Tarixdə bu gün
İlin 12-ci günü.
Mühülm hadisələr:

1998 —19 Avropa ölkəsi insan klonlanmasına dair ilkin qanunu ratifikasiya edib.
2004 —Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” sərəncam verib.
Doğum günləri:

1878 — Azərbaycan Xalq Cümhuriyyətinin Yelizavetpol quberniyasının general-qubernatoru, II Xoyski hökumətində əvvəlcə səhiyyə və sosial təminat naziri, daha sonra isə Xalq səhiyyəsi naziri, Afanasyev adına Yelizavetpol xəstəxanasının direktoru Xudadat bəy Ələkbər bəy oğlu Rəfibəyli indiki Gəncə şəhərinin Bala Bağman məhəlləsində əsilzadə ailəsində doğulub.
O, Rəfibəylilər nəslindəndir.
1904-cü ildə Xarkov İmperator Universitetinin Tibb fakültəsini bitirir və həmin universitetin Qospital-klinikasının cərrahiyyə şöbəsində 3 il ordinator işlədikdən sonra 1907-ci ildə ailəsiylə birgə Gəncə şəhərinə qayıdır. Həmin ilin noyabrın 15-dən Yelizavetpol xəstəxanasına (6 nömrəli şəhər müalicəxanası) direktor təyin edilir. 17 il Gəncə xəstəxanasının baş həkimi olaraq çalışmışdır.
Xudadat bəy gəncəlilərin təkidi ilə daha sonralar şəhər qubernatorunun vəzifəsinin icrasına başlayandan sonra da həkimlik fəaliyyətini davam etdirmişdir.
1920-ci aprelin 28-də Azərbaycanda Sovet hakimiyyəti quruldu. 1920-ci ilin mayın 12-də Xudadat bəy Rəfibəylini həbs etdilər. O, silahlı əsgərlərin nəzarəti altında Gəncədən qatarla Bakıya gətirildi O, Gəncə üsyanının təşkilində ittihamlandırılırdı. Gəncənin ilk və son müsəlman qubernatoru Xudadat bəy Rəfibəyli iyunun 1-də gizlicə Xəzərin kiçik bir adasına aparılaraq güllələnmişdir.

1928 —Filologiya elmləri doktoru, professor Gülrux Əlibəyova anadan olmuşdur.
Gülrux Əlibəyli müəllim ailəsində dünyaya gəlib. Leninqrad Universitetini və Moskvada Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun aspiranturasını bitirib.
1971-ci ildən 1984-cü ilədək Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda baş müəllim, daha sonra isə fəlsəfə kafedrasının professoru olub.
Azərbaycan SSR EA (indiki Azərbaycan Milli Elmlər Akademiyası) Nizami adına Ədəbiyyat və Dil İnstitutunun baş elmi işçisi (1959—1971, fasilə ilə), Azərbaycan SSR Mədəniyyət Nazirinin müavini (1962—1965) olmuşdur.
1974-cü ildən Azərbaycan Xalq Təsərrüfatı İntstitutunda (indiki Azərbaycan İqtisadiyyat Unversiteti) dərs deyirdi.
Azərbaycan və keçmiş Sovet ədəbiyyatının nəzəri problemlərinə, estetika və bədiilik məsələlərinə dair əsərlərin, ədəbi-tənqidi məqalələrin müəllifidir.
15 fevral 2016-cı ildə Bakı şəhərində vəfat edib.

1991 — Goranboy rayonunun könüllülər batalyonunun döyüşçüsü Yaşar Ağalar oğlu Rəhimov 1947-ci ildə Qasım İsmayılov (indiki Goranboy) rayonunun Faxralı kəndində anadan olmuşdur. Orta təhsil aldıqdan sonra Kirovabad (indiki Gəncə) şəhərində texniki peşə məktəbini bitirmiş, Kirovabad (indiki Gəncə) şəhər Enerji təchizat şöbəsində işləmişdir. 1 dekabr 1991-ci il tarixində Goranboy rayonunun könüllülər batalyonuna yazılmış, rayon ətrafında gedən döyüşlərdə iştirak etmişdir. 28 dekabr 1991-ci il tarixində Todan kəndi uğrunda gedən döyüşlərdə aldığı ağır güllə yarasından şəhid olmuşdur. Yaşadığı Dəliməmmədli şəhərində dəfn edilmişdir.
Yaşar Rəhimov gənclik illərində futbol idman növünə böyük həvəs göstərmiş, doğulub boya-başa çatdığı Faxralı kəndinin, Dəliməmmədli qəsəbəsinin və Qasım İsmayılov rayonunun yığma futbol komandalarında qapıçı kimi çıxış edmiş, Kirovabadın “Dinamo” klubunun əvəzedici kollektivinə dəvət almışdır.
Goranboy rayonu Faxralı kənd uşaq bağçasına şəhid Yaşar Rəhimovun adı verilmişdir.
Dəliməmmədli səhərinin küçələrindən biri şəhid Yaşar Rəhimovun adını daşıyır.

1956—Ssenari müəllifi, kino redaktoru Sadıq Elcanlı (Sadıq Qurbanqulu oğlu İbrahimov) Şabranda (Dəvəçinin Surra kəndində) anadan olub.
1978-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib.
“Sirli səsin sorağı” adlı ilk kitabı (povest və hekayələr) 1985-ci ildə çap olunub. 1992-96-cı illərdə “Azərbaycantelefilm” Yaradıcılıq Birliyinin rəhbəri – baş redaktoru işləyib.
1997-ci ildən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində Televiziyanın “Ədəbiyyat və publisistika” baş redaksiyasının baş redaktoru olub. 2006-ci ildən AzTV-də “Ədəbi-dram verilişləri” baş redaksiyasının baş redaktorudur.
Sadıq Elcanlı 1977-ci ildən başlayaraq müxtəlif qəzet və jurnallarda bədii, ədəbi tənqidi və publisistik əsərləri çap etdirir, ardıcıl jurnalist fəaliyyəti ilə məşğul olur. “Sirli səsin sorağı”, “Əbədi sevginin xatirələri” , “Yaddaş yarası”, “Qanlı quzğun meydanı”, “Mənim mövqeyim” , “Sükutun sonu”, “Zülmət” və başqa nəsr, publisistika kitablarının müəllifidir. Milli televiziyanın “Vətən”, “Vətəndaş”, “Azərbaycan dili”, “Molla Nəsrəddin”, “Şam işığında”, “Araz”, “Poeziya”, “Sənətkar ömrü”, “Klassik irsimizdən” və başqa çoxsaylı daimi verilişlərinin yaradıcısı və ssenari müəllifi olub.

1958 – Azərbaycanın Milli Qəhrəmanı Nizami Murad oğlu Məmmədov Xankəndi şəhərində anadan olmuşdur.
1988-ci illərdə erməni millətçiləri azərbaycanlıları doğma el-obalarından qovarkən o, polis zabiti kimi, əhalinin təhlükəsizliyini təmin edirdi.
Nizami Məmmədov Daşaltı, Malıbəyli, Qaladərəsi kimi mühüm əməliyyatlarda iştirak etmiş, erməni təcavüzkarlarını çoxlu itki verməyə məcbur etmişdi .
Belə döyüşlərin birində — 1992-ci ilin 29 martında snayper gülləsi onun qəlbini əbədilik susdurdu.
Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Məmmədov Nizami Murad oğluna ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilmişdir.
Nizami Məmmədov Bərdə rayonunun Dəymədağlı kəndində dəfn edilib.
Vəfat etmişdir:

1938 — SSRİ Elmlər Akademiyası Azərbaycan filialının elmi işçisi, APİ-nin Dilçilik kafedrasının müdiri, Azərbaycan orfoqrafiyası və terminologiyası sahəsində tanınmış mütəxəssislərdən biri sayılan Abdulla Tağızadə reprüsiyaya məruz qalaraq güllələnmişdir.
Abdulla Tağızadə 1897-ci il martın 17-də Gəncə şəhərində anadan olub. O, 1916-cı ildə Gəncə gimnaziyasını uğurla başa vurub, Moskva Universitetinin hüquq fakültəsinə daxil olub. Bir il sonra Rusiyanı bürümüş inqilab dalğası üzündən Gəncəyə dönərək vətəninin azadlığı və istiqlalı uğrunda mübarizəyə başlayıb.
O, Əlifba islahatına, xüsusən, böyük maraq göstərib. 1919-cu ildə yeni yaradılan Bakı Dövlət Universitetinin tarix fakültəsinə daxil olaraq Azərbaycan Xalq Cümuriyyəti Maarif Nazirliyi yanında yaradılan Əlifba komissiyasında fəaliyyət göstərir və öz təkliflərini verib.
1920-ci ildə Maarif Komissarlığında texniki katib, “Qaçqınlar və əziyyət çəkənlərə kömək üçün yaradılan xüsusi komissiya”da müavin, 1921-ci ildən Xalq Torpaq Komissarlığının “Əkinçi” jurnalında məsul katib işləyən və Bakı Sovetinin üzvü olan Abdulla Tağızadə təhsil sahəsindəki bilik və təcrübəsini tətbiq etmək üçün həm də maarif sahəsində xidmətə başlayıb.
1922-ci ildə Azərbbaycan Xalq Maarif Komissarlığının Məktəbdənkənar İdarəsində Məktəbdənkənar Tərbiyə İdarəsinin Mudir müavini təyin olunur. O, burada cəmi üç ay işləyir.
1922-ci ildə Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi yanında Yeni Əlifba Komitəsi yaradılır. Komitəyə noyabr ayının 20-dək, tanınmış dilçı alim Fərhad Ağazadə rəhbərlik edir. Abdulla Tağızadəni də bu komitəyə işə dəvət edirlər. O, Səmədağa Ağamalıoğlu, Fərhad Ağazadə, Xudadat Məlikaslanov, Əhməd Pepinovla birgə komitənin rəhbər heyətinə seçilir.
Abdulla Tağızadə, Maarif Komissarlığının sərəncamı ilə 1924-cü ildə Leninqrad şəhərindəki Şərq Dilləri İnstituna oxumağa göndərilir. O, həm də Leninqrad Dövlət Universitetinin dil və mədəniyyət fakültəsinə daxil olur. Burada professor A.N.Samoyloviçlə dostluq edən Abdulla 1925-ci ildə Leninqradda Bəkir Çobanzadə ilə tanış olur. Bu tanışlıq sonralar onlar arasında möhkəm dostluğa çevrilir.
Təhsil üçün bir müddət vətəndən uzaqda yaşasa da O, Azərbaycan ziyalıları və milli təfəkkürlü insanları ilə əlaqəsini kəsmir. 1926-ci ildə Bakıda kecirilən I Türkoloji qurultaya qatılır.
Ali təhsili başa vurub aspiranturaya daxil olan Abdulla Tağızadə 1928-ci ildə Azərbaycan Maarif Nazirliyi tərəfindən ölkəyə dəvət olunur. O, Ümumittifaq Yeni Əlifba Komitəsinin “Kultura i pismennos Vostoka” toplusunda məsul katib işləyir. Ali məktəbdə “Qədim türk dilləri” fənnindən, Azərbaycan Elmi -Tədqiqat İnstitunda aspirantlara “Qədim Türk dillərinin yazılı abidələri” və “Türk dillərinin qramatikası” fənnlərindən mühazirələr oxuyur, eləcə də Marksizim-Leninizm İnstitutunda Azərbaycan türkcəsi fənnini tədris edir.
692-693-cü illərdə yazıldığı güman edilən, Tonyuququn qəbirüstü abidəsi üzərindəki mətni çapa hazırlayan Abdulla Tağızadə “Qədim türk dilləri və yazılı abidələrinin öyrənilməsi üsulu və yolları”, “Dil haqqında elmin inkişaf tarixi”, “Azərbaycan dili və şivələrinin izahlı lüğəti” həmçinin Xalid Xocayevlə birlikdə “Müxtəsər üslübiyyat” əsərlərini yazmaqla dilçilik elmimizə yeni nəfəs qazandırır.
Azərbaycanı Tədqiq etmə Cəmiyyətinin Rəyasət Heyətinin üzvü, 1932-ci ildən Marksizm-Leninizm İnstitutunun dil üzrə fən komissiyasının sədri olan Abdulla Tağızadə təqib edildiyini hiss edir.
Ancaq o, öz əqidəsindən dönmür, türkologiyanın inkişafı sahəsində yorulmadan xidmət göstərir.
1937-ci ıldə Azərbaycanda milli təfəkkürə sahib olan insanların repressiyası başladığı vaxt Abdulla Tağızadə də həbs olunur.
1937-ci ilin martın 18-də Abdulla Tağızadə uzun sürən işgəncəli istintaqdan sonra 1938-ci il yanvarın 12-də güllələnir(Mənbə:http://modern.az/az/news/163525#gsc.tab=0)

1994 – Müğənni Hüseynağa Məmməd oğlu Hadıyev vəfat etmişdir.
Hüseynağa Hadıyev 1946-cı ildə Bakıda anadan olmuşdur. Onun anası Törə xanım Cəfər Cabbarlının əmisi qızı idi. Hüseynağa musiqi ilə “Pionerlər evi”ndə qarmon dərnəyində məşğul olmağa başlamışdı.
Dostlarından biri — bəstəkar Rizvan Ələsgərovun təkidindən sonra onunla “Dan ulduzu” instrumental ansamblına qoşulmağa razılıq vermişdi.
Hüseynağa sonuncu kursda oxuyarkən ailə həyatı qurmuş, institutu bitirdiyi il hərbi xidmətə çağrılmışdı. 1973-cü ilin yanvarında oğlu Ceyhun dünyaya gəldi. Hüseynağa bu xəbəri hospitalda eşitmişdi. Həmin vaxt hərbi xidmətdə xəstələndiyi üçün onu Bakıya hospitala gətirmişdilər.
Həyat yoldaşı Sveta xanımın sözlərinə görə Hüseynağa Hadıyev sevmədiyi mahnını oxumazdı. “Gecələr bulaq başı”, “Bu gecə”, “Mənim dünyam” mahnıları dinləyicilər tərəfindən daha çox sevilirdi.




Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.