Tarixdə bu gün
İlin 307-ci günü
İlin sonuna 58 gün qalır.
Mühüm hadisələr:

1996 — Türkiyənin tarixində dərin iz buraxan “Susurluq qəzası” baş vermişdir.
Doğum günləri:

1869 — Akademik, məşhur rus şərqşünası Vasili Vladimiroviç Bartold Sankt-Peterburq şəhərində anadan olmuşdur.
O, Peterburq Universitetinin Şərq dilləri fakültəsinə daxil olmuş və 1891-ci ildə oranı bitirmişdir. Həmin ildə də elmi – pedaqoji fəaliyyətə başlamışdır.
Vasili Vladimiroviç Bartold 1930-cu il avqust ayının 19-da Sankt-Peterburq şəhərində vəfat etmişdir.
Yaxın və Orta Şərq xalqlarının tarixi, coğrafiyası, mədəniyyəti, ədəbiyyatı və dininə aid 400-dən çox əsəri vardır.
Bartold rus şərqşünaslıq məktəbinin banilərindəndir.
1899-1900-cü illərdə yaratdığı “Türküstan monqol istilası dövründə” əsərinə görə ona “Şərq tarixi üzrə “doktor” elmi dərəcəsi verildi.
Bartold islam dini tarixinə dair əsərlərində ərəb və qərbi Avropa alimlərinin islam dininə münasibətlərinə tənqidi yanaşaraq, islam dini haqqında geniş material toplayıb, dinin yaranması və yayılması tarixi haqqında yeni görüşlərini ortaya qoymuşdur.
Bartold qədim slavyanlardan yazan ərəb müəlliflərinin əsərləri üzərində yorulmadan və məhsuldar işləmişdir.
1917-ci ildən isə “Müsəlman dünyası” jurnalını nəşr etdirmişdir.
1924-cü ildə Azərbaycan Dövlət Universitetində “Türk-tatar xalqları tarixi” kursundan mühazirələr oxuyub.
1926-cı ilin martında Bakıda keçirilən I Ümumittifaq Türkoloji qurultayda da iştirak etmişdir.
“Türküstan monqol istilası dövründə” (2 cilddə, 1898-1900), “Avropa və Rusiyada Şərqin öyrənilməsi tarixi” (1911, 2-ci nəşr 1925), “Uluqbəy və onun dövrü” (1918), “İslam” (1918), “Türküstan tarixi” (1922), “Müsəlman aləmi” (1922), “İran. Tarixi icmal” (1926) və s. əsərləri vardır.
Onun bir çox əsəri ingilis, alman, türk və s. dillərə tərcümə edilmişdir.
“İslam” ensiklopediyasında dərc olunmuş bir sıra məqalənin müəllifi olmuşdur. Azərbaycan tarixi, folkloru və ədəbiyyatı haqqında tədqiqatları var.
1950-ci ildə Azərbaycan EA Nizami adına Ədəbiyyat və Dil İnstitutu Bartoldun rus dilinə tərcümə etdiyi “Dədə Qorqud” dastanını çap etdirmişdir.

1938 — Azərbaycan rejissoru, operator, ssenari müəllifi, Xalq artisti Vaqif Qulam oğlu Behbudov Bakı şəhərində anadan olmuşdur.
Vaqif Behbudov 1961-ci ildə Sank-Peterburq Dövlət Kino və Televiziya Universiteti bitirmişdir. Azərbaycan Televiziyasında cizgi filmləri istehsalının təməlini qoymuşdur. Əvvəlcə kinooperator, daha sonra isə kinorejissor kimi filmlər çəkmişdir.
”Gözlük”, “Danışan işıqlar” “Qırmızılar, qaralar və başqaları”, “İlham” “Göyçək Fatma”,”Ustalar, qızıl əllər”, “Yayın bir günündə”, “Sağ ol dostum”, “Basatın igidliyi” “Xeyirli nağıl”, “Qız qalası”, “Qurbanəli bəy” “Qara leylək”, “Sehirli çıraq”, “Başlanğıc”, “Analar və laylalar” cizgi filmlərinin rejissoru və operatoru olmuşdur. V.Behbudov operator olaraq “Üzeyir Hacıbəyov”, “Bizim Şamama”, “Təsnif”, “Şövkət Ələkbərova” və s. sənədli filmlərdə işləmişdir. Rejissor kimi “Nailə”, “Kamil”, “Özümlə heç nə aparmayacağam”(Əzizə Cəfərzadə), “Əbədi zirvə”, “Müslüm Maqomayev -55”, “Mənlə mən arasında”, “Azərbaycan Respublikasının Təhlükəsizlik orqanları”, “Sənsiz”, “Bakı-SOS uşaq kəndi”, “Bağlı qapı” (Akademik Əziz Əliyev), “Sənsiz” (Akademik Zərifə Əliyeva), “Kərpickəsən kişi”, “İlmələrdə yaşayan həyat” (rəssam Kamil Əliyev), “Sirli səlnamələr” “Girdiman”, “Yeraltı şəhərin izi ilə” “Lahıc”, “Azərtac-85”, “Bakı SOS uşaq kəndi” sənədli filmlərini çəkmişdir. Müəllifi olduğu cizgi filmlərindən altısı Beynəlxalq Televiziya Filmləri Festivalında Priz və Mükafatlara layiq görülmüşdür.

1942— Tbb elmləri doktoru, Ukrayna Təhsil Milli Tibb Akademiyasının Torakal cərrahiyyə və pulmonologiya kafedrasının professoru Məmməd Mənsur oğlu Bağırov
Gədəbəy rayonunun Qaraməmmədli kəndində anadan olmuşdur.
1964-cü ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb Universitetini bitirərək 1968-ci ilədək Gəncə şəhərində cərrah işləmişdir. 1968-1972-ci illərdə Kiyev Həkimlərin İxtisasartırma İnstitutunda Cərrahiyyə kafedrasının aspirantı olmuşdur. 1972-ci ildə elmi işini müdafiə edərək elmlər namizədi dərəcəsi almışdır. 1972-1986-cı illərdə həmin institutda çalışmışdır. 1988-ci ildə “Traxeya xəstəliklərinin cərrahi müalicəsi” mövzusunda dissertasiya müdafiə edərək tibb elmləri doktoru elmi dərəcəsi almışdır.
Professor M.Bağırov rekonstruktiv torakal cərrahiyyə üzrə dünyada aparıcı mütəxəssislərdən sayılır. Onun nailiyyətləri 300-dən çox elmi işdə əksini tapmışdır. Professorun 6 monoqrafiyası, nəfəs orqanları və həzm sistemi xəstəliklərinin müayinəsi və müalicəsinin yeni üsulları 22 müəlliflik şəhadətnaməsi və patenti vardır. Onun elmi tədqiqatlarının nəticələri Avropa Kardiotorakal Cərrahlar Assosiasiyası tərəfindən tanınır.
1998-1999-cu illərdə Amerika və İngiltərə bioqrafiya cəmiyyətləri M.Bağırovu dünyanın 100 ən yaxşı həkimindən biri adlandırmışdır. 2012-ci ildə o, Ameriak Bioqrafiya İnstitutu tərəfindən qızıl medalla təltif edilmişdir.
M.Bağırovun rəhbərliyi altında 7 namizəd və 2 doktorluq dissertasiyası müdafiə edilmişdir.
Vəfat etmişdir:

1997— Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aktrisası, Əməkdar artist Zemfira Nəriman qızı Quliyeva Bakıda vəfat etmişdir.
Zemfira Quliyeva 1937-ci ildə Gəncə şəhərində anadan olub
1957-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının (indi ki Bakı Musiqi Akademiyası) Vokal fakültəsinin Solo ifaçılığı şöbəsinə daxil olub.30 iyun 1962-ci ildə ali təhsilini başa vurub. Zemfira xanım ikinci kursda oxuyanda bəstəkar Süleyman Ələsgərovun və rejissor Şəmsi Bədəlbəylinin təşəbbüsü ilə Azərbaycan Dövlət Musiqili Komediya Teatrına işə dəvət olunub.İki il bu kollektivdə çalışıb.Bir sıra tamaşalarda əsəs partiyaları oynayıb.1960-1963-cü illərdə Azərbaycan Dövlət Radiosunun xorunda çalışıb.1963-cü ildə Musiqili Komediya Teatrına aparıcı solist kimi işə götürülüb. Zemfira Quliyeva otuz ildən çox Musiqili Komediya Teatrının reperturarındakı,demək olar əsas tamaşaların qəhrəman sevgili obrazlarını uğurlu ifa edib.Yaradıcılığının son bir neçə ilində isə tipik personajların səhnə sürətini yaradıb.Musiqili Komediya Teatrının yaradıcılığı yolunda,solist ifaçılığında formalaşmasında özünə məxsus xidmətlər göstərmişdir.

2003 — Tanınmış avar şairi, yazıçısı, publisist, siyasi xadim Rəsul Həmzət oğlu Həmzətov 80 yaşında vəfat etmişdir.
Rəsul Həmzətov 8 sentyabr 1923-cü ildə Dağıstanın Xunzax rayonunun Sada kəndində şair Sadasa Həmzətin ailəsində dünyaya göz açmışdır. Milliyyətcə avardır. Onun ilk müəllimi atası olmuşdur. Rəsul Həmzətov özünün ilk şerini 10 yaşında yazmışdır. Kənd məktəbini bitirdikdən sonra pedaqoji məktəbə daxil olmuşdur.
1943-cü ildə ilk şeirlər toplusu – “Sevgi məşəli və acı ədavət” çap olunur. 1945-1950-ci illərdə Maksim Qorki adına Moskva Ədəbiyyat İnstitutunda oxumuşdur.
İlk şeirlər kitabı 1947-ci ildə işıq üzü görmüşdür.
Rəsul Həmzətovun bir çox şeirlərinə mahnılar bəstələnib. Onun şeirləri bir çox Dağıstan, Qafqaz və Rusiya bəstəkarlarının diqqətini cəlb etmişdir. Yan Frenkel, Oskar Felsman, Polad Bülbüloğlu, Raymond Pauls, Yuri Antonov, Qotfrid Hasanov, Sergey Ağababov, Murad Kajlayev, Şirvani Çalayev və başqa bəstəkarlar Həmzətovla sıx əməkdaşlıq etmişdilər. Həmin mahnılardan Anna Herman, Qalina Vışnevskaya, Müslüm Maqomayev, Mark Bernes, İosif Kabzon, Valeri Leontyev, Sergey Zaxarov, Sofiya Rotaru, Rəşid Behbudov, Vaxtanq Kikabidze, Sergey Ağababov, Maqomad Ömərov kimi bir çox məşhur müğənnilər və artistlər istifadə etmişdilər.
Rəsul Həmzətov Dağıstan şairi olsa da, Dağıstanda böyüyüb boya-başa çatsa da Azərbaycana, onun xalqına, poeziyasına çox bağlı olub. O, özünün nə qədər müdrik şeirlərini Azərbaycana həsr etmişdir.
Rəsul Həmzətovun şeirlərinin bir hissəsini Azərbaycan dilinə Tofiq Bayram tərcümə edib.

2007 — Xalq rəssamı Böyükağa Məşədi oğlu Mirzəzadə 87 yaşında Bakıda vəfat etmişdir.
Böyükağa Məşədi oğlu Mirzəzadə 21 fevral 1921-ci ildə Bakıda Abşeronun Fatmayı kəndində anadan olmuşdur.
O, yaradıcılığa erkən yaşlarında – Əzim Əzimzadə adına Rəssamlıq məktəbində oxuyarkən başlamışdır. Hələ gənclik illərində Böyükağanın rəngkarlıq, qrafika rəssamlığı və digər janrlarda, müxtəlif mövzularda yaratdığı əsərlər rəssamlıq tariximizə daxil olmuşdur O, 1939-cu ildə Azərbaycan Dövlət Rəssamlıq Texnikumunu və 1973-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirmişdir. həm də Moskva Ali Rəssamlıq məktəbini bitirmişdi.
Rəssam 1940-cı ildən etibarən yerli və beynəlxalq sərgilərdə fəal iştirak etmişdir.
B.Mirzəzadə keçmiş Çexoslovakiya, həmçinin Fransa, İtaliya və digər xarici ölkələrdə yaradıcılıq ezamiyyətlərində olmuşdur. Rəssamın xaricdə və ölkəmizdə bir çox fərdi sərgiləri təşkil edilmişdir. Onun əsərləri ölkəmizlə yanaşı, bir çox xarici ölkələrin muzey, qalereya və şəxsi kolleksiyalarında saxlanılır.
Böyükağa Mirzəzadə güllərlə bağlı xeyli sayda natürmort yaratmışdır. “Sarı güllər”, “Tüstü ilə natürmort”, “Dolça ilə natürmort”, “Qızılgüllər”, “Güllərlə natürmort”, “Bankalı natürmort” kimi əsərlər rəssamın yaradıcılığında xüsusi yer tutur.
Ömrünün son günlərinədək pedaqoji fəaliyyətlə məşğul olan rəssam Mədəniyyət və İncəsənət Universitetində kafedra müdiri, Rəssamlıq Akademiyasının professoru, Yaradıcılıq emalatxanasının rəhbəri vəzifələrində çalışıb, zəngin təcrübəsini, bilik və bacarığını gənc rəssamların hazırlanması işinə sərf edib.




Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.