Tarixdə bu gün
İlin 325-ci günü (uzun illərdə 326-cı).
İlin sonuna 40 gün qalır.
Mühüm hadisələr:
1957 — Xəzər dənizində fırtına nəticəsində Mixail Kaveroçkin və Süleyman Bağırovun rəhbərlik etdiyi 21 nəfərlik iki neftçi briqadası həlak olub.
2007 — Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin iştirakı ilə Bakı-Tiflis-Qars dəmir yolunun Gürcüstan hissəsinin təməli qoyulmuşdur.
2008 — İstanbulda Türkiyə Böyük Millət Məclisinin ev sahibliyi ilə Türkdilli Ölkələrin Parlament Assambleyasının I konfransı keçirilmişdir.
Doğum günləri:

1918 — Cənubi Azərbaycanda milli demokratik hərəkatın rəhbərlərindən biri olmuş Firudun Qəni oğlu İbrahimi Cənubi Azərbaycanın Astara şəhərində doğulub. Atasının fəaliyyəti onun gələcək həyatına da təsirsiz ötüşməyib.
Firudin İbrahiminin atası, Qəni İbrahimi öz dövrünün müasir düşüncəli ziyalılarından olub. Gilan əyalətinin Rəşt şəhərində Mirzə Məhəmməd Axundzadənin (Sirus) başçılığı ilə Ədalət Firqəsi yaradıldıqdan sonra Astara şəhərində Ədalət Firqəsinin yerli təşkilatını formalaşdırıb. Siyasi baxışlarına görə dəfələrlə həbs edilib, təzyiqlərə məruz qalıb.
Firudin İbrahimi 1945-ci ildə Tehran Universitetinin Hüquq fakültəsini bitirib. Tələbəlik illərində inqilabi hərəkata qoşulub. Təbriz şəhərində nəşr olunan İran Xalq Partiyasının orqanı olan “Xavəri nov” (“Şərq xəbəri”) qəzetinin redaktoru olub.
O, 1945-ci ildə il sentyabrın 3-də Azərbaycan Demokrat Firqəsi Mərkəzi Komitəsinin üzvü, Azərbaycan Milli Məclisinin nümayəndəsi (İran), 1945-1946-cı illərdə Azərbaycan Milli Hökumətinin Baş prokuroru olub.
O, Azərbaycan Milli Hökuməti elan edilən gün – 1945-ci il dekabrın 12-də bu vəzifəyə təyin olunub.
F.İbrahimi 1946-ci ildə Parisdə Sülh konfransında iştirak edib.
Bu tədbirdə İrana öz hökumətinin İkinci Dünya müharibəsində qalib gəlmiş antihitler koalisiyası dövlətləri ilə faşist Almaniyasının Avropadakı keçmiş müttəfiqləri arasında sülh müqavilələri haqqında mövqeyini şərh etmək imkanı verilmişdi. F.İbrahimi də Azərbaycan Milli Hökuməti adından mətbuat nümayəndəsi sifəti ilə bu konfransa gedib və 1946-cı il avqust ayının 10-dan Paris şəhərinin “Lüksemburq” adlanan ən məşhur tarixi qəsrində keçirilən konfransın iclaslarında iştirak edib.
F.İbrahimi “Sülh uğrunda” kitabında bu tədbirlərlə bağlı təəssüratlarını yazıb. Bu əsərin işıq üzü görməsində AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Cənubi Azərbaycan şöbəsinin müdiri Səməd Bayramzadənin müstəsna rolu var.
Azərbaycan Milli Hökumətinin rəhbəri S.C.Pişəvəri 1946-cı il sentyabrın 3-də Azərbaycan Demokrat Firqəsinin yaranmasının birinci ildönümü münasibətilə Təbrizin Dövlət Teatrı salonunda keçirilən tədbirdəki nitqində F.İbrahiminin Paris Sülh Konfransından göndərdiyi hesabatları yüksək qiymətləndirərək deyib: “Bizim hərəkatımız ana dili vasitəsilə dünyada nüfuz və şöhrətə malik ola bildi. Dünya bildi ki, beş milyonluq bir xalq var ki, öz dillərində yazıb və oxuyur… İndi dünyanın yazıq millətləri bizi alqışlayır və bizə nicat verən bir millət kimi baxırlar”.
F.İbrahimi əksinqibalçı qüvvələrə qarşı mübarizə aparan “Babək” adlı könüllü dəstələrin təşkilatçılarından biri olub.
Yeri gəlmişkən, o, öldürüldükdən sonra bu təşkilat şaha qarşı silahlı mübarizə aparıb. F.İbrahimi Azərbaycan Milli Hökumətinin silahlı dəstələrlə qorunmasını təşkil etməklə yanaşı, “Ettelat”, “Aljir”, “Rəhbər”, “Mərdom”, “Zəfər”, “Siyasət”, “Azərbaycan” və s. qəzetlərdə ölkədəki çatışmazlıqları ifşa edən publisistik məqalələr yazıb.
Rza şah Pəhləvi və oğlu Məmmədrza şah Azərbaycan türklərinin milli varlığının məhv edilməsi istiqamətində siyasət yürüdürdülər. Onlar Azərbaycan türkcəsinin ölkədə işlədilməsini yasaqlamışdılar. Azərbaycan türklərinin İrana gəlmə olduğu barədə saxta tarix kitabları yazılırdı.
F.İbrahimi Ana dili olan Azərbaycan türkcəsinin müdafiəçilərindəndir. Mənsub olduğu millətin dilini, dədəbiyyatını, mədəniyyətini, tarixini araşdıraraq, kimin gəlmə olduğuna tutarlı cavab verib. Bu baxımdan o, tariximizi zamanına və şəraitə görə uğurla araşdırıb.
Azərbaycanda Milli Hökuməti 1946-cı ilin dekabrın 11-də Məhəmmədrza şah tərəfindən qan içində boğulduqdan sonra F.İbrahimini həbs ediblər. İran şahlıq rejiminin amansız ordusu ilə qeyri-bərabər döyüşdə, Azərbaycan Demokrat Firqəsi Mərkəzi Komitəsinin binasında 34 saatlıq silahlı müqavimətdən sonra o, həbs olunub zindana salınıb. Həbsxanada yüksək ləyaqətini qoruyub saxlayan F.İbrahimi İran xəbər agentliklərindən birinin “Siz prokuror olduğunuz zaman hansı işləri icra etmisiniz” sualını belə cavablandırıb: “Biz məhbusların cinayət işlərini araşdırdıq, mürtəce qanunlar əsasında həbs edilən günahsız insanları azad etdik. Xalqın hüquqlarını müdafiə etməklə onları satqın hakimlərin zülmündən xilas etdik”.
Onun məhkəmədə irticaçı şah rejimini ittiham edən nitqi isə bu gün də İran azadlıqsevərləri üçün nümunədir: “Gün gələcək ki, bütün İran xalqını öz hüquqlarından məhrum edənlər, onların mədəniyyət və milli qürurlarını tapdalayanlar, öz ciblərini və kisələrini qızılla doldurmaq xatirinə zəhmətkeş insanları istismar edənlər xalq qarşısında törətdikləri xəyanət və cinayət əməllərinə görə cavab verməyə məcbur olacaqlar”.
F.İbrahimini 1947-ci ilin mayın 23-də Təbriz şəhərinin Gülüstan bağında dar ağacından asıblar. Hadisə şahidləri, onun qohumları və ailə üzvləri bildiriblər ki, edam səhər tezdən, saat 5 radələrində icra edilib. O, dar ağacının ətrafında toplaşanlara belə müraciət edib: “Çox keçməz ki, Azərbaycan xalqı qələbə çalacaq və yenidən Azərbaycanda Milli Hökumət qurulacaq. Yaşasın Azərbaycan və İran xalqlarının birliyi! Yaşasın doğma Ana Vətənimiz Azərbaycan!”
Xalq yazıçısı Mirzə İbrahimovun “Gələcək gün” romanında və şairə Mədinə Gülgünün “Firudin” poemasında F.İbrahiminin vətənpərvər, qəhrəman və gözəl insan obrazı yaradılıb. Həbib Sahir, Fəthi Xoşginabi, Balaş Azəroğlu, Mədinə Gülgün, Söhrab Tahir, Xəlil Rza, Arif Səfa, Tariyel Ümid əsərlərində onun poetik obrazını yaradıblar.
F.İbrahimi aldığı təhsil, mükəmməl dünya görüş ilə İrandakı hakimiyyətə, Məhəmmdrza şaha xidmət edib, böyük var-dövlət sahibi də ola bilərdi. Ancaq o, ən ağrını və şərəflisini seçərək, millətinə – Azərbaycana xidmət etməyə üstünlük verib. O, bir daha sübut edib ki öz millətinə ləyaqətlə xidmət edənlər unudulmur, sevilir və örnək olurlar.
F.İbrahimi həyat və fəaliyyəti xatırlananda bir millətin bu gün də üzləşdiyi problemlər göz önünə gəlir, Azərbaycanın fəxr ediləcək tarixi yada düşür.
Elmi, siyasi, dövlətçilik fəaliyyəti örnək olmuş F.İbrahimi Azərbaycanın azadlığı uğrunda şəhidliyi ilə də gələcək nəslə nümunə sayıla bilər.

1972 — Azərbaycanın Milli Qəhrəmanı Mehman Rəşid oğlu Sayadov Qərbi Azərbaycanın Vardenis rayonunun Günəşli kəndində anadan olmuşdur.
Orta məktəbin yeddinci sinfini burada bitirən Mehman 1988-ci ildə erməni millətçilərinin azərbaycanlıları deportasiya etdikləri zaman ailəsi ilə Samux rayonuna köçür. 1988-ci illərdə Xalq Hərəkatının öndə gedənlərindən idi. Mehman 18 yaşı tamam olan kimi Sovet Ordusuna çağırılmışdır. Qarabağda baş verən hadisələr onu olduqca narahat edirdi.
Mehman çox gənc olmasına baxmayaraq, Şuşa cəbhəsində əfsanəvi qəhrəmanlıqlar göstərmişdir. Kosalarda və Nəbilər kəndlərində vuruşan Mehman öz silah qardaşları ilə 70 erməni yaraqlısını və xeyli zirehli texnikanı sıradan çıxarmışdı.
Mehman 1992-ci il 9 may tarixdə Şuşanın Nəbilər kəndində gedən qanlı döyüşlərdə düşmən gülləsinə tuş gəlmiş və əbədiyyətə qovuşmuşdur.
Döyüş meydanında gənc Mehmanın cəsədi ətrafında onlarla erməni işğalçılarının meyiti səpələnmişdi. Bu Mehmanın əsl qəhrəmanlığından xəbər verirdi. Onun bu qəhrəmanlığı Qarabağ müharibəsi dövründə dildən-dilə, eldən- elə gəzdi.
Bütün cəhdlərə baxmayaraq, qəhrəmanımızın cəsədini döyüş meydanından çıxarmaq mümkün olmamışdır.
Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə Mehman Rəşid oğlu Sayadova ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilmişdir.
Vəfat etmişdir:

1957 —Məşhur neftçi, Sosialist Әməyi Qəһrəmanı , SSRİ Dövlət Mükafatı Laureatı Mixail Pavloviç Kaveroçkin dənizdə faciəli şəkildə həlak olmuşdur.
M.P.Kaveroçkin 1904 –cü il noyabrın 20-də Şamaxı qəzasının Mərəzə rayonunda anadan olmuşdur.
O, əmək fəaliyyətinə 1920-ci ildə başlamışdır. 1925—57-ci illərdə Azərbaycan SSR neft sənayesində çalışmışdır. Kaveroçkin açıq dənizdə (Xəzərdə) dərin neft quyusu qazmağın pionerlərindən olmuş, 1949-cu ildə Neft Daşlarında ilk kəşfiyyat quyusunu qazımışdır. 1955—57-ci illərdə Azərbaycan SSR Ali Soveti sədrinin müavini seçilmişdir. 2 dəfə Lenin ordeni və medallarla təltif edilmişdir.
1947-ci ildə Bakıda Dəniz Qazma Tresti yaradıldı. Bu trestin Buzovnada yenidən yaradılmış kontoruna daxil olan ilk qazma ustalarından biri 1945-ci ildə ordudan tərxis olunan M.P.Kaveroçkin olmuşdur.
Mərdəkan-dənizdə 3 №-li quyunun qazılması ona həvalə edildi. Mərdəkan neft sahəsində quyunun qazılmasını başa çatdırdıqdan sonra 1946-cı ildə Gürgən-dəniz sahəsinin kəşfiyyatına başlanıldı. Kəşfiyyatın dəniz sahələrinin bir sırasında aparılmasına baxmayaraq, geoloqların diqqətini daha çox Cənub-Şərqi Çilov adasının 22 km yerləşən, sualtı qaya silsilələri ilə əhatə olunmuş kiçik ada – “Neft Daşları” cəlb edirdi.
M. Kaveroçkinin Neft Daşlarına birinci kəşfiyyat quyusuna usta təyin olunmuşdu. haqda əmr verildi. 1949-cu ilin ilk günlərindən tanınmış usta Kaveroçkinin briqadası adada ağır və gərgin fəaliyyətə başladı. Axır ki , neftçilər məqsədlərinə nail oldular: 1 quyu güclü neft fontanı vurdu.
İlk quyunun qazılmasından 8 il sonra – 1957-ci il noyabrın 21-də fırtınalı gecədə güclü dalğalara tab gətirməyərək dağılan dəniz özülü özünün nəhəng metal hissələri altında növbədə olan Kaveroçkinin briqadasını – Süleyman Bağırovu, Nikolay Duplixini, İbrahim Sadıqovu, Məmməd Muradovu, Bala Mirzəyevi və başqalarını əbədi sulara qərq etdi.

2001— Əməkdar rəssam Mahmud Əzizağa oğlu Tağıyev 78 yaşında Bakıd vəfat etmişdir.
Mahmud Tağıyev 11 iyun 1923-cü ildə Bakıda anadan olmuşdur. 1941-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirdikdən sonra, 1949–1953-cü illərdə Moskvada, Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rəssamlıq fakültəsində, 1953–1956-cı illərdə isə İ. Repin adına Leninqrad Dövlət Rəssamlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunda təhsil almışdır.
Mahmud Tağıyev 1946-cı ildə rəssam Xalidə Səfərova ilə ailə qurmuş və həmin ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü olmuşdur.
Mahmud Tağıyevin erkən yaradıcılığının əsas mövzuları natürmort və mənzərə əsərləri hesab olunur. O, 1960-cı illərdən başlayaraq sənaye və kənd təsərrüfatına aid mövzuları araşdırmışdır. Rəssam Azərbaycanda sovet tikililərinin quruculuq prosesinin əsas məqamlarını təsvir etmişdir. Bunlara Mingəçevir su anbarı və Sumqayıt alüminium zavodunun təsvirləri daxildir. M. Tağıyev bu illər ərzində portret janrını araşdırmağa davam etmiş və xüsusi olaraq tarixi portret janrına müraciət etmişdir.
Rəssamın yaradıcılığına “Əriklər” (1969), “Əncirlər” (1974), “Eyvan” (1987), “Natürmort”, “Yaz gülləri” (1993), “Lalələr”, “Almalar” (1993), “Məcnun”, “Leyli”, “Güldanda güllər”, “Dağlarda bahar”, “Bakı”, “Neft emal zavodunun işıqları”, “Avarçəkən”, “Yuxu”, “Çılpaq”, “Dədə Qorqud”, “Səməd Vurğun”, “Yeddi gözəl” və başqa əsərlər daxildir.
Bayramlar və xüsusi günlər:

21 noyabr Ümumdünya Salamlaşma Günüdür.
1973-cü idən etibarən hər il keçirilir. Bu günü Maykl və Brayn Makkomak qardaşları müharibənin qızğın vaxtında beynəlxalq gərginliyin artmasına qarşı etiraz əlaməti olaraq fikirləşiblər. Onlar səmimi salamlarla dolu olan məktubları dünyanın bütün nöqtələrinə göndərmiş və məktubu oxuyandan belə bir məktubdan heç olmasa daha on nəfərə göndərməyi xahiş etmişdilər. Bu fikir hər kəs tərəfindən dəstəkləndi və o vaxtdan etibarən 21 noyabr tarixi şən emosiyalar və xoş əhvali-ruhiyyəli Ümumdünya Salamlaşma Günü kimi qeyd edilir.mosiyalar və xoş əhvali-ruhiyyəli Ümumdünya Salamlaşma Günü kimi qeyd edilir.




Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.