Tarixdə bu gün
İlin 324-cü günü (uzun illərdə 325-ci).
İlin sonuna 41 gün qalır.
Mühüm hadisələr:
1945 — İkinci Dünya Müharibəsi hərbi cinayətkarlarının mühakimə edildiyi “Nürenberq prosesi” başlamışdır. Nürenberq prosesi həm də sinxron tərcümənin başlanğıcı kimi qəbul edilir.
1959 — BMT “Uşaq hüquqları haqqında Bəyannamə” qəbul etmişdir.

1975 — Bakıda Üzeyir Hacıbəyovun Ev muzeyi açılmışdır.
1979 — Xəstələrə ilk dəfə süni qan köçürülmüşdür.
1991 — Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında, Ağdam rayonunun Mərzili kəndi ərazisində erməni hərbi dəstələri tərəfindən Azərbaycan hərbi helikopteri vurulmuşdur.
Ümumilikdə qəza nəticəsində 22 nəfər həlak olub.
1992 — Azərbaycan-İran birgə komissiyasının 6 noyabrda Bakıda başlayan iclası başa çatmışdır. İranla Azərbaycan arasında iqtisadi əməkdaşlıq haqqında memorandum imzalamışdır.
2003 — İstanbulda ingilis səfirliyinə və HSBS banka silahlı hücum nəticəsində 30 nəfər həlak olmuş, 450-dən çox insan yaralanmışdır.

Doğum günləri:
1910 — İlk azərbaycanlı teatr rəssam qadını İzzət Əli qızı Seyidova Xarkovda anadan olub. 1927-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Texnikumuna, 1931-ci ildə Leninqrad Boyakarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutuna qəbul olub.
1938-ci ildən Azərbaycan Dövlət Opera və Balet Teatrında əmək fəaliyyətinə başlayıb.
1938-ci ildə C.Rossininin “Sevilya bərbəri”, 1941-ci ildə P.Çaykovskinin “Qaratoxmaq qadın”, 1941-ci ildə Q.Qarayev və C.Hacıyevin “Vətən”, 1953-cü ildə F.Əmirovun “Sevil”, 1958-ci ildə Ü.Hacıbəylinin “Leyli və Məcnun”, 1963-cü ildə Q.Qarayevin “İldırımlı yollarda” və s. opera və balet tamaşalarına tərtibat verib.
Milli boyakarlıq ənənələrini və dünya klassik opera rəssamlığının estetik prinsiplərini bacarıqla qovuşdura bilib.
Monumentalizmə meyilli olub və geniş kompozisiyada daha çox ifadəli rənglərin parlaq çalarlarından məharətlə istifadə edə bilib.
1943-cü ildə “Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülüb.
İzzət Seyidova 1973-cü il noyabr ayının 30-da Bakıda vəfat edib.
1930 — Görkəmli publisist, tənqidçi, ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor, Əməkdar Mədəniyyət işçisi, Əməkdar Elm xadimi Qulu Qasım oğlu Xəlilov 1930-cu ildə indiki Ermənistan SSR-nin Sisyan rayonunun Qızılcuq kəndində anadan olub.
1948-ci ildə ailəsi oradan məcburən Ağcabədi rayonun Poladlı kəndinə köçürülmüşdür.
Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Jurnalistika fakültəsini bitirəndən sonra, aspiranturada oxumuşdur. Qulu Xəlilli “Vaqif pyesi və tarixi dram janrı” mövzusunda namizədlik, sonralar isə “Azərbaycan romanının inkişaf tarixi” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.
Bir müddət AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda çalışan Qulu Xəlilli sonralar ADU-nun (indiki BDU) professoru kimi çalışmışdır.
Qulu Xəlilov 1995-ci ildə Bakıda vəfat edib.
Onuu ikinci Fəxri Xiyabanda dəfn etmək qərara alınsa da, vəsiyyətini və ailəsinin istəyini nəzərə alıb, Şağan qəsəbəsindəki qəbiristanlıqda öz atasının yanında dəfn ediblər.
Qulu Xəlilovun yaradıcılığında insan amili, xalqın mənafeyi hər zaman ana xətlə keçib. Onun “Yaşamaq istəyirəm”, “Qocaların söhbəti”, “Qulun yaman kişnədi”, “Müəllimə”, “Hörümçək”, “Tənha palıd”, “Bir də gəlmə” və digər əsərləri oxucuların stolüstü kitabına çevrilib. Sonradan bu siyahıya istedadlı qələminin gücü ilə ərsəyə gələn “Ömrün baharı”, “Atam və mən” kimi romanları, “Yaylaqda”, “Qocaların söhbəti”, “Umusuq” və s. hekayələri də qarışıb.
Qulu Xəlilovun “Yaşamaq istəyirəm” adlı aftobioqrafiq povesti böyük bir nəslin tərbiyəsində mühüm rol oynayıb.

1958 — Azərbaycanın Milli Qəhrəmanı Əlabbas Qara oğlu İsgəndərov Ağdam rayonunun Kürdlər kəndində anadan olmuşdur.
Əlabbas cavanlığında Kolanı obasında əyilməzliyi, ədəb-ərkanı ilə ad-san çıxarmış, hamının hörmətini qazanmışdır.
18 yaşı tamam olduqda ordu sıralarına çağırılıb, tərxis edildikdən sonra isə öz doğma obasına dönərək təsərrüfatla məşğul olmuşdur. 1991-ci ildə Ağdamda könüllülərdən ibarət batalyon yarananda ona ilk yazılanlardan biri də Əlabbas oldu.
1992-ci ildə Umudlu kəndində mühasirəyə düşmüş 40 döyüşçümüz mühasirdən çıxa bilmirdi: erməni yaraqlıları onları hər tərəfdən atəşə tuturdular, məhz Əlabbasın qəhrəmanlığı ilə onlar gizli yollarla hərbi hissəyə dönə bildilər.
4 mart 1992-ci il Qazançı kəndi uğrunda gedən döyüşlərdə Əlabbas qəhrəmancasına həlak oldu.
Azərbaycan Respublikası Prezidentinin 13 avqust 1992-ci il tarixli 135 saylı fərmanı ilə Əlabbas Qara oğlu İsgəndərov ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülmüşdür.
Ağdamın Şəhidlər Xiyabanında dəfn edilmişdir.

1960— Azərbaycanın Milli Qəhrəmanı Gültəkin Məlik qızı Əsgərova Bakı şəhərində anadan olub.
1978-ci ildə Nərimanov rayonundakı 200 nömrəli orta məktəbi əla qiymətlərlə bitirib. Gültəkin fizika, kimya, riyaziyyat fənləri üzrə məktəbdə keçirilən olimpiyadalarda daim iştirak edərək həmişə qalib adını qazanıb. 1983-cü ildə Azərbaycan Dövlət Tibb Universitetinə daxil olub və təhsilini 1989-cu ildə başa vurub. Təhsil illərində Daxili İşlər Nazirliyinin Hərbi hospitalında əvvəlcə kiçik tibb bacısı, sonra isə böyük tibb bacısı işləyib. Ali məktəbi bitirdikdən sonra isə 8-ci Təcili Yardım Stansiyasında çalışıb. Daha sonra isə Uroloji xəstəxanada…
O, burada anestezioloq-reanimatoloq vəzifəsində işləyib. Dağlıq Qarabağ hadisələri başlayanda — 4 aprel 1992-ci ildə Gültəkin də könüllü olaraq cəbhəyə yollanır. Turşsuda, Şuşada neçə-neçə yaralı əsgərə tibbi yardım göstərir. Güllə yağışları altında o, yaralı döyüşçüləri təhlükəsiz yerlərə daşıyır, onlara ilk tibbi yardım göstərir. Şuşa alındıqdan sonra Laçının, Qubadlının müdafiəsində yaxından iştirak edir. Rəşadətli döyüş yolu keçən Gültəkin Əsgərova 20 iyun 1992-ci ildə Aranzəmin-Naxçıvanik istiqamətində gedən ağır döyüşdə öz xidməti borcunu yerinə yetirərkən həlak olur.
Azərbaycan Respublikası Prezidentinin 20 noyabr 1993-cü il tarixli 31 saylı fərmanı ilə Əsgərova Gültəkin Məlik qızı ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülmüşdür.
Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilmişdur.
Oxuduğu 200 saylı orta məktəbə onun adı verilmiş, Bakı şəhər Nərimanov rayonunda büstü qoyulmuşdur. Xəzərdə üzən gəmilərdən biri Qəhrəmanın adını daşıyır, gəmidə muzeyi yaradılmışdır. Bakının Nərimanov rayonundakı xəstəxananın önündə də büstü qoyulmuşdur.
Vəfat etmişdir:

1910 — Görkəmli rus yazıçısı Lev Tolstoy 82 yaşında vəfat etmişdir.
9 sentyabr 1828-ci ildə Tula quberniyasında – Yasnaya-Polyanada anadan olub.
Yazdıçı “Hərb və Sülh” və “Anna Karenina” əsərləri ilə dünya ədəbiyyatında roman janrının ən görkəmli nümunələrini yaratmışdır. XIX əsr rus cəmiyyətinin realistik mənzərəsini canlandıran bu iki əsər realist roman janrının yüksək zirvəsində qərar tutur. Tolstoy özünün əxlaqi-mənəvi əsərləri ilə – “Allahın səltənəti qəlbimizdədir” (rus. “Царство Божие внутри нас”) XX əsrin Mahatma Qandi və Martin Lüter Kinqkimi şəxsiyyətlərinə ciddi təsir göstərmişdir.
Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib.
Tolstoy 1880-ci ilin martında şair Afanasi Fetə məktubunda yazırdı ki, Azərbaycan mütəfəkkiri və şairi Mirzə Şəfi Vazehin əsərlərini oxuyub və onları yüksək qiymətləndirir.
L. Tolstoyun hekayələri ilk dəfə Azərbaycan dilinə 1882-ci ildə tərcümə olunub. XIX əsrin sonları və XX əsrin əvvəllərində L.Tolstoyun əsərlərinə Azərbaycanda çıxan “Kaspi”, “İttifaq”, “Səda”, “Təzə həyat” qəzetlərində geniş yer verilib.
1894-cü ildə Bakı şəhər rus-müsəlman məktəbinin direktoru Sultanməcid Qənizadə L.Tolstoyun “Birinci araqçəkən” komediyasını azərbaycan dilinə tərcümə edib və ona həvəskar səhnədə quruluş verib.
1907-ci ildə Hacıağa Abbasov məktəbin direktoru Sultanməcid Qənizadə ilə birlikdə Yasnaya Polyanaya gəlir və L.Tolstoyun hekayəsini Azərbaycan dilinə özünün tərcüməsində yazıçıya hədiyyə edir. L.Tolstoy isə ona üzərində avtoqrafı olan “Hərb və sülh” romanını bağışlayır.
S. Qənizadə nəinki L.Tolstoyun ömrünün sonunadək yazıçı ilə məktublaşır, xalq maarifi məsələləri ilə bağlı ondan məsləhətlər alır, həm də tez-tez Yasnaya Polyanaya baş çəkirdi.

1981 — Azərbaycan sovet cərrahı, ictimai və dövlət xadimi; Azərbaycanda tibb təhsili və səhiyyənin təşkilatçısı və respublikada cərrahlıq elmi məktəbinin banilərindən biri olmuş Azərbaycan SSR EA akademiki , Bolqarıstan Xalq Respublikası EA-nın müxbir üzvü , SSRİ Tibb Elmləri Akademiyasının akademiki , SSRİ Dövlət mükafatı laureatı , Sosialist Əməyi Qəhrəmanı , Azərbaycan SSR EA vitse-prezidenti (1951-1956 və 1969-1981). Azərb. SSR Ali Sovetinin sədri (1955-59 və 1967-71), Azərb. SSR Ali Sovetinə (1-10-cu çağırış) deputat Mustafa Ağabəy oğlu Topçubaşov 89 yaşında vəfat etmişdir.
Mustafa Topçubaşov 5 avqust 1895-ci ildə Qərbi Azərbaycanda (İndiki Ermənistan Respublikası) Göykümbət kəndində anadan olmuşdur.
Akademik Mustafa bəy Topçubaşov qədim İrəvanın əsilli-köklü nəsillərindən birinin nümayəndəsi idi. Dünyaya göz açdığı Göykümbət kəndi elə Topçubaşovların ata-baba malikanəsi imiş. Onların İrəvan şəhərində də mülkü olub. Atası Ağabəy, anası Fatimə xanım, Mustafa və üç qardaşı burada yaşayıblar. Ailənin ikinci oğlu Mustafa tanınmış Azərbaycan rəssamı Mirzə Qədim İrəvaninin nəvəsi Mirzə Rza Qədimovun ibtidai məktəbində oxuyub.
1904-cü ildə ibtidai təhsilini başa vurub gimnaziyaya daxil olub. 1914-cü ildə gimnaziyanı bitirib. Valideynlərinin onu uzağa buraxmağa ürəkləri gəlməsə də, Mustafa Kiyevə gedib və orada universitetin tibb fakültəsinə qəbul olunub. Gələcəkdə necə mükəmməl bir insan olacağı isə bu gəncin hələ təhsil aldığı illərdə özünü büruzə verib. Onun tələbəliyi siyasi mübarizələrin kəskinləşdiyi illərə təsadüf edib. Üçüncü kursda oxuyanda Oktyabr inqilabı baş verib. Rusiyanın digər şəhərləri kimi, o zaman Kiyevdə də qalmaq təhlükəli imiş. Onunla birlikdə oxumağa gedənlərin çoxu evlərinə dönüb. Bir neçə tələbə təhsilini davam etdirib. Onlardan biri də Mustafa bəy olub. Çətinliklərə dözüb, səylə dövlət imtahanlarına hazırlaşıb. Nə aclıq, nə də ölüm qorxusu onu yolundan döndərə bilib. Mustafa ata-anasının ona göndərdiyi cib xərcliyini tətilə gələndə geriyə qaytarırmış ki, mən orada təkəm, aldığım təqaüdlə dolana bilirəm. Nəhayət, dövlət imtahanlarını verib diplom alıb. Vətənə geri dönmək üçün qan-qadanın baş alıb getdiyi böyük məmləkətin neçə-neçə şəhərlərindən keçib, gah qatarla, gah da gəmi ilə yol gəlib. Yollarda isə səfalət, xəstəlik içərisində çırpınan, can verən insanları görüb. Axır ki, Vətəninə yetişib, onu gözləyən doğmaları ilə görüşüb.
1919-cu ildə təhsilini başa vuran gənc həkim Naxçıvan və Bakı xəstəxanalarında cərrahlıq edir. 1920-1923-cü illərdə ADU-nun (Azərbaycan Dövlət Universiteti) Tibb fakültəsinin Fakültə cərrahlığı klinikasında ordinator, 1923-1930-cu illərdə assisent işləmişdir. 1930-cu ildə “Malyariya mənşəli splenomeqaliyanın klinikası, patologiyası və cərrahi müalicəsi” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Bu işin əhəmiyyətinə görə M.Topçubaşova professor adı verilir və o, Azərbaycan Tibb Universitetinin Cərrahiyyə kafedrasının (indi – III Cərrahi xəstəliklər kafedrasının müdiri seçilərək, ömrünün sonuna qədər həmin vəzifəni şərəflə yerinə yetirir.
Uzunmüddətli elmi axtarışlar, səylə aparılan tədqiqatlar nəticəsiz qalmır. Odur ki, dünya tibb elmində bir sıra yeniliklər də məhz bu Azərbaycan aliminin adı ilə bağlıdır.
M.Topçubaşov 1937-ci ildə dünya anesteziologiya elmi tarixində ilk dəfə olaraq orijinal keyitmə üsulunu – inyeksion efir-yağ narkozunu – analgeziya üsulunu kəşf etdi. Bu metod sadəliyinə, hazırlanma və tətbiq texnikasının asanlığına, inhalyasion narkoz zamanı rast gəlinən bir sıra mənfi halların (dərin narkoz yuxusu, qanda narkotik maddələrin yüksək konsentrasiyada toplanması və s.) aradan qaldırılmasına imkan verdiyinə görə geniş tətbiq edilməyə başlandı. Efir-yağ qarışığı inyeksiyaları həm də öddaşı xəstəliyinin sancıları, travmatik şok, tetanus, qıcolma hallarında, müalicə və doğuş zamanı ağrısızlaşdırma vasitəsi kimi istifadə edilirdi. 1945-ci ildə SSRİ Xalq Səhiyyə Komissarlığı Elmi Tibbi Şurası tərəfindən Farmakologiya Komitəsinin iclasında efir-yağ qarışığının “Analgezin” adı altında istehsal edilməsinə icazə verildi.
Topçubaşov müharibə illərində Azərbaycan Xalq Səhiyyə Komissarlığı Hərbi Xəstəxanalar İdarəsinin baş cərrahı vəzifəsində çalışıb. Görkəmli alim SSRİ-də ilk dəfə olaraq təxliyə hospitallarının yaradılmasının təşəbbüskarı olub və bu təklif hərbi cərrahlıq işinin təşkilində uğurla istifadə edilib.
Həmin illərdə Mustafa bəy bir-birinin ardınca ağır cərrahiyyə əməliyyatları aparıb və yüzlərlə, minlərlə yaralı döyüşçünü ölümün pəncəsindən xilas edərək yenidən həyata qaytarıb. Onun başçılıq etdiyi klinikada müasir cərrahlıq problemləri – öd yolları xəstəliklərinin, xərçəngin cərrahi müalicəsi, travmatologiya məsələləri, bərpa cərrahlığı və s. xəstəliklər üzrə daimi axtarışlar aparılıb, yeni təkliflər irəli sürülüb.
Mustafa bəyin tutduğu vəzifələri və qazandığı titulları saymaqla qurtarmaz. Maraqlıdır ki, onun keçdiyi həyat yolundan bəhs edən sənədlərin özündə də təltifləri və fəxri adları sadalanarkən ardıcıllıq pozulur.
Müharibədən sonra professor M.Topçubaşov 1945-1950 illərdə Azərbaycan SSR Səhiyyə Nazirliyinin Baş cərrahı olmuşdur. 1945-ci ildə Azərbaycan SSR EA-nın həqiqi üzvü (akademik) seçilir. 1945-1948-ci illərdə Azərbaycan SSR EA Eksperimental Tibb İnstitutunda direktor vəzifəsində çalışır. Müxtəlif dövrlərdə iki dəfə (1951-1956 və 1969-1981) Azərbaycan SSR Elmlər Akademiyasının vitse-prezidenti vəzifəsini daşıyır.
1954-cü ildə özü işlədiyi kafedrada operasion-auditoriya təşkil edir.
Mustafa bəy Topçubaşov 1960-cı ildə SSRİ Tibb Elmləri Akademiyasının akademiki seçilir. 1975-ci ildə Sosialist Əməyi Qəhrəmanı yüksək adına layiq görülmüşdür.

1983 – Görkəmli ədəbiyyatşünas, akademik, professor, Əməkdar elm xadimi Həmid Hacı Məmmədtağı oğlu Araslı 74 yaşında vəfat etmişdir.
Həmid Araslı 1909-cu ildə fevral ayının 23-də Gəncədə dünyaya göz açmışdır.
H.Araslı 1915-ci ildə Gəncənin Şah Abbas məscidi nəzdindəki mədrəsədə təhsil alıb, 1922-ci ildə Gəncə Darülmüəllimi Seminariyasında təhsilini davam etdirib. 1926-cı ildə seminariyanı bitirib Nəbiağalı kənd məktəbində əvvəlcə müəllim, sonra isə direktor vəzifəsində işləyib. O, bu illərdə folklor nümunələrini toplamaqla məşğul olur, tələbələrini də bu işə cəlb edir. 1929-cu ildə Bakıya gəlib Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Dil və ədəbiyyat fakültəsinə daxil olur. İnstitutu vaxtından əvvəl bitirib, 1931-ci ildə Gəncəyə qayıdaraq maarif şöbəsində müdir müavini vəzifəsinə təyin olunur. 1932-ci ildə Bakıya gəlib aspiranturada təhsil almaqla yanaşı, keçmiş SSRİ EA-nın Azərbaycan filialının nəzdində təşkil olunmuş kitabxananın Şərq şöbəsində müdir işləyir.
1938-ci ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində Orta əsrlər Azərbaycan ədəbiyyatı tarixindən dərs deməyə başlayır. 1939-cu ildə Nizami adına Azərbaycan Ədəbiyyatı və Dili İnstitutunda Orta əsrlər ədəbiyyatı, 1957-ci ildə isə mətnşünaslıq şöbələrinə rəhbərlik edir. 1943-cü ildə “XIII-XVI əsrlərdə Azərbaycan ədəbiyyatı” mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi elmi adını alır. 1944-cü ildə Azərbaycan Dövlət Universitetində Yaxın Şərq ədəbiyyatı kafedrasının müdiri vəzifəsinə təyin olunur. 1954-cü ildə “XVII-XVIII əsrlər Azərbaycan ədəbiyyatı tarixi” mövzusunda doktorluq dissertasiyası müdafiə edir. Bir il sonra ona professor adı verilir.
H. Araslı Azərbaycan ədəbiyyatı ilə bağlı təkcə keçmiş sovet məkanında deyil, dünya miqyasında aparılan tədqiqatları diqqətlə izləyir, onun qədimliyinə xələl gətirən mülahizələrə həssaslıqla yanaşır, Azərbaycan ədəbiyyatı və onun nümayəndələri haqqında söylənilən haqsız fikirlərə, qərəzli mülahizələrə qarşı çıxır, həqiqəti axıra qədər müdafiə edir. Azərbaycan ədəbiyyatı tarixinin sistemləşdirilərək elmi istiqamətdə öyrənilməsində H.Araslının müstəsna xidməti olmuşdur. 1943-1944-cü illərdə nəşr olunmuş iki cildliyin – “Müxtəsər Azərbaycan ədəbiyyatı” tarixinin ilk cildində Azərbaycan ədəbiyyatının ən qədim dövrlərindən başlayaraq XVII əsrə qədərki inkişaf mərhələlərinin ədəbi-mədəni mənzərəsini vermiş, o əsrlərdə yaşayan sənətkarların dolğun portretlərini yaratmışdır.
Türkdilli Azərbaycan ədəbiyyatının təşəkkülündə mühüm rol oynamış Qazi Bürhanəddin, Nəsimi, Kişvəri, Xətai, Füzuli kimi sənətkarların da Azərbaycan ədəbiyyatı tarixindəki yerini müəyyənləşdirərək onların bədii-ictimai fikir tarixinə təsirini aydınlaşdırır. Azərbaycan şairlərindən İ.Həsənoğlu, Q.Bürhanəddin, İ.Nəsimi, Ş.İ.Xətai, Kişvəri, Həbibi, Füzuli, Qövsi, Saib, Məsihi, Fədai, Vidadi, Vaqif və başqaları haqqında ilkin mötəbər tədqiqat, dəyərli elmi-nəzəri ümumiləşdirmələr də H.Araslıya məxsusdur.
H.Araslı Məhəmməd Füzulinin də ardıcıl tədqiqatçısı və Azərbaycandan uzaqlarda tanınan naşiri olmuşdur.
H.Araslı müasir Azərbaycan folklorşünasıdır. O, Azərbaycan şifahi xalq ədəbiyyatı və folklorunun tədqiqi sahəsində də böyük əmək sərf etmişdir. “XVII-XVIII əsrlər Azərbaycan ədəbiyyatı tarixi” kitabı və “Aşıq yaradıcılığı” əsərlərində Qurbani, Sarı Aşıq, Aşıq Abbas Tufarqanlı, Xəstə Qasım, Aşıq Ələsgər və başqa klassik aşıqların həyat və yaradıcılığı, XVII əsrdə yaranan “Əsli və Kərəm”, “Aşıq Qərib”, “Şah İsmayıl” və “Koroğlu” eposu haqqında orijinal elmi mülahizələr söyləmişdir.
H.Araslı yüksəkixtisaslı kadrların hazırlanması üçün hər zaman fədakarlıqla çalışmış, təkcə Azərbaycanda deyil, Özbə Özbəkistanda, Türkmənistanda və Tatarıstanda aspirant, dissertant və doktorantlara rəhbərlik etmiş, onlarca elmlər doktoru, 50-yə qədər elmlər namizədi yetişdirmişdir.




Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.