Tarixdə bu gün

xdə bu gün

1997 — Azərbaycan Respublikası Kosta-Rika ilə diplomatik əlaqələr qurmuşdur.
2001 — Vikipediya fəaliyyətə başlamışdır.

Doğum günləri:

1902 —-Məşhur türk şairi , Beynəlxalq Sülh Mükafatı Laureatı Nazim Hikmət (N.Hikmət Ran) anadan olmuşdur.
Nazim Hikmət Azərbaycan xalqının və ədəbiyyatının yaxın dostu idi. O, dəfələrlə Bakıya gəlmiş, Azərbaycan şair və yazıçılarının bir çoxu ilə şəxsən dost olmuş, onlarla yaradıcılıq əlaqəsi saxlamışdır. Azərbaycana həsr olunmuş şerləri, Azərbaycan mədəniyyətinə dair məqalə və xatirələri vardır. Əsərləri Azərbaycanda dönə-dönə nəşr olunmuş, pyesləri tamaşaya qoyulmuşdur.
Bəstəkar A.Məlikov şairin “Məhəbbət əfsanəsi” pyesi əsasında eyniadlı balet yazmış, Azərbaycanın digər bəstəkarları onun şerlərinə romanslar bəstələmişlər. R.Babayev “Kəllə”pyesinə illüstrasiyalar çəkmiş, M.Rzayeva şairin büstünü yaratmışdır.
Azərbaycan ədəbiyyatşünasları şairin həyat və yaradıcılığına dair bir sıra sanballı əsərlər yazmışdır.
Nazim Hikmət 1963-cü ildə Moskvada vəfat etmişdir.

1914 — Azərbaycan yazıçısı Ənvər Yusifoğlu (Ənvər Yusif oğlu Qasımov) Yevlaxda anadan olmuşdur. Əsli Ordubadlıdır.
Ənvər Yusifoğlu Tiflis pedaqoji texnikumunda oxumuşdur. “Yeni kənd” (Tiflis), “Kommunist” (Bakı) qəzetlərində ədəbi işçi, Azərbaycan İncəsənət Muzeyində elmi işçi işləmişdir.
Ənvər Yusifoğlu ədəbi yaradıcılığa 30-cu illərin əvvəllərində başlamışdır. “Cərrahlar”, “Gənclik illərinə sayahət” povestlərinin, “Düşmənimin düşməni” romanının, hekayə toplularının müəllifidir. Sənətşünaslığa dair “Maral Rəhmanzadə” adlı kitabın müəllifidir.
Ənvər Yusifoğlu 1937-ci ildə həbs edilmiş, altı ay Hüseyn Cavidlə bir kamerada qalmışdır. 9 aydan sonra buraxılsa da, 1938 ildə yenidən həbs olunaraq, 10 il müddətinə Sibirə sürgün edilmişdir.
Ənvər Yusifoğlu sürgündən qayıtdıqdan sonra Balakən taxta emalı zavodunda fəhlə, “Ədəbiyyat və incəsənət” qəzetində, “Azərbaycan” jurnalında ədəbi işçi vəzifələrində çalışmışdır.
Ənvər Yusifoğlu 4 mart 1989 ildə Bakıda vəfat etmişdir.

1940 — Kinoşünas, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi və Əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Aydın Ələsgər oğlu Kazımzadə Bakıda anadan olmuşdur.
Milli kino tariximizin 1916-cı ildən deyil, məhz 1898-ci ildən başlanması faktının üzə çıxarılıb sübuta yetirilməsi və sabiq prezident Heydər Əliyev tərəfindən cərəncamla 2 avqust gününü Kino İşçiləri Günü elan etməsi Aydın Kazımzadənin adı ilə bağlıdır.
BAM-dan Qırğızıstanın Bişkek şəhərinədə keçirilən Azərbaycan kino günlərinin və kinofestivallarının təşkilatçısı və iştirakçısı olmuşdur.
Azərbaycanda animasiya kinosunun da yaranma tarixinin 1933-cü ilə aid olması faktının üzə çıxarılıb sübuta yetirilməsi də məhz Aydın Kazımzadənin adı ilə bağlıdır.
Yerli televiziya kanallarında “Kino tariximizdən” və “Kinoman” verlişlərinin aparıcısı olmuşdur. Hazırda “Mədəniyyət” kanalında “Kinosalnamə” verlişinin aparıcısı və ssenari müəllifidir.

1959— Azərbaycanın Milli Qəhrəmanı Vasili Əhməd oğlu Əliyev Qubadlı şəhərində anadan olub.
1966-1977-ci illərdə orta məktəbdə oxumuşdur.
1977-ci ildə Qubadlı rayon Hərbi Komissarlığı tərəfindən orduya çağırılmışdır. Daxili qoşunlarda xidmət etməsi Vasilinin gələcək taleyini polisə bağlayır. Ordudan tərxis olunduqdan sonra onu əvvəlcə mühafizə bölməsinə, sonra isə Daxili İşlər Şöbəsinə polis nəfəri kimi işə qəbul edirlər. O, əla xidmətinə görə, Daxili İşlər Nazirliyi tərəfindən “Polis əlaçısı” döş nişanı ilə təltif edilmişdi.
Vasili Əliyev 1988-ci ildən başlayaraq tez-tez döyüş meydanlarında olur, əhalinin təhlükəsizliyinin təmin edilməsində fədakarlıq göstərirdi. 1989-cu ildə Qafan rayonunun Novruzlar kəndi yaxınlığındakı yüksəklikdə qurulmuş düşmən toplarının məhv edilməsində Vasilinin xüsusi rol oynamışdır. O, öz dəstəsi ilə Seytas, Novlu və Yuxarı Cibikli kəndlərinin müdafiəsində də mərdliklə vuruşmuş, döyüş yoldaşlarının mühasirədən çıxarılmasında məharət və fədakarlıq göstərmişdi.
1992-ci il… Oktyabrın 19-u…. Hərbçilərlə birlikdə polis işçiləri də Qaraqaya yüksəkliyi uğrunda döyüşə başladılar. Döyüş qalibiyyətlə başa çatdı. Qələbədən ruhlanan döyüşçülər oktyabrın 20-də Topağac yüksəkliyini azad etmək üçün hücuma keçdilər. Vasili dəstəsi ilə düşmən arxasına keçərkən mühasirəyə düşdü. Cəsur polis işçiləri mühasirəni yarmağı və son nəfəsədək vuruşmağı qərara aldılar. Onlar düşmənin xeyli canlı qüvvəsini məhv etdilər. Ancaq bu, Vasilinin və onun dəstəsinin son döyüşü oldu. Onlar Vətən yolunda canlarından keçdilər.
Azərbaycan Respublikası Prezidentinin 11 may 1993-cü il tarixli 599 saylı fərmanı ilə Vasili Əhməd oğlu Əliyevə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilmişdir.
Qubadlı rayonunun Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Qubadlı rayon Mədəniyyət evi və Diləli-Müskanlı kənd orta məktəbi qəhrəmanın adını daşıyır.

Vəfat etmişdir:

1804 — Qacarlar nəslindəm olan böyük Azərbaycan sərkərdəsi, dövlət xadimi, Gəncə xanlığının sonuncu xanı Cavad xan və oğlu Hüseynqulu xan general Sisianovun başçılıq etdiyi rus qoşunları ilə döyüşdə həlak olub. Cavad Xanverdi oğlu (1785-1804) 19 il ərzində Gəncə xanı olub və Azərbaycan tarixinə Vətənini ürəkdən sevən cəsur hökmdar kimi daxil olub. Cavad xan Gəncədə, Cümə məscidi ərazisindəki türbədə dəfn olunub.
Cavad xan 1748-ci ildə Gəncə şəhərində doğulub. Cavad xanın atası Şahverdi xan 1756-cı ildən 1761-ci ilə qədər Gəncənin xanı olmuşdu. Cavad xanın anası Şərəf Cahan bəyim də əsil-nəcabətli bir nəsildən idi. Cavaddan başqa ailənin Tuti bəyim, Xurşid bəyim və Heyransa xanım adında üç qızı da vardı. 1780-ci ildə Cavad xan adi bir kəndli qızı olan Şükufə xanımla, 1790-cı ildə isə Şəki xanının bacısı Məliknisə (Bəyim xanım) xanımla ailə qurub. Bu qadınlardan biri 1812-ci ildə, ikincisi isə 1830-cu ildə vəfat edib. Cavad xanın ikinci arvadı onun ölümündən sonra Şəkiyə, qardaşının yanına getmiş və orada da dünyasını dəyişmişdir. Məliknisə xanımın məzarı da Şəkidədir. Şükufə xanımdan Cavad xanın üç oğlu Uğurlu xan, Əliqulu xan və Hüseynqulu xan, dörd qızı-Tuti Bikə, Püstə bəyim, Xatun bəyim, Balaca bəyim doğulublar. Uğurlu xan 1801-ci ildə Məhəmməd xanın qızı Cahan bəyimlə evlənib. Doğulan uşağa Cavad adı veriblər. Hüseynqulu xan (1784-1804) Şəmşəddinli Nəsib Sultanın qohumu Zeynəb xanımla evlənib.
1786-cı ildə hakimiyyətə gələn Cavad xanın dövründə (1786-1804) Gəncə xanlığı daha da möhkəmlənir və inkişaf edir. O, xaricdən asılılığı azaltmaq məqsədi ilə xanlığın qızıl və gümüş sikkələrini buraxmağa başlayır. Ticarət genişlənir, müxtəlif sənət sahələri inkişaf edir. Yaşayış binaları, karvansaralar, məscidlər tikilir. Xan sarayında alimlər, şairlər məclisi toplanır.
Cavad xan həmin dövrdə bir-birini sürətlə əvəz edən mürəkkəb hadisələr fonunda fəal siyasi fəaliyyət aparırdı. Yaxınlaşan Rusiya təhlükəsi qarşısında Azərbaycan, Dağıstan və Gürcüstan hakimlərinin vahid cəbhədən çıxış etmək meyllərindən istifadə edərək antirusiya koalisiyası yaratmağa çalışır. Lakin həlledici anda onlardan dəstək ala bilmir və güclü düşmən qarşısında tək qalır.
XIX əsrin əvvəllərində Rusiya imperiyası Azərbaycanın işğalı planını reallaşdırmağa başlayır. Bu məqsədlə ilk olaraq mühüm strateji mövqeyə malik Gəncəni ələ keçirmək qərara alınır. İmperiyanın Qafqazdakı canişini general Sisianov yazırdı ki, Gəncə qalası özünün əlverişli coğrafi mövqeyi ilə Azərbaycan ərazisində xüsusi rol oynayır, ona görə də Rusiya üçün onu tutmaq ən önəmli məsələlərdəndir.
Sisianov Cavad xana bir neçə dəfə təslim olmağı təklif etsə də, rədd cavabı alır. 1803-cü il noyabrın 20-də onun komandanlığı altında rus ordusu Tiflisdən Gəncə üzərinə yeriyir və dekabr ayında şəhəri mühasirəyə alır.
Gəncə şəhərinin ikiqat müdafiə səddi və 6 bürcü qala ilə əhatələnməsi Cavad xana bir müddət hücumları dəf etmək imkanı verir.
1804-cü il yanvarın 15-də rus ordusunun iki istiqamətdən şəhər üzərinə güclü hücumu başlanır. Üçüncü cəhddən sonra ruslar qalanı almağa müvəffəq olur. Cavad xanın və oğlu Hüseynqulu xanın da qəhrəmancasına həlak olduğu bu döyüşdə Gəncənin iki mindən çox müdafiəçisi öz həyatını itirir.
İşğaldan sonra Gəncə şəhərinin adı dəyişdirilərək çar I Aleksandrın arvadı Yelizavetanın şəhərinə Yelizavetpol adlandırılır.
1826-cı ildə Cavad xanın digər oğlu, Uğurlu xan Gəncəni azad etməyə nail olur. Lakin rus ordusuna dəstək üçün əlavə qüvvələrinin gəlməsindən sonra şəhər yenidən rusların əlinə keçir.
Cavad xan Gəncədə Şah I Abbas tərəfindən tikilmiş məşhur Cümə məscidində dəfn olunur. 1962-ci ildə yaxınlıqdakı meydanın rekonstruksiyası zamanı onun məzarı dağıdılır. Lakin, xalq bu qəhrəman övladının cəsədinin qalıqlarını gizli şəkildə qoruyub saxlayır.
1990-cı il martın 27-də Cavad xanın nəşi öz əvvəlki yerində torpağa tapşırılır və üzərində məqbərə ucaldılır.

1994– “Azərbaycan bayrağı” ordenli şəhid balamız Azay Kazımovun anım günüdür.
Azay Sada oğlu Kazımov 1973-cü ildə Göyçə mahalının Zod kəndində “Zərgərlilər” tayfasında anadan olmuşdur. 1988-ci ildə Göyçədən deporyasiya olunduqdan sonra Xanlar rayonunda məskunlaşmışdır.
Hərbi xidmətə Naxçıvanın Sədərək rayonuna göndərilmişdir.
1993-cü ilin ortalarında erməni daşnaklarından Sədərəyin qorunmasında xüsusi fəallıq göstərmiş və vzvod komandiri təyin edilmişdir. Bir müddətdən sonra Azay Kazımov Bakı şəhərinə oradan isə Goranboy cəbhəsinə göndərilmişdir.
Ağdamın ağır günlərində döyüşçü yoldaşları ilə birlikdə Ağdam cəbhəsinə köməyə getmiş və bir neçə qanlı döyüşlərin iştirakçısı olmuşdur. Düşmənin tankını heyıti ilə birlikdə məhv etdiyinə görə pul mükafatına layiq görülmüşdür.
Igid döyüşçü Azay Ağdamdan Füzuli cəbhəsinə göndərilir. Bir gün Füzulidə 28 erməni hərbiçisi olan avtobusu atəşə tutmuş və maşında olan hərbi sursatı komandanlığa təhvil vermişdir. 15 yanvar 1994-cü ildə Füzuli rayonunun Qaraxanbəyli kəndində 21 yaşlı döyüşçü Azay şəhid oldu.
Ölümündən sonra gizir Azay Sada oğlu Kazımov Azərbaycan Respublikasının Prezidentinin 9 окtyabr 1994-cü il tarixli sərəncamı ilə “Azərbaycan bayrağı” ordeni ilə təltif olunmuşdur.
Göygöl rayonunda Hacıkəndə gedən mərkəzi küçə Azay Kazımovun adını daşıyır.

2007 — Azərbaycanın Xalq şairi, SSRİ və Azərbaycan Dövlət Mükafatları Laureatı Nəbi Ələkbər oğlu Babayev (Nəbi Xəzri) vəfat etmişdir.
Nəbi Xəzri 1924-cü il dekabrın 10-da Xırdalan qəsəbəsndə anadan olmuşdur.
Nəbi Xəzrinin yaradıcılığı müasir Azərbaycan poeziyasının parlaq səhifələrindən birini təşkil edir. Altmış ildən artıq ədəbiyyata xidmət etmiş şairin əsərləri mövzu dairəsinin genişliyi və rəngarəngliyi ilə səciyyələnir. İnsanın mənəvi aləmini, düşüncə və axtarışlarını yüksək bədiiliklə əks etdirən və bəşəriliklə milliliyi üzvi şəkildə birləşdirən Nəbi Xəzri poeziyası dünya, insan və təbiət haqqında fəlsəfi məzmunu, yüksək humanizmi, böyük vətəndaşlıq qayəsi və milli koloriti sayəsində geniş oxucu kütləsinin rəğbətini qazanmışdır. Şairin müasirlərimizin, eləcə də tarixi şəxsiyyətlərin həyatından bəhs edən, lirik-epik lövhələrlə zəngin poemaları özünün dərin lirizmi, emosionallığı, orijinal üslubu və obrazlılığı ilə seçilir.
“İllər və sahillər”, “Ulduz karvanı”, “Nəsillər-əsrlər”, “Ağ şimşəklər”, “Torpaq sənə and içirəm”, “Ömür çinarından yarpaqlar”, “Əsrin qanlı laləsi” və s. onlarla kitabın müəllifidir.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

Son yazılar

Sitatlardan seçmələr:

   

Həcər, ad günün mübarək!