüseynovun baldızı olan Sara xanım Qədimova, Hacıbaba Hüseynovu görkəmli pedaqoq, tarzən Əhməd Bakıxanovla tanış edir. Əhməd müəllim gənc Hacıbabanı öz ansamblna işə getirir. Hacıbaba ustad həmin ansamblda üç il çalışmışdır. Güclü hafizəsi sayəsində eşitdiyi dini musiqi nümunələrini, muğamları dərindən mənimsəmiş, əruz vəzninin qayda-qanunlarını mənimsəyərək qəzəllər yazmağa başlamışdır.
1963-cü ildə Zülfü Adıgözəlovun vəfatından sonra, Əhməd Bakıxanov Hacıbaba Hüseynovu Azərbaycan Dövlət Musiqi Məktəbində muğamatdan dərs deməyə dəvət edir. Hacıbaba Hüseynov ömrünün sonuna qədər, 30 il ərzində həmin məktəbdə dərs demiş, xanəndələr yetişdirmişdir
Hacıbaba Hüseynov Türkiyədə, Fransada. Belçikada. İsveçrədə, Hollandiyada ,İran İslam Respublikasında rəngarəng konsert proqramları ilə çıxış etmişdir.
Mərhum prezident Heydər Əliyevin göstərişi ilə Hacıbaba Hüseynov 26 oktyabr 1993-cü ildə Birinci Fəxri Xiyabanda dəfn olunub.

2020 — Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının kiçik giziri Sultan Mikayıl oğlu İbrahimov Vətən uğrunda döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.
Sultan İbrahimov 1996-cı il aprelin 24-də Salyan şəhərində anadan olub. Salyan şəhəri 1 nömrəli Humanitar təmayüllü məktəb-liseyi bitirdikdən sonra 2013-2016-cı illərdə təhsilini Bakı Biznes və Kooperasiya Kollecində davam etdirib.
Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının kiçik giziri olan Sultan İbrahimov işğalı altında olan ərazilərimizin azad edilməsi uğrunda gedən döyüşlərdə silaha sarılıb, torpaqlarımızın bütövlüyü uğrunda ölüm-dirim mübarizəsinə qoşulub.. Sultan İbrahimov oktyabrın 24-də Zəngilan döyüşləri zamanı Ağbənd istiqamətində şəhid olub. Salyan şəhərində dəfn olunub.
Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, Sultan İbrahimov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilmişdir.
Sultan İbrahimov Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən daha bir medala – “Döyüşdə fərqlənməyə görə” medalına da layiq görtülmüşdür.
Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatları zamanı şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə, Sultan İbrahimov Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən, “Zəngilanın azad olunmasına görə” medalı ilə də təltif edilmişdir.
Tarixi gün və bayramlar:

1945- ci il Birləşmiş Millətlər Təşkilatının yarandığı gündür. Birləşmiş Millətlər Təşkilatı, BMT (ing. United Nations Organization, UNO) — 1945-ci ildə yaradılmış dövlətlərarası beynəlxalq təşkilatdır. Hal-hazırda 193 ölkə bu təşkilatın üzvüdür. Müstəqil dövlətlərdən yalnız Vatikan BMT-nin üzvü deyil. BMT-nin qərargahı Nyu-York şəhərindədir. Əsas vəzifəsi beynəlxalq sülhü və təhlükəsizliyi qorumaq və möhkəmlətmək, dövlətlər arasında əməkdaşlığı inkişaf etdirməkdir. Birləşmiş Millətlər Təşkilatı İkinci dünya müharibəsindən sonra, beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanılması, millətlər arasında dostluq əlaqələrinin inkişafı və sosial tərəqiyyə yardım, insan həyatının və hüquqlarının müdafiəsi səviyyəsinin yüksəldilməsi məqsədilə yaradılmışdır. BMT-nin Nizamnaməsi 1945-ci il iyunun 26-da San-Fransisko konfransında 50 dövlətin nümayəndəsi tərəfindən imzalandı və 1945-ci il oktyabrın 24-də qüvvəyə mindi. BMT-nin əsas orqanları BMT Baş Məclisi, BMT Təhlükəsizlik Şurası, İqtisadi və İctimai Şura, Qəyyumluq Şurası, Beynəlxalq Məhkəmə və Katiblikdir.
Azərbaycan Respublikası 1992-ci ildən BMT-nin üzvüdür.




Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.