Tarixdə bu gün

İlin 342-ci günü (uzun illərdə 343-cü).
İlin sonuna 23 gün qalır.

Mühüm hadisələr:

1991 — Azərbaycan Silahlı Qüvvələrinin ilk Hərbi andı qəbul edilib.


1991 — Azərbaycan İslam Konfransı Təşkilatına üzv olub.

Doğum günləri:

1901— Görkəmli teatr və kino aktrisası, SSRİ –nin və Azərbaycanın Xalq artisti Mərziyyə Yusif qızı Davudova Həştərxanın Sarevo çayının sahilində yerləşən eyniadlı kənddə anadan olmuşdur.
1908–1912-ci ildə kəndlərindəki dördillik “Darültəhsil”, 1912–1915-ci illərdə “Qaliyə” və 1915–1918-ci illərdə “İqbal” rus-tatar məktəblərində oxumuşdur. Bu dövrlərdə teatr fəaliyyətinə başlamış, burada həvəskarların hazırladıqları tamaşalarda oynamışdır.
Hüseyn Ərəblinski 1918-ci ildə Həştərxanda qastrolda olarkən onun oyununu bəyənmiş və onu Bakıya dəvət etmişdi. 1919-cu ildə o, Bakıya gəlmişdir. Arada çox qısa müddət Tiflis Azərbaycan Dram Teatrında və Bakı Türk İşçi Teatrında işləsə də, ömrünün sonunadək Akademik Milli Dram Teatrının aparıcı sənətçilərindən olmuşdur. 1956–1961-ci illərdə Azərbaycan Teatr Cəmiyyətinin (hazırkı Azərbaycan Teatr Xadimləri İttifaqı) sədri vəzifəsində işləmişdir.
Azərbaycan SSR Ali Sovetinin deputatı olmuşdur.
Mərziyyə Davudova 6 yanvar 1962-ci ildə Bakı şəhərində vəfat etmişdir.

1909 — Görkəmli teatr aktyoru, Xalq artisti Əjdər Əliabbas oğlu Sultanov Bakıda doğulub. Bakı Teatr texnikumunu bitirərək (1925-1928) 1926-cı ildən aktyoru olduğu Bakı Türk İşçi Teatrında işləməyə davam edib. Bakı Türk İşçi Teatrı 1932-ci il yanvar ayının 4-də və 5-də Gəncə şəhərinə köçürüləndə Əjdər Sultanov da kollektivlə Gəncəyə gedib. Teatrın hazır repertuarındakı və təzə hazırlanan tamaşalarda çıxış edib. Kollektivin nəzdində “Uşaq və Gənclər Teatrı” bölməsi yaradılıb və Əjdər Sultanov burada rejissorluqla məşğul olmağa başlayıb.
1937-ci ilin sonlarında Gəncədən Bakıya qayıdan Əjdər Sultanov az müddət Opera və Balet Teatrında işləyib. 1939-cu ildə isə Milli Dram Teatrının aktyor truppasına qəbul olunub. Bu səhnədə Cəfər Cabbarlının “Od gəlini” (Qorxmaz), “Aydın” (Surxay), “Almaz” (Balarza və Hacı Əhməd), “Dönüş” (Qüdrət Arslan), Süleyman Rüstəmin “Qaçaq Nəbi” (Vəli, Təhmas bəy və Mehdi), Səməd Vurğunun “Xanlar” (Mamuliya), “İnsan” (Şahbaz), “Xosrov və Şirin” (Şapur və Xosrov), Ənvər Məmmədxanlının “Şərqin səhəri” (Bəhruz), Süleyman Sani Axundovun “Eşq və intiqam” (Çingiz), Məmməd Səid Ordubadinin “Dumanlı Təbriz” (Bağır xan), Hüseyn Cavidin “Şeyx Sənan” (Dərviş), Əbdürrəhim bəy Haqverdiyevin “Pəri cadu” (Qurban), İlyas Əfəndiyevin “Bahar suları” (Zəfər), “Atayevlər ailəsi” (Xosrov Atayev), Mehdi Hüseynin “Nizami” (Munis), Mirzə İbrahimovun “Məhəbbət” (Kərim) pyeslərinin tamaşalarında və xarici ölkə sənətkarlarının teatr tamaşalarında yaddaqalan rollar oynayıb.
Aktyor 10 yanvar 1962-ci ildə 53 yaşındab ürək xəstəliyindən vəfat edib.


1930— Tofiq Əhmədağa oğlu Bakıxanov Bakıda, görkəmli tarzən, Xalq artisti Əhməd Bakıxanovun ailəsində dünyaya göz açıb.
O, XIX əsrdə Azərbaycanın məşhur alimi, tarixçisi, şairi və ictimai xadimi Abbasqulu Ağa Bakıxanovun (təxəllüsü Qüdsi) nəticəsidir.
Tofiq Bakıxanov ilk musiqi təhsilini Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyası (indiki Bakı Musiqi Akademiyası) nəzdindəki onillik musiqi məktəbində (indiki Bülbül adına orta ixtisas musiqi məktəbi) skripka aləti üzrə respublikanın Əməkdar müəllimi M.İ.Simberovdan almışdır. Sonra Azərbaycan Dövlət Konservatoriyasında təhsilini davam etdirərək oranı iki ixtisas üzrə- 1953-cü ildə skripka üzrə professor Q.Qarayevin sinfini bitirmişdir.
Tələbəlik illərində T.Bakıxanov ifaçılıq fəaliyyəti ilə məşğul olaraq Azərbaycan Dövlət Simfonik Orkestrində, həmçinin Azərbaycan radiosunun simfonik orkestrində solist kimi çalışmışdır

1937 — Azərbaycan Respublikasının tanınmış riyaziyyatçı alimi, əməkdar elm xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, fizika-riyaziyyat elmləri doktoru, professor, akademik Akif Cəfər oğlu Hacıyev Bakı şəhərində filloq alimi Cəfər Xəndanın ailəsində anadan olmuşdur.
Akif Hacıyev əmək fəaliyyətinə 1960-cı ildən etibarən Azərbaycan Respublikası Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda “Funksiyalar nəzəriyyəsi” şöbəsində kiçik elmi işçi kimi başlayan Akif Hacıyev 1961–1967-ci illərdə həmin İnstitutda elmi katib, 1967–1978-ci illərdə baş elmi işçi, 1978–1992-ci illərdə şöbə müdiri vəzifələrində çalışmışdır.
1989-cu ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının müxbir üzvü, 2001-ci ildə isə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir.
Akif Hacıyevin araşdırmalarının nəticələri Azərbaycanda və onun hüdudlarından kənarda nəşr edilən 100-dən artıq elmi əsərdə və 4 monoqrafiyada əksini tapmışdır. Alimin rəhbərliyi altında Azərbaycanda və Türkiyədə onlarla riyaziyyat üzrə fəlsəfə doktoru və fizika-riyaziyyat elmləri doktoru hazırlanmışdır. Mötəbər beynəlxalq simpozium, konfrans və forumlardakı çoxsaylı çıxışları ilə Akif Hacıyev Azərbaycan elmini layiqincə təmsil etmişdir.
Alim müstəqil Azərbaycan Respublikasının ali təltiflərindən olan “Şöhrət” ordeninə layiq görülmüşdür.
Akif Cəfər oğlu Hacıyev 2015-ci il fevralın 3-də ömrünün 78-ci ilində vəfat etmişdir.

1942 – Xalq artisti Ağahüseynov Elxan Ağahüseyn oğlu Bakı şəhərində anadan olmuşdur.

Elxan Ağahüseynoğlu qırx ildən çox Akademik Milli Dram Teatrında aktyor işləmişdir.
O, bu illər ərzində çox səmərəli fəaliyyət göstərib və ən müxtəlif janrlı tamaşalarda əlvan və rəngarəng, bədii tip kimi çox xarakterli rollar oynayıb. Məşhur teatr aktyoru E. Ağahüseynoğlu Azərbaycan Dövlət Televiziyasında hazırlanmış onlarca tamaşada oynamışdır.
Bunlardan: S.Qədirzadənin “Ürək rahatlıq sevmir” (Müdir), S.Dağlının “Sabiqlər” (Müdir), “Adı sənin, dadı mənim” (Nəzarətçi), S.Rəhmanın “Şirin bülbül” (Sərnişin),İ.Əfəndiyevin “General” (Zabit), M.F.Axundovun “Hacı Qara” (Xəlil Yüzbaşı).
Aktyor “Axırıncı aşırım”, “Ömrün səhifələri”, “Dantenin yubileyi”, “Qəm pəncərəsi” bədii filmlərinə çəkilib.
Elxan Ağahüseynoğlu 2 avqust 2009-cu ildə vəfat etmişdir.

1946— Azərbaycanın balet artisti, Xalq artisti , SSRİ Dövlət Mükafatı Laureatı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının quruluşçu baletmeysteri Tamilla Xudadat qızı Şirəliyeva Bakı şəhərində anadan olmuşdur.
Bakı Xoreoqrafiya Məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti kimi fəaliyyət göstərməyə başlamışdır.
Qaraca qız (“Qaraca qız”, Əşrəf Abbasov), Gülyanaq (“Qız qalası”, Əfrasiyab Bədəlbəyli), Məhmənəbanu (“Məhəbbət əfsanəsi”, Arif Məlikov), Ayişə, Fiyetta (“Yeddi gözəl”, “İldırımlı yollarla”, Qara Qarayev), Odetta-Odilliya (“Qu gölü”, Pyotr Çaykoski), Kitri, Paxita (“Paxita”, L.Minkus), Şəhrizad (“Min bir gecə”, Fikrət Əmirov) və s. əsas partiyalarıdır.
1977-ci ildən pedaqoji fəaliyyət göstərir.

1957 — Azərbaycan Bəstəkarlar İttifaqının katibi, eyni zamanda Üzeyir Hacıbəylinin Ev muzeyinin direktoru Sərdar Fərəculla oğlu Fərəcov anadan olub.
1984-cü ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını (indiki Bakı Musiqi Akademiyası) professor Xəyyam Mirzəzadənin sinfində bitirmişdir.
Tələbəlik illərində bəstələdiyi piano üçün “Variasiyalar” əsəri 1979-cu ildə Azərbaycan bəstəkarlarının V qurultayında səslənib. Klarnet, violino və piano üçün “TRİO” əsəri isə 1982-ci ildə nəfəs alətlərinin Zaqafqaziya festivalında səslənən iki milli əsərdən biri idi. Böyük Simfonik Orkestr üçün bəstələdiyi 3 hissəli “I Simfoniya” 1983-cü ildə Moskvada gənc bəstəkarların ümumittifaq müsabiqəsində III dərəcəli diploma qazanıb. 1982-ci ilin martında Azərbaycan Xor Cəmiyyətinin keçirdiyi müsabiqədə S.Fərəcov III mükafatı alıb.
1984-cü ildən Ü.Hacıbəyovun Bakıdakı Ev muzeyində çalışmağa başlayıb.
40-dan artıq teatr tamaşasına musiqi bəstələyən S.Fərəcov “Azərbaycanfilm”in istehsal etdiyi “Koroğlu” serialına və Bakı kinostudiyasının “Cavad xan” filminə də musiqi bəstələyib.
Azərbaycan Bəstəkarlar İttifaqının VI (1990) və VII (2007) qurultaylarında ittifaqın idarə heyətinin üzvü seçilib.
Ü.Hacıbəyovun yaradıcılığı üzərində apardığı tədqiqatlar S.Fərəcovun “Üzeyir işığında” kitabında toplanıb. O, Üzeyir bəyin xatirəsinə həsr etdiyi “Qu nəğməsi” radio-pyesini dövlət radiosunda səsləndirib.

1958— Mömünat Qurbanova Buzovnada dünyaya gəlib. Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib.
Kinoya ilk gəlişi “Dərviş Parisi partladır” filmindəki Şərəfnisə obrazı ilə baş tutub. Aktrisa cəmi 3 filmdə rol almışdır:”Atları yəhərləyin”(“Qanlı zəmi”) və “Sonuncu döyüş” filmlərində çəkilirlər.
Mömunat Qurbanova 2008-ci il dekabrın 8-də vəfat etmişdir.

Vəfat etmişdir:

1968 — 1944-1950 -ci illərdə BDU-nun rektoru olmuş, , tibb elmləri doktoru, professor Abdulla İsmayıl oğlu Qarayev 58 yaşında vəfat etmişdir.
Abdulla Qarayev 14 yanvar 1910-cu ildə Bakıda anadan olmuşdur.
1930-cu ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) pedaqoji fakültəsinin təbiət bölməsini bitirmişdir. Universitet]]də təhsilini başa vurduqdan universitetin “İnsan və heyvan fiziologiyası” kafedrasında əmək fəaliyyətinə başlamışdır. Professor P.Y.Rostovsevin rəhbərliyi altında çalışan A.Qarayev həyatını nəzəri və eksperimental fiziologiyanın inkişafına həsr etmişdir.
1932-1936-cı illərdə o, Azərbaycan Dövlət Tibb İnstitutunu müvəffəqiyyətlə bitirmiş, bir neçə illik gərgin elmi axtarışın qanunauyğun nəticəsi olaraq 1937-ci ildə iki mövzu üzrə müdafiə etmişdir. “Sulu karbonların əzələlərin potensiallarının mənşəyində əhəmiyyəti” mövzusunda yazdığı dissertasiya işi skelet əzələsində baş verən elektrik hadisələrində sulu karbonların (karbohidratların) rolunun mahiyyəti haqda yeni elmi nəzəriyyə idi. Bu fundamental əsərinə görə gənc alimə tibb elmləri namizədi alimlik dərəcəsi verilmiş, “Diafraqmanın fiziologiyasına dair” mövzusunda yazdığı ikinci dissertasiya işinə görə isə o, biologiya elmləri namizədi alimlik dərəcəsi almışdır.
A. Qarayev 1942-ci ildə müsabiqə yolu ilə Azərbaycan Dövlət Tibb İnstitutunun “Normal fiziologiya” kafedrasında ikinci professor, Azərbaycan Dövlət Universitetində isə “İnsan və heyvan fiziologiyası” kafedrasının müdiri vəzifələrinə seçilir və fiziologiya sahəsində ilk milli professor olur.

1968— Görkəmli dilçi, tərcüməçi Cəfər Mehdi oğlu Cəfərov Bakıda vəfat etmişdir.
Cəfər Cəfərov 22 dekabr 1904-cü ildə Bakı şəhərində hərbçi ailəsində anadan olub. 1912-1917-ci illərdə Bakı şəhəri A.P. Yemilyanov adına gimnaziyada, 1918-1920-ci illərdə Bakı şəhəri IV kişi gimnaziyasında orta təhsil alıb. Orta təhsilini başa vurduqdan sonra Azərbaycan Politexnik İnstitutunun Mühəndislik fakültəsinə daxil olub, lakin müəyyən səbəblərdən təhsilini Almaniyada davam etdirib. 1922-ci ildə Almaniyanın Berlin Universitetinin nəzdində fəaliyyət göstərən Alman dilinin Tədrisi İnstitutuna daxil olub, burada təhsilini bitirdikdən sonra Berlin Kommersiyaİnstitutunda təhsilini davam etdirib və buranı 1926/27-ci illərdə bitirib. 1927-ci ildə hərbiyə cəlb olunub. 1937-ci ildə Təkminləşdirmə İntitutunun nəzdində fəaliyyət göstərən Xarici dil müəllimlərinin hazırlanması üzrə kurs keçib. 1937-ci ildən V. İ. Lenin adına APİ-nin Xarici dillər fakültəsində çalışıb. 1941-1943-cü illərdə Böyük Vətən Müharibəsində iştirak edib. 1943-cü ildə yenidən V. İ. Lenin adına APİ-də pedaqoji fəaliyyətini davam etdirib. 1948-ci ildən Azərbaycan Pedaqoji Xarici dillər İnstitutunun Praktik alman dili kafedrasında baş müəllim, 1948-ci ildə Alman dili fakültəsinin dekanı, 1949-1972-ci illər Alman dilinin fonetikası kafedrasının müdiri vəzifələrində çalışıb. Fonetikanın nəzəri və metodiki mövzularında 22 məqaləsi nəşr olunub, respublikanın orta və ali təhsil müəssisələri üçün alman dili üzrə dərsliklərin həmmüəlifi, “Almanca-Azərbaycanca lüğət”in redaktoru və həmmüəlifidir, çoxlu sayda tərcümələrin müəllifidir.
1956-cı ildə İnstitutda Texniki vasitələrin tədrisi laboratoriyası, 1950-ci ildə isə onun təşəbbüsü ilə Xarici dillərin fonetikası kafedrası yaradılıb. İnstitutun ictimai həyatında aktiv fəaliyyət göstərən C. Cəfərov yaxşı müəllim olduğu qədər yaxşı tədqiqatçı, həmçinin İnstitutun partiya üzvü olub. O, eyni zamanda dilmanclıq fəaliyyəti ilə də məşğul olub.i zamanda dilmanclıq fəaliyyəti ilə də məşğul olub.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

Son yazılar

Sitatlardan seçmələr:

   

Həcər, ad günün mübarək!