Tarixdə bu gün

İlin 341-ci günü (uzun illərdə 342-ci).
İlin sonuna 24 gün qalır.

Mühüm hadisələr:

1918 — Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti fəaliyyətə başlamışdır.


1922 — Azərbaycan SSR Dağlıq Qarabağ Muxtar Vilayəti Mərkəzi İcraiyyə Komitəsi (DQMV MİK) seçilib.
1988 — Ermənistanın şimalında baş verən güclü zəlzələ nəticəsində Leninakan, Kirovakan və Spitak şəhərləri yerlə yeksan olub. Rəsmi mənbələrə görə ölənlərin sayı 25 000 nəfəri keçib (məlumatlar ziddiyyətlidir). Təbii fəlakət zonasına ilk kömək Azərbaycandan gəlib.

Doğum günləri:

150

1875 — Görkəmli siyasi xadim — Azərbaycan Xalq Cümhuriyyəti elan edildikdən sonra ilk Baş Naziri və Daxili İşlər naziri (1918—1919); Xarici işlər naziri (1918—1920) vəzifələrində çalışmış Fətəlixan İsgəndər oğlu Xoyski Nuxa şəhərində anadan olmuşdur.
Fətəli xan Azərbaycan Xalq Cümhuriyyətini yaradanlardan biri və Cümhuriyyətin ilk Nazirlər Kabinetinin sədri olub. Milli dövlətin qurulmasında və tanıdılmasında böyük xidmətlər göstərib.
Həmin dövrün kübar təbəqəsinə mənsub olduğundan yaxşı təhsil ala bilmışdı. Moskva Universitetinin hüquq fakültəsini bitirəndə 22 yaşı vardı…
Xidməti fəaliyyətinə Tiflis məhkəmə palatasında başlayan Fətəli xan Xoyski 1907-ci ildə dörd azərbaycanlı ilə bərabər Rusiya Dövlət Dumasına deputat seçilir. Dumada insanlara milli və dini mənsubiyyətə görə məhdudiyyət qoyulması prinsiplərinin ləğvinə dair qanun layihəsini təqdim edən 173 deputatdan biri olur.
Onun deputatlığı cəmi dörd ay çəkir. 1907-ci ilin dekabrında Dövlət Dumasına deputat seçilən Fətəli xan 1908-ci ilin iyun ayında çar II Nikolayın dumanı buraxması ilə bu missiyasını başa vuraraq peşəkar fəaliyyətinə qayıdır. Əvvəlcə Yelizavetpol (Gəncə), daha sonra Bakı dairə məhkəmələrində işləyir. Eyni zaman, bir sıra xeyriyyə təşkilatlarında ictimai fəaliyyətlə məşğul olur.
1917-ci ildə Rusiyada baş verən oktyabr çevrilişi baş verəndə bunu qəbul etməyən Fətəli xan Xoyski Tiflisə gedir və Zaqafqaziya seyminin azərbaycanlılardan ibarət fraksiyasına daxil olur. 1918-ci il aprelin 22-də Zaqafqaziya hökumətində Ədliyyə naziri vəzifəsini tutur.
O dövrdə hadisələr çox sürətlə cərəyan edirdi. Zaqafqaziya Seymi ömrünü çox tez başa vurur. 1918-ci il mayın 27-də tərkibinə Fətəli xanın da daxil olduğu Azərbaycan fraksiyası Azərbaycan Milli Şurasını yaradır. Şuranın bir gün sonra – mayın 28-də keçirilən ilk iclasında Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığı elan olunur. Fətəli xan Xoyski yeni yaradılan Cümhuriyyətin başçısı seçilir.
Birinci Nazirlər Kabinetini formalaşdırmaq ona həvalə edilir. O, İkinci və Üçüncü kabinetin də sədri olur, eyni zamanda, həmin kabinetlərdə ədliyyə naziri və xarici işlər naziri vəzifələrini icra edir. Həyat və fəaliyyətinin bu dövrünü bütünlüklə Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanması, Ermənistandan və erməni millətçilərindən gələn təhlükələrin dəf edilməsi uğrunda mübarizəyə həsr edir…
Azərbaycanın müstəqilliyinə əsas təhlükə isə şimaldan, Rusiyadan gəlməkdə idi. Fətəli xan bunu görür və yaxınlaşmaqda olan təhlükənin qarşısını diplomatik vasitələrlə almağa cəhdlər edirdi.
1920-ci il dekabrın 5-də Rusiya Xarici İşlər Xalq Komissarlığına bu məzmunda bir nota göndərir: “Azərbaycan hökuməti rus və Azərbaycan xalqları arasında mehriban qonşuluq münasibətlərinin yaradılmasının vacib və arzuolunan olduğunu nəzərə alaraq hesab edir ki, bu və ya digər məsələlərlə bağlı aparılan bütün danışıqlar yalnız Azərbaycan Respublikasının müstəqilliyinin və suverenliyinin sovet hökuməti tərəfindən qeyd-şərtsiz tanınması şərti ilə baş tuta bilər”.
Bu nota Fətəli xanın ən çətin anlarda belə milli ləyaqət hissini uca tutduğunu göstərən bir nümunədir. Həmin notadan bir neçə ay sonra, 1920-ci il aprelin 28-də qırmızı ordu hissələri Azərbaycanın suverenliyini pozaraq, ölkəmizə soxuldular.
Fətəli xan Vətənini tərk edərək Gürcüstana getməyə məcbur oldu. Amma ölümdən qurtula bilmədi. Heç iki ay keçməmiş – 1920-ci il iyun ayının 19-da Tiflisdə erməni terrorçuları tərəfindən qətlə yetirildi. Ömrü qısa olsa da, gördüyü böyük işlərlə adını Azərbaycanın müstəqillik tarixinə əbədi həkk edə bildi.

1936 – Fizika-riyaziyyat elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü F. M. Haşımzadə Bakı şəhərində olmuşdur.
1957-ci ildə Azərbaycan Dövlət Universitetinin Fizika fakültəsini bitirmişdir.
F.M.Haşımzadə 1962-ci ildə fizika-riyaziyyat elmləri namizədi və 1972-ci ildə fizika-riyaziyyat elmləri doktoru elmi dərəcələrini, 1974-cü ildə isə professor elmi adını almışdır, 1980-ci ildə AMEA-nın müxbir üzvü, 2001-ci ildə isə AMEA-nın həqiqi üzvü seçilmişdir.
F.M.Haşımzadə elmi işə Leninqrad (hazırda Sankt-Peterburq) Fizika-Texnika İnstitutunda başlamışdır (1957-1963). 1963-cü ildən ömrünün sonuna qədər AMEA Fizika İnstitutunda işləyib. Aspiranturanı (1957-1960) bitirdikdən sonra kiçik elmi işçi (1961-1963), böyük elmi işçi (1963-1968), “Yarımkeçiricilərin nəzəriyyəsi” laboratoriyasının müdiri (1968-1993), Fizika İnstitutunun direktoru vəzifəsini icra etmiş (1993-2000), “Aşağı ölçülü və nizamsız sistemlər fizikası” probleminin rəhbəri (2002-ci ildən) vəzifəsində çalışmışdır.
Elmi fəaliyyəti ilə yanaşı o, 30 ildən artıq müddətdə Bakı Dövlət Universitetində nəzəri fizikanın və bərk cisim nəzəriyyəsinin müasir problemlərindən bəhs edən mühazirələr oxumuşdur.
28 sentyabr 2018-ci ildə 82 yaşında Bakıda vəfat etmişdir.

1935— Tanınmış ədəbiyyatşünas Əhməd Şmide Berlində dünyaya gəlmişdir.
19 yaşında islam dinini qəbul etmiş Əhməd bəy gənc yaşlarından türk xalqlarının, o cümlədən Azərbaycan türklərinin tarixinə, mədəniyyətinə böyük maraq göstərmiş, ömrü boyu ədəbi abidələrimizi tədqiq etmişdir.
Əhməd Şmide uzun illər Azərbaycan ədəbiyyatının incilərini, şifahi xalq ədəbiyyatı nümunələrini alman dilinə tərcümə etmiş, tariximizi, ədəbiyyatımızı, mədəniyyətimizi Almaniyada təbliğ etmişdir. O Almaniyada “Daşa dönmüş şəhər”, “Xoruz ilə padşah” adlı Azərbaycan nağılları toplularını, “Kitabi-Dədə Qorqud” boylarını, Bəxtiyar Vahabzadənin “Azərbaycan oğluyam”, “Musiqim Qarabağdır”, “İkinci səs” adlı kitablarını tərcümə edərək çap etdirmişdir. Xüsusilə onun tərcüməsində Almaniyada nəşr edilmiş “Kitabi-Dədə Qorqud” gözəl bədii tərtibatı ilə diqqəti cəlb edir.
Əhməd Şmide Türkiyədə də ədəbiyyatımızı təbliğ etmiş, Molla Pənah Vaqifin, Aşıq Ələsgərin şeirlərini Türkiyə türkcəsində çapa hazırlamış, Azərbaycan mətbuatında ədəbiyyatımıza, tariximizə dair məqalələri ilə çıxış etmişdir.
Əhməd Şmide son illərdə Qarabağ həqiqətlərinin alman ictimaiyyətinə çatdırılmasında böyük işlər görmüş, ermənilərin torpaq iddialarına, işğalçılıq siyasəitinə qarşı kəsərli cavablar vermişdir. Görkəmli alim AMEA M.füzuli adına Əlyazmalar İnstitutu ilə də əlaqələr saxlayır, araşdırmaları zamanı tapdığı maraqlı əlyazmalar barədə xəbər verirdi. O, Şərq əlyazmaları kitabxanalarından birində tapdığı “Oğuznamə” adlı yazılı abidənin surətini əldə edərək Əlyazmalar İnstitutuna göndərmiş, əsər Bakıda nəşr edilmişdir.
10 oktyabr 2010-cu ildə 75 yaşında Berlində vəfat etmişdir.

Vəfat etmişdir:

1956 – Məşhur türk yazıçısı Rəşad Nuri Güntəkin 67 yaşında Londonda vəfat etmişdir.
Rəşad Nuri Güntəkin 25 noyabr 1889-cu ildə İstanbulda doğulmuşdur. “Çalıquşu”, “Dodaqdan qəlbə”, “Yaşıl gecə”, “Yarpaq tökümü” və “Anadolu qeydlər”i kimi əhəmiyyətli əsərləri vardır.
1889-cu ildə İstanbulda ordu zabiti Nuri bəy ilə Ərzurum valisi Yavər Paşanın qızı Lütfiyyə xanımın ailəsində anadan olmuşdur. İlk təhsilini Çanaqqala orta məktəbində alan Güntəkin daha sonra təhsilini İzmirdəki Frerler məktəbində davam etdirir. 1912-ci ildə isə İstanbul Universitetinin Ədəbiyat fakültəsini bitirir.
Güntəkin 1927-ci ilə qədər Sultanisi, İstanbul Beşiktaş İttihat və Tərəqqi Məktəbi, Fatih Vəqfi Kəbir Məktəbi, Ağşəmsəddin Məktəbi, Fənəryolu Muradı Hamis Məktəbi, Osman Qazi Paşa Məktəbi, Vəfa Sultanisi, İstanbul oğlanlar litseyi, Çamlıca qızlar litseyi, Kabataş oğlanlar litseyi, Qalatasaray Litseyi və Ərənköy qızlar litseyində fransız və türk dillərindən dərs deyir. 1927-ci ildə maarif müfəttişi vəzifəsinə təyin olunur və bu arada Dil Heyəti ilə birgə bəzı çalışmalarda bulunur. 1939-cu ildə Çanaqqaladan Türkiyə Böyük Millət Məclisinə millət vəkili seçilir. 1946-cı ilə qədər millət vəkili olur. 1947-ci ildə Cümhuriyyət Xalq Partiyasının Ankarada çap olunan “Ulus” qəzetinin İstanbul qolu olan “Məmləkət” qəzetini nəşr etdirir. Sonra yenidən müfəttiş kimi çalışır və 1950-ci ildə UNESCOnun Türkiyə təmsilçisi və tələbə müfəttişi olaraq Parisə gedir. 1954-cü ildə isə yaşı səbəbindən bu vəzifədən istefa verməli olur. Bundan sonra bir müddət İstanbul Şəhər Teatrlarının ədəbi şurasında fəaliyyət göstərir.
Ağciyər xərçəngi diaqnozu qoyulduqdan sonra yazıçı müalicə olunmaq üçün Londona yollanır və orada vəfat edir. R.N.Güntəkin 1956-cı il dekabr ayının 13-də Qaracamaat qəbristanlığında dəfn edilmişdir.

1961 – İlk azərbaycanlı qadın alim, dosent Zümrüd Qulam qızı Axundova 49 yaşında Bakıda vəfat etmişdir.
Zümrüd Axundova 1912-ci il martın 1-də Şəkidə anadan olub. Orta təhsilini Bakı Pedaqoji texnikumunda alıb (1927-ci ildə bitirib).
Həmin ildən dərs deməyə başlayıb : 15 yaşından 5 nömrəli məktəbdə müəllimlik edib. 1929-1931 –ci illərdə Azərbaycan Dövlət Ali Pedaqoji İnstitutunda oxuyub. 1931–ci ildə İnstitutu bitirib, aspiranturaya qəbul olunub. 1934-cü ildə aspirant kimi təhsilini Moskvada Ali Kommunist Maarifi İnstitutunda davam etdirib. Orada akademik Y.N. Medınskinin rəhbərliyi ilə 1 il çalışdıqdan sonra aspiranturanı bitirib, Azərbaycan Pedaqoji İnstitutund, Xarici Dillər İnstitutunda, Azərbaycan Dövlət Universitetində pedoqoji fəaliyyətlə məşğul olub.
1943-1948-ci illərdə Qiyabi Pedaqoji İnstitutda Pedaqogika kafedrasına rəhbərlik edib. 1948-ci ildən ömrünün sonuna kimi Azərbaycan Dövlət Universitetində çalışıb.
Zümrüd Axundova həyat yoldaşı Məmməd Arif Dadaşzadə ilə 1949-cu ildə “Azərbaycanda qadın təhsili tarixindən. 1900-1914-ci illər” mövzusunda dissertasiya müdafiə edib. Pedaqoji elmlər namizədi elmi dərəcəsini almış ilk azərbaycanlı qadın alimdir . Akademik Y. Medınski Z. Axundovanın tədqiqatı haqqında rəyində yazırdı: “SSRİ-dəki qeyri-rus xalqlarının maarif tarixi məsələlərini öyrənmək tarixi-pedaqoji tədqiqatın ən mühüm vəzifələrindən biridir.
Z.Axundovanın əsəri bu cəhətdən xüsusilə qiymətlidir, çünki o, Azərbaycanda qadın təhsili tarixini ilk dəfə tədqiq etmişdir. Azərbaycan müəllimi qəzeti isə Zümrüd xanımın nailiyyətini belə dəyərləndirmişdir: “Bu, yalnız elm sahəsində müvəffəqiyyətlə çalışan Azərbaycan qadınlarının deyil, bütün Azərbaycan sovet mədəniyyətinin yeni nailiyyətidir”.

1984 — Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Məmməd Mirzə oğlu Mövsümzadə 77 yaşında Bakıda vəfat etmişdir.
Məmməd Mövsümzadə 1906-cı il dekabrın 25-də Bakı şəhərinin Nardaran kəndində anadan olmuşdur.
1925-ci ildə orta məktəbi bitirdikdən sonra o, Azərbaycan Dövlət Universitetinin (ADU) Pedaqoji fakültəsinin Təbiət şöbəsinə qəbul olunmuşdur. 1929-cu ildən başlayaraq ADU-nun Üzvi kimya kafedrasında laborant vəzifəsində işləmiş, 1930-cu ildə isə universiteti bitirdikdən sonra həmin kafedrada assistent vəzifəsinə keçrilmişdir. 1931-1995-ci illərdə o,Azərbaycan Kənd Təsərrüfatı və Pambıqçılıq İnstitutunda, Neftayırma və Sənaye Texnikumlarında kimya müəllimi və laboratoriya müdiri vəzifəsində çalışmışdır.
1932-ci ildən başlayaraq Məmməd Mövsümzadə Azərbaycan Neft İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) Üzvi kimya kafedrasında müxtəlif vəzifələrdə çalışmış və 1947-ci ildən etibarən isə kafedraya rəhbərlik etmişdir.

Professor M.Mövsümzadənin uzun illər ərzində həyata keçirdiyi elmi-pedaqoji fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilmişdir: “Şərəf Nişanı” ordeni,V.İ.Leninin anadan olmasının 100 illiyi ilə əlaqədar olaraq “Fədakar əməyə görə” yubiley və “Əmək veteranı”medalları ilə təltif olunmuş, Əməkdar elm xadimi və “Fəxri kimyaçı” şöhrətli adlara layiq görülmüşdür .

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

Son yazılar

Sitatlardan seçmələr:

   

Həcər, ad günün mübarək!