Tarixdə bu gün

İlin 323-cü günü (uzun illərdə 324-cü).
İlin sonuna 42 gün qalır.
Doğum günləri:

1915— Bəstəkar, ilk azərbaycanlı qadın tarzən —Hökümə Yusif qızı Nəcəfova Bakıda ziyalı ailəsində anadan olmuşdur.
Hələ uşaq yaşlarında Əbilov adına Mədəniyyət Evində Səid Rüstəmovun rəhbərliyi ilə fəaliyyət göstərən tar dərnəyində Qızbəs Əsədova və Ağabacı Rzayeva ilə birgə dərs alan H.Nəcəfovanı Üzeyir bəy Hacıbəyovla tanışlıq Asəf Zeynallı adına Musiqi Məktəbinə gətirir. Sonralar Dövlət Konservatoriyasında həm bəstəkarlıq, həm də tar bölmələrində təhsil alan Hökumə Nəcəfova Üzeyir bəyin sevimli tələbələrindən olub. Hətta, dahi bəstəkarımız Hökumə xanıma və bir neçə imkansız qıza guya “dövlətin əli” ilə təqaüd də verirmiş. Üzeyir bəy rəhmətə gedən günə qədər onlar bu təqaüdünün onun tərəfindən verildiyini bilməyiblər. Üzeyir Hacıbəyov Hökumə xanım Nəcəfovanın istedadını, qabiliyyətini, bəstələrini və ifalarını yüksək qiymətləndirir, onun ictimai fəallığını, mədəniyyətimizin inkişafı işində fədakarlıq əzmini çox bəyənirdi. Hökumə Nəcəfova Azərbaycanın ilk qadın bəstəkarlarından biri olmaqla yanaşı, eyni zamanda ilk tarzən qadın idi.
Bir çox məşhur mahnıların müəllifidir: “Kaş ki, gözəl olmayaydım”, “Həliməcan”, “Səninləyəm”, “Qaça bilməzsən məndən, ey yar”, “Xalidəcan”, “Ceyran balası” və s. Bir zamanlar bu mahnılar görkəmli sənətkarlarımız – Şövkət Ələkbərova, Sara Qədlmova, Zeynəb Xanlarova və Elmira Rəhimovanın ifasında da tez-tez səslənirdi. Həmçinin rəqslər də (“Şənlik rəqsi”, “Rəqs melodiyası”) bəstələmişdir.
2002-ci ildə Bakıda vəfat etmişdir.

1921—Müslüm Maqomayevin anası — sovet teatr aktrisası, SSRİ xalq artisti Ayşət Maqomayeva Maykop şəhərində anadan olub.
Oğlu anasınnın əsil-nəcabəti haqqında yazmışdır ki, onun atası milliyyətcə türk, anası isə yarı adıgeyii, yarı rus olub.
1936-cı ildə Krasnodar Pedaqoji Məktəbini, 1941-ci ildə isə Rusiya Dövlət Teatr Sənəti İnstitutunu bitirib. Bir müddət Bakıda yaşayıb.
Onun teatr karyerasının əsas hissəsi Çimkənd Rus Dram Teatrında keçib. Burada o, “Şahzadə Turandot”, “Həlim” və “Qara qızılgül” kimi bir çox tamaşalarda oynayıb.
1971-ci ildən 1978-ci ilədək Murmansk Vilayət Dram Teatrında işləyib.
Ayşət Maqomayeva 21 avqust 2003-cü ildə dünyasını dəyişib.
Murmanskda dəfn olunub.

1935 — Xarici dillər üzrə ilk qadın elmlər doktoru, professor Zemfira Nadir qızı Verdiyeva Tiflis şəhərində anadan olmuşdur.
Həmin ildə ailəsi ilə birlikdə Bakı şəhərinə köçmüşdür. Atası general, anası isə uzun illər Dəmiryol texnikumunun direktoru işləyib.
Zemfira xanım 189 nömrəli (rus dilli) orta məktəbdə təhsil almışdır. O, 1953-cü ildə Azərbaycan Dövlət Pedaqoji Dillər İnstitutunun İngilis-fransız dili fakültəsinə daxil olmuş, 1957-ci ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir. 1957-1995-ci illər arasında Azərbaycan Dövlət Pedaqoji Dillər İnstitutunda laborant, Pedaqoji təcrübə müdiri, müəllim, kafedra müdiri, 1973-cü ildən 1995-ci ilə qədər rektor vəzifəsində çalışmışdır.
1965-ci ildə namizədlik , 1971-ci ildə doktorluq dissertasiyası müdafiə etmişdir. 1972- ci ildə professor elmi adına layiq görülmüşdür. 1989-cu ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir. Alimin Azərbaycanda və xarici ölkələrdə 190-a qədər kitab, monoqrafiya və dərs vəsaitləri çapdan çıxmışdır. Onun elmi-pedaqoji fəaliyyəti haqqında 372 məqalə çap edilmişdir.
Z.Verdiyeva 1990-1995-ci illər ərzində Azərbaycan Ali Sovetinin deputatı olmuşdur.
1989-cu ildən Azərbaycan Qadınlar Cəmiyyətinin sədri vəzifəsində çalışmış və bu müddətdə dünyada 65 qadın təşkilatı ilə əlaqə yaratmışdır. Bu cəmiyyət 1920-ci ildə yaradılıb, hazırda öz sıralarında 75 mindən artıq qadını birləşdirir. Azərbaycan Dillər Universitetində namizədlik və doktorluq dissertasiyaları üzrə Müdafiə Şurasının üzvü olmuşdur. Bir sıra doktorant və aspirantlara rəhbərlik etmiş, müxtəlif ali təhsil ocaqlarında elmi işlərə opponentlik etmişdir. Dünyanın 65-dən çox ölkəsində olmuş və onların 30-dan çoxunun universitetlərində mühazirələr oxumuşdur.
Azərbaycanın “Şöhrət” ordeninə, İngiltərə Bioqrafiya Mərkəzi tərəfindən 1998, 2003-cü illərdə “İlin qadını”, 2000-ci ildə isə “Əsrin qadını” adlarına layiq görülmüşdür. Bununla yanaşı, dünyada ictimai fəaliyyətinə görə ABŞ, İngiltərə, Kanada, Cənubi Koreya və s. ölkələrin mükafatlarını almışdır. BMT-nin nəzdində fəaliyyət göstərən “Bütün Dünyada Sülh” federasiyası tərəfindən “Sülhməramlı Səfir” diplomu ilə təltif edilmişdir.
Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Zemfira Verdiyeva 9 noyabr 2010-cu ildə Bakıda vəfat etmişdir.

1946 — 1970-1980-ci illərdə populyar olan Azərbaycan müğənnisi — Hüseynağa Məmməd oğlu Hadıyev Bakıda anadan olmuşdur.
Onun anası Törə xanım Cəfər Cabbarlının böyük qardaşı Hüseynqulunun qızı idi. Hüseynağa musiqi ilə “Pionerlər evi”ndə qarmon dərnəyində məşğul olmağa başlamışdı.
Dostlarından biri — bəstəkar Rizvan Ələsgərovun təkidindən sonra onunla “Dan ulduzu” instrumental ansamblına qoşulmağa razılıq vermişdi.
Hüseynağa sonuncu kursda oxuyarkən ailə həyatı qurmuş, institutu bitirdiyi il hərbi xidmətə çağrılmışdı. 1973-cü ilin yanvarında oğlu Ceyhun dünyaya gəldi. Hüseynağa bu xəbəri hospitalda eşitmişdi. Həmin vaxt hərbi xidmətdə xəstələndiyi üçün onu Bakıya hospitala gətirmişdilər.
Həyat yoldaşı Sveta xanımın sözlərinə görə, Hüseynağa Hadıyev sevmədiyi mahnını oxumazdı. “Gecələr bulaq başı”, “Bu gecə”, “Mənim dünyam” mahnıları dinləyicilər tərəfindən daha çox sevilirdi.
Hüseynağa Hadıyev ömrü boyu “Dan ulduzu” ansamblının solisti olub. Bu ansambla o qədər bağlanıb ki, nə zamansa onu tərk edə biləcəyini ağlına belə gətirməyib. O dövrdə televiziya, radio proqramlarına çıxmasında problem olmadığı üçün Hüseynağa tez-tez ekranda görünərdi. Ancaq bir qədər fərqli geyinməsinə və saç düzümünə görə ona tez-tez irad tutar və səhnəyə çıxanda uzun saçlarını kəsdirməyə, kostyum geyinməyə məcbur edərdilər.
Bu qadağalar onu həmişə özündən çıxarardı.
2 yanvar 1994-cü ildə 47 yaşında vəfat etmişdir.
Vəfat etmişdir:

1943 —Sovet İttifaqı Qəhrəmanı Şəmsulla Feyzulla oğlu Ə-liyev II Dünya müharibəsində faşizm qarşı gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.
Şəmsulla Əliyev Dərbənd şəhərində anadan olmuşdur.
Dünyanın başı üzərini faşizm təhlükəsi alanda o da Böyük Vətən naminə orduya yazılmış, 309-cü atıcı diviziyanın tərkibində batalyon komandirinin siyasi hissə üzrə müavini kimi şöhrətli döyüş yolu keçmişdir.
1942-ci ilin sentyabrından Böyük Vətən müharibəsində Şimali Qafqaz hərbi əməliyyatlarında iştirak edən Ş.Əliyev igidlik və şücaətinə görə iki döyüş ordeni ilə təltif edilib. Kapitan Əliyev 1943-cü ilin payızında Kerç yarımadasında gedən döyüşlərdə xüsusilə fərqlənib. Müharibə meydanının genişləndirilməsi uğrunda gedən döyüşlərdə Şəmsulla dəfələrlə batalyonu hücuma qaldırıb. Düşmənin iki müdafiə xəttini keçən desantçılar Kirov və Voykov adına zavodların ərazisinə daxil olublar.
1944- cü il noyabrın 19-da kapitan Ş.Əliyev Kerç yaxınlığında gedən döyüşlərdə qəhrəmanlıqla həlak olub. SSRİ Ali Soveti Rəyasət Heyətinin 16 may 1944-cü il tarixli Fərmanı ilə kapitan Əliyev Şəmsulla Feyzulla oğlu komandanlığın tapşırıqlarını müvəffəqiyyətlə yerinə yetirdiyinə və şəxsi nümunə göstərdiyinə görə ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.

2014 —Torpaq mikrobiologiyası sahəsində ilk azərbaycanlı qadın alim, biologiya elmləri doktoru , professor, Əməkdar elm xadim, Həbibə Süleyman qızı Qasımova 92 yaşında vəvat etmişdir.
Həbibə Qasımova 24 avqust 1922-ci ildə Bakı şəhərində anadan olub. 1944-cü ildə Azərbaycan Dövlət Universitetini bitirmişdir. Universitetdə oxuduğu müddətdə fakültənin komsomol katibi, partiya bürosu katibi və universitetin komsomol komitəsi katibinə qədər yüksəlmişdir.
1945-1948-ci illərdə Azərbaycan Dövlət Universitetinin aspiranturasında təhsil almış, 1949-cu ildə “Azərbaycanın penisillin əmələgətirən göbələkləri” mövzusunda namizədlik dissertasiyası , 1963-cü ildə”Qazıntı üzvi maddələrin torpağın mikroflorasına təsiri” mövzusunda dissertasiya müdafiə edib biologiya elmləri doktoru alimlik dərəcəsi almışdır.
1980-ci ildə Azərbaycan SSR Əməkdar elm xadimi adına layiq görülmüşdür.
1965-ci ildən 1967-ci ilə qədər Azərbaycan Dövlət Universitetinin Biologiya fakültəsinin dekanı olmuşdur.
1967-ci ildən Azərbaycan Dövlət Universitetinin ibtidai bitkilərin sistematikası və mikrobiologiya kafedrasının müdiri olmuşdur.
150-dən artıq elmi əsərin, 5 tədris kitabının, 2 ixtiranın müəllifidir. İllinoys ştatı (ABŞ) Elmlər Akademiyasının həqiqi üzvü idi.

2016 —Respublikanın tanınmış dirijoru və bəstəkarı, Xalq artisti, Prezident təqaüdçüsü Nəriman Əzimov 80 yaşında vəfat edib.
Nəriman Abbasqulu oğlu Əzimov 1 iyun 1936-cı ildə Gəncədə anadan olub. 1955 –ci ildə Azərbaycan Dövlət Konservatoriyasının Xor dirijorluğu fakültəsinə daxil olmuşdur. Tələbəlik dövründən burada Xalq çalğı alətləri orkestrində tarzən kimi fəaliyyətə başlayıb.
Ömrünün 60 ili Azərbaycan Televiziyası və Radiosu ilə bağlı olub: AzTR-nin Xor kollektivində xormeyster işləyib. AzTRV QSC səs rejissoru işləyib. 1974 ildən ömrünün sonunadək Səid Rüstəmov adına Azərbaycan Xalq çalğı alətləri orkestrinin bədii rəhbəri və baş dirijoru olmuşdur.
Sonralar uzun illər Səid Rüstəmov adına Xalq çalğı alətləri orkestrinin bədii rəhbəri və baş dirijoru vəzifəsində çalışıb. Populyar mahnılar (“Gəncəm” və s.), digər musiqi əsərləri bəstələyib.
Ölkə başçısının 7 noyabr 2016-cı il tarixli sərəncamına əsasən “Şöhrət” ordeni ilə təltif edilib.
Bayramlar və xüsusi günlər:

Beynəlxalq Kişilər Günü
Beynəlxalq Kişilər Günü (International Men ‘s Day – IMD) hər il 19 noyabrda qeyd olunan və Birləşmiş Millətlər tərəfindən dəstəklənən beynəlxalq bir gündür. Əvvəlcə, Dr. Bu, 7 fevral 1992-ci ildə isə Tomas Oaster tərəfindən təklif edilib ləyihəmdirilmişdir. Rəsmi olaraq qəbul edilməsi və qeyd olunması 1999-cu ildə Trinidad-Tobaqoda keçirilmişdir.
Beynəlxalq Kişilər Gününün qeyd olunmasında məqsəd kişilərə qarşı olan ayrı-seçkiliyi nəzər çatdırmaq və onların cəmiyyət, ailə, evlilik və uşaqların tərbiyəsindəki töhfələrini və naliyyətlərini qeyd etmək üçün bir təşəbbüsdür. Təməl məqsəd isə insani dəyərləri önə çəkməkdir.
Beynəlxalq Kişilər Günü əvvəcə yeddi ölkədə dəstəklənsə də, artıq 60-dan çox ölkədə qeyd olunur: Trinidad və Tobaqo, Yamayka, Avstraliya, Hindistan, Çin, Amerika Birləşmiş Ştatları, Rumıniya, Sinqapur, Malta, Böyük Britaniya, Cənubi Afrika Respublikası, Tanzaniya, Bosniya və Herseqovina, Macarıstan, İrlandiya, Qana, Kanada, Danimarka, Norveç, Avstriya, Ukrayna, Fransa, İtaliya, Pakistan, Kuba və s. ölkələrdə qeyd olunur.




Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.