Tarixdə bu gün

İlin 326-cı günü (uzun illərdə 327-ci).
İlin sonuna 39 gün qalır.

Mühüm hadisələr:

1968 — Türkiyədə ilk dəfə ürək transplantasiyası həyata keçirilmişdir.
1918 — Azərbaycan Demokratik Respublikası Nazirlər Şurasının qərarı ilə ADR Ədliyyə Nazirliyinin Əsasnaməsi təsdiq edilmişdir.
1995 — Azərbaycan Respublikası Yamayka ilə diplomatik əlaqələr qurmuşdur.

Doğum günləri:

1881 — Osmanlı İmperiyası tarixində əhəmiyyətli rol oynamış hərbiçi və siyasi xadim Ənvər Paşa İstanbulda Divanyolunda dünyaya gəlmişdir.
Atası inşaat mühəndisi Hacı Əhməd paşa , anası Aişə Dilarə xanımdır. Ata tərəfdən soyu Qaqauz türklərinə dayanır. Ailənin 5 övladından ən böyüyüdür.
Birinci Dünya müharibəsinin məğlubiyyətlə nəticələnməsindən sonra Qafqazda və Mərkəzi Asiyada yaşayan türk xalqlarının dirçəlməsi və birləşməsi üçün mübarizə aparmış, bu uğurda qoşulduğu bir qiyamda Tacikistanda rus ordusu tərəfindən öldürülmüşdür .
Düşənbənin təxminən 200 km şərqindəki Belçivan şəhərinə bağlı Obtar kəndində olan Ənvər paşanın məzarı Prezidentin baş müşaviri Münif İslamoğlu rəhbərliyindəki mütəxəsislər və elm adamlarından ibarət 8 nəfərlik heyət tərəfindən 30 iyul 1996-cı ildə açıldı. Xarici quruluşundan Ənvər paşaya aid olduğu anlaşılan cənazə Tacikistandakı siyasi qarışıqlıqlara görə çətinliklə paytaxt Düşənbəyə gətirilmiş və burada Türk bayrağına sarılı tabuta qoyularaq İstanbuldakı rəsmi mərasim üçün hazırlanmışdır.
3 avqust 1996-cı ildə İstanbula gətirilən nəşi gecə Gümüşsuyu Hərbi Xəstəxanasında saxlanılmışdır. Ölüm ildönümü olan 4 avqust 1996-cı ildə Şişli məscidində 8 imamın qıldırdığı cənazə namazının ardından Şişlidəki “Abide-i Hürriyət” təpəsində, İstanbul Böyükşəhər Bələdiyyəsi və Mədəniyyət Nazirliyi tərəfindən ortaq olaraq hazırlanan və Tələt paşannı yanında olan məzarda dəfn edilmişdir.
Mərasimə o dövrün prezidenti Süleyman Dəmirəl, Milli Müdafiə naziri Turxan Tayan, Abdullah Gül, səhiyyə naziri İldırım Aktuna, Mədəniyyət naziri İsmayıl Qəhrəman, ANAP millətvəkili İlhan Kəsiçi və İstanbul valisi Rıdvan Yenişənlə Ənvər paşanın nəvəsi Mayatepeklə digər yaxınları da qatılmışdı.
Ənvər paşa Azərbaycana xüsusi məhəbbəti olan görkəmli xadimdir.

1922 —Əfsanəvi Azərbaycan təyyarəçisi, Sovet İttifaqı Qəhrəmanı Adil Hüseyn oğlu Quliyev Bakıda anadan olmuşdur.
Bakı 14 saylı məktəbi bitirmişdir. 1941-ci ildə hərbi xidmətə çağrılmış və 1942-ci ildə Stalinqrad hərbi təyyarəçilik məktəbini bitirmişdir.
1942-ci ilin oktyabrından Belorussiya, Pribaltika və Şərqi Prussiya səmalarında vuruşmuşdur.
14 mart 1943-cü ildə Staraya Russa şəhəri yaxınlığında təyyarəsi vurulmuşdu. O, təyyarəni cəbhə xəttinə qədər çatdırıb, paraşütlə tullanmış və öz tərəfimizə keçə bilmişdi.
Sovet İttifaqı Qəhrəmanı fəxri adı, Lenin ordeni və 5932 №-li “Qızıl Ulduz” medalı ona 1945-ci ilin 23 fevralında verilmişdir.
1956-cı ildə Hərbi Hava Qüvvələri Akademiyasını bitirmişdir. 1966-cı ildə polkovnik rütbəsində istefaya çıxmışdır.
Uzun müddət Bakı Aeroportunun rəisi işləmişdir.
SSRİ Ali Sovetinin deputatı olmuşdur.
3 Lenin ordeni, Qırmızı Bayraq ordeni, Aleksandr Nevski ordeni, I və II dərəcəli Vətən Müharibəsi ordenləri və Qırmızı Ulduz ordeni ilə təltif edilmişdi.
1992-ci ildə vəfat etmiş və Bakıda Fəxri Xiyabanda dəfn edilmişdir.

1922 — Görkəmli Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti , SSRİ Dövlət Mükafatı Laureatı , Sosialist Əməyi Qəhrəmanı , Azərbaycan SSR Dövlət Mükafatı Laureatı Fikrət Məşədi Cəmil oğlu Əmirov Kirovabad(Gəncə) şəhərində anadan olmuşdur.
İndiki Bakı Musiqi Akademiyasında dahi bəstəkar Üzeyir Hacıbəylinin və Boris Zeydmanın sinfində oxuyub.
1942-1943-cü illərdə Gəncə Filarmoniyasının və 1947-ci ildə Müslim Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri, 1956-59-cu illərdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru vəzifələrində çalışıb. SSRİ Bəstəkarlar İttifaqının katibi seçilib.
Səhnə musiqisi sahəsindəki fəaliyyətinə “Ürəkçalanlar” və “Gözün aydın” operettaları ilə başlayan Fikrətin ən uğurlu əsərlərindən biri simli orkestr üçün yazdığı “Nizami” simfoniyasıdır. Bu simfoniya dünyanın ən məşhur dirijorları G.Rojdestvenski (Rusiya), K.Abendrot (Almaniya), Ş.Münş (Fransa) və L.Stokolovskinin (ABŞ) dirijorluğu ilə ifa olunub.
1948-ci ildə “Şur” və “Kürd ovşarı” simfonik muğamlarını yazıb. Bu simfonik muğamlar Bolqarıstanın, Belçikanın, Fransanın, ABŞ-ın konsert salonlarında səsləndirilib.
Fransanın “Disk” musiqi jurnalında bəstəkarın simfonik muğam yaradıcılığına yüksək qiymət verilmişdi: “Şur” muğamında musiqi sənətinin bütün böyük əsərlərinə xas əzəmət və həqiqət vardır”. “Sovetskaya muzıka” jurnalında yer alan “Sovet musiqisi Fransa və Belçikada” məqaləsində qeyd olunurdu ki, Fikrət Əmirovun “Şur” simfonik muğamı bu ölkələrdə yüksək qiymət almışdır. “Nyu-York Tayms” qəzeti isə ABŞ-da “Şur” simfonik muğamının yazıldığı qrammofon valının buraxılmasını xəbər verirdi.
1950-ci ildə dördhissəli “Azərbaycan” simfonik süitasını bəstələyən F.Əmirov onun ardınca müasir mövzuda milli musiqi tarixinə ilk milli lirik opera kimi daxil olan “Sevil” operasını yazır. Bu operaya 1953-cü il oktyabrın 8-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında ictimai baxış keçirilir.
1965-ci ildə Fikrət Əmirov SSRİ Xalq artisti adına layiq görülür.
Bəstəkarın zəngin yaradıcılığında vokal janrının da özünəməxsus yeri var. O, üç romans və müxtəlif janrda iyirmi beşdən artıq mahnının müəllifidir.
70-ci illərdə “Nəsimi” vokal xoreoqrafik poemasını, simfonik orkestr üçün “Azərbaycan qravürləri”ni, “Gülüstan-Bayatı-Şiraz” simfonik muğamını, “Min bir gecə” nağılları əsasında eyniadlı balet yazır.
1982-ci ilin mayında Sosialist Əməyi Qəhrəmanı adına layiq görülür.
1984-cü ilin yanvarında “Nizami” baletini tamamlayır.
Fikrət Əmirov 1984-cü il fevralın 20-də Bakıda vəfat edib. Fəxri Xiyabanda dəfn olunub.

1922— Məşhur Azərbaycan yazıçısı, ssenaristi, Əməkdar incəsənət xadimi , Azərbaycan Dövlət Mükafatı Laureatı , Azərbaycanın Xalq yazıçısı Hüseyn Abbaszadə Bakı şəhərində anadan olmuşdur.
Orta təhsilini bitirdikdən sonra II Dünya müharibəsinin başlanması ilə əlaqədar o, ordu sıralarına çağırılmışdır. Hüseyn Abbaszadə 1941-1945-ci illərdə Şimali Qafqaz, Leninqrad, 1-ci və 4-cü Ukrayna cəbhələrində şərəfli döyüş yolu keçmişdir.
Müharibədən qayıdan Hüseyn Abbaszadə 1945-1950-ci illərdə Azərbaycan Dövlət Teatr İnstitutunun Teatrşünaslıq fakültəsində ali təhsil almışdır.
Müasir Azərbaycan ədəbiyyatının tanınmış simalarından olan Hüseyn Abbaszadə bədii yaradıcılığa müharibə illərində cəbhə qəzetlərində dərc etdirdiyi vətənpərvərlik mövzusunda şeirlərlə başlamış və bu mövzuya daim sadiq qalmışdır. O, 60 ildən artıq bir dövrü əhatə edən səmərəli ədəbi fəaliyyətinin məhsulu olan çox sayda əsərləri ilə ədəbiyyatımızın inkişafına öz töhfəsini vermişdir. Yazıçının Sovet İttifaqı Qəhrəmanı general Həzi Aslanova həsr olunmuş “General” romanı müharibə illərində Azərbaycan oğullarının qəhrəmanlığını bütün dolğunluğu ilə əks etdirən parlaq nəsr nümunəsidir.
Hüseyn Abbaszadə 2007-ci il dekabrın 12-də Bakı şəhərində vəfat etmişdir.

1933 — Məşhur Azərbaycan kinorejissoru, kinooperatoru, ssenaristi, Xalq artisti , SSRİ Dövlət Mükafatı Laureatı , Azərbaycan SSR Dövlət Mükafatı laureatı Rasim Mirqasım oğlu Ocaqov Şəki şəhərində anadan olub.
1951-1956-cı illərdə Moskvada ÜDKİ-nin Kinooperatorluq fakültəsində təhsil alıb. Daha sonra M.A.Əliyev adına ADİİ-nun Rejissorluq fakültəsini bitirib. 1956-cı ildən “Azərbaycanfilm” kinostudiyasında quruluşçu-operator, 1973-cü ildən quruluşçu rejissor işləyib.
50-ci illərin sonlarında Bakı kinostudiyasında ilk çəkilişlərinə başlayıb. 1957-ci ildə ilk dəfə operator kimi “Bir məhəlləli iki oğlan” filmini lentə alıb. Filmdə baş operator Marqarita Pilixina olub. “Onun böyük ürəyi” (1958) filmi R. Ocaqovun ilk sərbəst işi idi. Film Sumqayıt metallurqlarının həyatına həsr olunmuşdu. Bu ağır peşə adamlarının ekran həyatı operatorun kamerası ilə romantik və cəzbedici bir formaya salınmışdır. Bundan sonra lentə aldığı “Əsl dost”, “Bizim küçə”, “Mən rəqs edəcəyəm”, “Sən niyə susursan?” və “Skripkanın sərgüzəşti” filmlərində Rasim Ocaqov Azərbaycan kinosunda operatorluq sənətinin ən layiqli nümunələrini yaratdı.
Rejissor kimi ilk işi 1975-ci ildə yarımçıq qalmış “Gəncəbasarlı qisasçı” filmini tamamlamaq olmuşdur. Onun ikinci rejissor işi “Tütək səsi” filmi oldu. “Tütək səsi” öz orijinal səhnələri, çəkiliş manerası, mövzunun bədii həlli baxımından Azərbaycan kinosuna xeyli yeniliklər gətirdi. Bundan sonra çəkdiri “Ad günü”, “Bağlı qapı”, “Özgə ömür”, “Park”, “Ölsəm bağışla”, “Həm ziyarət, həm ticarət”, “İstintaq” filmlərində R.Ocaqov müasirlərinin əsl obrazını yaratmaqla tamaşaçıları ətrafa diqqətlə yanaşmağa, cəmiyyətdə baş verən neqativ hallara göz yummamağa çağırır. “Təhminə”, “Otel otağı” kimi son filmlərində də ciddi mövzulara toxunur, yenə də insanın ətraf aləmə münasibəti mövzusunda söhbət açır.

R.Ocaqov 2006-cı ildə Bakıda vəfat etmişdir.

1938— Məşhur Azərbaycan teatr və kino aktyoru, Xalq artisti , SSRİ və Azərbaycan Dövlət Mükafatları Laueratı Həsən Ağaməmməd oğlu Məmmədov Salyan rayonunda doğulmuşdur.
Həsən Məmmədov Salyanda 2 nömrəli orta məktəbi 1956-cı ildə bitirmiş və Azərbaycan Dövlət Universıtetinin (indiki Bakı Dövlət Universiteti) Fizika-riyaziyyat fakültəsinə daxil olmuşdu. İkinci kursda universitetdən çıxmış və bir müddət müxtəlif teatrların yardım heyətində aktyorluq etmişdir.
1962-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirmişdir. Tələbəlik illərində müəyyən fasilələrlə Dövlət radiosunda (1960-1961) işləmişdir. H.Məmmədov məşhur səhnə xadimi Mehdi Məmmədovun kursunu 1962-cı ildə bitirib və təyinatla Akademik Milli Dram Teatrına göndərilmişdir. O, elə həmin ildən kinoda da fəaliyyət göstərmişdir. H.Məmmədov 50-dən çox filmdə çəkilmişdi.
İldən-ilə kino aktyoru kimi məşhurlaşan Həsən Məmmədov 1972-ci il 2 fevralda köçürmə yolu ilə Akademik teatrdan çıxaraq “Azərbaycanfilm” kinostudiyasına işə qəbul edilmişdi. O, 1989-cu il 17 mayda dəvətlə Cəmil Əlibəyovun “Gülüstanda qətl” (quruluşçu rejissor Ağakişi Kazımovdur) dramının tamaşasında İlyas İbrahimov rolunu oynamışdı. H.Məmmədov Akademik teatrın direktoru və bədii rəhbəri Həsən Turabovun dəvətilə 1992-ci il 21 noyabrdan ömrünün sonunadək doğma kollektivin aktyor truppasında çalışmışdı.
Aktyorun rollar siyahısında milli və Avropa klassiklərinin, çağdaş Azərbaycan və əcnəbi dramaturqlarının əsərlərinin tamaşalarındakı səhnə obrazları var.
Kinoda çəkildiyi çoxsaylı rollar Həsən Məmmədovun yaradıcılıgında xüsusi yer tutur.
H.Məmmədov 2003-cü il 26 avqustda vəfat etmiş, II Fəxri Xiyabanda dəfn edilmişdir.

75

1950 —Tanınmış Azərbaycan bəstəkarı, Əməkdar incəsənət xadimi Cavanşir Rəhim oğlu Quliyev Şəkidə doğulub.
Orta rus məktəbini 1967-ci ildə, Şəki Musiqi texnikumunu 1968-ci ildə bitirib. Həmin il Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının Xalq çalğı alətləri fakültəsinin Tar şöbəsinə daxil olub. İki ildən sonra Konservatoriyanın Bəstəkarlıq fakültəsinə keçib və 1975-ci ildə görkəmli bəstəkar, professor Cövdət Hacıyevin sinifini bitirib.
Cavanşir Quliyev müasir Azərbaycanın ilk hərbi marşının müəllifidir. C.Quliyev ilk dəfə sazı kamera musiqisində kamanla, violonçellə, fleyta ilə bərabər şəkildə tədbiq etmişdir. C.Quliyev ilk dəfə sazı və zurnanı simfonik və simfo-caz orkestrlərin tərkibinə daxil edərək, əsas alətlər şəklində işlətmişdir.
1990-1993 illərdə Azərbaycan Dövlət Konsert Birliyinin bədii rəhbəri olub. 1980 – 1998 illərdə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında – Bakı Musiqi Akademiyasında, 1994 – 2003 illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllim işləyib.
2005-ci ildən Azərbaycana qayıdana kimi, Şimali Kipr Türk Respublikasının Yaxın Şərq (Yakın Doğu) Universitəsinin Səhnə Sənətləri fakultəsinin professoru vəzifəsində işləmişdir.

Vəfat etmişdir:

1973 —Görkəmli tibb alimi, professor, elmi anatomiyanın banisi, Əməkdar elm xadimi Kamil Əbdülsalam oğlu Balakişiyev 67 yaşında vəfat etmişdir.
Kamil Balakişiyev 1906-cı il sentyabr ayının 20-də Bakının Novxanı kəndində anadan olmuşdur.
O, orta təhsilini II Dövlət kişi gimnaziyasında almış, 1921-ci ildə Azərbaycan Dövlət Universitetinin Tibb fakültəsinə daxil olmuşdur. Hələ ikinci kurs tələbəsi ikən pedaqoji və elmi-tədqiqat işlərinə ciddi maraq göstərdiyinə görə insan anatomiyası kafedrasına fəaliyyətə cəlb olunmuşdur. Onun fitri istedadı kafedra rəhbərliyinin diqqətini cəlb etmiş və bir qədər sonra insan anatomiyası fənni üzrə sərbəst surətdə məşğələlər aparmasına icazə verilmişdir.
Beşinci kurs tələbəsi olarkən K. Balakişiyev öz müəllimi A. Valenkaya ilə birlikdə rus dilində “Osteologiya üzrə praktik məşğələlərə rəhbərlik” adlı dərs vəsaiti yazmış və həmin vəsait 1926-cı ildə çap olunmuşdur. XX əsrin 30-cu illərinin əvvəllərində isə o, Azərbaycan dilində latın qrafikası ilə silsilə dərslik və dərs vəsaitləri çap etdirərək ölkə anatomiyası tarixində yeni səhifə açmışdır.
1930-cu ildə 24 yaşında elmi-pedaqoji fəaliyyətindəki xidmətlərinə görə K.Balakişiyev privat-dosent elmi adına layiq görülmüşdür. O, praktik məşğələlər aparmaqla yanaşı, tələbələrə həm rus, həm də Azərbaycan dilində normal anatomiya fənni üzrə mühazirələr oxumağa başlamışdır. Hələ tələbəlik illərindən ardıcıl olaraq elmi-tədqiqat işləri ilə məşğul olan alimə 1935-ci ildə dövri mətbuatda çap etdirdiyi sanballı elmi-tədqiqat işlərinin nəticələrinə görə tibb elmləri namizədi elmi dərəcəsi verilmişdir. Həmin illərdə Kamil müəllim bud sinirinin kötükdaxili quruluşunu öyrənməklə Azərbaycanda periferik sinir sisteminin morfo-funksional xüsusiyyətlərinin öyrənilməsinin əsasını qoymuşdur.
Kamil Balakişiyev 1936-cı ildə Azərbaycan Dövlət Tibb İnstitutunun elmi şurasının açıq iclasında “Sidik kanalı soğanağı (Meri və Kuper) vəziləri” mövzusu üzrə doktorluq dissertasiyası müdafiə etmiş və 30 yaşında olarkən tibb elmləri doktoru elmi dərəcəsinə layiq görülmüşdür. Gənc alim müdafiə ərəfəsində Sankt-Peterburqda 6 ay müddətində elmi ezamiyyətdə olmuş, onun elmi-tədqiqat işi Rusiyanın məşhur alimləri tərəfindən yüksək qiymətləndirilmişdir.
1937-ci ilin avqust ayında Azərbaycan Dövlət Tibb İnstitutunun Normal anatomiya kafedrasına ilk dəfə olaraq milli kadr – professor Kamil Balakişiyev rəhbərlik etməyə başlamışdır. O, ömrünün sonuna qədər (1973) bu məsuliyyətli və çətin vəzifəni böyük müvəffəqiyyətlə yerinə yetirmişdir. Kamil müəllim eyni zamanda 1937–1941-ci illərdə Bakı Dövlət Universitetinin Anatomiya kafedrasına, 1938–1940-cı illərdə isə Azərbaycan Pedaqoji İnstitutunun Anatomiya və fiziologiya kafedrasına rəhbərlik etmişdir.
O, 1943–1945-ci illərdə ATİ-nin Müalicə-profilaktika fakültəsinin dekanı, 1944 – 1945-ci illərdə SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının “Tibb” bölməsinin baş elmi işçisi vəzifəsində çalışmışdır.
Kamil Balakişiyevin rəhbərliyi altında 15 nəfər elmlər doktoru və namizədi yetişdirilmişdir. O, 100-ə yaxın elmi işin, o cümlədən orijinal dərslik və dərs vəsaitinin, lüğət və terminologiyanın, elmi-kütləvi məqalənin müəllifi olmuşdur.
O, uzun illər səhiyyə sahəsində müxtəlif mötəbər vəzifələrdə çalışmışdır. 17 il Azərbaycan Tibb İnstitutunda tədris işləri üzrə prorektor, Səhiyyə Nazirliyində idarə rəisi, Azərbaycan Elmlər Akademiyasının Terminologiya Komitəsinin tibb bölməsinin sədri vəzifələrini layiqincə yerinə yetirmişdir.
Böyük alim 1973-cü ilin noyabrın 22-də vəfat etmişdir.

2012 — Azərbaycan şairi, publicist və dramaturq Kələntər Şıxkərim oğlu Kələntərli 79 yaşında vəfat etmişdir.
Kələntər Kələntərli 1933-cü ildə mart ayının 20-də Qusar rayonunun Sudur kəndində kolxozçu ailəsində anadan olmuşdur.
1954-1958-ci illərdə Azərbaycan Pedaqoji İnstitutunun Ədəbiyyat fakültəsində təhsil almışdır. Lakin ağır, çətin ailə vəziyyətinə görə ali təhsili başa vura bilməmiş və dördüncü kursdan çıxıb işləməyə məcbur olmuşdur.
1959-cu ildə Azərbaycan Elmlər Akademiyasının Kitabxanasında şöbə müdiri, 1960-cı ildə “Mübariz keşikdə” qəzetində şöbə müdiri, 1961-1962-ci illərdə “Azərbaycan gəncləri” qəzeti redaksiyasında ədəbi işçi vəzifəsində işləmişdir. K.Kələntərli 1962-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 1963-1964-cü illərdə Natəvan klubunun direktoru olmuşdur. 1966-1968-ci illərdə Azərbaycan Dövlət Nəşriyyatında Incəsənət şöbəsinin redaktoru, 1984-1986-cı illərdə “Qızıl Şərq” mətbəəsində korrektor, 1990-1992-ci illərdə “Amal” qəzetində şöbə müdiri işləmişdir.
K. Kələntərli 1959-cu ildən 1966-cı ilin axırına kimi, “Azərbaycan gəncləri” qəzetinin Sabir adına kitabxanada təşkil etdiyi “Ədəbi məclisin” rəhbəri olub.
1993-cü ildən Azərbaycan Respublikası Dövlət Televiziya və Radio verilişləri şirkətində radionun Ləzgi redaksiyasının baş redaktoru vəzifəsində çalışır. Əsərlərini Azərbaycan və ləzgi dilində yazır. Bədii yaradıcılığa 50-ci illərdən başlamışdır. Şeirləri, poemaları, ədəbi-tənqidi və publisist məqalələri “Azərbaycan”, “Qobustan”, “Ulduz” və s. jurnallarda, eləcə də qəzetlərdə müntəzəm çap olunur. “Dağlar silkələndi”, “Şöhrət axtaran xanım” və “Lənət şeytana, yaxud belə-belə işlər” mənzum pyesləri xalq teatrında tamaşaya qoyulmuşdur.
“Şuşam geri alınmasa” və “Ağ atlı oğlan” poeması xüsusilə diqqəti cəlb edir. 2006-cı ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Tərəqqi” medalına layiq görülmüşdür.

2012 —Azərbaycan aktyoru rejissor, komik, psixoloji və dramatik rolların məharətli ifaçısı, Xalq artisti, Azərbaycan Respublikasının Dövlət Mükafatı laureat Yaşar Nuri vəfat etmişdir.
Yaşar Nuri 1951-ci il sentyabr ayının 3-də Bakıda tanınmış aktyor Məmmədsadıq Nuriyevin ailəsində dünyaya gəlmişdir.
Səhnəyə ilk dəfə on bir yaşında ADMKT-də “Toy kimindir?” (dramaturq Məhərrəm Əlizadə) tamaşasında Tapdıq rolunda çıxmışdır. Məktəbli vaxtlarında dövlət televiziyasının “Yelkən” verilişinin aparıcılarından olmuşdur. Bundan başqa o, “Buratino”, “Qaranquş”, “Pioner” uşaq verilişi-teatrlarında müntəzəm iştirak etmişdir. Müxtəlif dram dərnəklərinə getmiş, 26-lar adına Mədəniyyət sarayı xalq teatrının tamaşalarında çıxış etmişdir.
10 yaşından Azərbaycan televiziyasında uşaq verilişlərində çəkilən və teatr səhnələrində uşaq rollarını ifa edən aktyor 1968-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Kino və dram aktyorluğu fakültəsinə daxil olub. Orada kurs rəhbərləri, tanınmış səhnə xadimləri Rza Təhmasib və Əliheydər Ələkbərovdan aktyorluq sənətinin incəliklərini öyrənmişdir.
İnstitut dövründə “Sevil”də Balaş, “Toy”da Salmanov, “Günahsız Müqəssirlər”də Neznamov və s. obrazları yaratmışdır.
1972-ci ildə institutu bitirdikdən sonra 1 il orduda xidmət etmiş və institutun Tədris teatrında aktyor işləmişdir. 1974-cü il dekabr ayının 1-də Akademik Milli Dram Teatrının baş rejissoru Tofiq Kazımovun dəvətilə bu kollektivin aktyor truppasına qəbul olunub.
Teatr aktyoru kimi görkəmli sənətkar olan Yaşar Nuri həm də məşhur kino ustasıdır. Onun böyük populyarlıq qazandığı çoxlu ekran obrazları var. Əlliyə yaxın bədii filmə çəkilib, Azərbaycan Dövlət Televiziyasında hazırlanmış yüzdən çox tamaşada, bədii kompozisiyada, satirik səhnəciklərdə iştirak edib. Onun əsasən baş rolları ifa etdiyi teletamaşalar televiziyanın fondunda daimi sənət nümunələri kimi qorunur. Bunlardan Ramiz Həsənoğlunun hazırladığı Ruhəngiz Qasımovanın “Yollar görüşəndə…”, “Ömrün yolları”, İsi Məlikzadənin “Qatarda”, Anarın “Evləri köndələn yar”, Mövlud Süleymanlının “Kökdən düşmüş piano”, Hüseyn Cavidin “Topal Teymur”, Aslan Qəhrəmanovun əsərləri əsasında Tariyel Vəliyevin lentə aldığı “Səni axtarıram”, “Bağışla”, “Səndən xəbərsiz” trilogiyası, İslam Səfərlinin “Göz həkimi”, Əbdürrəhim bəy Haqverdiyevin əsərləri əsasında “Ac həriflər” və s. televiziya tamaşalarını misal göstərmək olar.

Bayramlar və xüsusi günlər:

22 noyabr Azərbaycan Ədliyyə işçilərinin peşə bayramı günüdür.

Ədliyyə Nazirliyi 1918-ci il may ayının 28-də—Azərbaycan Demokratik Respublikasının elan edildiyi gün yaradılıb. Nazirlik öz işinə ilk növbədə ədliyyə strukturlarının, məhkəmələrin və istintaq sahələrinin bərpası ilə başlayır, gərgin fəaliyyət nəticəsində məhkəmə aparatları tədricən bərpa edilir, binalar qaydaya salınır və çətinliklə də olsa hüquq ədəbiyyatı kitabxanası yaradılaraq 6 aylıq hüquq kursları təşkil edilir. Azərbaycan Demokratik Respublikası 1920-ci il aprel ayının 28-də süqut etdikdən sonra Ədliyyə Nazirliyi ləğv edilir və yerinə Xalq Ədliyyə Komissarlığı yaradılaraq, onun səlahiyyətlərinə qanunvericilik layihələrinin hazırlanması, məhkəmə işçilərinin seçilməsi, təlimatlandırılması və onlara inzibati rəhbərlik edilməsi, qanunçuluğa ali nəzarət və istintaqın aparılması daxil edilir. 1959-cu ildə Ədliyyə Komissarlığının yenidən fəaliyyəti dayandırılır və onun səlahiyyətləri ayrı-ayrı dövlət orqanları arasında bölüşdürülür.
Ədliyyə Nazirliyinin yenidən yaradılması görkəmli dövlət xadimi, Ümumilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrə təsadüf edir. Belə ki, 27 oktyabr 1970-ci ildə Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Ədliyyə Nazirliyi təsis edildi və bununla da Azərbaycan ədliyyə tarixində yeni mərhələ başlanmış oldu. Ədliyyə Nazirliyi sabit fəaliyyət göstərərək məhkəmə orqanlarına təşkilati rəhbərliyi həyata keçirmək, əhaliyə hüquqi yardımı yaxşılaşdırmaq, notariat fəaliyyətinin və məhkəmə ekspertizalarının aparılmasını təmin etmək, ümumiyyətlə, ədliyyə işi təkmilləşdirilərək onun gələcək inkişafı üçün zəmin yarandı. Azərbaycan yenidən dövlət müstəqilliyi əldə etdikdən və Heydər Əliyev ölkə rəhbərliyinə gəldikdən sonra ədliyyə orqanlarının işinin müasir tələblər səviyyəsinə qaldırılması üçün əsaslı tədbirlər həyata keçirildi. Ədliyyə işçilərində və hakimlərdə mənəvi stimul yaradılması məqsədilə onların peşə bayramı gününün müəyyən edilməsinə təşəbbüs göstərilərək 22 noyabr – 1918-ci ildə Azərbaycan Demokratik Respublikası Ədliyyə Nazirliyinin Əsasnaməsinin təsdiq edildiyi günün ədliyyə işçilərinin peşə bayramı günü kimi təsis edilməsi üçün dövlət başçısına müraciət edildi və Ümummilli lider Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli Sərəncamı ilə 22 noyabr ədliyyə işçilərinin peşə bayramı günü kimi müəyyən edildi.

Sumqayıt şəhərinin yaranma günü

Sumqayıt əhalisinin sayına görə və sahəsinə görə Bakıdan və Gəncədən sonra üçüncü böyük şəhər.
Şəhər Abşeron yarımadasında, Xəzər dənizinin qərb sahilində düzənlik ərazidə yerləşir.
Ərazisi 94.17 km², əhalisinin sayı 2018-ci il siyahında 326.020 nəfərdir. Şəhər əhalisinin orta sıxlığı isə 3.570 nəfər/km² təşkil edir.
Tarixçilər tərəfindən sübut olunub ki, Eramızdan əvvəl 7-ci əsrdə Sumqayıtın ərazisində midya tayfalarının yaşayış məskəni olub.
Bu vaxtlar Sumqayıtçayın hər iki sahili boyunca karvan yolları keçirmiş və arxeoloji qazıntılar zamanı aşkar olunmuş körpü və karvansaray qalıqları bu fərziyyəni təsdiq edir. Sumqayıt haqqında ilk yazılı məlumat isə İngilis səyyahı H.Berou tərəfindən 1580-ci ildə verilmişdir. Fransız yazıçısı A.Düma 1858-ci ildə “Qafqaza səyahət” kitabında Sumqayıt adlı poçt stansiyasının adı verilmişdir.
1935-ci ildə Ağır Sənaye üzrə Xalq Komissariatının Kollegiyasında Azərbaycanlı mütəxəssislərin iştirakı ilə qərara alınır ki, Abşeron yarımadasında İstilik Elektrik Mərkəzi və sənaye müəssisələrinin tikintisi üçün yer seçilsin. Bir müddət keçdikdən sonra yeni sənaye şəhərinin tikilməsi üçün Abşeron yarımadasının şimal-qərbində – Bakı şəhərinin 30-35 kilometrliyində Sumqayıt dəmir yolu stansiyanın yaxınlığında yer ayrıldı.
Sumqayıtın tarixi ötən əsrin 30-cu illərindən başlayır. 1949-cu il noyabrın 22-də isə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin qərarı ilə Sumqayıta şəhər statusu verilib. Bir zamanlar ona gənclik şəhəri deyirdilər. Çünki şəhərin ilk özül daşlarını düzənlər də, onun ilk sakinləri də gənclər idi. Sonralar Sumqayıt yeni adlar qazandı: “Sənaye şəhəri”, “Kimyaçılar şəhəri”, “İnşaatçılar şəhəri”, “Gənclik şəhəri”.
Sumqayıtın girişində 15 ədəd üst-üstə spiral şəklində qoyulmuş daş və onların üzərində göyərçin qanadları olan abidə şəhərin simvoludur. 15 ədəd daş şəhərin tikintisində bütün 15 sovet respublikasının iştirakının, spiral şəkilli olması onun sonsuz şəhər olmasının, göyərçin isə sülhün rəmzi olmaqla yanaşı qanadları o vaxt mövcud olan Sumqayıt stansiyası və dəniz istiqamətindədir. Sonradan abidə alüminiumdan yenidən ucaldılarkən 15 daş prinsipinə əməl olunmamışdır. Abidənin Memarı Süleyman Həbib oğlu Hacıyevdir (Şəkinski) (1920–2000).
Sumqayıt şəhərinin yeni gerbi 22 iyul 2011-ci ildə şəhər aktivinin ilin birinci yarısında Sumqayıtın sosial-iqtisadi inkişafının yekunlarına həsr edilmiş yığıncağında təqdim olunmuşdur. Gerbin seçilməsi üçün elan edilmiş müsabiqəyə üç ay müddətində təqdim edilmiş 50-yə yaxın eskiz mütəxəssislərin və şəhər ictimaiyyəti nümayəndələrinin daxil olduğu xüsusi komissiya tərəfindən nəzərdən keçirilmişdir. Müzakirələr prosesində daha məqbul hesab edilən 24 eskiz ictimaiyyətin mühakiməsinə təqdim edilmişdir. Şəhər icra hakimiyyəti başçısının sərəncamı ilə gerb rəsmi status əldə etmişdir. Təsdiq olunmuş gerbdə füruzə rəngi Sumqayıt şəhərinin dəniz sahili sularının rəngini, göy rəng səmanı, şəhərin simvollarından sayılan “Göyərçin” abidəsi isə Sumqayıt şəhərinin sülh və əmin-amanlıq şəhəri olmasını simvolizə edir..

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

Previous Post
Next Post

Son yazılar

Sitatlardan seçmələr:

   

Həcər, ad günün mübarək!