Tarixdə bu gün
İlin 320-ci günü (uzun illərdə 321-ci).
İlin sonuna 45 gün qalır.
Mühüm hadisələr:
1920 — Stalin Leninə teleqramında “Bakını fəal müdafiə yolu ilə təsadüflərdən qorumaq üçün ən azı 5 diviziya lazımdır… Əks halda, düşmən ilk hücumdaca Yelizavetpolu tutaraq 18-ci ildəkinə bənzər Azərbaycan burjua hökuməti yaratmaq imkanı əldə edəcək” – deyə xəbərdarlıq etmişdir.
1921 — Azərbaycan SSR MİK Rəyasət Heyəti “Zaqafqaziya respublikalarının vahid federativ ittifaqda birləşdirilməsi prinsip etibarilə təxirəsalınmaz zərurət sayılması barədə” qərar verib.

1945 — YUNESKO təsis edilmişdir.
1994 — Azərbaycan Respublikası ilə Əfqanıstan arasında diplomatik əlaqələr qurulmuşdur.
Doğum günləri:

1956 —Azərbaycan jurnalistikasının tanınmış simalarından biri, Echo.az saytının və “Exo” qazetinin təsisçisi və baş redaktoru olmuş Rauf Rəfail oğlu Talışinski Azərbaycanın tanınmış ziyalı və zadəgən ailələrindən birində anadan olub.
1978-ci ildə Moskva Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. Həmin fakültədə aspirantura təhsili alıb. O, filologiya elmləri üzrə fəlsəfə doktorudur.
Talışinski “Molodej Azerbaydjana” (1978-1981), “Vışka” qəzetlərində çalışıb, 1981-1989-cu illərdə “İzvestiya” qəzetinin Azərbaycan üzrə müxbiri, 1990-cı ildən “Ayna” və “Zerkalo” qəzetinin rəhbərlərindən biri olaraq müasir Azərbaycan jurnalistikasının formalaşmasında böyük rol oynayıb. R.Talışinski 2001-ci ildən bu günə kimi isə “Exo” qəzetinin baş redaktoru postunda çalışıb.
Rauf Talışinski jurnalistikanın inkişafındakı xidmətlərinə görə “Əməkdar jurnalist” fəxri adına layiq görülüb.
“Exo” qəzetinin işçiləri bildiriblər ki, “Əməkdar jurnalist”, Rauf Talışinski mayın 8-də qəfil ürəktutmasından vəfat edib.

1970 —Tanınmış bəstəkar və kulturoloq – dünya akademik musiqi sahəsində aktual olan müasir musiqinin Azərbaycan incəsənətində öz yerini bərkitməsində rol oynayan əsas və vacib şəxsiyyətlərdən biri olan Elmir Əli oğlu Mirzəyev Bakıda anadan olmuşdur..
O, Bakıda keçirilən bir sıra beynəlxalq müasir musiqi tədbirlərinin təşkilatçılarındn biri olmuşdur. Bakı Musiqi Akademiyasında görkəmli bəstəkar Fərəc Qarayevlə birgə konsert və digər incəsənət Elmir Mirzəyev xüsusi ilə fərqlənmişdir.
Elmir Mirzəyev bəstəkarlıqla yanaşı, yazdığı müxtəlif mövzulu məqalələri ilə də yüksək intellektli şəxsiyyət, obyektiv analitik və etibarlı professor kimi tanınmışdır.

1983—Azərbaycanın Əməkdar artistii, aktrisa Səbinə Sabir qızı Hacıyeva Bakıda anadan olmuşdur.
1999-cu ildə Ə.Hüseynzadə adına Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kinorejissorluq fakültəsinə daxil olmuş və 2003-cü ildə bu universiteti bitirmişdir.
2003-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə “magistratura” pilləsinin “Mədəniyyətşünaslıq” fakültəsinə qəbul olmuş və 2005-ci ildə həmin fakültəni bitirmişdir.
16 noyabr 2003-cü ildən hal-hazıradək Dövlət Pantomima Teatrının aktrisasıdır.
O, B.Xanızadə “Şərqə səyahət” – (Hind qızı), M.Mkusabəyov “Şəngül, Şüngül, Məngül” – (Küpəgirən qarı, Məngül), B. Xanızadə “Eşq” (V. Şekspirin sonetləri əsasında plastik düşüncə) – (AY, Vərəq), Z.Zeynalov “Maska” – (Qadın), A.Ekzüperi “Balaca Şahzadə” – (Qızılgül), A.Kamyu “İnsan” – (Masonun arvadı, Ərəb qızı), A.Məmmədov “Korlar” – (Ölüm) tamaşalarında oynamışdır. R.Həsənoğlu “Hüseyn Cavid” – (Gənc Şairə) filmində çəkilmişdir. S.Hacıyeva Tatarıstanda (Kazan 30 may – 6 iyun 2005 “Novruz” Türkdilli xalqların teatr festivalı) Beynəlxalq Teatr Festivalında iştirak etmişdir.
Vəfat etmişdir:

1938 — Məşhur Azərbaycan teatr aktyoru, teatr və kino rejissoru, kino redaktoru, Xalq artisti Abbas Mirzə Mirzə Əbdülrəsul oğlu Şərifzadə 44 yaşında vəfat etmişdir.
Abbas Mirzə Şərifzadə 1893-cü il martın 22-də Şamaxının Yuxarı Qala məhəlləsində ziyalı ailəsində anadan olub. Onun atası Mirzə Rəsul dünyagörüşlü bir insan olub. Seyid Əzim Şirvaninin açdığı yeni “Üsuli-Cədid” məktəbində dərs deyən Mirzə Rəsul Şamaxının ən hörmətli müəllimlərindən sayılırmış.
Abbas Mirzə Şərifzadə Şamaxıda dünyaya göz açsa da, onun gəncliyi, ümumiyyətlə, bütün ömrü Bakı ilə bağlıdır. Belə ki, 1902-ci ildə Şamaxıda baş verən dəhşətli zəlzələdən sonra bir çoxları kimi onların da ailəsi şəhəri tərk edib Bakıya köçürlər.
Abbas Mirzə oyun, tamaşa anlayışı ilə ilk dəfə əmisi Mirzə Məmməd Tağının sayəsində tanış olub. Teatr sənətinə meyllənən Mirzə Məmməd Tağı dini tamaşalar hazırlayırmış. Günlərin birində də o, “Şəbeh” tamaşasında əsir qız uşağı rolunu qardaşı oğlu Abbasa tapşırır. Özü isə bu tamaşada Şümüru oynayırmış.
Ancaq Abbas Mirzə Şərifzadə ilk rolunun öhdəsindən gələ bilmir. Tamaşada cərəyan edən hadisələrin ən kuliminasiya nöqtəsində, əlində qılınc olan Şümür əsir qızın üstünə yeriyən anda, Abbas Mirzə qışqıra-qışqıra bir kənarda toplaşıb, bu səhnəyə baxan qadınların arasında olan anasının yanına qaçır. Dindarların mərasimini pozan 9 yaşlı uşağa camaat möhkəm qəzəblənir.
Abbas Mirzə 1903-cü ildə gimnaziyaya daxil olur. Məhz bu illərdə də səhnə ilə maraqlanmağa başlayır. Təbii ki, bu marağın dairəsi gimnaziya şagirdlərinin hazırladığı tədbirlərdən uzağa getmirdi.
Gimnaziyanın əlaçı şagirdlərindən biri sayılan Abbas bütün tədbirlərin gözü imiş. Heç bir tədbir onsuz ötüşmürmüş. Artıq Abbas rola girməkdən, neçə-neçə insanın ona diqqət kəsilməsindən xüsusi zövq aldığını hiss edirdi. Çox-çox sonralar o illəri xatırlayan aktyor həmişə bir hadisəni yada salarmış. Bu, o hadisədir ki, onu yalnız başlanğıc adlandırmaq olar. Gimnaziyaya yenicə daxil olan Abbas növbəti tədbirlərin birində müəlliminə yaxınlaşıb, şer demək istədiyini bildirir. Müəllim də özündə cəsarət tapıb, səhnəyə çıxmaq istəyən Abbasın sözünü yerə salmır. Abbas şəstlə səhnəyə çıxır, bir anlıq çaşsa da, tez özünü toplayıb, Lermontovun “Şairin Ölümü” şerini deyir.
“Şeri söyləyəndə elə bilirdim dilim ağzımda şişibdir. Bədənim gah qızıb, gah soyuyurdu. Ancaq bütün diqqətim şerin sözlərində, məna və məzmununda idi. Bu məni bir tərəfdən sakit edir, bir tərəfdən daha da coşdururdu. Yavaş-yavaş hiss etdim ki, tamaşaçılardan çəkinmirəm”.
Beləliklə, atasının çinovnik, ya da ticarət işçisi görmək istədiyi Abbas mühitin həqarətlə yanaşdığı aktyorluq sənətinin sehrinə düşür. Nə qədər ziyalı, geniş dünyagörüşlü olsa da, dövrünün adamı olan Mirzə Rəsul oğlunun bu istəyini heç cür qəbul etmir. O, tez-tez oğluna mühitin aktyorluq sənətinə münasibətini xatırladır. Abbas nə atasının, nə də mühitin etirazına məhəl qoymayıb, özü kimi həvəskarlarla birgə tamaşalar hazırlamağa başlayır.
Abbas Mirzə Şərifzadə ilk dəfə 1908-ci ildə Molyerin “Zorən Təbib” əsərində epizodik rolda oynayıb (o lal qız rolunu oynayıb). Düz iki ildən sonra – 1910-cu ildə “Maarif” cəmiyyəti nəzdində yaradılmış teatr kollektivinə qəbul olunur. Qısa müddət ərzində bir neçə rolda çıxış edən Abbas Mirzə 1911-ci ildə, onu bir sənətkar kimi təsdiq edən ilk obrazını yaradır. Bu, Əbdürrəhim bəy Haqverdiyevin “Ağa Məhəmməd Şah Qacar” faciəsinin əsas qəhrəmanı Qacar obrazı idi.
İlk uğuru Abbas Mirzədə arxayınçılıq yaratmır. Sənət axtarışlarını davam etdirən akytor bir neçə il ərzində Azərbaycanın sayılıb-seçilən səhnə ustaları sırasında özünəməxsus yer tutur.
Abbas Mirzə Şərifzadə sənətinin ecazkarlığına, qüdrətinə heyran kəsilərək, neçə-neçə teatr xadimi onun haqqında fikirlərini bölüşüblər.
Bu fikirlərin ən dəqiqi, ən dolğunu böyük dramaturqumuz Cəfər Cabbarlıya məxsusdur. “Abbas Mirzə məktəb görməmiş, sənət və onun üsullarını öyrənməmişdir. Lakin o, bir talantdır. O özü-özünə doğulmuş bir sənətkardır. Sənət onunla bərabər doğulmuşdur. Sənət onun qanında, iliyindədir.
Zatən məktəb sənətkar yetişdirmir. O, sənətkara öz təbii istedadını genişləndirməyi, onu necə işlətməyi öyrədə bilir. Abbas Mirzədə isə həmişə ona kömək edən, onu öyrədən və doğru yola yönəldən bədii bir zövq vardır. O, bir sənətkar, yaradıcı bir talantdır”. Bu istedadın sayəsində onun yaratdığı zəngin rol qalereyasında – Otello, Şeyx Sənan, Oqtay, Karl, Aydın, Don Kixot, Maqbet, Teymur ağa, Səyavuş, Eyvaz, Dəli knyaz, Hamlet, İblis – ən üstün xüsusiyyət təbiilik və müxtəlifilik olub. Abbas roldan rola nəinki dəyişib, o, səhnədə büsbütün özünü də unudub. Heç bir zaman səhnədə özünün – Abbas Mirzə Şərifzadə ömrünün sahibi olmayıb.
Abbas Mirzənin yaradıcılıq yolu yarıda qırılsa da, maraqlıdır ki, tale ona bir çox məqamda sürprizlər də bəxş edib. Onun yaradıcılığına nəzər salarkən, diqqət çəkən bir məqamın üzərində dayanmaya bilmirsən. Azərbaycan teatrı səhnəsində ilk dəfə Hamleti məhz Abbas Mirzə Şərifzadə oynayıb. Cəfər Cabbarlının tərcüməsi əsasında A.A.Tuqanovun səhnələşdirdiyi bu tamaşa 1926-cı ildə Dram Teatrı səhnəsində qoyulub.
Və onun adı Azərbaycan teatr tarixinə yalnız aktyor kimi düşməyib. Təəssüf ki, o tamaşaların heç birinin lenti qorunub saxlanılmasa da, böyük sənətkar ilk rejissorlarımızdan biri sayılır. Belə ki, Abbas Mirzə “Şeyx Sənan”, “Oqtay Eloğlu”, “Aydın”, “Ağa Məhəmməd Şah Qacar”, “Qaçaq Kərəm” əsərlərini səhnələşdirib, “Leyli və Məcnun”, “Əsli və Kərəm”, “Aşıq Qərib”, “Şah İsmayıl” operalarının quruluşçu rejissoru olub.
Azərbaycan kino sənəti tarixində onun adı birincilər sırasındadır.”Bismillah”, “Hacı Qara”, “Gilan Qızı”, “Məhəbbət Oyunu” filmlərini çəkən Abbas Mirzə ilk kino rejissorumuz olub.

1976 — Məşhur xəttat, Görkəmli Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin həyat yoldaşı Mişkinaz Molla Hüseyn qızı Cavid 74 yaşında Bakıda vəfat etmişdir.
Mişkinaz Cavid 1902-ci ildə Naxçıvanda anadan olmuşdur.
Mişkinaz Cavid H. Cavidin ilk oxucusu olmuş, onların üzünü köçürmüşdür. “İblisin intiqamı” pyesinin onun xətti ilə köçürülmüş surəti olmasaydı, böyük şair və dramaturqun repressiya qurbanı olmuş başqa əsərləri kimi, bu əsər də itəcəkdi.
Hüseyn Cavidin həbsindən sonra tikiş artelində işləmiş, mənzilləri əlindən alınmış, məşəqqətli günlər yaşamışdır. Lakin bu qeyrətli qadın bütün əzab-əziyyətlərə mərdliklə sinə gərərək dahi ərinin şərəf və ləyaqətini uca tutmuşdur.
Hüseyn Cavidlə bağlı xatirələrinin bir qismi çap olunmuş, bir qismi isə böyük şairin Bakıdakı ev-muzeyində saxlanılır.
1996-cı ilin oktyabrında Hüseyn Cavidin Naxçıvanda məqbərəsi yaradıldı, Mişkinaz xanımın məzarı Bakıdan, şairin erkən vəfat etmiş oğlu Ərtoğrolun məzarı isə Naxçıvandan Cavid türbəsinə köçürüldü. 2004-cü ildə Turan xanımın vəfatından sonra Cavidlərin dördüncü – sonuncu nümayəndəsi də həmin məqbərədə dəfn edildi.

2015— Məşhur geoloq, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Fərhad Soltan oğlu Əhmədbəyli 92 yaşında vəfat etmişdir.
Fərhad Əhmədbəyli 12 fevral 1923-cü ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur.
1941-1945-ci illərdə İkinci dünya müharibəsində iştirak etmişdir.
1950-ci ildə Azərbaycan Sənaye İnstitutunun Geoloji-kəşfiyyat fakültəsini bitirib.
Fərhad Əhmədbəyli 1954-cü ildə geologiya-mineralogiya elmləri namizədi, 1964-cü ildə geologiya-mineralogiya elmləri doktoru elmi dərəcələrini, 1972-ci ildə isə professor elmi adını almışdır. 2001-ci ildə AMEA-nın müxbir üzvü seçilmişdir.
Fərhad Əhmədbəyli 16 noyabr 2015-ci ildə vəfat etmişdir.
Fərhad Əhmədbəyli geologiya elminə bir sıra töhfələr vermişdir. Onun elmi fəaliyyəti Qafqazın regional geologiyası, geotektonikası, neotektonikası, geodinamikası və seysmik aktivliyinə aid problemlərinin tədqiqinə həsr edilib.
O, 145 elmi əsərin, o cümlədən 12 xəritə və atlasın, 5 monoqrafiyanın müəllifidir.
Tanınmış beynəlxalq jurnallarda əsərlərinə istinad olunur.
Çox sayda beynəlxalq konfrans, simpozium və konqreslərdə məruzə ilə çıxış etmişdir.
Beynəlxalq qrant layihələrinin (STCU, SCOPES, CNRS) iştirakçısı olmuşdur.
Bayramlar və xüsusi günlər:

16 noyabr Beynəlxalq Tolerantlıq Günüdür.
Beynəlxalq Tolerantlıq Günü 1995-ci ildə YUNESKO-nun 50 illiyi münasibətilə təsis edilib.
Bu günün təsis edilməsində məqsəd qurumun da nizamnaməsində qeyd olunduğu kimi, dünyada hamını bir-birinə dözümlülük nümayiş etdirərək mehriban qonşular kimi yaşamağa çağırışdır. Azərbaycan indi bütün dünyada həm də tolerantlıq örnəyi kimi tanınır. Ulu öndər Heydər Əliyevin ölkəmizdə tolerantlığın qorunub saxlanılması istiqamətində həyata keçirdiyi tədbirlər Azərbaycanı müxtəlif milli və mədəni dəyərlərin qovuşma müstəvisinə çevirib. Azərbaycan indi dünyanın nadir ölkələrindəndir ki, burada bütün millətlər, bütün xalqlar, bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayır.
Ölkəmizdə dini və milli dözümlülük, tolerantlıq yüksək səviyyədədir. Prezident İlham Əliyevin dindarlarla keçirdiyi görüşlər, Ramazan bayramlarında ənənəvi olaraq din xadimləri ilə iftar süfrələrində birgə iştirakı və bu mərasimlərə Azərbaycanda mövcud digər dini icmaların nümayəndələrinin də qatılması ölkədə tolerant düşüncənin artıq tam bərqərar olduğunun göstərir. Prezident dindarlarla görüşlərində islam dininə elmi yanaşmanı, islam elminin və fəlsəfəsinin öyrənilməsini mühüm şərt kimi səciyyələndirir.
Prezident İlham Əliyev Bakıda keçirilən “Dinlərarası dialoq: qarşılıqlı anlaşmadan birgə əməkdaşlığa doğru” beynəlxalq konfransda da bir daha bəyan edib ki, dünyada sülhün, əmin-amanlığın təmin edilməsi, asayişin qorunması üçün mütləq dinlərarası münasibət, dinlərarası dialoq gücləndirilməlidir.
Dövlətin gücünü əhalinin çoxmillətli olmasında, müxtəlif dinlərin, mədəniyyətlərin və sivilizasiyaların birgəyaşayışında görən Azərbaycan prezidenti bütün dünyaya göstərir ki, tolerantlıq Azərbaycan xalqının ruhundadır.an xalqının ruhundadır.




Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.