Tarixdə bu gün
İlin 322-ci günü (uzun illərdə 323-cü).
İlin sonuna 43 gün qalır.
Mühüm hadisələr:

1983 — BMT Təhlükəsizlik Şurası Şimali Kipr Türk Respublikasını tanımaqdan imtina etmişdir.
1992 — Azərbaycan Respublikası NATO-nun Parlament Məclisinə assosiativ üzv seçilmişdir.
1992 — Azərbaycan Respublikası Gürcüstan ilə diplomatik əlaqələr qurmuşdur.
1997 — Ukraynanın Donetsk bölgəsində daş kömür şaxtasında baş verən partlayışda yüz nəfərdən çox işçi həlak olmuşdur. Şaxtanın təqribən 1000 metr dərinlikdə yerləşdiyi üçün cəsədlərin çoxunu çıxarmaq mümkün olmamışdır. Ölkədə 1 günlük matəm elan edilmişdir.
1999 — Azərbaycan neftinin Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri ilə nəql edilməsinə dair Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli sazişi imzalanmışdır.
1999 — ATƏT-in İstanbul zirvə görüşü keçirilmişdir. Zirvə görüşündə Azərbaycan İstanbul Bəyannaməsinə və Avropa Təhlükəsizliyi Xartiyasına qoşulmuşdur.
Doğum günləri:

1926— Görkəmli ədəbiyyatşünas alim, professor Mustafa Mir Qasım oğlu Mustafayev Lənkəran qəzasının Mahmudavar (indi Masallı rayonuna daxildir) qəsəbəsində anadan olmuşdur. O, XVIII əsrdə Talış xanlığının əsasını qoyan general-mayor Mir Mustafa xan Talışlının törəmələrindəndir. Sovet hakimiyyətinin ilk illərində inzibati tədbirlərlə əlaqədar ailəsi ilə Şirvana köçürülmüşdür. Mustafa Mustafayev ibtidai və orta təhsilini Şamaxı şəhərində almışdır. 1944-cü ildə hərbi səfərbərliyə alınmış, 1946-cı ildə ordudan tərxis olunmuşdur.
1946-1947-ci illərdə Bakıda neft (Kirovneft, indiki Binəqədi) mədənlərində fəhlə və çilingər işləmişdir.
1948-ci ildə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun hazırlıq şöbəsinə daxil olmuş, kursu müvəffəqiyyətlə bitirərək Filologiya fakültəsinin əyani şöbəsinə daxil olmuşdur. 1953-cü ildə institutu fərqlənmə diplomu ilə bitirən Mustafa Mustafayev Lənkərana təyinat almış, rayonun Mamusta və Kərgəlan kəndlərində ədəbiyyat müəllimi və dərs hissə müdiri işləmişdir.
1958-ci ildən Bakıya köçmüş, Xəzər Gəmiçiliyi İdarəsində təhsil işləri üzrə müdir vəzifəsində çalışmışdır.
1961-ci ilin yanvarın 1-də “XIX əsr Azərbaycan ədəbiyyatı tarixi” ixtisası üzrə V.İ.Lenin adına ADPİ-nin əyani aspiranturasına qəbul olunmuşdur. 1965-ci ilin aprelində “Q. Zakir şeirinin sənətkarlığı ” mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi elmi dərəcəsi almışdır. Bir müddət institutun tədris hissəsində çalışdıqdan sonra müsabiqə yolu ilə “Azərbaycan ədəbiyyatı və onun tədrisi metodikası” kafedrasında müəllim, baş müəllim və dosent vəzifələrini tutmuşdur.
Mustafa müəllimin professional elmi-pedaqoji fəaliyyəti ictimaiyyətin nəzərini cəlb etmiş, institutun elmi şurası 1990-cı ildə SSRİ Ali Attestasiya Komissiyası qarşısında professorluq elmi dərəcəsi verilməsi haqqında vəsadət qaldırmışdır.
O, 150-dən artıq elmi-nəzəri problemlərə həsr edilmiş məqalələrin, resenziyaların, monoqrafiyaların müəllifidir.
Mustafa Mustafayev 15 mart 2011-ci ildə Bakı şəhərində vəfat etmişdir.

1953 – Tanınmış ədəbiyyatşünas alim, AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun sabiq direktoru, filologiya elmləri doktoru Məmməd Musa oğlu Adilov Nuxa şəhərində anadan olmuşdur.
Bakı Dövlət Universitetini bitirdikdən sonra 1976-1977-ci illərdə Şəki şəhərindəki orta peşə məktəbində müəllim, 1977-1982-ci illərdə Azərbaycan Radiosunda və “Bakı” qəzetində müxbir, 1981-1989-cu illərdə Azərbaycan Xarici Dillər İnstitutunda ikiillik ərəb dili kurslarında müəllim vəzifəsində işləyib.
1982-1984-cü illərdə ordu sıralarında tərcüməçi zabit kimi xidmət etdikdən sonra 1984-cü ildə Azərbaycan EA Əsaslı Kitabxanasında baş direktor, elə həmin ildən Azərbaycan EA Əlyazmalar İnstitutunda baş laborant, daha sonralar kiçik elmi işçi, elmi işçi, elmi katib, direktor müavini vəzifələrində çalışıb. Həmçinin, 1993-1996-cı illərdə Lənkəran Dövlət Universitetində, 1995-1998-ci illərdə isə Bakı İslam Universiteti Sumqayıt filialında müəllimlik etmişdir.
2003-cü ildə Azərbaycan MEA Əlyazmalar İnstitutunun direktoru vəzifəsinə seçilmişdir.
1986-cı ildə “Azərbaycan dilində ixtisar sözlər” mövzusunda namizədlik, 2004-cü ildə “Azərbaycan paleoqrafiyası və tarixi orfoqrafiyası” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.
İkisi xarici ölkədə olmaqla 170-ə yaxın elmi əsəri nəşr olunub, 100-dən artıq kitabın nəşrə hazırlanmasında iştrak etmişdir.
Məmməd Adilov 16 oktyabr 2011-ci il tarixdə Şəki şəhərində qəflətən dünyasını dəyişmişdir.

1965 —Azərbaycan Respublikasının Baş Prokuroru , I dərəcəli dövlət ədliyyə müşaviri Əliyev Kamran Bayram oğlu Balakən rayonunda anadan olmuşdur.
1987-ci ildə Rusiya Federasiyasının İrkutsk Dövlət Universitetinin Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirdikdən sonra təyinatla prokurorluq orqanlarına işə qəbul olunaraq Rusiya Federasiyasının Zabaykalye Nəqliyyat Prokurorluğunun Çita Nəqliyyat prokurorluğunun müstəntiqi vəzifəsi üzrə stajoru təyin edilmişdir. Daha sonra həmin prokurorluqda və Zabaykalye Nəqliyyat Prokurorluğunda böyük müstəntiq vəzifəsində işləmişdir.
1990-1993-cü illərdə keçmiş SSRİ Baş Prokurorluğunun Elmi-Tədqiqat İnstitutunda əyani şöbə üzrə aspirantura təhsili almış, paralel olaraq həmin müəssisədə elmi işçi vəzifəsində işləmişdir. 1993-cü ildə həmin İnstitutda dissertasiya müdafiə edərək hüquq elmləri namizədi elmi dərəcəsini almışdır.
Daha sonra köçürülmə qaydasında Azərbaycan Respublikası Prokurorluğu orqanlarına işə qəbul olunmaqla Kadrlar idarəsinin prokuroru, Elm-Tədris Mərkəzinin rəisi, Baş Prokurorluğun İstintaq və ağır cinayətlərə dair işlər üzrə istintaq idarələrində müstəntiq və böyük müstəntiq, Baş prokurorun köməkçisi və böyük köməkçisi, Baş Prokurorluğun Dövlət İttihamının müdafiəsi idarəsinin rəisi, 2007-ci ildən isə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisi vəzifələrində çalışmışdır.
Azərbaycan Respublikası Prezidentinin 5 avqust 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Baş prokurorunun müavini – Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi təyin edilib.
II dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsindədir. Azərbaycan Respublikasının Baş Prokurorluğu Kollegiyasının üzvü, Hüquq elmləri üzrə fəlsəfə doktorudur.
Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2008-ci il tarixli Sərəncamı ilə “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilmişdir.
Vəfat etmişdir:

1994 – Azərbaycanlı publisist, teatrşünas, salnaməçi, İttifaq əhəmiyyətli təqaüdçü Qulam (Qulaməli) Məmməd oğlu Məmmədli 97 yaşında vəfat etmişdir.
Qulam Məmmədli 1897-ci il martın 25-də Cənubi Azərbaycanın Təbriz şəhərində anadan olmuşdur. İbtidai təhsilini mollaxanada almışdır. Sonra Bakı Teatr texnikumunda oxumuşdur (1924-1926). Əmək fəaliyyətinə Aşqabadda dəmirçi kimi başlamışdır (1910-1914). Orada Nobel zavodunda fəhlə, İ.İ.Aleksandrov mətbəəsində mürəttib işləmişdir (1913-1919). Türküstan cəbhəsi Birinci Ordunun siyasi şöbəsi nəzdində olan mətbəədə mürəttib, Müsəlman teatr truppasında aktyor (1920-1921), Dövlət mətbəəsində mürəttib (1921-1923) olmuşdur. 1923-cü ilin iyun ayında Bakıya köçüb “III İnternasional” mətbəəsində mürəttib, “Kommunist” qəzeti redaksiyasında şöbə müdiri, “Kəndli qəzeti”ndə redaktor müavini, “Azərbaycan kolxozçusu” qəzetinin redaktoru, Azərbaycan KP MK yanında “Kommunist” nəşriyyatının direktoru, “Yeni yol” qəzetinin redaktoru, “III İnternasional” mətbəəsinin sex müdiri, “Kommunist” qəzeti redaksiyasında kütləvi şöbə müdiri, respublika radio komitəsinin uşaq verilişləri redaksiyasında baş redaktor olmuşdur (1929-1941). İkinci Dünya müharibəsi dövrü səfərbərliyə alınmışdır: Tbilisidə Qafqaz cəbhəsi siyasi şöbəsində ədəbi işçi, Təbrizdə azərbaycanca buraxılan “Vətən yolunda” qəzeti redaksiyasında ədəbi işçi, Bakıda Azərbaycan SSR Radio Komitəsində xarici verilişlərin baş redaktoru, yenidən Təbrizdə çıxan “Vətən yolunda” qəzeti redaksiyasında müdir (1941-1946) vəzifələrində işləmişdir. Bakıya qayıdıb Birləşmiş Nəşriyyat İdarəsində redaktor, Azərbaycan kinostudiyasında ssenari şöbəsinin rəisi, “Kommunist” qəzeti redaksiyasında şöbə müdiri, “Kirpi” satirik jurnalı redaksiyasında məsul katib, sonra baş redaktor vəzifələrində çalışmışdır. 1959-cu ildə fərdi təqaüdə çıxmış, ikiillik fasilədən sonra Azərbaycan EA Tarix İnstitutunda kiçik elmi işçi (1961-1969), Azərbaycan Mərkəzi Dövlət Ədəbiyyat və İncəsənət arxivində elmi məsələlər üzrə direktor müavini olmuşdur (1969-1975).
Ədəbi fəaliyyətə toplayıcı və tərtibçi kimi başlamışdır. Heyran xanımın, Mirzə Əli Möcüz Şəbüstərinin toplayıb tərtib etdiyi seçilmiş əsərlərini, “Bəxtiyarnamə”ni ilk dəfə 1945-ci ildə Təbrizdə çap etdirmişdir. “İran Azərbaycanının müasir şairləri” (1946), “Səttarxan” şeirlər toplusu (1948), “Mirzə Əli Möcüz” (1948), “Xiyabani” (1949), “Cənubi Azərbaycan şairləri” antologiyası (1950), “Heyran xanım” (1951), “Atmacalar” (1958-1961), “Əlağa Vahid. Seçilmiş əsərləri” (1975) və s. kitablar onun əməyinin bəhrəsidir. O, bunları toplayıb, tərtib edib nəşrə vermişdir.

2000 —Məşhur Azərbaycan bəstəkarı, Xalq artisti Emin Sabit oğlu Mahmudov (Emin Sabitoğlu) 63 yaşında vəfat etmişdir.
Emin Sabitoğlu 2 noyabr 1937-ci ildə Bakı şəhərində yazıçı Sabit Rəhmanın ailəsində anadan olub. Musiqi məktəbindən sonra 1954-cü ildə Konservatoriyaya Qara Qarayevin sinfinə daxil olub. İki ildən sonra isə Çaykovski adına Moskva Dövlət Konservatoriyasına Yuri Şoporinin bəstəkarlıq sinifinə keçirilib (1956-1961).
Emin Sabitoğlu 18 noyabr 2000-ci ildə Bakı şəhərində vəfat edib.
1961-ci ildə “Azərbaycanfilm” kinostudiyasında musiqi redaktoru vəzifəsində çalışıb. Sonrakı illərdə Dövlət Filarmoniyasında bədii rəhbər, Ü. Hacıbəyov adına Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) müəllim işləyib. Bir simfoniya, üç simfonik poema, üç kantata, simli kvartet, skripka və fortepiano üçün poema yazıb. Lakin bir neçə musiqi janrı onun yaradıcılığının əsasını, müəyyənedici hissəsini təşkil edir.
O, 600-dən artıq mahnı, 9 musiqili komediya, 40-a yaxın filmə musiqi bəstələyib. “Dərələr”, “Bakı, sabahın xeyir”, “Uzaq yaşıl ada”, “Dağlar”, “İnsaf da yaxşı şeydir” mahnıları çoxsaylı əsərlərindən bəziləridir. Tamaşalara yazdığı musiqilərsə o qədər çoxdur ki, sayını heç bəstəkarın özü də doğru-dürüst bilmirdi. Paytaxt teatrları ilə yanaşı Sumqayıt, Gəncə, Lənkəran, Mingəçevir, Naxçıvan teatrlarının tamaşalarına musiqi bəstələyib.van teatrlarının tamaşalarına musiqi bəstələyib.




Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.