Tarixdə bu gün
İlin 327-ci günü (uzun illərdə 328-ci).
İlin sonuna 38 gün qalır.

Mühüm hadisələr:
1919 — Azərbaycan və Ermənistan hökumətlərinin rəhbərləri Tiflisdə görüşüb. Onlar bütün ziddiyyətli məsələləri sülh konfransında həll etməyi qərara aldılar. Görüşdən sonra Azərbaycan ordusu Zəngəzurdan geri çağırılıb.

Doğum günləri:

1936 —Tanınmış yazıçı, filologiya elmləri doktoru, professor Aqşin Əlisəttar oğlu Babayev anadan olub.
1959-cu ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini bitirib. Əmək fəaliyyətinə tələbəykən respublika radiosunda başlayıb. Türkiyə, ərəb ölkələrinə, İrana və Cənubi Azərbaycana verilişlər hazırlayan redaksiyaların baş redaktoru təyin edilib.
1959-cu ildən 1991-ci ilə qədər Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində çalışıb, 15 il (1976-cı ildən) Azərbaycan radiosu və xarici verilişlər üzrə sədr müavini olub. 1972-1975-ci illərdə Türkiyədə işləyib. Sədr müavini işləyərkən onun təməl daşını qoyduğu verilişlərdən biri bu gün də Cənubi Azərbaycana yayımlanan proqramlarda səslənən “Körpü”dür. O, radioya rəhbərlik etdiyi vaxtlar “Araz” radiostansiyasının verilişləri səhər erkən efirə çıxdı. “Səhər” proqramı fəaliyyətə başladı. Televiziya və Radio Verilişlərinin Bədii Şurasına rəhbərlik etdi, mahnı və diktor müsabiqələrində Münsiflər heyətinin sədri olub.
1991-2006-cı illərdə Azərbaycan Respublikası Milli Məclisinin Mətbuat katibi vəzifəsində çalışıb.
Aqşin Babayevin ilk hekayəsi 1958-ci ildə “Oktyabr işıqları” almanaxında çap olunub. 1964-cü ildə onun “Cazibəli üfüqlər” adlı ilk hekayələr kitabı çapdan çıxıb. “Həmişəbahar”, “Bir parça həyat”, “Ağ ulduzlar”, “Bir ürəyin hərarəti”, “Ayrılıq”, “Söz gülləsi”, “Dünyanın axırı” adlı kitabların müəllifidir. “Kişilər az yaşadı” kitabı isə Moskvanın “Sovetski pisatel” nəşriyyatı tərəfindən 30 min nüsxə tirajla nəşr edilib. Yaxın günlərdə 10 cilddən ibarət “Seçilmiş əsərləri”nin birinci cildi işıq üzü görüb.
Aqşin Babayev həm də şairdir. Yeddinci sinifdə oxuyanda “Bahar” adlı ilk şeirini yazıb. Sözlərinə mahnılar bəstələnib. Şeir kitabına xalq şairi Fikrət Qoca ön söz yazıb. Aqşin Babayevin dramaturq kimi ilk əsəri tələbəlik dövründə 1955-ci ildə tamaşaya qoyulub. Sonra pyesləri Musiqili Komediya, Rus Dram, Gənc Tamaşaçılar, Bələdiyyə, Sumqayıt Musiqili Dövlət Dram teatrlarında oynanılıb. Onun ssenarisi əsasında telefilmlər çəkilib. “Xilaskar” və “Oğul” pyesləri ulu öndərimiz Heydər Əliyevə həsr edilib.
10 iyun 2020 –ci ildə 83 yaşında vəfat edib.

1937—Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aktrisası, Əməkdar artist Zemfira Nəriman qızı Quliyeva Gəncə şəhərində anadan olub.
1957-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının (indi ki Bakı Musiqi Akademiyası) Vokal fakültəsinin Solo ifaçılığı şöbəsinə daxil olub.30 iyun 1962-ci ildə ali təhsilini başa vurub. Zemfira xanım ikinci kursda oxuyanda bəstəkar Süleyman Ələsgərovun və rejissor Şəmsi Bədəlbəylinin təşəbbüsü ilə Azərbaycan Dövlət Musiqili Komediya Teatrına işə dəvət olunub.İki il bu kollektivdə çalışıb.Bir sıra tamaşalarda əsəs partiyaları oynayıb.1960-1963-cü illərdə Azərbaycan Dövlət Radiosunun xorunda çalışıb.1963-cü ildə Musiqili Komediya Teatrına aparıcı solist kimi işə götürülüb. Zemfira Quliyeva otuz ildən çox Musiqili Komediya Teatrının reperturarındakı,demək olar əsas tamaşaların qəhrəman sevgili obrazlarını uğurlu ifa edib.Yaradıcılığının son bir neçə ilində isə tipik personajların səhnə sürətini yaradıb.Musiqili Komediya Teatrının yaradıcılığı yolunda,solist ifaçılığında formalaşmasında özünə məxsus xidmətlər göstərmiş
Aktrisa 3 noyabr 1997-ci ildə Bakıda vəfat edib.
Vəfat etmişdir:

1948 —Dahi bəstəkar, musiqişünas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim Üzeyir Hacıbəyov və ya Üzeyir Hacıbəyli 63 yaşında vəfat etmişdir.
Üzeyir Hacıbəyov 18 sentyabr 1885-ci ildə Əbdülhüseyn bəy və Şirinbəyim xanım Hacıbəyovların ailəsində doğulmuşdur. Üzeyirin atası Əbdülhüseyin Molla Məhəmməd oğlu Hacıbəyov öz dövrünün savadlı, ziyalı şəxslərindən biri idi. O, XIX əsrin tanınmış dövlət xadimi və şairi, Qarabağ xanlarının varisi Xurşidbanu Natəvanın mirzəsi olmuş və onun Ağcabədidəki təsərrüfatına başçılıq etmişdir. Üzeyirin anası Şirinbəyim xanım Qarabağda məşhur Əliverdibəyovlar nəslindən idi. Üzeyir Hacıbəyovgil ailədə üç qardaş, iki bacı olublar. Oğlanları Zülfüqar, Üzeyir və Ceyhunun gələcəkdə ədəbi və musiqi istedadının formalaşmasında ailənin böyük rolu olmuşdur.
Üzeyirdən başqa ailənin bütün uşaqları Şuşada anadan olub. Evin dördüncü uşağı olan Üzeyirin Şuşada yox, Ağcabədidə anadan olmasının da öz tarixçəsi var. Üzeyir bəyin atası Əbdülhüseyin Xurşidbanu Natəvanın şəxsi mirzəsi olmaqla yanaşı, həm də xan qızının Ağcabədidə olan təsərrüfatına rəhbərlik edirdi. Ona görə də ilin çox hissəsini orda keçirirdi. Şirin xanım da Üzeyirə hamilə olarkən Ağcabədiyə gedib yoldaşına baş çəkməyə, sonra yenidən Şuşaya qayıtmaq qərarına gəlir. Bacılarına baş cəkmək üçün yolunu əvvəlcə Ağdamdan salır. Ancaq bacıları onu tez buraxmaq istəmir. Şirin xanımı 8 bacının hərəsi bir az öz evində qonaq saxlayır. Ağcabədiyə gedəndə isə artıq gec olur, Şuşaya qayıda bilmir. Ona görə də gələcəyin dahisi olacaq bu oğlanı elə Ağcabədidə dünyaya gətirir. 1 aydan sonra isə dəvənin üstündə kəcavə düzəldib, Şirin xanımı Üzeyirlə birgə Azərbaycan mədəniyyətinin beşiyi olan Şuşaya gətirirlər.
Valideynləri Ağcabədidən Şuşaya köçdükdən sonra Üzeyir ilk təhsilini buradakı ikisinifli Rus-türk məktəbində almışdır. Şuşanın zəngin musiqi-ifaçılıq ənənələri Hacıbəyovun musiqi tərbiyəsinə müstəsna təsir göstərmişdir. Onun ilk müəllimi Azərbaycan musiqisinin gözəl bilicisi, dayısı Ağalar bəy Əliverdibəyov olmuşdur. Üzeyir bəyin dayısı Ağalar bəy Əliverdibəyov həm də Şövkət Ələkbərovanın ilk musiqi müəllimi olmuşdur.
Üzeyir Hacıbəyov 1899-1904-cü illərdə Qori Müəllimlər Seminariyasında təhsil almışdır. Hacıbəyov seminariya illərində qabaqcıl dünya mədəniyyəti ilə yaxından tanış olmuşdur. O, burada Avropa musiqi klassiklərinin əsərlərini mənimsəmiş, skripka və baritonda çalmağı öyrənmiş, xalq mahnı nümunələrini nota köçürmüşdür. Qori seminariyasında Üzeyir Hacıbəyov Müslüm Maqomayev ilə tanış olmuşdur. Seminariya illərindən başlanan dostluq sonralar həm də qohumluğa çevrildi. Üzeyir Hacıbəyov və Müslüm Maqomayev Terequlovlar ailəsi ilə qohum oldular. Belə ki, Üzeyir Hacıbəyov Məleykə xanımla, Müslüm Maqomayev Badigülcamal xanım Terequlova ilə evləndi.
Seminariyanı bitirdikdən sonra Hacıbəyov 1904-cü ildə Cəbrayıl qəzasının Hadrut kəndinə müəllim təyin edilmişdir. Hadrut kənd məktəbində rus dili, hesab, tarix və musiqidən dərs demişdir.
Hacıbəyov Rusiyada 1905-1907-ci illər inqilabı ərəfəsində Bakıya gəlmiş, Bibiheybətdə, sonralar isə “Səadət” məktəbində dərs demişdir. Üzeyir Hacıbəyov Bakıda ədəbi-publisistik fəaliyyətə başlayaraq “Həyat” qəzetində tərcüməçi işləmişdir. Həmin gündən nəşr edilməyə başlayan “İrşad” qəzetinin əməkdaşı olmuşdur. 1907-ci ildə Bakıda Azərbaycan türkcəsində “Hesab Məsələləri” və “Mətbuatda İstifadə olunan Siyasi, Hüquqi, İqtisadi və Əsgəri Sözlərin Türki-Rusi və Rusi-Türki Lüğəti”ni nəşr etdirir. Rus yazıçısı Nikolay Qoqolun “Şinel” povestini Azərbaycan dilinə tərcümə edir.
1911-ci ildə Üzeyir Hacıbəyov musiqi təhsili almaq üçün Moskvaya getmiş, Moskva filarmonik cəmiyyəti nəzdində İlyinskinin xüsusi musiqi kursunda təhsil almışdır. Moskvadan göndərdiyi satirik hekayə və felyetonlar “İqbal” qəzetində dərc olunmuşdur. Maddi ehtiyac üzundən Hacıbəyov Moskvada musiqi təhsilini yarımçıq qoyub, Bakıya qayıtmağa məcbur olmuşdur. Bəstəkar Bakıya qayıdır və burada yaradıcılıq fəaliyyətini davam etdirərək, yazdığı operaları səhnəyə qoymaqla məşğul olur.
Üzeyir Hacıbəyovla Məleykə xanım Hacıbəyova 1910-cu ildə ailə həyatı qurublar. İxtisasca rus dili müəlliməsi olan Məleykə xanım həyat yoldaşının sənətinə yaxın olmaq üçün konservatoriyanın Musiqi nəzəriyyəsi şöbəsinə daxil olub. Adətən, gecələr işləyən Üzeyir bəyi Məleykə xanım heç vaxt tək qoymayıb. Bu insanlar 38 il qoşa ömür sürüblər.
1918-ci ildə ermənilərin Azərbaycanda törətdiyi mart qırğını zamanı erməni daşnakları Üzeyir bəyin evini gülləbaran ediblər. Şərqin ilk operasını yazan bəstəkara qısqanclıqla yanaşan daşnaklar evin divarlarını, damını güllə yağışına tuturlar. Bu qəlpələr 1975-ci ildə bəstəkarın ev-muzeyinin açılışı ərəfəsində təmizlənib.
Sovet hakimiyyətinin ilk illərində Üzeyir Hacıbəyovun adı tez-tez xalq düşmənləri sırasında səslənməyə başlayır. 1920-ci ildə bəstəkarı güllələmək istəyirlər. Bu təhlükə sırf təsadüf nəticəsində sovuşur. Üzeyir Hacıbyovun qaynı Hənəfi Terequlov əqidəcə qatı kommunist idi. O, Təhlükəsizlik idarəsi şöbə müdirlərinin birinin masasının üstündə təsadüfən haqqında güllələnmə hökmü çıxarılan 59 nəfərin siyahısında Üzeyir Hacıbəyovun da adını görür. Başılovlu Nəriman Nərimanovun yanına gedərək, vəziyyəti danışır. Nəriman Nərimanov müvafiq orqanlardan həmin siyahını tələb edir. Onları tələm-tələsik qərar çıxarmaqda günahlandıran Nərimanov bu siyahını cırıb atır. Nəriman Nərimanov bəstəkara bir müddət Bakıdan uzaqlaşmağı məsləhət görür.
1939-cu ildə Üzeyir Hacıbəyov şəkər xəstəliyinə tutulur. Uzun illər Üzeyir Hacıbəyovun şəxsi katibi işləyən yaxın qohumu Ramazan Xəlilovun dedyinə görə, bəstəkar bu xəstəliyi bədnam qonşularımızın ucbatından tapıb. Belə ki, 1939-cu ildə Moskvada ittifaq miqyasında milli musiqi alətləri ifaçılarının müsabiqəsi keçirilir. Stalinin göstərişi ilə münsiflər heyətinə Üzeyir Hacıbəyov başçılıq edirdi. Müsabiqə zamanı bəstəkar bərk əsəbiləşir, təbiətcə sakit insan olan Üzeyir bəy uzun müddət sakitləşə bilmir: Azərbaycanı təmsil edən ifaçılar arasında ermənilərin olmasına baxmayaraq, Bakı erməniləri Moskvaya məktub yazırlar və bildirirlər ki,Üzeyir Hacıbəyov millətçilik edərək qeyri-millətlərin müsabiqədə iştirakına əngəllər törədir. 30-cu illər üçün bu ittiham ən ağır ittiham idi. Molotov ona ünvanlanan ərizəyə dərkənar qoyaraq, bəstəkara göndərir: “Özünüz həll edin”.
Başdan-ayağa böhtan olan bu ərizə bəstəkarın əsəblərinə ciddi təsir göstərir və o, şəkər xəstəliyinə tutulur və 1948-ci ildə gözlərini əbədi olaraq yumur.
Ümummilli lider Heydər Əliyevin sərəncamı ilə hər il 18 sentyabr “Üzeyir Musiqi Günü” kimi qeyd olunmağa başlandı. Bəzi hallarda mətbuat səhifələrində, ekran və efirdə bu tarixi “Milli Musiqi Günü” kimi qeyd edirlər .

1994 – Azərbaycan aktrisası, Azərbaycan Respublikasının Xalq artisti Firuzə Məmmədqulu qızı Əlixanova 77 yaşında vəfat etmişdir.
Cazibəli səhnə görkəmi və şirin səsi olan Firuzə Əlixanova 9 sentyabr 1917-ci ildə Ordubadda dogulub. Buradakı şəhər səkkizillik məktəbində təhsil alıb və Naxçıvan Kənd Təsərrüfatı texnikumuna daxil olub. Şəhərin bayram tədbirlərində şən mahnılar oxuyan Firuzənin ifaçılıq istedadı Səməd Mövləvinin diqqətini cəlb edib. Onun səyi ilə tələbə qız 1932-ci ildə Naxçıvan teatrına aktrisa dəvət olunub. Bu kollektivdə şərəfli və şöhrətli yaradıcılıq yolu keçib. Səhnə xidmətlərinə görə 17 oktyabr 1964-cü ildə Azərbaycan Respublikasının Əməkdar artisti və 15 noyabr 1974-cü ildə Xalq artisti fəxri adlarına layiq görülüb.

1999— Azərbaycan teatr xadimi, Xalq artisti , SSRİ və Azərbaycan SSR Dövlət Mükafatları Laureatı Bədirbəyli Leyla Ağalar qızı 79 yaşında vəfat etmişdir.
O, 1920-ci il yanvarın 8-də Bakıda dünyaya göz açıb. Anası Bikə xanım Şəmkirdə Musa xanın qızı, atası Ağalar bəy isə həmin bölgənin kənd bəylərindən olub.
Balaca Leylanın uşaqlıq illəri Bakıda, daha doğrusu, İçərişəhərdə keçib. Leyla Bədirbəylinin sənətə gəlməyində anası Bikə xanımın böyük rolu olub. Belə ki, həmin illərdə Əli Bayramov klubundakı qadınlar dərnəyinə gedən Bikə xanım böyük qızı Leylanı da özü ilə aparırmış. Rəqsə böyük marağı olan gələcəyin məşhur aktrisasının istedadını üzə çıxardığı ilk sahə də məhz rəqs olur. Belə ki, fərqli xarici görünüşə və rəqs bacarığına sahib olan L.Bədirbəyli Azərbaycan Dövlət Filarmoniyasına dəvət edilir.
Filarmoniyada çalışdığı illərdə “Ayna” və “Bakının işıqları” filmlərində rol alan Leyla Bədirbəyli 1941-ci ildə 21 yaşında Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına dəvət olunur. O, 33 il bu sənət məbədinin səhnəsində bir-birindən fərqli qadın obrazları yaradıb. Azərbaycan teatrının inkişafında Leyla Bədirbəylinin xidmətləri həmişə xatırlanır. O, milli teatrımızın səhnəsində yaratdığı Sara (“Solğun çiçəklər”), Solmaz (“Od gəlini”), Şəlalə (“Yalan”), Dezdemona (“Otello”), Liza (“Canlı meyit”), Nərminə (“Göz həkimi”) və digər bu kimi obrazları ilə mədəniyyət tariximizin qızıl səhifələrini yazıb.
Kinoda bu xanımın parlamağında Üzeyir Hacıbəylinin böyük rolu olur. Belə ki, 1945-ci ildə “Arşın mal alan” filmi çəkilərkən Rza Təhmasib Gülçöhrə rolu üçün gözəl xarici görünüşə malik qız axtarırmış. Məhz Üzeyir Hacıbəylinin tövsiyəsindən sonra Leyla Bədirbəyli bu rola təsdiqlənir.
Əlbəttə, Leyla Bədirbəylinin Azərbaycan kinosunun inkişafındakı fədakarcasına xidməti təkcə Gülçöhrə rolu ilə bağlı deyildir. İstedadlı aktrisa 50-yə yaxın filmdə, o cümlədən “Səbuhi”, “Fətəli xan”, “Dəli Kür”, “Sevil”, “Onun böyük ürəyi”, “Dərviş Parisi partladır” filmlərində unudulmaz, eləcə də yaddaqalan obrazlar yaradıb.
“Azərbaycan gözəli” adını almış aktrisa 1999-cu il noyabrın 23-də vəfat edib.
Azərbaycan Respublikası prezidentinin sərəncamı ilə mərhumun dəfni ilə bağlı olan bütün xərclər dövlət hesabına ödənilmiş, dəfnini təşkil etmək üçün Dövlət Komissiyası yaradılmışdır.
Leyla Bədirbəyli Bakıdakı Fəxri Xiyabanda dəfn olunmuşdur.




Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.