Tarixdə bu gün

İlin 319-cu günü (uzun illərdə 320-ci).
İlin sonuna 46 gün qalır.

Mühüm hadisələr:

1837 — Stenoqrafiya yaradılmışdır.


1930 — SSRi-nin “Правдa” və “Известия” qəzetlərində Maksim Qorkinin “Düşmən təslim olmursa, onu məhv edirlər” adlı məqaləsi çap olunub.

Doğum günləri:

1939 — Milli Ordumuzun şəhid polkovniki, alay komandiri;ölmündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunmuş Cahangir İsgəndər oğlu Rüstəmov Gədəbəyin Düz Rəsullu kəndində anadan olmuşdur.
Orta məktəbi bitirdikdən sonra ordu sıralarına çağırılmış, hərbi xidməti başa vurub hissə komandirinin göstərişi ilə zabit kimi fəaliyyətini davam etdirmişdir. 1972-ci ildə Vasilkov Hərbi Aviasiya Texniki Məktəbini bitirmiş, ordu hissələrində müxtəlif vəzifələrdə işləmişdir. Sovet ordusunda alay komandiri vəzifəsinə qədər yüksəlmişdir.
Cahangir Rüstəmov 1988-ci ildə polkovnik rütbəsində, batalyon komandiri vəzifəsində təqaüdə çıxıb. Sovet ordusunun ali “Qırmızı Ulduz” nişanı ilə təltif edilmişdir.
Cahangir Rüstəmov Qarabağ müharibəsi başlayanda yenidən hərbi xidmətə qayıdaraq Milli ordumuzun tərkibində Azərbaycanın ərazi bütovlüyü uğrunda döyüşlərə qatılmışdır. 1992-ci ildə erməni qoşunları Gədəbəy, Tovuz, Qazax zonasına hücumlara başlayanda C.Rüstəmov vətənin peşəkar zabitlərə ehtiyacının olduğunu görüb və yenidən ordu sıralarına qayıdıb. O dövrdə Azərbaycan Milli Ordusunun yaranmasında yaxından iştirak edib. 1992-ci ilin aprel ayında Şəmkir rayonunda yerləşən rus hərbi hava qüvvələri Azərbaycanı tərk edərkən hərbi texnikanın rus hərbçiləri tərəfindən qaçırılmasına, talan edilməsinə və zərərsizləşdirilməsinə imkan verməmiş, 11 ədəd “SU-24″və “MİQ-25″ müasir qırıcı təyyarələr, 3 ədəd “İL-76″ ağır yük təyyarələri, 1 ədəd “Mİ-8″ vertolyotu, külli miqdarda aviatexnika, hərbi silah və sursat müsadirə etmişdir Onun rəhbərliyi ilə sonradan briqadaya çevrilən Gədəbəy özünümüdafiə batalyonu, Şəmkir batalyonu, Daşkəsən batalyonu birləşdirilib, alay yaradılıb. Müdafiə naziri tərəfindən C. Rüstəmov alay komandiri təyin edilmişdir. Bu alay Gədəbəylə Ermənistan arasındakı 223 km-lik sərhəddin müdafiəsinə cavabdeh olmuşdur. Gədəbəyin sərhəd kəndlərinin qorunması bilavasitə C.Rüstəmovun adı ilə bağlıdır.
Başkənd qəsəbəsi 1920-ci illərdə Sovet rəhbərliyi tərəfindən haqsız olaraq Ermənistana verilmiş və 1992-ci ilə qədər Azərbaycanın Gədəbəy rayonunun içərisinə doğru erməni anklavı kimi qalırdı. Qəsəbədə 3 minə qədər əhali yaşayırdı. Ermənilər tarixi Başkənd adını unutdurmaq üçün qəsəbəyə “Arsvaşen”adını qoymuşdular. Qarabağ müharibəsi zamanı düşmən Başkəndi güclü istehkama çevirir və oradan Gədəbəyin kəndlərinə daim təhlükə yaradırdı. Müharibə gedən dövr ərzində, rayon iki hissəyə bölünmüşdü – Şınıx zonası və Gədəbəy zonası. Şınıx zonasına gediş-gəliş mümkün olmurdu. Başkəndin adını ermənilər “Balaca Qarabağ qoymuşdular, və çoxsaylı erməni quldur birləşmələrini Başkəndə doldurmuşdular. Qanlı hadisələrdən biri 1991-ci il yanvarın 31-də törədildi, erməni yaraqlıları Başkənddən keçib Şınıx tərəfə gedən yolun Başkəndə yaxın hissəsində 6 azərbaycanlını qətlə yetirdilər. 1992-ci il avqustun əvvəlində vəziyyət daha da gərginləşdi. Ermənistan hərbi birləşmələri avqustun 5-də Başkənddən və Ermənistanın Krasnoselsk rayonu tərəfdən hücuma keçərək, Gədəbəyin Şınıx bolgəsini işğal edib, Gədəbəy torpaqlarını Ermənistana birləşdirməyi qərara aldılar. Ermənilər bu istiqamətdə minə yaxın canlı qüvvə, 4 tank, 14 zirehli maşın və digər texnika yeritmişdilər. Ermənilərin güclü hucumu nəticəsində Şınığın 2 kəndi Mutudərə və Qasımağalı kəndləri işğal olunaraq yandırıldı. C.Rüstəmovun başçılıq etdiyi alayın əsgərləri sonacan vuruşaraq dinc əhalinin itgisiz kəndi tərk etmələrinə şərait yaratdılar.
Cahangir Rüstəmov işğal olunmuş 2 kəndin azad olunması və bütövlükdə Gədəbəyin Şınıx bölgəsində ki, 28 kəndimizi blokadadan çıxarmaq üçün Başkənd əməliyyatı hazırlayır və planın icrasına şəxsən rəhbərlik edir. Avqustun 6-da Cahangir Rüstəmovun əmri ilə Başkənd əməliyyatı başlayıb. Düşmənin möhkəmləndirilmiş mövqeləri 2 gün müddətində bütün növ artilleriya silahlarından atəşə tutmaqla məhv edilib. Avqustun 8-də Başkənd hücumla ələ keçirilib və bununla da 28 kəndimiz blokadadan azad olunub.
Qarabağ müharibəsi tarixində Başkənd əməliyyatının xüsusi yeri var. Azərbaycan hərb tarixinə qızıl hərflərlə yazılacaq uğurlu əməliyyatatlardan biri də, Cahangir Rüstəmovun başçılıq etdiyi alay tərəfindən 8 avqust 1992-ci ildə həyata keçirilmiş, Başkənd əməliyyatıdır. Əməliyyat nəticəsində həm Gədəbəy rayonunun işğal altında olan 2 kəndi, həm də 4600 hektardan artıq tarixi torpaqlarımız azad edilib. Elə bu döyüşdə də Cahangir Rüstəmovun sərkərdəlik bacarığı, mahir hərbçi olmaq keyfiyyətləri aşkara çıxdı.
Vətən torpaqlarının erməni quldurları tərəfindən işğalına yol verməyən polkovnik C.Rüstəmovun ömür yolu 1994-cü ilin mart ayında başa çatdı. Polkovnik Cahangir İsgəndər oğlu Rüstəmov 28 mart 1994-cü il tarixdə Gədəbəy rayonunun Qaravəlilər kəndi ətrafında xidməti vəziyfəsinin yerinə yetirərkən qəhrəmancasına həlak oldu.
27 mart 2015-ci iıdə Gədəbəy gənclərinin və ziyalılarının təşşbbüsü ilə Bakı şəhərində Böyük Sərkərdə Polkovnik Cahangir Rüstəmovun anım tədbiri keçirilmişdir.
2017-ci ildə Gədəbəy Rayonu Novo-Saratovka kəndində hərbi qərargahın qabağında Polkovnik Cahangir Rüstəmovun büstü ucaldılıbdır.
2017-ci ildə Qoca dağdakı strateji əhəmiyyətli hərbi yüksəklikdə yerləşən mövqeyimizə C.Rüstəmovun adə verilib və həmin yüksəklikdə Polkovnik Cahangir Rüstəmovun barelyevi qurulubdur.
Gədəbəy rayonunun Şınıx bolgəsində çox saylı alim və ziyalıların yetişdiyi Çay Rəsullu kənd tam orta məktəbinə Cahangir Rüstəmovun adı verilmişdir.
Şəmkir şəhərində ən böyük tam orta məktəblərdən birinə – köhnə Karl Marks adına orta məktəbə (ünvan: Şəmki şəhər Hüseyin Cavid küçəsi №1) Cahangir Rüstəmovun adı verilmişdir.
Şəmkir şəhərində ən böyük küçələrdən biri Cahangir Rüstəmovun adını daşıyır.
Aybəniz Qafarlı “Dağlardan boylanan günəş”, R. Ə. Rüstəmov “Bu dağlardan bir Cahangir keçdi” kitablarını Cahangir Rüstəmova ithaf etmişlər.

1946 — Azərbaycan filoloq-alimi, filologiya elmləri doktoru, professor İsmayıl Oruc oğlu Məmmədli Qərbi Azərbaycanın Basarkeçər rayonunun Sətənəxaç kəndində Aşıq Oruc Əhmədovun ailəsində anadan olub. 1948-53-cü illərdə Azərbaycan türklərinin Ermənistandan – ata-baba torpaqlarından deportasiyası zamanı ailələri Azərbaycan Respublikasının Gədəbəy rayonunun Zəhmət kəndində məskunlaşmışdır. 1952-1962-ci illərdə Zəhmətkənd orta məktəbində oxumuşdur.
1967-ci ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunun filologiya ixtisasını bitirmişdir. 1968-ci ildən 1969-cu ilin mayınadək hərbi xidmətdə olmuşdur.
1970-1973-cü illərdə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun aspiranturasında əyani təhsilini davam etdirmişdir.
1974-cü ildə namizədlik dissertasiyası müdafiə edərək elmlər namizədi alimlik dərəcəsi almışdır.
1993-cü ildə “Azərbaycan türk dili” indeksi ilə “Azərbaycan dilinin etnolinqvistikası” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək “Filologiya elmləri doktoru” alimlk dərəcəsi almışdır.
200-dən artıq elmi əsəri və 13 kitabı çap olunmuş, həmçinin xaricdə 4 elmi məqaləsi nəşr olunmuşdur.
Əsas elmi nailiyyətlərindən “Azərbaycan dilində etnolinqvistika sahəsinin əsasları”nı göstərmək olar.
1970-ci ildən AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda işləyir, Tətbiqi dilçilik şöbəsinin müdiridir.

1985 — İstedadlı teatrşünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru, ADMİU-nun Teatrşünaslıq kafedrasının müəllimi, Azərbaycan Dövlət Yuğ Teatrının ədəbi hissə müdiri Elçin Nadir oğlu Cəfərov Bakı şəhərində anadan olub.
1992-2003-cü illərdə Hövsan qəsəbəsində 280 №-li orta ümumtəhsil məktəbində təhsil alıb. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Sənətşünaslıq” fakültəsində “Teatrşünaslıq” ixtisası üzrə bakalavr (2003-2007) və magistr (2008-2010) pillələrini fərqlənmə diplomu ilə bitirib.
2006-cı ildən Azərbaycan Dövlət Yuğ Teatrında Bədii dram hissəsinin rəhbəri vəzifəsində çalışır. 2014-cü ildə Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzinin Teatr-tamaşa və konsert müəssisələrinin baş rejissorları və ədəbi hissə müdirləri qrupu üzrə treninqdə iştirak edib.
2011-2015-ci illərdə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının mətbuat katibi vəzifəsində işləyib.
Universitetdə təhsil aldığı vaxtdan mütamadi olaraq müxtəlif mətbu orqanlarında (“Qobustan”, “Mədəniyyət.az”, “Mədəni həyat”, “Musiqi dünyası” jurnalları, “Xəzri” (rus dilində), “Mədəniyyət”, “Kino+”, “Azərbaycan mədəniyyəti və incəsənəti”, “525-qəzet”, “Ədəbiyyat”, “Kaspi” qəzetləri, “Teatro.az”, “Kulis.az”, “Kult.az”, “Artkaspi.az” saytlarında və s.) teatr sənətinin müxtəlif problemlərinə həsr olunmuş tənqidi və analitik məqalələrlə çıxış edir.
AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun “Teatr, kino və televiziya” şöbəsinin doktoranturasını əla qiymətlərlə bitirib, “Vaqif İbrahimoğlunun rejissurası və konseptual teatr poetikası” mövzusunda fəlsəfə doktoru dissertasiyasını müdafiə edərək, 2019-cu ildə sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.
2014-cü ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Teatr sənəti” fakültəsinin “Teatrşünaslıq” kafedrasında pedaqoji fəaliyyətlə məşğuldur.
2017-ci ildə Təhsil Nazirliyinin “SABAH Qrupları” layihəsinin dəstəyi ilə ADA Universitetinin təşkil etdiyi “Ali təhsil müəssisələrinin müəllim heyəti üçün seminarlar” və “Müasir müəllimin fərdi işçi planının (sillabus) tərtibi” təlimin iştirakçısı olub. ADMİU-nun SABAH qruplarında “Azərbaycan teatr tarixi” və “Dünya teatr tarixi” fənlərini tədris edir.
Azərbaycan Teatr Xadimləri İttifaqının, Beynəlxalq Teatr Tənqidçiləri Assossasiyasının (AICT, IATC) üzvü, Beynəlxalq Teatr Tənqidçiləri Birliyinin vitse-prezidentidir.
Teatro.az sənət portalının həmtəsisçisi və baş redaktorudur.

Vəfat etmişdir:

1670 —Məşhur çex pedaqoqu Yan Komenski 78 yaşında vəfat etmişdir.
Y.A.Komenski 28 mart 1592-ci ildə anadan olmuşdur.
1608-1610-cu illərdə latın məktəbində, daha sonra Herborn akademiyasında, Heydelberq universiteti ndə oxuyub. Bu universitetdə “Bütün əşyaların teatrı” adlı özünəməxsus ensiklopediya yaratmağa başlayıb (1614-1627). Eyni vaxtda “Çex dilinin xəzinəsi” adlı çex dili lüğəti üzrə iş aparıb (1612-1656).
1614-cü ildə Komenski — Prşerovda icmanın müəllimi işləyib. 1618-1621-ci ilərdə Fulnekdə yaşayaraq İntibah dövrünün humanistlərinin – T. Kampanellanın, H. Vivesin və b.-əsərlərini öyrənib.
1627-ci ildə Komenski çex dilində didaktikaya həsr olunmuş elmi əsər yazmağa başlayır. Katolik kilsənin təqiblərindən qaçaraq Komenski Polşaya (Leşno şəhərinə) emiqrasiya edir. Burada o, gimnaziyada dərs deyir, öz “Didaktika”sını (çex dilində) bitirir (1632), onu yenidən işləyib latın dilinə tərcümə edir (“Böyük didaktika”, 1632), bir neçə dərslik: “Dillərə açıq qapı” (1631), “Astronomiya” (1632), “Fizika” (1633), ailə tərbiyəsi məsələlərinə həsr olunmuş ilk rəhbərlik kitabını yazır — “Analıq məktəbi” (1632).

Komenski ciddi şəkildə pansofiya ideyası üzərində (hər kəsi hər şeyə təlim etmə) çalışır.
Həmin əsrin 40-cı illərində bir sıra dərslik nəşr edir. 1650-ci ildə Komenski Macarıstana məktəb işini qurmaq üçün dəvət alır. Burada Komenski pansofik məktəb üzərində işlər aparır. Bu məktəbin elmi müddəalarını, tədris planını, cədvəli özünün “Pansofik məktəb” əsərində işləyib hazırlayır (1651).
Təhsil prosesini canlandırmaq, uşaqlarda biliyə, elmə olan həvəsi oyatmaq üçün Komenski tədris materialını dramatikləşdirmək metodundan istifadə edir. Birinci olaraq Komenski xüsusi məktəb üçün bir sıra pyes yazır. Bu tədris metodu və tədris pyeslərini o “Dillərə açıq qapı” və “Məktəb-oyun” (1656) kitablarında toplayır. Macarıstanda Komenski ilk şəkilli tədris kitabını, dərsliyi tərtib edir – “Rəsmlərdə əşyalar aləmi” (1658).
Amsterdama köçdükdən sonra Komenski hələ 1644-cü ildə başlamış əsaslı əsəri üstündə işini davam etdirir. Bu əsərdə (“Bəşəri əməllərin islah edilməsinə dair ümumi tövsiyə”) Komenski insan cəmiyyətinin islahının planını verir. Əsərin ilk iki hissəsi 1662-ci ildə, qalan 5 hissənin əlyazmaları isə XX əsrin 30-cu illərində tapılıb. Tam şəkildə əsər 1966-cı ildə latın dilində Praqada nəşr olunub.
Uzun ömrünün yekununu Komenski “Yeganə lazım olan” əsərində toplamışdır (1668).
Komenskinin pedaqoji fikirləri əsasında Uşinskinin “Rodnoye slovo” kitabə işlənib.
Uşinskinin pedaqoji prinsiplərinin əsasında isə Səfərəli bəy Vəlibəyov və Çernyayevski tərəfindən “Vətən dili” kitabları tərtibini tapmışdır.

1974 — Azərbaycan oftalmoloqu, tibb elmləri doktoru (1936), professor (1943), Azərbaycan SSR EA-nın üzvü (1962), Azərbaycan SSR Əməkdar Elm Xadimi Umnisə Süleyman qızı Musabəyova 72 yaşında vəfat etmişdir.
Ümnisə Musabəyova 9 oktyabr 1902-ci ildə əvvəlki Qutqaşen rayonunda anadan olmuşdur.
1936-cı ildə tibb elmləri doktoru adına, 1943-cü ildə professor adına, 1957-ci ildə Azərbaycan EA-nın müxbir üzvü, əməkdar elm xadimi adına layiq görülmüşdür. 1945-ci ildən ömrünün sonunadək indiki Azərbaycan Tibb Universitetinin göz xəstəlikləri kafedrasina başçılıq etmişdir. Elmi tədqiqatları, əsasən, traxoma, qlaukoma xəstəliklərinə, görmə sinirinin patologiyasına həsr edilmişdir. O bir sıra illərdə müxtəlif dünya səviyəsində olan toplantı və konqreslərdə iştirak etmişdir, geniş ictimai faliyyətlə məşğul olmuşdur.
1958-ci ildə Brüsseldə keçirirlən Ümumdünya oftalmoloqlar konqresinin iştirakçısı, Sovet Sülhü Müdafiə Komitəsinin (1955-1974), Sovet Qadınları Komitəsinin (1963-1974) üzvü, Azərbaycan Oftalmaloqlar Cəmiyyətinin sədri (1957-1974) olmuşdur. SSRİ Ali Sovetinə (5-6-cı çağırış), Azərbaycan SSR Ali Sovetinə (4-cü çağırış) deputat seçilmişdir.
Lenin ordeni və medallarla təltif edilmişdi.

1987— Məşhur Azərbaycan yazıçısı, dramaturq Salam Dadaş oğlu Qədirzadə 64 yaşında vəfat etmişdir.
Salam Qədirzadə 1923-cü ilin aprel ayının 10-da Bakı şəhərində anadan olub. Hələ uşaq illərindən ədəbiyyata böyük həvəsi olan S. Qədirzadə şeir və hekayələr yazır, ədəbi dərnəklərdə iştirak edir, məktəbdən sonra məhz bu sahədə təhsil almağı planlaşdırırdı. Lakin Böyük Vətən müharibəsi həmin arzuları düz 5 il təxirə saldı.
1941-ci ildə orta məktəbi bitirən kimi 18 yaşlı Salam könüllü şəkildə cəbhəyə yola düşür. 1941-1945-ci illərdə o, Şimali Qafqaz, Kuban, Qərbi Ukrayna, Polşa, Bessarabiya, Rumıniya, Çexoslovakiya, eləcə də Almaniyanın faşistlərdən azad edilməsində sıravi döyüşçü kimi iştirak edir, cəbhələrdə göstərdiyi şücaətə görə III dərəcəli Şöhrət ordeni, İgidliyə görə və daha yeddi medalla təltif olunmuş, Baş Ali Komandanlıq tərəfindən fərqləndirilmişdi. Müharibə illəri sonradan yazıçının bir sıra əsərlərində öz əksini tapmışdı. 1946-cı ildə ordu sıralarından tərxis olunduqdan sonra Salam Qədirzadə Sumqayıt şəhərində 18 saylı fabrik-zavod təhsili məktəbində müdir müavini vəzifəsinə təyin edilir. 1948-ci ildə isə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin qiyabi şöbəsinə daxil olur və eyni zamanda Mərkəzi radionun yerli verilişləri üzrə məsul redaktoru vəzifəsində çalışmağa başlayır.
1949-cu ildə Azərbaycan Yazıçılar İttifaqının zəmanəti ilə Salam Qədirzadə Moskvadakı M. Qorki adına Ədəbiyyat İnstitutuna təhsil almağa göndərilir. Onun hələ tələbə ikən diplom işi olaraq yazdığı “Gənclik” povestini Rusiyanın məşhur “Detgiz” nəşriyyatı ayrıca kitab şəklində nəşr edir. Moskvada oxuyarkən Salam ailə qurur və 1952-ci ildə təhsilini başa vurduqdan sonra həyat yoldaşı ilə birgə Vətənə qayıdır. Burada gənc yazıçı 8 il Azərbaycan Yazıçılar İttifaqının orqanı olan “Azərbaycan” jurnalının məsul katibi vəzifəsində işləyir. 1960- cı ildə S. Qədirzadə “Kirpi” satirik jurnalının məsul katibi təyin olunur və 1966 ilədək həmin vəzifədə çalışır. 1975-1976 illərdə Salam Qədirzadə Yazıçılar İttifaqının Dramaturgiya üzrə məsləhətçisi kimi çalışır. 1976-cı ildə isə “Kirpi” satirik jurnalının baş redaktoru təyin olunur və 1980-cı ilədək həmin vəzifəni icra edir. Bir qədər sonra həmin dövrdə Azərbaycan KP MK-nin birinci katibi Heydər Əliyevin iştirakı ilə keçirilən Azərbaycan yazıçılarının qurultayında Yazıçılar İttifaqının İdarə heyətinə üzv seçilir.
Salam Qədirzadə 35-dək kitabın müəllifidir. Onun “Qış gecəsi”, “46 Bənövşə”, “Kəndimizdə bir gözəl var”, “Sevdasız aylar” kimi romanları gənclərin masaüstü kitabına çevrilmişdir. Oxucular tərəfindən səbirsizliklə gözlənilən əsərləri hər zaman ən yüksək tirajlarla nəşr olunurdu. Salam Qədirzadə dramaturq kimi də tamaşaçıların rəğbətini qazanmış, onun pyesləri təkcə Azərbaycanda deyil, Ukrayna, Moldova və digər ölkələrdə səhnəyə qoyulmuşdur. “Hardasan, ay subaylıq”, “Həmişəxanım”, “Gurultulu məhəbbət”, “Şirinbala bal yığır” kimi komediyaları isə elə indi də gündəmdədir. Salam Qədirzadə güclü satira və yumor ustasıdır. Onun satirik əsərləri müasir Azərbaycan ədəbiyyatında yeni bir səhifə açdı, yeni məktəbin bünövrəsini qoydu.
Salam Qədirzadə yaradıcılıq baxımından çox dolgun, təqvimi hesabla isə qısa bir həyat yaşadı. O, 1987-ci ilin noyabrın 15-də 64 yaşında dünyasını dəyişdi. Son kitabını “Hər gün ömürdən gedir” adlandırdı. Bu kitabı görmək ona qismət olmadı .

1991 — Azərbaycanın Milli Qəhrəmanı Kazım Ərşad oğlu Məmmədov Qarabağ döyüşlərində qəhrəmancasına həlak olmuşdur.
Kazım Məmmədov 1969-cu il 1 oktyabr Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində anadan olmuşdur. 1976-1986-cı illərdə burada məktəbdə oxumuşdur. 1988-ci ildə ordu sıralarına çağırılmışdır. 1990-cı ildə Çelyabinsk şəhərində xidmətini başa vurub Gəncəyə dönür.
Ermənilərin torpağlarımıza hücumu onu narahat edirdi 1991-ci ildə Cəbrayıl rayonu Daxili İşlər Şöbəsində polis nəfəri kimi işə daxil olur, bununla da onun cəbhə həyatı başlayır. Kazım bir neçə döyüşdə şücaətlə vuruşmuşdu. 1991-ci il 15 noyabr erməni qəsbkarları Xocavənd rayonunun Dərəkənd kəndinə hücum etmişdi. Kazım boş evlərdən birini özünə mövqe seçərək erməni faşistlərinin xeyli canlı qüvvəsini məhv etdi, azğınlaşmış ermənilər binaya od vurdular kiçik çavuş Məmmədov Kazım qəhrəmancasına həlak oldu.
Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Kazım Ərşad oğlu Məmmədova ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilmişdir.
Böyük Mərcanlı kəndində dəfn edilib.
Oxuduğu 1 saylı orta məktəb qəhrəmanımızın adını daşıyır.
Kazım Məmmədovun adına üç mükafat təsis edilib.

Tarixi gün və bayramlar:

1983 — Şimali Kipr Türk Respublikası qurulmuşdur.
Şimali Kipr Türk Respublikası (türk. Kuzey Kıbrıs Türk Cumhuriyeti) və ya Şimali Kipr (türk. Kuzey Kıbrıs).
1975-ci ildən 1983-cü ilədək Kipr Türk Federativ Dövləti (türk. Kıbrıs Türk Federe Devleti) adını daşımışdır.
1983-cü ildə Kipr adasının türk icmasının məskunlaşdığı şimal hissəsində yaradılmış və beynəlxalq aləmdə Türkiyədən başqa heç bir dövlət tərəfindən tanınmayan dövlət qurumu.
1974-cü ildə yunan millətçilərinin qiyamından sonra Türkiyə tərəfindən adadakı türk icmasının təhlükəsizliyini qorumaq məqsədilə həyata keçirilən hərbi müdaxilə nəticəsində türk ordusunun nəzarətinə keçən torpaqlarda yaradılmışdır.
Adanın üçdə bir hissəsinə nəzarət edir. Dünya dövlətləri münaqişənin hüquqi həllinə qədər ŞKTR-i rəsmən tanımaq istəmirlər. Bununla belə, ŞKTR ilə bir çox dövlətlər qeyri-rəsmi iqtisadi və mədəni əlaqələr saxlayırlar. Şimali Kipr Türk Respublikası İslam Konfransı Təşkilatına müşahidəçi üzv kimi daxildir.
Əvvəllər Pakistan və Banqladeş ŞKTR-i müstəqil dövlət kimi tanımış, sonradan bundan imtina etmişlər.
Şimali Kipr Türk Respublikasının əhalisi təqribən 260 min nəfərdən çoxdur. Əhalinin çoxu yerli etnik türklərdir. Həmçinin, müəyyən qədər anklavlarda yaşayan kipr yunanları və maronitlər də vardır.
ŞKTR-in paytaxtı Lefkoşadır (türk. Lefkoşa, yun. Λευκωσία). Şimalda Dipkarpaz, qərbdə Gözəlyurd, cənubda Akınçılara doğru ŞKTR torpaqları yayılır. Şimali Kipr Türk Respublikası ilə adanın yunan hissəsi arasında Birləşmiş Millətlər Təşkilatının sülhməramlı qüvvələrinin yerləşdirildiyi bufer zonası – “Yaşıl xətt” ing.Green Line vardır. Cənubda Kipr Respublikası ilə həmsərhəddir.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

Son yazılar

Sitatlardan seçmələr:

   

Həcər, ad günün mübarək!