Tarixdə bu gün

Mühüm hadisələr:
1946 —Londonda 51 millətin nümayəndəsinin iştirakı ilə BMT-nin ilk Baş Assambleyasının açılışı olmuşdur.


1994 –NATO-nun Brüsseldə keçirilən sammitində “Sülh Naminə Tərəfdaşlıq” proqramı qəbul olunub.
NATO-nun keçmiş sosialist ölkələri əməkdaşlığını tənzimləyən proqrama qoşulmaq üçün 20-dən çox dövlətə, o cümlədən Azərbaycana (ölkəmiz 1994-cü ilin mayında SNT proqramına qoşuldu) dəvət göndərilib.
Brüssel sammitinin yekun bəyanatında (11 yanvar 1994) NATO-nun Cənubi Qafqaz ölkələri ilə bağlı siyasətinə dair ayrıca bənd yer alıb.
Sənəd NATO-nun Cənubi Qafqazın hər üç respublikasının ərazi bütövlüyünü tanıdığını və güc işlətməklə ərazilərin ələ keçirilməsini pislədiyini bəyan edirdi.

Doğum günləri:

1838 – Bakı milyonçusu, böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev anadan olmuşdur. Tagıyevin adı Azərbaycan tarixinə xalqın maariflənməsi, mədəni inkişafı üçün gördüyü nəcib işlərlə həkk olunub.
O, Azərbaycanın görkəmli ictimai xadimi olmaqla yanaşı, həm də ölkənin neft sənayesinin banilərindən biridir. O, Azərbaycan xalqının tarixinə milli kadrların hazırlanmasına böyük təsiri olan bir mesenat və milyonçu kimi daxil olmuşdur. Tağıyev ölkədə incəsənət, jurnalistika və təhsilin qurulmasına və inkişaf etdirilməsinə yardım göstərirdi. Azərbaycan xalqı buna görə də onu hələ də “millətin atası” adlandırır.
Zeynalabdin uşaqlıqdan təmkinli və zəhmətkeş idi. On yaşında atası onu bir bənnanın yanına usta köməkçisi işinə düzəldir. 12 yaşına çatanda o artıq daş yonurdu, 15 yaşında ikən bənnalıq etməyə başlamışdı. Bir müddətdən sonra tikinti ustası və təşkilatçısı kimi tanınmağa başlayır.
Müəyyən qədər vəsait toplayaraq Tağıyev artıq 20 yaşında ev tikintisi və daşyonma işləri təşkil edir. Özünün sonradan tikinti işlərinə də şəxsən nəzarət edirdi. Tikdirdiyi binalarda, məsələn, özünün yaşadığı binada və şəxsən açdırdığı qızlar gimnaziyasının binasında (indi burada Tarix Muzeyi və AMEA Əlyazmalar İnstitutu yerləşir) onun dəsti-xətti hiss edilir. Sonradan o özünü ticarətdə və yüngül sənayedə də sınayır. Hər ikisində qabiliyyəti ilə uğur qazanır, dükanlara və manufakturaya sahib olur.
O, neftin distillə üsulu ilə çıxarılması ilə məşğul olan ilk azərbaycanlılardan biri idi. 1870-ci ildə onun artıq iki qazanxanadan ibarət кеrosin zavodu var idi. Kerosin zavodu ilə yanaşı o sonradan möhtəşəm olacaq “Г. З. А. Тагиев” şirkəti yaradır. Həmin zamanlarda kerosinə böyük tələbat var idi. İki il sonra o, neft hasilatına yen sərmayə qoyur və buruq üsulu ilə ilk neft quşunu qazdırır. 1886-ci ildə o, şərikləri ilə birlikdə neft hasilatı və emalı firmasının əsasını qoyur, 1897-ci ildə isə öz şirkətini yaradır.
20-ci əsrin əvvəllərində H.Z.Tağıyev toxuculuq sənayesi ilə də məşğul olmağa başlayır. O, Rusiya imperiyasında parça istehsal edən ən böyük zavodu inşa etdirir və “Xəzər Manufaktura Cəmiyyətini” təsis edir. Ticarət əməliyyatlarının daha səmərəli həyat keçirilməsi üçün o, digər yerli iş adamları ilə birlikdə 1914-cü ildə Bakı kommersiya bankını yardır və bu bankın iderə heyətinin sədri seçilir.
Hacı Zeynalabdin Tağıyev bütün Rusiyada birinci növbədə öz mesenatlığı və maarifpərvərliyi ilə tanınmışdır. Onun maarifpərvər xidmətləri əsasən XX əsrin əvvəllərindən başlayır. Bu da təsadüfi deyildi. 1905-ci il inqlabından sonra hökumətin Oktyabr bəyannaməsi ölkədə mədəni-maarif işlərinin canlanmasına səbəb oldu. Ölkənin hər yerində xeyriyyə məqsədi ilə bir sıra cəmiyyətlər yarandı. Qazet və jurnallar çap edilməyə başladı. Bu cəmiyyətlərin yaradılması, qazet və jurnalların çap edilməsi birinci növbədə Tağıyevin adı ilə bağlıdır. Bu işlər də Tağıyev təşkilatçı rolunu oynayırdı.
Xeyriyyə məqsədilə yaradılan cəmiyyətlər ya Tağıyevin şəxsi iştirakı və vəsaiti ilə, ya da onun yaxından köməyi ilə yaradılmışdı. İlk xeyriyyə cəmiyyəti 1905-ci ildə yaranmış Müsəlman Xeyriyyə Cəmiyyəti idi. Bundan başqa “Nəşr və maarif”, “Nicat” cəmiyyətlərinin yaranmasında da Hacı Zeynalabdin Tağıyevin yaxından köməyi olmuşdur.
1916-cı ildə o, “Tağıyevin balıq sənayesi səhmdar cəmiyyətini” əsasını qoyur: balıqçılıq qayıqları və gəmilərini alır, Azərbaycan və Dağıstanda balıq sənayesinin inkişafı üçün soyuducular, balığın saxlanılması üçün emal zavodları tikdirir. 1917-ci ilin sonunda onu sərvətinin miqdarı 30 milyon rubla çatır.
Məktəblər tikdirən, o cümlədən Azırbaycanda qızlar üçün məktəb açan Tağıyev həmçinin azərbaycanlıların xaricdə təhsil almasına kömək etmişdir, onun pulları sayəsində yüzlərlə gənc İngiltərə, Almaniya, Rusiya və Fransada təhsil alıb. Bu gənclər sırasında olduqca məşhur insanlar, o cümlədən Məmməd Əmin Rəsulzadə və Nəriman Nərimanov da vardır. Tağıyev Rusiya imperiyası, İran və Buxara Əmirliyi tərəfindən bir sıra medal və ordenlərlə təltif olunub.
Sovet Rusiyasının 28 aprel 1920-ci ildə Azərbaycanı işğal etməsi ilə vəziyyət kökündən dəyişir. İnsanların mülkiyyəti əlindən alınır, milli kadrlar və ziyalılar təqib edilməyə başlanır, hər şey Rusiyanın maraqlarına yönəlir. Yerli əhalinin xahişi ilə yeni hakimiyyətin rəhbərlərindən biri olan Nəriman Nərimanovun göstərişi ilə Tağıyevə mülk seçmək imkanı verilir. O özünün artıq əlindən alınmış keçmiş mülkiyyətlərindən ancaq Mərdəkandakı bağ evini seçir.
Hacı Zeynalabdin Tağıyev 1924-cü il sentyabrın 1-də 101 yaşında vəfat etmiş və sentyabrın 4-də dəfn edilmişdir. Onun dəfninə çox böyük izdiham toplanmışdı. İnsanlar yas mərasiminə bütün Bakı və ətraf kəndlərdən ərzaq gətirirdilər.
N.Nərimanovun köməkliyi ilə Bakının “Kommunist” və “Bakinskiy raboçiy” qəzetlərində onunla bağlı nekroloq çap edildi.

1922 – Sovet İttifaqı Qəhrəmanı Əlif Piriyev Neftçala rayonu Z.O.Qoltuq kəndində anadan olmuşdur.
Əmək fəaliyyəti dövründə neft sahəsində operator, sonralar sərnişindaşıma- nəqliyyat sahəsində işləmişdir.
1938-ci ildə 26 Bakı komissarı adına qəsəbədəki neft mədənində neftçıxarma operatorının köməkçisi kimi fəaliyyətə başlamışdır.
1941-ci ilin iyulunda cəbhəyə gedib müharibənin ilk günündən başlayaraq Şimali Qafqaz cəbhəsinin tərkibində alman-faşist işğalçılarına qarşı qəhrəmancasına döyüşmüşdür.
Krımın azad edilməsi uğrunda gedən döyüşlərdə göstərdiyi mərdlik və igidliyə, Sapundağa hücum zamanı şəxsi qorxmazlığı və qəhrəmanlığına görə Əlif Piriyev Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür.
Müharibədən sonra uzun illər Azərbaycan SSR Avtomobil Nəqliyyatı Nazirliyinin Bakı Sərnişin Daşımaları İstehsalat Birliyi sistemində çalışmışdır.
1986-cı ildə vəfat etmişdir. Neftçala şəhər parkında büstü, şəhərdə adını daşıyan küçə vardır.

1929 – Azərbaycanın görkəmli dilşünas alimi, publisist, pedaqoq, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi, Dövlət Mükafatı Laureatı, akademik Afad Məhəmməd oğlu Qurbanоv Qərbi Azərbaycanın Kalinino rayonunun Cuci (Qızıl Şəfəq) kəndində doğulub.
Aspirantlıqdan Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvülyünə qədər şərəfli bir tədqiqatçılıq yolu keçən A.Qurbanov 1962-ci ildə professor Əbdüləzəl Dəmirçizadənin rəhbərliyi ilə “Səməd Vurğunun “Vaqif pyesinin dili və üslubu” mövzusunda namizədlik, 1968-ci ildə isə “Müasir Azərbaycan ədəbi dili” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.
1950-ci illərdən etibarən isə Azərbaycan Dövlət Pedaqoji Universitetində Filologiya fakültəsinin dekan müavini, dekanı, Azərbaycan dilçiliyi kafedrasının müdiri vəzifəsində çalışıb. 1981-1989-cu illərdə APİ-nin rektoru olub. 1990-1994-cü illərdə isə Milli Məclisin üzvü olmuş A. Qurbanov həm də əlifba islahatının təşkilatçılarındandır.

1938 – Məşhur bəstəkar, Xalq artisti Elza İmaməddin qızı İbrahimova Hacıqabul şəhərində anadan olmuşdur.
Bakıda 8 saylı musiqi məktəbini, 1957-ci ildə A.Zeynallı adına orta ixtisas musiqi məktəbinin bəstəkarlıq sinfini, 1964-cü ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) bəstəkarlıq şöbəsini bitirmişdir. Hələ uşaq yaşlarından musiqiyə olan böyük məhəbbəti valideynləri tərəfindən dəyərləndirilir və o musiqi məktəbinə yazılır.
Elza İbrahimova 1969-cu ildə ilk mahnısını bəstələyir. Məmməd Rahimin sözlərinə bəstələnmiş “Yalan ha deyil” mahnısının ilk ifaçısı Şövkət Ələkbərova olur. Azərbaycanda tanqo ritmini estradaya gətirən ilk bəstəkarlardan biri olan Elza İbrahimovanın Rəfiq Zəkanın sözlərinə bəstələdiyi “Qurban verərdim” əsəri sovet dövründə Bədii şura tərəfindən o qədər də yaxşı qarşılanmır. Çünki tanqonun burjua ahənginin sovet ruhuna uyğun gəlmədiyi bildirilir. Amma sonradan “Qurban verərdim”lə bərabər “Sən mənə lazımsan” (sözləri Əliağa Kürçaylı), “Bağçadan keçmisən” (sözləri Ə.Əlibəyli) və sair tanqo ritmində yazılmış musiqilər bəstəkarın sevilən mahnıları siyahısına qoşulur.
Yaradıcılığında bir-birindən maraqlı, orijinal mahnılarla bərabər romanslar, sonatalar, kvartetlər də bəstələyib. Bəstəkarın Rəşid Behbudovun ifasında səslənən “Ey vətən” əsəri bütün dünyada Azərbaycanı tərənnüm edən ən şaqraq mahnılardan biri olmuşdur. Azərbaycan şairlərinin yüzlərlə şeirlərinə və rus dillərində onlarla poetik nümunəyə musiqi yazmışdır.
Uzun sürən xəstəlikdən sonra 11 fevral 2012-ci ildə 74 yaşında vəfat etmişdir.
Bəstəkar İkinci Fəxri Xiyabanda dəfn olunmuşdur.

1948 – Xalq artisti Əli Nur (Əli Qayıb oğlu Nurzadə) Ağsu rayonunun Bicov kəndində anadan olub.
Orta məktəbin onbirinci sinfini 1965-ci ildə doğma kəndində bitirib. Həmin il uğurla imtahan verərək Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunun sənayenin iqtisadiyyatı fakültəsinə daxil olub. Üçüncü kursa keçəndə köçürmə ilə 1968-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakultəsinin birinci kursuna götürülüb və 1972-ci ildə trəhsilini başa vurub.
Təyinatla Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrında fəaliyyətə başlayıb: aktyor, direktor işləyib. , 1973-cü ilin mayından 1974-cü ilin iyun ayına qədər hərbi xidmətdə qulluq edib və qayıtdıqdan sonra yenə teatrda aktyor işləməyə başlayıb.
20 sentyabr 1986-cı ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin əmri ilə Sumqayıtdan Bakıya, Akademik Milli Dram Teatrına aktyor ştatına keçirilib və o vaxtdan bu truppanın üzvüdür.
2019-cu ildən Xalq artisti fəxri adına layiq görülmüşdür.


1949 – Əməkdar incəsənət xadimi, yazıçı-dramaturq Rafiq Səməndər (Ələddinov) anadan olub.
Hələ tələbə ikən – Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinin birinci kursunda təhsil alarkən Azərbaycan Dövlət Radiosunda, sonra isə Azərbaycan Dövlət Televiziyasında baş redaktor, birlik rəhbəri kimi fəaliyyət göstərməyə başlayıb. 1993-cü ildən “BMTİ” Telekanalında Baş redaktor, “Yurd” jurnalında redaktorlar şöbəsinin müdiri işləyib.
2000-ci ildən 2002-ci ilə qədər “Lider” televiziyasında qrup rəhbəri işləyib. 2005-ci ildən İctimai Televiziya və Radio Yayımları Şirkətində “Ədəbiyyat və İncəsənət” departamentinin direktoru, “Xüsusi layihələr üzrə departament”in direktoru və “Carçı” film yaradıcılıq birliyinin baş redaktoru işləyib.
Hal-hazırda İctimai Televiziya və Radio Yayımları Şirkətində böyük redaktor kimi çalışır. Eyni zamanda, Azərbaycan Beynəlxalq Universitetində baş müəllim vəzifəsində çalışıb. İctimai Televiziyada “Ədəbiyyat və İncəsənət departamenti”nin rəhbəri olub.
“Yuxu” və “Sonqulunun sərgüzəştləri” filmlərinin ssenari müəlliflərindən biridir.
20 Yanvara həsr olunmuş “Şəhidlər” kitabının, sənədli və bir çox cizgi filmlərinin ssenari müəllifidir.

1958 – Azərbaycanın Milli Qəhrəmanı Muxtar Cahid oğlu Qasımov Beyləqan rayonunun Kəbirli kəndində dünyaya göz açmışdır.
Ağdam səhər 5 saylı məktəbi 1974-ci ildə bitirmişdir. Elə həmin il Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olmuşdur. Tibb təhsilin başa vurduqdan sonra işləmək üçün təyinatla Xankəndinə yola düşmüşdür. Orada işləyərkən ermənilər arasında separatizmin, millətçi ünsürlərin təbliğinin şahidi olmuşdur. Müxtəlif təziqlərə baxmayaraq,  işinə davam etmiş, milliyətindən asılı olmayaraq insanlara tibbi yardım göstərmişdir. 1988-ci ildə vəziyyət nəzarətdən çıxandan, müəyyən qarşıdurmalar baş verəndən sonra Ağdama qayıdıb həkim kimi hospitalda çalışmışdır.
Xocalı faciəsindən sonra isə həyatını tamamilə cəbhəyə bağlayır. 1992-ci ilin iyun ayında Aranzəmin, Pircamal, Ağbulaq kəndlərinin azad edilməsi uğrunda gedən döyüşlərdə həkim olaraq iştirak  edir. 16 iyun 1992-ci ildə Naxçıvanlı kəndi uğrunda gedən döyüşlərdə xidməti borcunu yerinə yetirərkən həlak olmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 5 fevral 1993-cü il tarixli 457 saylı fərmanı ilə Qasımov Muxtar Cahid oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.
Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilmişdir.

Vəfat etmişdir:

1962 – Xalq artisti Əjdər Əliabbas oğlu Sultanov 53 yaşında ürək xəstəliyindən vəfat edib.
Əjdər Sultanov 1909-cu ilin dekabrında Bakıda doğulub. Bakı Teatr Texnikumunu bitirərək (1925-1928) 1926-cı ildən aktyoru olduğu Bakı Türk İşçi Teatrında işləməyə davam edib. O, İşçi və Gəncə teatrlarında “Əjdər”, “Əjdər Sultan” imzaları ilə də çıxışlar edib.
Bakı Türk İşçi Teatrı 1932-1937ci illərdə Gəncə şəhərində fəaliyyət göstərib.
1937-ci ilin sonlarında Gəncədən Bakıya qayıdan Əjdər Sultanov az müddət Opera və Balet Teatrında işləyib.
1939-cu ildə isə Milli Dram Teatrının aktyor truppasına qəbul olunub.
Əjdər Sultanov səhnə plastikası, texniki hərəkətləri obrazın psixoloji göstəriciləri ilə ahəngdar cazibədarlıqla birləşdirməsi, rəqslə sözün (geniş mənada hərəkətlə sözün, məsələn, “Rəqs müəllimində” Aldemaro rolu) vəhdəti baxımından örnək olub. Yaradıcılıq imkanlarının estetik xüsusiyyətləri baxımından realist aktyor məktəbi ənənələrinə daha uyğun idi.

1992 – Azərbaycanın Milli Qəhrəmanı Faiq Qəzənfər oğlu Rəfiyev vəfat etmişdir.
22 fevral 1955-ci ildə Füzuli rayonunun Sarıcıq kəndində dünyaya göz açmışdır. 1972-ci ildə Qarakollu kənd orta məktəbini bitirmişdir. 1973-75-ci illərdə Rusiyanın Arxangelsk vilayətində hərbi xidmətdə olmuşdur. Ordudan tərxis olunduqdan sonra vilayətin Plisetsk rayonunda milis sistemində çalışmışdır. O, işləyə-işləyə Sankt-Peterburq şəhərindəki Ali Hərbi Milis Məktəbinin qiyabi şöbəsində oxumuşdur. 1984-cü ildə təhsilini başa vurmuş və leytenant rütbəsi ilə həmin rayonda sahə müvəkkili kimi məsuliyyətli vəzifə tutmuşdur.
1990-cı il 20 Yanvar faciəsindən sonra Azərbaycana qayıdaraq DİN-ə müraciət etmişdir. Milis sistemində təcrübəsini nəzərə alaraq, onu Xocavənd rayonuna sahə müvəkkili göndərirlər. O, Qarabağda gedən döyüşlərdə zabit kimi iştirak edir, postların qorunmasında, dinc əhalinin təhlükəsizliyinin təmin edilməsində əlindən gələni əsirgəmirdi. Axullu, Tuğ, Qaradağlı kəndlərinin sakinləri bunu indi də ehtiramla xatırlamaqdadırlar.
Koçbəy kəndi əsl quldur yuvasına çevrilmişdi. O, kəndi azad etmək üçün öz dəstəsi ilə hücum planı hazırlayır. Düşmən sayca çoxluq təşkil edirdi. Qanlı döyüşlərdən sonra erməni yaraqlıları dəstənin qarşısında tab gətirməyərək geri çəkilməyə başladı. O, qolundan yaralanmasına baxmayaraq, “İrəli, yalnız irəli!” – deyə, döyüş dostlarını ruhlandırırdı. Evlərdə gizlənən erməni yaraqlılarını axtarıb məhv edərkən, qəfil güllə cəsur komandirin sinəsini parçaladı. 10 yanvar 1992-ci ildə aldığı yaradan gözlərini əbədi yumdu.
Azərbaycan Respublikası Prezidentinin 2 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Rəfiyev Faiq Qəzənfər oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülmüşdür.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

Son yazılar

Sitatlardan seçmələr:

   

Həcər, ad günün mübarək!