Tarixdə bu gün
İlin 308-ci günü (uzun illərdə 309-cu).
İlin sonuna 57 gün qalır.
Mühüm hadisələr:

644 – İkinci islam xəlifəsi Ömər qətlə yetirilmişdir.
2008 – Azərbaycan Respublikası Prezidenti İlham Əliyev kosmik sənayenin yaradılması və milli telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında fərman imzalamışdır.
Doğum günləri:

1919 — Məşhur alim, tibb elmləri doktoru, ovaxtkı Azərbaycan SSR Səhiyyə Nazirliyinin baş cərrahı Mürsəl Əbülfəz oğlu Qarayev 1919-cu ildə Fatmayı kəndində həkim-pediatr, Azərbaycan Tibb İnstitutunun pediatriya kafedrasının müdiri, Əməkdar elm xadimi, professor Əbülfəz Qarayevin ailəsində anadan olmuşdur.
1938-ci ildə Bakı şəhəri 23 nömrəli orta məktəbi bitirdikdən sonra Azərbaycan Tibb İnstitutuna daxil olmuş və 1942-ci ildə Müalicə-profilaktika fakültəsini bitirmişdir. O, hələ institutun sonuncu kursunda oxuyarkən Hospital cərrahiyyə kafedrasında subordinator kimi cərrahi fəaliyyətə başlamışdır.
Mürsəl Qarayev institutu bitirdikdən sonra 1942-ci ilin avqustun 25-də sovet ordusu sıralarına çağırılır. O, Qafqaz cəbhəsi 65-ci xüsusi moto-atıcı briqadasının seçmə-qəbul məntəqəsində ordinator-cərrah çalışır. Yaralandıqdan və bir müddət müalicə olunduqdan sonra 1943-cü ilin avqust ayından 1945-ci ilin oktyabrınadək döyüşən orduda, 482-ci Tibb-Sanitar Batalyonunda həkim-cərrah kimi xidmət edir. O, müharibə dövründə ön cəbhələrdə olmuşdur. 10-cu qvardiya korpusunun 4-cü briqadasında xüsusi atıcı qvardiya batalyonunda həkim-cərrah vəzifəsində çalışmışdır. M.Qarayev Novorossiysk, Mozdok, Qroznı, Georgiyevsk və Krasnodar uğrunda gedən döyüşlərdə fəal iştirak etmiş və Kursk dairəsi döyüşlərində isə hərbi eşalonun baş həkimi olmuşdur. Budapeşt ətrafındakı döyüşlərdə daha bir dəfə yaralandıqdan sonra o, ordudan tibb xidməti kapitanı rütbəsində tərxis olunmuş, sevimli peşəsini vətəndə davam etdirmişdir.
1959-cu ildə Bakı şəhərinin baş cərrahı, 1961–1964-cü illərdə isə Azərbaycan SSR Səhiyyə Nazirliyinin baş cərrahı vəzifələrini icra etmişdir. O, dəfələrlə Azərbaycan Tibb İnstitutunun və Səhiyyə Nazirliyinin rəhbərliyi tərəfindən təşəkkür və təltiflərlə mükafatlandırılmışdır.
M.Qarayev klinikada fəal cərrahi və pedaqoji fəaliyyəti ilə bərabər elmi fəaliyyətini də davam etdirmiş və 1971-ci ildə “Portal hipertenziyanın müalicəsi məsələlərinə dair” mövzusunda doktorluq dissertasiyasını başa çatdıraraq müdafiə etmişdir.
5000-dən artıq cərrahi əməliyyat edən doktor Qarayev 26 sentyabr 1975-ci ildə Bakı şəhərində vəfat etmişdir.

1945 — Görkəmli alim, texniki elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü olmuş Mübariz Məcid oğlu Əhmədov Qazax rayonunda anadan olmuşdur.
Mübariz Əhmədov 1974-cü ildə namizədlik, 1990-cı ildə doktorluq dissertasiyalarını müdafiə edib, 1992-ci ildə professor elmi adını alıb, 2001-ci ildə isə AMEA-nın müxbir üzvü seçilib.
Alim tərəfindən ilk dəfə əlvan metallurgiya və qaz sənayesinin kükürd tərkibli zərərli qazlardan metan və onun konversiya məhsulları ilə reduksiya etməklə qiymətli xammal olan sərbəst kükürdün alınması texnologiyası işlənib hazırlanıb və SSRİ Dövlət Elm və Texnika Komitəsinin qərarı ilə Norilsk metallurgiya kombinatının mis zavodunda tətbiq edilib. Onun rəhbərliyi altında filizçay polimetal sulfid filizinin emalı zamanı alınan kükürd qazından kombinə edilmiş üsulla, eyni zamanda sərbəst kükürd və sulfad turşusu alınması istiqamətində nəzəri və təcrübi tədqiqatlar aparılıb.
Professor M.Əhmədovun araşdırmalarının nəticələri ölkəmizdə və onun hüdudlarından kənarda nəşr edilən 400-dən çox elmi əsərdə və iki monoqrafiyada öz əksini tapıb. Onun rəhbərliyi altında 21 elmlər namizədi və 1 elmlər doktoru hazırlanıb.
Alim elmi fəaliyyətlə yanaşı, pedaqoji sahədə də çalışıb. O, 2000-ci ildən indiyədək Bakı Dövlət Universitetinin Ümümi və Qeyri-üzvi kimya kafedrasının professoru olub.
AMEA-nın müxbir üzvü Mübariz Məcid oğlu Əhmədov 2018-ci il noyabrın 25-də ömrünün 73-cü ilində vəfat edib.

1953 — Fikrət Əmirov Beynəlxalq Assosiasiyasının (Belçika) həmtəsisçisi, İctimai xadim, musiqiçi Sevil Fikrət qızı Əmirova Bakı şəhərində anadan olub.
Adı atası Fikrət Əmirovun 1953-cü ildə yaratdığı “Sevil” operasının qəhrəmanı ilə bağlıdır. 1961-1972-ci illərdə Bülbül adına Orta ixtisas musiqi məktəbində təhsil alib.1978-ci-ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını professor Zöhrab Adıgözəlzadənin sinfində fortepiano ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib.
1978-1995-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasında müəllim, baş müəllim vəzifələrində çalışıb. 1995-ci ildən həyat yoldaşının fəaliyyəti ilə bağlı bir sıra Avropa ölkələrində yaşayıb. 1995-2004-cü illərdə Brüsseldə fəaliyyət göstərən Avropa Qadınlar Assosiasiyasının (Association FEMMES D’EUROPE a.i.s.b.l.) üzvü, “Belçika-Azərbaycan Alyansı” mədəniyyət mərkəzinin təsisçisi və prezidenti olub. 2004-2009-cu illərdə Yunanıstanın Afina şəhərində “Beynəlxalq Qadınlar Klubu”nun ( Women’s International Club) üzvü olaraq fəaliyyət göstərib. 2012-2016-cı illərdə Hollandiyanın Haaqa şəhərində “Ambassadors Spouses Association” qadınlar cəmiyyətinin üzvü seçilib. 2019-cu ilin noyabr ayından Brüsseldə qeydiyyatdan kecmiş “Fikrət Əmirov Beynəlxalq Assosiasiya”sının həmtəsisçisidir. Fikrət Əmirov irsinin qorunub saxlanılması, Azərbaycan klassik musiqisinin və zəngin incəsənətinin xarici ölkələrdə təbliğ edilməsinə yönəldilmiş fəaliyyəti dövründə Bakı Musiqi Akademiyasında Fikrət Əmirov adına nəfəs alətləri müsabiqəsinin keçirilməsinə dəstək olmaqla yanaşı onun təşəbbüsü və təşkilatcılığı ilə Avropanın Brüssel, Afina, Maastrix, Amsterdam, Haaqa və.s şəhərlərində müxtəlif illərdə Azərbaycan mədəniyyətinin təbliği ilə baglı, çoxsaylı konsert, yaradıcılıq gecələri keçirilməkdədir.

1959— Azərbaycan dirijoru, Bakı Musiqi Akademiyasının Dirijorluq kafedrasının professoru, Azərbaycan Respublikasının Xalq artisti Yalçın Vasif oğlu Adıgözəlov anadan olmuşdur.
1982-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının piano fakültəsini bitirmişdir (Professor R. Atakişiyev sinfi). 1984-cü ildən 1989-cu ilə qədər o, St Petersburg Konservatoriyasında professor Ilya Musinin sinfində Opera və simfonik fakültəsində təhsil almışdır.
1989-ci ildən – Azərbaycan Dövlət Simfonik Orkestrinin dirijoru, Üzeyir Hacıbəyov və Kamera Orkestrinin bədii rəhbəridir(1991-1992-ci illərdə).
1991-ci ildən 1998-ci ilə kimi Yalçın Adıgözəlov Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestrinin baş dirijoru, bədii rəhəbəri vəzifəsində çalışmışdır.
1993-cü ildə mükafatı “İlin ən yaxşı dirijoru” (Humay) laureatı olmuşdur.
1998-2000-ci ildə. Rusiya Televiziya – Dövlət Simfonik Radio Orkestrinin dirijorudur.
2000-ci ildən – Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dirijorudur.
Bakı Musiqi Akademiyası və Azərbaycan Dövlət Konservatoriyasında dərs deyir.
Yalçın Adıgözəlov bir sıra ölkələrdə (ABŞ, Braziliya, Meksika, Cənubi Afrika, İtaliya, İngiltərə, İspaniya, Avstriya, Belçika, Rumıniya, Lüksemburq, Macarıstan, Türkiyə, Çin və Rusiya (Rusiya Milli Orkestri (RNO), Akademik Simfonik Orkestri ilə konsertlər həyata keçirir.
Vəfat etmişdir:

1990— Azərbaycan tənqidçisi və ədəbiyyatşünası, Əməkdar İncəsənət xadimi Araz Məmməd Arif oğlu Dadaşzadə 54 yaşında Bakıda vəfat etmişdir.
Araz Dadaşzadə 1936-cı il yanvarın 30-da Bakı şəhərində akademik Məmməd Arif və görkəmli pedaqoq Zümrüd Axundovanın ailəsində anadan olmuşdur.
Araz Dadaşzadə 1952-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin Fəlsəfə fakültəsinə daxil olmuşdur. 1953-cü ildə həmin fakültə bağlandığından, təhsilini Universitetin Tarix fakültəsində davam etdirmiş və 1957-ci ildə bu təhsil ocağını uğurla bitirmişdir. O, 1957-1960-cı illərdə Azərbaycan Respublikası Elmlər Akademiyasının Azərbaycan Tarixi muzeyində işləmişdir.
1960-1963-cü illərdə Respublika Elmlər Akademiyasının Nizami adına Dil və Ədəbiyyat İnstitutunun aspiranturasında oxumuşdur. O, 1963-1966-cı illərdə kiçik elmi işçi, 1968-1976-cı illərdə isə Orta əsrlər şöbəsinin baş elmi işçisi olmuşdur.
Araz Dadaşzadənin ömrünün böyük bir hissəsi Azərbaycan Sovet Ensiklopediyasının nəşrə hazırlanması və nəşri ilə bağlıdır. Tədqiqatçı alim 1966-1968-ci illərdə Ensiklopediyanın Baş redaksiyasında Ədəbiyyat və İncəsənət redaksiyasının müdiri, 1976-1988-ci illərdə isə baş redaktorun birinci müavini işləmişdir.
A.Dadaşzadə 1988-1990-cı illərdə, yəni ömrünün sonunadək Azərbaycan Sovet Ensiklopediyasının Baş redaktoru vəzifəsində çalışmışdır.
A.Dadaşzadə ədəbi fəaliyyətə 1956-cı ildə “Azərbaycan gəncləri” qəzetində çıxan “Tərli kürəklər” kinofilminə yazdığı eyniadlı resenziya ilə başlamış, müxtəlif vaxtlarda “Kral Lir”, “Dədə Qorqud”, “Dərviş Parisi dağıdır” və s. filmlərə həsr edilmiş məqalələrin müəllifi olmuşdur.
Tədqiqatçı alim dövri və xüsusi nəşrlərdə onlarala tənqidi və elmi məqalələrini müntəzəm surətdə çap etdirmişdir. O, ədəbiyyat və kino ilə yanaşı, teatr, musiqi, təsviri sənət və digər sahələrlə əlaqədar məqalə və rəylərin müəllifidir. A.Dadaşzadə gənclik illərində hekayələr də yazmış və onların bir qismi “Azərbaycan”, “Kirpi” və bir sıra digər nəşrlərdə çap olunmuşdur.

2011— İkinci dünya müharibəsində alman faşizminə qarşı vuruşmuş azərbaycanlı partizan, Mehdi Hüseynzadənin döyüş yoldaşı Mirdamət Seyidov 89 yaşında vəfat etmişdir.
Mirdamət Seyidov 5 aprel 1922-ci ildə doğulmuşdur.
İkinci Dünya müharibəsi başlayanda Mirdamətin 19 yaşı var idi. O, elə müharibənin ilk günlərindən cəbhəyə getmişdir. Döyüşlərin birində yaralanaraq almanlara əsir düşmüş Mirdamət Seyidov əvvəlcə Dahau əsir düşərgəsində, daha sonra Ştrans əsir düşərgəsində müharibənin dəhşətlərini yaşamışdır. İtaliya, Triestə və Yuqoslaviyaya köçürülən sovet hərbi əsirləri içərisində xeyli azərbaycanlı var idi. Mirdamət Seyidov buradan qaçmağı bacarmış və partizanlara qoşulmuşdur. Mirdamət Seyidov İkinci Dünya müharibəsi illərində Yuqoslaviya və İtaliya ərazisində işğalçılara qarşı cəsarətli əməliyyatlar aparan sovet zabiti və kəşfiyyatçısı kimi xidmət etmişdir. Onun əfsanəvi partizanlar Cavad Həkimli, Mehdi Hüseynzadə ilə tanışlıqları da buradan başlayıb. Onlar dəfələrlə birlikdə çətin tapşırıqları çiyin-çiyinə yerinə yetiriblər. Mirdamət Seyidov və Mehdi Hüseynzadə gizli antifaşist təşkilatı yaratmışdılar. Bir-birinin ardınca əldə olunan uğurlar onu nəinki bütün ölkədə, hətta İtaliya və Yusoqlaviyada da məşhurlaşdırır. Mavi gözlü gənc partizanı artıq “İvan Ruskiy”, “Miriço Mario” və “Vesilin” təxəllüsləri ilə tanıyırıdlar.
Mirdamət Seyidov və Mehdi Hüseynzadə 1944-cü il aprelin 2-də Triest şəhərinin yaxınlığında – “Opçine” adlı yerdə faşist kinoteatrını partlatmış, nəticədə, 80 nəfər hitlerçi ölmüş, 110 nəfəri isə ağır yaralanmışdır.
Mirdamət Seyidovun həyata keçirdiyi ən böyük əməliyyatlardan biri Triest şəhərinin özündə — “Via Fortuna” küçəsində almanların “Soldatenhaus” (“Əsgər evi”) restoranının binasının partladılması oldu. Faşist ordusu əsgərinin paltarlarını geyinmiş Mehdi və onun dostu Mirdamət Seyidov əvvəlcədən detanatorun ampulasını əzib restorana girdilər. Stol arxasında iki yer tutub içində partlayıcı olan çantanı stolun altına qoydular, özləri isə talon almaq bəhanəsi ilə əvvəlcə salondan, sonra isə binadan çıxdılar.
Yarım saatdan sonra faşistlərin nahar etdiyi restoran yerlə-yeksan oldu. İki gün ərzində hitlerçilər uçqunların altından meyitləri və yaralıları çıxarmaqla məşğul oldular. Faşist gestapoçuları həmin binanın bərbərxanasında sülənən bir neçə günahsız adamı həbs edib sonra da qətlə yetirdilər.
M.Seyidovun partizan həyatını əks etdirən bu və digər sənədlər də Azərbaycanın Tarix Muzeyində saxlanılmaqdadır.
Qəhrəman 2011-ci ildə vəfat etmiş və Göygöl rayonunun Qızılca kəndində dəfn edilmişdndində dəfn edilmişdir.




Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.