Mövqe

Siz hara?.. Biz hara?.. Nə deyək sizə?
İnciyən ruhunuz hay vermir bizə,
Hələ də sükuta dalan kişilər! Aşır başımızdan Kür də, Araz da,
Çəkir burulğanlar bizi bir az da.
Bir vədə dayanıb başımız üstə
Bizə xeyir-dua qılan kişilər!
V.Aslan

Əlamətdar günlər insanların həyatındakı xoşbəxt anları, unudulmaz günləri xatirələri yaddaşlarda əbədiləşdirmək, nəsildən-nəslə ötürmək üçün müəyyən olunur. Bbir ailənin, nəslin, ulusun, xalqın sosial kimliyi inkişaf etdirmək və ənənələri qorumaq üçün belə günlər çox əhəmiyyətlidir.Çünki belə günlər toplumu sabitləşdirir, sosiallaşdırır, hamını bir araya gətirir və sair.
Məsələn, aşağıda qeyd edəcəyimiz əhəmiyyətli və mənalı günlər insanlığın, cəmiyyətin ahəngdar nizamı üçün çox böyük təsir gücünə malikdir.
7 Dekabr— Beynəlxalq Mülki Aviasiya Günü. Mülki aviasiyanın inkişafını və əhəmiyyətini vurğulayır.
4 Mart— Beynəlxalq Davamlı İnkişaf Günü Davamlı inkişaf mühəndisliyini qeyd etmək üçün müəyyən edilib.
8 Mart — Beynəlxalq Qadınlar Günü. Bu gün Qadın hüquqlarını və sosial statusunu vurğulayan vacib bir gün kimi bütün dünyada qeyd olunur.
22 Mart— Dünya Su Günü. Su ehtiyatlarının əhəmiyyətini vurğulamaq üçün qeyd olunur.
27 Mart— Dünya Teatr Günü.Teatrın incəsənət və mədəniyyətdəki rolunu qeyd edir.
23 Aprel— Milli Suverenlik və Uşaq Günü.
1 May— Dünya Əmək və Həmrəylik Günü. İşçilərin hüquq və həmrəyliyini qeyd etmək üçün rəsmiləşdirilmiş bir gündür.
19 May— Atatürkü Anma, Gənclər və İdman Günü. Gəncliyi və idmanı qeyd etmək üçün xüsusi bir gün.
21 İyun— Beynəlxalq Musiqi Günü. Musiqinin universallığını qeyd etməyə həsr olunmuş bir gündür.
19 Sentyabr—Dünya Çörək Günü. Çörəyin istehlakını və onun əhəmiyyətini vurğulamaq üçün vacib bir gün.
Bu gün təqvimdə əlamətdar günlərin sayı az qala təqvim günlərinin sayına çatsın. Təəssüflər ki, elə əlamətdar edilmiş günlər var ki, heç əksəriyyət insanların bunlardan heç xəbəri olmur, bəlkə heç adını da eşitməyiblər. Bu günlər heç bir ictimai məzmun kəsb etmir.
Məsələn:
3 yanvar — Meyvə Tortları Atmaq Günü. 1995-ci ildən ABŞ-ın Kolorado ştatında meyvə tortlarının atılmasını əyləncə halına gətirən bir gün kimi qeyd olunmaqdadır.
29 yanvar – Beynəlxalq İnternetsiz Günü
16 yanvar — Heç Nə Etməmək Günü. Bu gün heç nə etməməyə həsr olunmuş bir gündür, gün ərzində ancaq ayaqüstə durmalısan.
14 fevral – Beynəlxalq Subaylar Günü
4 mart – Beynəlxalq Pi Günü
9 may— İtirilmiş Corabların Anım Günü. Paltar yuyarkən hansı qadınlarsa başı çöhbətə qarışıb, çay da şorabı alıb gedib. Bunu da itirilmiş corabları xatırlamaq üçün əyləncə gününə çeviriblər.
14 may— Toyuq Kimi Rəqs Günü. Bu da bəzi ölkələrdə əyləncə günü kimi qeyd olunur. Sadəcə, insanları əyləncəli şəkildə rəqs etməyə təşviq etmək üçün qeyd olunur.
15 may — “Kokteyl Samanının” doğum günü
19 iyul — Dilinizi Çıxarın Günü. Şən uşaqlıq xatirələrini oyadan yumoristik bir gün kimi qeyd olunur.
Bu gün Beynəlxalq Kişilər Günüdür. Amma bu günün tarixi 8 Mart Qadınlar gününün tarixindən (1908) olduqca azdır: cəmi 26 yaşı var (1999). Düz 91 il dünyada gender balansı qadınların maraqlarına uzlaşdırılmışdır. Proletalar böyük humanizm və şəfqət mühafizləri kimi dözüb durmuşlar.
Bu dəyərlərin qorunması və davam edə bilməsi üçün kişilərin özlərinin qorunmasını gündəmə gətirmişdir. 1999-cu ildə ilk dəfə Karib dənizi hövzəsində — Trinidad və Tobaqo adalarında kişilər gender balansının bir gözünə də kişi haqların qoyaraq beynəlxalq ictimaiyyətin diqqətini 91 il davam edən gender bərabərsizliyində cəlb edərək, balansı təmin etməyə çağırmışlar.

Biz yenə qadln adının ucalığına təslimiyyətdəyik. Qadın bizi dünyaya gətirən ANADIR. Qadın dərdimizə ən çox ağlayıb, özünü oda-alova yaxan BACIDIR. Bizi ATA esən xariqüladə varlıqdır. Bu dəyər yerində qalmaqla Kişilər Günündə cəmiyyətdə getdicə kişilərə etimadsızlıq baxışlarına münasibətimizi bildirmək istədik.
Mən yaşda olanlar gətirin atalarınızı göz önünə: həyətdə, süfrə başında. Ata- evin kişisi gəlməmiş süfrə açılmazdı. Və o ataların da yaraşığı idi analar. Yoxdu indi o qüdsiyyət, bağlılıq, vəfa, sədaqət…
“İblis nədir? – Cümlə xəyanətlərə bais…
Ya hər kəsə xain olan insan nədir? Hüseyn Cavid
Bir az eşqə bu iblis lağım atdı. Bir az Sem dayılar XIX əsrin sonlarında cənublu qardaşlarımıza məşrutə göndərdikləri kimi, XX əsrin sonlarından da bizim təhtəlşüurumuza yabançı sinemaların sərhədsiz sərbəstlik nəşəsini yeritdilər…
C.Cabbarlı “Almaz” əsərində necə ki Ocaqqulu Fatmansaya demişdi, indi də “bəlayi-taun”u bizim əxlaq məcəlləmizə Sem dayılar internet texnologiyaları elə pərçimləyiblər ki…
Ocaqqulu Fatmansaya demişdi:
Möcüzə zahir olmuşdur. Şeyx Molla Sübhan yatıb, əsnayiyuxuda görmüşdür ki, bir pirani kişi əynində ağ geyim, altında ağ at, zahirnümayan oldu, dedi: nə yatmışsan, ay Molla Sübhan! Xudavəndi-aləm bu kəndə bəlayi-taun göndərəcək. Kəndi zir-zəbər eləyəcəkdir. Ərz eləyib: atam-anam sənə fəda olsun, səbəb nədir ki, bizim kəndimizi dağıdırsan? Deyəndə, həzrət buyurur:
səbəb odur ki, siz Allahın evini istəyirsiniz döndərəsiniz fəsad ocağına. Deyir: atamanam sənə qurban olsun, bəs biz istəmirik, onu bir zənən xaylağı istəyir.
Deyəndə, deyir: bəs siz necə camaatsınız, necə kişisiniz ki, indiyəcən elə asi bir qız sizin kəndinizdə gəzir…”
Onda ana qızına ona elçi gələcəklərini deyəndə, qız həyadan Qızıləhmədi alması kiminqıpqırmızı qızarardı, günlərlə atasının , qardaşlarının gözünə görünməzmiş. İndi dəfələrlə ərə gedib, az vaxtda yolları azyrımış biri deyir ki, həyatımda yenisi var…. və sair..
Yəni bizim dəyərlərimizdəki keyfiyyətsiz dəyişiklikləri necə gəldi “sevişmələrdən”, necə gəldi evliliklərdənb başladı. Ailə institunun başı üstünü görünməz dumanlar elə bürüyüb ki, gündə düşən bir kərpici görmürük…
Ailə dəyərlərimizin başı üstünü bürümüş rəngsiz, iysiz tüstüdən xilas etmək üçün ideoloji cəbhədə dönüş edilsin gərək. Halbuki, əksər ideya tribunaları şou marşallarının ixtiyarına buraxılıb.
Televiziya hanallarının, şou mətbuatının yaratdığı qadın obrazları onu ovlamaq istəyənlərə Nizamini Şirini kimi deməyəcək:
Hiylə nə lazımdır, sərxoş deyiləm,
Hiyləyə aldanan bir quş deyiləm.
Coşdurmaqdırsa məni məqsədi əgər,
Qızaram əynimdə zireh əriyər…
Kirimişcə afrikalının, kampuçiyalının yanına düşüb gedəcək okeanın o tayına…
Qızlarımız hər biri bir çiçək, hər biri də öz bağçalarımızda bitsin gərək. Oğlanlarımız gülü öz bağçalarımızdan dərsin gərək. Genlərimiz üçün də təhlükə var. Allah sahibkarlarımızın başından töksün. Tabeliliklərində çalışan kişilərə yaxşı məvacib ayırsınlar. Kişi ailənin xərclərini qarşılaya bilmirsə, qadından az maaş alırsa, daha burada kişinin, atanın üstün rolu necə ola bilər?!

Əziz Qadınlar, proletarları qoruyun… Evə az pul gətirir, sizə filənkəsin qadınının sinəsindən asılmış medalyondan ala bilmirsə, caan sirdaçınıza bunun xiffətini çəkməyə qoymayın. Bunu edə bilən Qadın özü medalyondur, ləl-cəvahiratdır bu ərin ömür xəzinəsində.
Xalq şairi Cabir Novruz ”Mənim ölməz şeirlərim” şeirində belə misralar var:
Sizi, əziz balalarım,
Sətir-sətir böyüdürəm,
Misra-misra yaradıram.
Sevinclərim, əzablarım,
Yüz-yüz susan, yazılmayan şerlərə
cavablarım.
Vaxt olub ki, dediyimdən dönməmişəm –
sizin üçün!
Vaxt olub ki, vəzifəli bir alçağın
Qabağında dinməmişəm sizin üçün!…
Bu bir ərin, atanın ailə qarşısında kişi kimi getdiyi yoldur.
Buları çox vaxt, bəzən də heç vaxt qadınlar, uşaqlar bilmir… Bilirsə, o ailə alınmaz qaladır, Eşq olsun…

Bayramınız mübarək, proletar qardaşlarım. Birləşməli və statuslarımızı buxovlayan baryerləri birlikdə dəf etməliyik.
Amma sonda köhnə kişilərin hüzurunda
Hamımızın etiraflarını edəcəyəm. Gözəl şairimiz Vaqif Aslanın onlara həsr etdiyi bir şeirlə:
Kişilər

Arazdan keçmirik – suyu sərindir.
Kürdən adlamırıq – dibi dərindir.
Araz aşığından, Kür topuğundan olan kişilər!
Nə qədər ucaymış boyunuz sizin,
Əsliniz, kökünüz, soyunuz sizin,
Axib qanımıza dolan kişilər!
Sizin yanınızda dilimiz – qısa,
Ətəyimiz – uzun, əlimiz – qısa.
Qaya parçasından, daş qopuğundan
Nağara düzəldib çalan kişilər!
Döyüb başımıza çalınırıq biz,
Kos kimi ortaya salınırıq biz,
Olmuşuq oyuncaq, yalan, kişilər. Hanı bəs Kür ilə Araz arası?
Bizi eyləyiblər palaz arası.
Ox kimi şığıyıb yazı düzündən
Atlını atından salan kişilər!
Qulağımız “haydı,hoy!” sözünə həsrət,
Ayağımız üzəngi üzünə həsrət,
Bizlər –kor eşşəyə palan, kişilər. Sizi aldatmasın saxamız bizim, Əllərdə qalıbdır yaxamız bizim.
Göydəki quşu da vurub gözündən,
Çalıb çalağantək alan kişilər!
Siz hara?.. Biz hara?.. Nə deyək sizə?
İnciyən ruhunuz hay vermir bizə,
Hələ də sükuta dalan kişilər!
Aşır başımızdan Kür də,Araz da,
Çəkir burulğanlar bizi bir az da.
Bir vədə dayanıb başımız üstə
Bizə xeyir-dua qılan kişilər! Kənd-kənd, şəhər-şəhər axırıq daha,
Axana qıraqdan baxırıq daha,
Bu da qalın bəylər, kalan kişilər!
Getdi özünüzlə zorunuz sizin,
Dolur gözümüzə qorunuz sizin.
Çatdam-çatdam olsun gorunuz sizin,
Daşımız qalmadı daşımız üstə,
Ay yurdu-yuvası talan kişilər!
Olunca dünyada olmasa yeymiş,
Qalınca dünyada qalmasa yeymiş
Sizin yerinizdə qalan kişilər!
İndiki kişilər – yalan kişilər!..




Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.