Tarixdə bu gün
Mühüm hadisələr:
1914— Xərçəng xəstəliyinin müalicəsi üçün radium elementindən istifadə edilib.
1942— 77-ci Azərbaycan diviziyası alman qoşunlarını Krımdakı Taman yarımadasından vurub çıxarıb.

1992 — Erməni təxribatçı dəstələri Azərbaycana qarşı daha bir terror əməli həyata keçiriblər.
Türkmənistandan Krasnovodsk (Türkmənbaşı) – Bakı marşurutu ilə hərəkət edən dəniz bərəsində törədilən terror aktı nəticəsində 25 nəfər həlak olub, 88 nəfər yaralanıb.
1995– Azərbaycan Respublikası ilə Qayana dövləti arasında diplomatik münasibətlər qurulub.
Doğum günləri:
1920– Xalq artisti, teatr və kinoda yaddaqalan obrazlar yaratmış görkəmli sənətkar Leyla Ağalar qızı Bədirbəyli Bakıda anadan olub.
O, 1920-ci il yanvarın 8-də Bakıda dünyaya göz açıb. Anası Bikə xanım Şəmkirdə Musa xanın qızı, atası Ağalar bəy isə həmin bölgənin kənd bəylərindən olub.

Balaca Leylanın uşaqlıq illəri Bakıda, daha doğrusu, İçərişəhərdə keçib. Leyla Bədirbəylinin sənətə gəlməyində anası Bikə xanımın böyük rolu olub. Belə ki, həmin illərdə Əli Bayramov klubundakı qadınlar dərnəyinə gedən Bikə xanım böyük qızı Leylanı da özü ilə aparırmış. Rəqsə böyük marağı olan gələcəyin məşhur aktrisasının istedadını üzə çıxardığı ilk sahə də məhz rəqs olur. Belə ki, fərqli xarici görünüşə və rəqs bacarığına sahib olan L.Bədirbəyli Azərbaycan Dövlət Filarmoniyasına dəvət edilir.
Filarmoniyada çalışdığı illərdə “Ayna” və “Bakının işıqları” filmlərində rol alan Leyla Bədirbəyli 1941-ci ildə 21 yaşında Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına dəvət olunur. O, 33 il bu sənət məbədinin səhnəsində bir-birindən fərqli qadın obrazları yaradıb. Azərbaycan teatrının inkişafında Leyla Bədirbəylinin xidmətləri həmişə xatırlanır. O, milli teatrımızın səhnəsində yaratdığı Sara (“Solğun çiçəklər”), Solmaz (“Od gəlini”), Şəlalə (“Yalan”), Dezdemona (“Otello”), Liza (“Canlı meyit”), Nərminə (“Göz həkimi”) və digər bu kimi obrazları ilə mədəniyyət tariximizin qızıl səhifələrini yazıb.
Kinoda bu xanımın parlamağında Üzeyir Hacıbəylinin böyük rolu olur. Belə ki, 1945-ci ildə “Arşın mal alan” filmi çəkilərkən Rza Təhmasib Gülçöhrə rolu üçün gözəl xarici görünüşə malik qız axtarırmış. Məhz Üzeyir Hacıbəylinin tövsiyəsindən sonra Leyla Bədirbəyli bu rola təsdiqlənir.
Əlbəttə, Leyla Bədirbəylinin Azərbaycan kinosunun inkişafındakı fədakarcasına xidməti təkcə Gülçöhrə ilə bağlı deyildir. İstedadlı aktrisa 50-yə yaxın filmdə, o cümlədən “Səbuhi”, “Fətəli xan”, “Dəli Kür”, “Sevil”, “Onun böyük ürəyi”, “Dərviş Parisi partladır” filmlərində unudulmaz, eləcə də yaddaqalan obrazlar yaradıb.
“Azərbaycan gözəli” adını almış aktrisa 1999-cu il noyabrın 23-də vəfat edib.
Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə mərhumun dəfni ilə bağlı olan bütün xərclər dövlət hesabına ödənilmiş, dəfnini təşkil etmək üçün Dövlət komissiyası yaradılmışdır.
Leyla Bədirbəyli Bakıdakı Fəxri Xiyabanda dəfn olunmuşdur.

1985 — Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı Rəşad Saləddin oğlu Atakişiyev Şəmkir rayonunun Qılıncbəyli kəndində anadan olub.
O, ilk təhsilini Şəmkir rayonunun Şöhrət Hüseynov adına Qılıncbəyli kənd tam orta məktəbində, daha sonra Samux rayonunun Alabaşlı kənd orta məktəbində alıb.
2002-ci ildə Azərbaycan Ali Hərbi Təyyarəçilik məktəbinə üz tutub. O, 2006-cı ildə Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbini “Uçuş Mühəndisi” ixtisasına yiyələnərək yüksək nəticələrlə başa vurub. 2001-ci ildən pilot kimi fəaliyyətə başlayıb, əldə etdiyi bilik və bacarıqları sayəsində polkovnik-leytenant rütbəsinə qədər yüksəlib.
2019-cu il iyul ayının 24-ü saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilmiş və aviasiya vasitəsi radarlardan itmişdir. Təyyarə Xəzər dənizinə düşüb. Qəza nəticəsində təyyarənin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyev itkin düşmüşdür. Təyyarənin axtarış ərazisinin təxmini sahəsi 600 kvadrat kilometr, dərinliyi 40 metrə qədər olub. Təyyarə və pilotun axtarışları üçün Türkiyə və Rusiyadan mütəxəssis və avadanlıqlar cəlb olunmuşdur. Qəhrəman təyyarəçinn nəşi tapılaraq byük ehtiramla İkinci Fəxri Xiyabanda dəfn edilmişdir.
Vəfat etmişdir:

1999 – Azərbaycanın Milli Qəhrəmanı Rövşən Rzayev vəfat etmişdir.
Rövşən Rzayev 15 oktyabr 1969-cu ildə Bakı şəhərinin Sahil qəsəbəsində doğulmuşdur. 1986-cı ildə buradakı 253 saylı orta məktəbi bitirərək Vladiqafqaz Ali Hərbi Komandirlər Məktəbinə daxil olmuşdur. 1992-ci ildə Milli Orduya yazılmışdır.
O, “N” saylı bölüyün “N” saylı alayına komandir təyin edilmişdi. Rövşən Ağdamın Pircamal, Aranzəmin, Şelli, Naxçıvanlı, Papravəndkəndlərində düşmənin xeyli canlı qüvvəsini məhv etmişdi. 1992-ci ildə Naxçıvanlı kəndində gedən döyüş zamanı ağır yara almasına baxmayaraq, döyüşçü dostlarını tək qoymur, hətta neçə-neçə yaralı əsgəri də xilas etmişdi. Müharibədən sonra Rövşən müxtəlif vaxtlarda müxtəlif hərbi hissələrə komandirlik etmişdi. Son vaxtlarda isə Qobustan həbsxanasında mühafizə bölüyünün komandiri vəzifəsində çalışırdı.
8 yanvar 1999-cu il Qobustan təcridxanasında bir qrup məhbus qiyam edirdi.Onlar əsgərləri girov götürmüşdülər. Bu hadisəni eşidən Rövşən dərhal həbsxanaya yollanır. O, məhbuslarla belə razılığa gəlir ki, əsgərlər azad edilsin, əvəzində isə Rövşənin özü girov qalsın. Bu təhlükəli şərti qəbul edən cəsur polis kapitanı Rövşən Rzayev xidməti vəzifəsini yerin yetirərkən məhbuslar tərəfindən qətlə yetirildi.

2009— Fransada fəaliyyət göstərmiş, əslən azərbaycanlı olan türkoloq alim, professor İren Mılikova 91 yaşında Strasburqda vəfat etmişdir.
İren Məlikova 1917-ci il noyabrın 7-də Sankt-Peterburqda ziyalı ailəsində anadan olub. O, neft sahibkarı İskəndər bəy Məlikovun qızıdır. Bolşeviklər hakimiyyəti ələ aldıqdan iki il sonra, 1919-cu ildə ailə Finlandiyaya köçüb.
Finlandiyada bir qədər qaldıqdan sonra Danimarkaya, oradan da həmişəlik Fransaya köçərək Parisdə yaşayıblar.
İren ilk təhsilini Paris şəhərində alıb. Orta məktəbi qurtardıqdan sonra da təhsilə böyük maraq göstərən İren məşhur Sorbonna Universitetində ingilis dili və ədəbiyyatı fakültəsinə qəbul olmuşdur. O, təhsil aldığı illərdə fransız dilindən başqa, türk, fars, ərəb dillərini də öyrənir. Universiteti uğurla başa vurduqdan sonra elmi işlə məşğul olmağa başlayır.
1940-cı ildə məşhur türk riyaziyyatçısı Saleh Zəki Sayarın oğlu Faruq Sayar ilə ailə həyatı quran İren Melikova 1941-ci ildə həyat yoldaşı ilə birlikdə Türkiyəyə köçərək orada yaşayıb. 1948-ci ildə Fransaya qayıdaraq türkologiya sahəsində araşdırmalar aparıb, məşhur əsərlər yazıb.
İrenin əsas tədqiqat obyektlərindən biri də Azərbaycan, onun tarixi və ədəbiyyatı olub.
İren xanım 1984-cü ildə Strasburq Humanitar Elmlər Universitetində Azərbaycan Mədəniyyətini Araşdırma Mərkəzi yaradır və onun prezidenti seçilir. Mərkəzin adı 1988-ci il may ayında dəyişdirilərək Azərbaycan Mədəniyyətini və Sivilizasiyasını Öyrənən Mərkəz olur. Azərbaycan mədəniyyətini, incəsənətini, tarixini və ədəbiyyatını öyrənən bu mərkəzə yenidən məşhur Azərbaycanşünas alim, professor İren Məlikova prezident, professor Lui Bazen və Timurçin Hacıbəyli vitse-prezident seçilirlər. Bundan əlavə Mərkəz öz qarşısına Azərbaycan haqqında umumi məlumatlar yaymağı, Azərbaycan yazıçılarının və şairlərinin əsərlərinin nəşrini təşkil etməyi qoymuşdur.
Qərbi Avropada nəşr edilən yeganə türkologiya jurnalı olan “Türkika”nın baş redaktoru olan İren xanım Cənubi Azərbaycanda da olub, Təbrizi gəzib, çox sevdiyi Şah İsmayıl Xətai haqqında zəngin material toplayıb. Görkəmli alim Azərbaycan ədəbiyyatına, onun görkəmli nümayəndələrinə yüksək qiymət verib, M.F.Axundovun yaradıcılığına heyran olduğunu gizlətməyib.
Bütün həyatı boyu Fransada Azərbaycan həqiqətlərini təbliğ edib.




Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.