Tarixdə bu gün

lin 25-ci günü.

Mühüm hadisələr:

1988 – Ermənistan SSR-də yaşayan azərbaycanlı əhalinin kütləvi şəkildə deportasiyası başlanıb.
Azərbaycanlı qaçqınların ilk dəstəsi respublikamıza pənah gətirib. 1988-1989-cu illədə ümumilikdə 230 minə yaxın azərbaycanlı Ermənistan ərazisindəki tarixi ata-baba yurdlarından zorla qovuldu.

2001— Azərbaycan Respublikası Avropa Şurasına tamhüquqlu üzv qəbul edilmişdir.
Strasburqda, Avropa Şurasının mənzil-qərargahının qarşısında Azərbaycanın bayrağı qaldırılıb. Mərasimdə Azərbaycan prezidenti Heydər Əliyev iştirak edib.

2005 – Avropa Şurası Parlament Assambleyasında Dağlıq Qarabağ münaqişəsi üzrə məruzəçi Devid Atkinsonun (Britaniya) hazırladığı məruzə üzrə qətnamə qəbul olunub.
“ATƏT-in Minsk Konfransının məşğul olduğu Dağlıq Qarabağ bölgəsi üzərində münaqişə” adlı 1416 (2005) saylı qətnamədə Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxladığı qeyd olunub.
Qətnamədə Ermənistana BMT Təhlükəsizlik Şurasının qətnamələrini (1993) yerinə yetirmək və silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarmaq çağırışı da yer alıb.
Bu, Avropa Şurasında Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü qəbul edilən ilk beynəlxalq əhəmiyyətli sənəd idi.

Doğum günləri:

1823 — Məşhur azərbaycanlı milyonçu, mеsenat, Rusiya İmperiyasının həqiqi mülki müşaviri, müsəlman Şərqində ilk qızlar məktəbinin yaradıcıs, Bakı Tacir Bankının Direktorlar Şurasının sədri Hacı Zeynalabdin Tağıyev Bakıda basmaqçı ailəsində anadan olmuşdur.
Bu böyük maarifçinin ömrünün sonunadək mübarizə apardığı həyat amalının təməlində millətin tərəqqisinin, özünün dediyi kimi, “yeganə çıxış yolu məktəb, yalnız məktəb, təhsil ola bilər” prinsipi durmuşdur.
10 yaşında ikən atası onu bənna yanında usta köməkçisi düzəldir. Artıq 15 yaşında ikən özü müstəqil bənnalıq etməyə başlayır. Bir müddət sonra tikinti ustası və təşkilatçısı kimi tanınmağa başlayır. Tədricən özünü ticarətdə sınayan və uğurlar qazanan Hacının 1870-ci ildə artıq кеrosin zavodu vardı.
H.Z.Tağıyev 1873-cü ildə 2 nəfərlə şərik olub, Bibiheybətdə icarəyə yer götürür, neft quyusu qazır. Xeyli prosesdən sonra, nəhayət, quyu gözlənilmədən fontan vurur. Başmaqçı Tağının oğlu bənna Zeynalabdin milyonçu Tağıyev kimi tanınmağa başlayır. Üç il ərzində şəhərin mərkəzində böyük saray tikdirir.
H.Z.Tağıyev həm neft maqnatı, həm dəyirman sahibi, həm fabrikant, həm böyük balıq sənayeçisi, ticarət və yük gəmilərinin, həm də Quba ətrafında böyük meşələrin sahibi olub. O, 1901-ci ildə 300 min manatlıq vəsait sərf edərək, Bakıda ilk qızlar məktəbi tikdirir. Bu, bütün Zaqafqaziyada yeganə qızlar məktəbi idi.
Qəzet və jurnalların çap edilməsi, xeyriyyə cəmiyyətləri də, ilk növbədə, Tağıyevin adı ilə bağlıdır.
Amma Azərbaycan sovetləşəndən sonra onun bütün mülklərini ictimailəşdirməyə başlayırlar. Nəriman Nərimanovun göstərişi ilə Tağıyevə mülk seçmək imkanı verilib. O, da əlindən alınmış keçmiş mülkiyyətindən ancaq Mərdəkandakı bağ evini seçə bilib.
H.Z.Tağıyev 1924-cü il sentyabrın 1-də 86 yaşında vəfat edib.

1897 — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri — görkəmli alim, Azərbaycanda tibb elminin tanınmış təşkilatçılarından biri olan İsmayıl Əbdülxalıq oğlu Axundov Şamaxıda anadan olmuşdur.
O 1908-ci ildə Bakıda 2-ci kişi gimnaziyasına daxil olmuş və 1918-ci ildə həmin məktəbi bitirərək, 1919-cu ildə Bakı Dövlət Universitetinin Tibb fakultəsinə daxil olur. İsmayıl Axundovun istedadını nəzərə alan Azərbaycan Demokratik Respublikası 1920-ci ilin əvvəlində onu dövlət hesabına Almaniyaya – Lüdviq Maksimilyan adına Münhen Universitetinin tibb fakultəsində təhsilini davam etdirməyə göndərmişdir.
Görkəmli həkim-cərrah Mustafa Topçubaşov Almaniyada olarkən İsmayıl Axundovdan cərrahlıq ixtisasından epidemioloq ixtisasına keçməsini xahiş etmişdi. Bunun səbəbi Azərbaycan əhalisini əldən salan malyariya xəstəliyinə qarşı mübarizədə ixtisaslı həkim kadrlarının çatışmaması idi. 1926-cı ildə Münhen Universitetini əla qiymətlərlə bitirən İsmayıl assistent kimi həmin universitetdə saxlanılmışdır. 1927-ci ildə Hamburq şəhərində tropik xəstəliklər üzrə mütəxəssis kimi ixtisaslaşan İ.Axundovun istedadı Hamburq Tropik Xəstəliklər İnstitutunun məşhur epidemioloq alimi, professor Erik Martininin nəzərindən yayınmamış və o, İsmayıla öz yanında işləməyi təklif etmişdir. İ.Axundov bu təklifi qəbul etmişdir. Almaniyada olduğu müddətdə o, malyariyanın epidemiologiyasına, kimyəvi profilaktikasına və keçiricilərinə aid bir sıra maraqlı tədqiqat işləri aparmış, elmi məqalələr dərc etdirmişdir. Bunun nəticəsi olaraq 1928- ci ildə Almaniyada böyük uğurla doktorluq dissertasiyası müdafiə etmişdir. Onun Almaniyada çap etdirdiyi əsərlərdən, elmi işlərdən Yaponiya, Hollandiya, bir sıra Amerika və Afrika ölkələri alimləri də xəbərdar idi və bu işlərin surətinin göndərilməsi barədə ona müraciət etmişdilər.
İsmayıl Axundov 1928-ci ildə Hamburq İnstitutundakı işini, oradakı mənzilini qoyub Mustafa Topçubaşovun dəvəti ilə Bakıya qayıdaraq, Epidemiologiya və Mikrobiologiya İnstitutunda Entomoloji şöbəyə rəhbərlik edib. 20-30-cu illərdə Azərbaycanda epidemiologiya sahəsində vəziyyət əsrin əvvəllərindəki ağır durumdan heç nə ilə fərqlənmirdi. Bölgələrdə, ucqarlarda öldürücü klimatik şərait hökm sürürdü. Həmin dövrdə malyariya “1 nömrəli qatil” adlandırılmışdı, həkim kadrlar yox idi. ölkənin tropikoloq mütəxəssislərə böyük ehtiyacı var idi. Təcrübəli həkim alim kimi vətənə dönən İsmayıl Axundov Azərbaycanda tropikologiya sahəsində ilk professor olmuşdur. Malyariya bütün ölkəni bürümüşdü. Suvarma arxları, gölməçələrdə məskən salan ağcaqanadların yaydığı malyariya çox geniş yayılmışdı. Hətta kiçik təyyarələrlə aparılan infeksiya ocaqlarının dərmanlama tədbirləri də fayda vermirdi. Həmin illərdə o, tələbələri ilə birlikdə infeksiya mənbələri ilə mübarizəyə başladı. Qısa müddət ərzində o, bölgələrdə olan bacarıqlı gənc tibb işçilərini seçib respublikada ilk epidemioloq-parazitoloqlar yetişdirməklə məşğul oldu. İsmayıl Axundovun malyariyaya qarşı apardığı mübarizədə əsas yol xəstəliyin mənbəyini məhv etmək, ağcaqanadların süfrə qoyduğu arx, axmazlar və gölməçələri qurutmaqdan və gigiyena maarifləndirilməsi yolu ilə xəstələrin sayını minimum endirmək idi. Onun təklif etdiyi üsullardan biri ölkəmizin çay və göllərində geniş yayılmış diridoğan qambuziya balığından istifadə edilməsi idi. Həmin balıq ağcaqanad süfrələri ilə qidalandığından malyariya mənbələrini məhv etmək, necə deyərlər, elə beşikdəcə boğmaq mümkün idi.
30-cu illərdə mütərəqqi Azərbaycan ziyalılarına qarşı repressiyalar başlandığı dövrdə, İsmayıl Axundovun Belçikada təhsil almış böyük qardaşı professor Ağa Axundov həbs edilərək Krasnoyarska sürgün olunmuşdur. O,qardaşının həbs olunduğu gün, özünün də repressiyaya məruz qalacağından ehtiyat edərək, Almaniya ilə bağlı sənədlərinin çox hissəsini yandırmışdır.
1952-ci ildə Moskvada olarkən mehmanxanada baş verən yanğın onun həyatına son qoymuşdur.
Vaxtsız ölüm professor İsmayıl Axundovun yüksək ideallar uğrunda apardığı işləri də yarımçıq qoymuşdur.

Vəfat etmişdir:

1984 – Görkəmli teatr və kino aktyoru, Xalq artisti Məmmədrza Şeyxzamanov 69 yaşında vəfat etmişdir.
Məmmədrza Şeyxzamanov 1915-ci ildə Gəncədə anadan olub. İlk dəfə Ə.Həmidin “Hind qızı” tamaşasında Brahma adlı kiçik rolda çıxış edən aktyor daha sonralar “Göz həkimi”, “Qış nağılı”, “Fərhad və Şirin”, “Vaqif”, “Otello”, “Aydın”, “Qaçaq Nəbi” kimi onlarla bir-birindən fərqlənən, psixoloji, dramatik obrazları özünəməxsus şəkildə canlandırıb. “Bəxtiyar” , “Qızmar günəş altında”, “Leyli və Məcnun”, “Bir qalanın sirri”, “Onu bağışlamaq olarmı”, “Qatır Məmməd”, “Nəsimi”, və “Əhməd haradadır” filmlərində oynadığı parlaq rolları ilə tamaşaçı qəlbinə yol tapan Məmmədrza Şeyxzamanov sənətsevərlərin qəlbində daim yaşayacaqdır.
1975-ci ildə Məmmədrza Şeyxzamanov daha bir yaddaqalan obrazını yaradır. Rasim Ocaqovun İsa Hüseynovun ssenarisi əsasında çəkdiyi “Tütək səsi” filmində İsfəndiyar kişi rolunda çıxış edir. Ümumiyyətlə, yumşaqlıq, kövrəklik, humanistlik və sülhsevərlik Məmmədrza Şeyxzamanovun xasiyyətinə xas olan cəhətlərdən idi.

1992 — Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədov Vətən uğrunda döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.
Əhmədov Riad Fikrət oğlu 1956-cı il dekabr ayının 20-də Bakıda anadan olub.
R.Əhmədov 1979-cu ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1992-ci ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyi Kəşfiyyat İdarəsinin rəis müavini vəzifəsinə irəli çəkilmişdir. Riad Əhmədovun başçılıq etdiyi xüsusi kəşfiyyat dəstəsi Dağlıq Qarabağ uğrunda gedən döyüşlərdə düşmənin xeyli canlı qüvvəsini və hərbi texnikasını məhv etmişdir.
R.Əhmədov 1992-ci il yanvar ayının 25-də “Daşaltı əməliyyatı”nın gedişində itkin düşmüşdür.
Riad Fikrət oğlu Əhmədov Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı Fərmanı ilə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür. 31 ildən sonra nəşi tapılan Milli Qəhrəman Riad Əhmədovun nəşi 30 sentyabr 2023-cü ildə İkinci Fəxri Xiyabanda torpağ tapşırılmışdır.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

Son yazılar

Sitatlardan seçmələr:

   

Həcər, ad günün mübarək!